Paralel. - 2018.- 5 iyul. - ¹ 116. - S. 10.

 

Multikulturalizmin müasir dünyada alternativi yoxdur

 

"Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür"

 

 Tolerantlıq və multikulturalizm bu gün bəşəriyyətin ən çox müzakirə etdiyi məsələdir desək, yəqin ki yanılmarıq.

Multikulturalizm nisbətən yeni anlayış olsa da, tolerantlıq uzun illərdir ki, insanları düşündürür. Bu baxımdan tolerant cəmiyyət ideyası heç də yeni deyil. Bu barədə ilk fikirlər XVI- XVII əsrlərdə Avropada meydana gəlib. O zaman dözümlülük ideyası əsasən din və vicdan məsələsi kimi gündəmə gəlmişdi. 1648-ci ildə imzalanan Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul edilir. Ancaq Vestfal sülhünün ardınca gələn 30-illik müharibə və bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dini tolerantlığın yetişmədiyini sübut etdi.

Lakin müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskusiya üçün başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus qeyd edir ki, "Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamasıdır", buna əlavə olaraq o qeyd edir ki, "Dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir". Digər bir mənbədə- Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki: "Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir".

Məşhur hind filosofu və siyasi xadimi Mahatma Qandi isə belə deyib: "Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür". Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün əsas şərtlərdən biridir.

Bu mənada tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüqularına dair Ümumi Bəyannamənin qəbulu təşkil edib. Bu bəyannamədə göstərilib ki, "insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir, insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır". Bu bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilib. 1993-cü il 8-9 Oktyabr tarixində Vyanada keçirilən Avropa Şurasının üzv Dövlətlərinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında irqçiliyin yüksəlişi, əcnəbilərə qarşı qərəzli münasibət və antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili çalınıb və bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üçün Fəaliyyət Planı qəbul olunub.

Qeyd etmək lazımdır ki, tolerantlıq dedikdə, əlbəttə, bütün dünyada ilk olaraq, bu və ya digər sahədə insanlararası münasibətlərdə dözümlülük, qarşılıqlı hörmət başa düşülür. Bu dözümlülük və hörmət istər gender məsələsində, istər dini inanc, əqidə, milli-etnik mənsubiyyət, fikir, düşüncə, mövqe, adət-ənənə və digər xüsuslarda qarşı tərəfə olan münasibətdə özünü göstərir. Tolerantlıq anlayışı insan hüquqları və vicdanı ilə bağlı olub, irqçilik, ksenofobiya, dini dözümsüzlük, dəyərlərin təhqir olunması, terror, ekstremizmın qəbul edilməməsi ilə səciyyələnir.

Tolerantlığın digər bir xüsusiyyəti isə ondan ibarətdir ki, hər hansı bir məsələ, hadisə və problemlə əlaqəli öz mövqeyiniz olduğu və siz bu mövqeyi düzgün hesab etdiyiniz halda, siz digərlərinə səhv, yanlış mövqe tutmaq hüququnu verirsiniz.

Qloballaşan dünyamızda tolerantlıq, daha qabarıq şəkildə dini sahədə insanların bir-birilərinin düşüncələrinə, inanclarına və həyat fəlsəfələrinə müdaxilə etməməsi deməkdir. Buna görə də, nəinki eyni cəmiyyətin üzvü olan insanların, habelə qlobal miqyasda müxtəlif inanc və əqidə sahibi olan fərdlərin bir-biriləri ilə münasibətdə dözümlü, tolerant davranması çox böyük önəm daşıyır. Eyni cəmiyyətdə yaşayan yüzminlərlə və ya milyonlarla insanın eyni düşüncəyə malik olması, mümkünsüz olduğu kimi, milyardlarla fəqrli insanın yaşadığı planetimizdə də hər bir kəsin proqramlaşdırılmış robot kimi eyni düşüncəyə sahib olması mümkün deyil. Fərqlilik Allahtəalanın insanın fitrətinə yerləşdirdiyi bir nemətdir. Buna görə də, bəşər övladının həyatını sülh, əminamanlıq və inkişaf çərçivəsində davam etdirməsi üçün fərqli etiqad, dini adət-ənənə, fikir və düşüncəyə sahib insanlar arasında tolerantlığın yaradılması zəruridir.

Bu baxımdan, Azərbaycanın dinlər və millətlərarası dialoq  nümunəsi göstərməsi heç də təsadüfi deyil. Çünki mühüm geostrateji mövqelərə malik  ölkəmiz əsrlər boyu müxtəlif dinlərin, dini baxışların yayıldığı məkan olaraq tanınıb. Ta qədim zamanlardan Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük, tolerantlıq əlaqələri olub və milli, irqi, dini ayrı-seçkiliyə yol verilməyib. Bütün xalqlar vahid və mehriban bir ailə kimi yaşayıb, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstəriblər.

