Yeni Azərbaycan. - 2018.- 4 iyul. - ¹ 123. - S. 7.

 

Azərbaycanın tolerantlıq və multikulturalizm modeli bütün dünyaya örnək və nümunədir

 

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətidir

 

Aqşin Şahinoğlu

 

Tarixin inkişaf mərhələlərində xalqlar bir çox nailiyyətlərə imza atıb, inqilabi dəyişikliklərə, xalqların gələcəyini müəyyənləşdirən əhəmiyyətli yeniliklərə şahidlik edib. Lakin zaman keçdikcə bu yeniliklər heç də bütün bəşəriyyətin firavan həyatına xidmət etməyib. Əksinə, bəzi hallarda inkişaf və dəyişimlər sivilizasiyaların toqquşmasına, xalqların, toplumların fəlakətinə rəvac verib. Bunların məntiqi nəticəsi olaraq isə hazırda dünya ictimaiyyəti kifayət qədər çətin suallar qarşısındadır. Bir yandan baş verən qlobal proseslərin iqtisadiyyata vurduğu ağır zərbələr və böhranın fəsadları, digər tərəfdən siyasi müstəvidə yaşanan qarşıdurmalar bəşəriyyəti ciddi narahat edir. Bunlarla yanaşı, dini, irqi zəmində ayrı-seçkilik və bunun şərtləndirdiyi dərin kataklizmlər, terror dalğası da özü ilə həlli çox çətin olan problemləri ortaya çıxarmaqdadır. Ona görə də əməkdaşlıq, xoşgörü, fərqli dəyərlərə qarşılıqlı hörmət bu gün, bəlkə də, heç vaxt olmadığı qədər dəyərli və vacibdir.

Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar

Tarixən tolerantlıq və multikulturalizm dəyərlərinə sadiqliyi Azərbaycan xalqının xarakterik xüsusiyyətlərindən biridir. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşaması belə xalqımızın daim mənəvi - dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşatmasına əngəl törətməyib. Bunun nəticəsində də bu gün Azərbaycan xalqı böyük dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.

Birmənalı şəkildə vurğulanmalıdır ki, müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Ümummilli lider Heydər Əliyev böyük dövlət xadimi və praqmatik siyasətçi kimi, Azərbaycan xalqının təhlükəsizlik mühitində inkişafını təmin etmək məqsədilə multikulturalizmin daha güclü əsaslarının yaradılması və onun cəmiyyətin əsas sütunlarından biri kimi qorunması istiqamətində güclü hüquqi və ictimai əsasların yaradılmasına nail olub. Tolerantlığı azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi sayan xalqımızın Ümummilli lideri Heydər Əliyev deyib ki, Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır: “Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.

Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də ardıcıllıqla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. “... Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar...”, - deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün unikal dövlət-din münasibətləri təmin edilib. Bunlarla yanaşı, Azərbaycanda həm də İslam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər qorunub saxlanılır, genişləndirilir, inkişaf etdirilir. Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərləri, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının, eləcə də milli mədəniyyətin harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur.

Tolerantlıq Azərbaycan cəmiyyətinin əsas və üstün dəyəri kimi çıxış edir

Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimlərisə ayrı-seçkiliyə məruz qoyan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur.

Elə ictimaiyyət nümayəndələri, tanınmış ziyalılar və icma rəhbərləri də Azərbaycandakı tolerantlıq və multikulturalizm dəyərlərini yüksək qiymətləndirirlər. Milli Məclisin deputatı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Sahibə Qafarova qəzetimizə açıqlamasında deyib ki, multikultural təhlükəsizlik bu gün dövlətlərin milli təhlükəsizliyinin mühüm tərkib elementi kimi çıxış etməkdədir. Multikultural təhlükəsizliyin təmin olunması həm də cəmiyyətlərdə inkişaf ahənginin, sülh və barışın, ədalətli balansın defakto reallaşdırılması deməkdir. Millət vəkili bildirib ki, multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər hansı bir ölkədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrlərdə Avropanın bir sıra ölkələrində etnik, millətçilik və dini radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin artması qeyd olunanların bariz nümunəsidir. Ona görə də dünya xalqları və onların iradəsini ifadə edən milli hökumətlər bu məsələlərin həllinə diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizmin, dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının, davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər. Qətiyyətlə deyə bilərik ki, tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Bu gün də ölkəmizdə bu istiqamətdə yaradılan mühit örnək təşkil edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, Azərbaycandakı Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin də Azərbaycanda çox möhkəm əsaslara malik tolerantlıq və multikulturalizm modelinin formalaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, ölkə daxilində əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da multikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir: “Məlumdur ki, son illərdə Azərbaycan multikultural dəyərlərin təbliğ olunduğu müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. 2010-cu ildə Bakıda Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə start verilən “Bakı prosesi” mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrilib. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutub. Azərbaycan həm birinci Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib. Bütün bunlar çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində böyük məmnunluq yaradır. Respublikamızın yenilməz gücü də məhz burada yaşayan müxtəlif xalqların həmrəyliyindədir. Ona görə də tam məsuliyyətimizlə deyə bilərik ki, tolerantlıq - dözümlülük və multikulturalizm - çoxmədəniyyətlilik haqqında Azərbaycan modeli bütün dünyaya örnək və nümunədir. Azərbaycanın Rus İcması da Prezidentimiz İlham Əliyevin inkişaf etmiş demokratik, hüquqi dövlət quruculuğuna, cəmiyyətdə həmrəyliyə, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri arasında tolerantlıq və dostluq mühitinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və xalqın həyat səviyyəsinin artmasına yönəldilmiş əməli fəaliyyətini yüksək qiymətləndirir”.