Bu da danılmaz həqiqətdir ki, bu gün multikutural dəyərlərdən, tolerintlıqdan çox danışılır, geniş müzakirələr aparılır. "Multikulturalizm" termin bizim üçün nisbətən yeni səslənsə də, onun mahiyyəti, məqsədi, məramı xalqımız üçün yeni deyil. Biz əsrlər boyu humanist dəyərlərdən çıxış edərək ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin dilini, dinini, mədəniyyətini tanımışıq, hörmət bəsləmişik. Xalqımız bu mədəni müxtəlifliyi qoruyub, onu zənginlik kimi başa düşüb və bu gün nəticə olaraq bu müxtəliflik harmoniya şəklində inkişafa yönələn vəhdəti ifadə edir. Bu bizim üçün bir dəyərdir və onu qorumaq dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bu sahəyə diqqəti böyükdür və onun xüsusi qayğısı nəticəsində ölkəmizdə tolerantlığın və multikulturalizmin qorunub inkişaf etdirilməsi üçün mühüm işlər görülür.

Bu da məlumdur ki, bəzən dünyada multikulturalizmlə bağlı birmənalı fikirlər səsləndirilmir, bu anlayışın yox olacağını irəli sürənlər də var. Hesab edirik ki,  Prezident İlham Əliyevin IV Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində bu məsələ ilə bağlı dediyi fikirlər dünya ictimaiyyətini dərindən düşündürməlidir: "Bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı və gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir".

Bunların baş verməməsi üçün bütün sivil cəmiyyətlər multikulturalizmin inkişafına öz töhfələrini verməli, dünyada sülhün və əminamanlığın qarantı olan multikulturalizmi və tolerantlığın dönməz bir proses olduğunu qəbul etməlidirlər. Bunun ən gözəl nümunəsi isə Azərbaycanda multikultural dəyərlərə verilən qiymətdir. Qeyd etmək lazımdır ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyənə kimi, 598 dini qurum Dövlət Komitəsində qeydiyyatdan keçib. Konfessional baxımdan onların 577-si islam, 21-i isə qeyri-islam (xristian - 12; yəhudi - 6; krişna - 1; bəhai - 2) təmayüllüdür. Qanunvericiliyimizdə dini qurumların fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı kifayət qədər müfəssəl müddəalar var. Təbii ki, hər bir dini icma öz fəaliyyəti istiqamətində bu müddəalara riayət etməlidir, əks təqdirdə ciddi hüquqi məsuliyyətə cəlb edilmə halları yarana bilər. Hesab edirik ki, hər bir dini icma üzvü ehkamlara həssaslıqla riayət etdikləri kimi, bu sahə ilə bağlı qanunvericiliyin müddəalarını, öz hüquqlarını və vəzifələrini də çox yaxşı bilməlidirlər. Fəaliyyətlərində aktiv olmalı, dini qurumun kənar təsir altına düşməsinə və yad ünsürlərin dini qurumun fəaliyyət göstərdiyi ibadət yerinə müdaxiləsinə yol verməməlidirlər. Çünki respublikamızda, əsasən də paytaxt Bakıda belə müdaxilələrə cəhdlər edən bir sıra təriqətlər var. Bu təriqətlərin heç də hamısı xoşməramlı deyil, əksinə, bir çoxu aqressiv xarakter daşıyır. Xüsusilə də onlar az və yaxud da heç təhsili olmayan gəncləri öz təsirləri altına salmağa maraqlıdırlar. Bu da sözsüz ki, cəmiyyətimiz üçün təhlükə yaradır. Bu hallara qarşı Dövlət Komitəsi, eləcə də bütün cəmiyyət ciddi mübarizə aparmalıdır.

Bunu da inkar etmək mümkün deyil ki, sovet rejiminin süqutundan sonra bütün postsovet ölkələrinə, o cümlədən Azərbaycana müxtəlif dini ideologiyalara aid təriqətlər, cərəyanlar ciddi maraq göstərməyə başladılar. Bütün bunlar isə cəmiyyətdə dini şüurun dirçəlməsi fonunda baş verdi. Belə cərəyanlar daha sonra insanların saf dini duyğularından istifadə edərək, öz məkrli məqsədlərini həyata keçirməyə cəhdlər etməyə başladılar. Onlar öz məqsədlərinə tam nail ola bilməsələr də, çox təəssüf ki, ideyalarını müəyyən qədər, xüsusilə də bəzi gənclər arasında yaymağı bacardılar. Lakin bütövlükdə bu qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik ola bilmədilir.

Bu da dövlətimizin multikultural və tolerant dəyərlərin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi qlobal işlərin nəticəsidir.

 

“Paralel”in Araşdırma Qrupu