Azərbaycan. - 2018.- 30 iyun. - ą 142. - S. 1.

 

Cümhuriyyət yaşın mübarək, Azərbaycan polisi!

 

İxtiyar Hüseynli

 

Azərbaycan polisi 100 illik şanlı yubileyini xidmətdə qazandığı mühüm uğurlarla, ən əsası isə xalqının böyük etimadı ilə qeyd edir. Bir əsrlik əzmkar missiyaya obyektiv dəyər verən ictimaiyyət daxili işlər orqanlarını indi dövlətçiliyin etibarlı dayaqlarından və vətəndaşların təhlükəsiz həyatının əsas təminatçılarından biri kimi qiymətləndirir.

 

Xaosdan qurtuluşa keçidin bütün keşməkeşli, ziddiyyətli məqamları, ən əsası isə dövlətçilik təəssübü, mübarizliyi və fədakarlığı milli polisimizin fəaliyyət salnaməsini təşkil edir. Bu gün ictimai sabitliyin təminatına, kriminogen duruma nəzarətə görə Azərbaycanın dünyada ən yaxşı nəticələrə sahib olması faktı da heç şübhəsiz, bu tarixin şərəfli səhifələrindəndir.

Daxili işlər orqanlarının fəaliyyətinin hər bir dövrü zəngin və məsuliyyətli tarixi, fədakar xidməti, cinayətkarlığa qarşı səmərəli mübarizəni, vətən və xalq qarşısında vəzifə öhdəliklərinin layiqincə doğrulmasını real əks etdirir. Necə ki, polis bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil dövlətimizin, xalqımızın, hər bir vətəndaşımızın əmin-amanlığının, asayişinin keşiyindədir, 100 il əvvəl də bu rəşadətli fəaliyyətini yürüdüb, sabah da bu ənənəsinə sadiq qalacaq.

100 il öncə Cümhuriyyətin elanının elə səhərisi günü - mayın 29-da Azərbaycanın ilk Daxili İşlər Nazirliyini yaratmaq barədə qərar qəbul olundu. Bu sahəyə o qədər əlahiddə yanaşılırdı ki, Fətəli xan Xoyski həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini yerinə yetirirdi. Milli hökumətin 24 iyun 1918-ci il tarixli 178 nömrəli qərarına əsasən, 1918-ci il iyulun 2-də Yelizavetpol (Gəncə) quberniyasında ilk milli polis orqanları yaradılaraq ştatları təsdiqləndi. Və beləliklə, Azərbaycan polisi çox çətin tarixi sınaqlar dövründə şərəfli missiyasının icrasına başladı.

Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəksə də, o ayların ruhu, cəmiyyət qarşısında müəyyən edilmiş öhdəliklər Azərbaycan polisini tərk etmədi. Bu, bir əsrlik dövrün sovet dönəmində xalqa və dövlətə xidmətin milis, müstəqillik illərində isə polis adı altında yerinə yetirilməsi, əslində, yalnız adı dəyişdi. Missiyanın mahiyyəti, zabit mundirində daşınan dövlətçilik atributlarımıza sadiqlik, Azərbaycan amalı dəyişməz qaldı. Onlar bu amala, milli ideyalara, dəyərlərə, zabit şərəfinə nə qədər bağlı olduqlarını bir əsr ərzində daim sübuta yetirdilər.

Polis orqanlarının bir əsrlik fəaliyyətinin ən şanlı, uğurlu və məsuliyyətli mərhələsi - 50 illik dövr Heydər Əliyevlə, onun bu gün də davam edən ideyaları ilə birbaşa bağlıdır. Azərbaycan polisinin fəaliyyətində köklü islahatların yarandığı ilk “qızıl dövr” Heydər Əliyevin ötən əsrin 70-80-ci illərdəki rəhbərliyi altında gerçəkləşdi. “Milis” adını daşıyan daxili işlər orqanlarının mənən saflaşdırılmasına, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında peşəkarlaşdırılmasına və digər bu kimi mühüm addımlara məhz ümummilli liderimiz böyük uzaqgörənliklə nail oldu və bu strukturlarda milliləşmə prosesi böyük vüsətlə getdi.

Ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycanın müstəqilliyinə doğru çətin və şərəfli yolda da daxili işlər orqanları yenə də xalqla birlikdə idi. Ermənilərin Azərbaycan torpaqlarına qarşı işğalçı hərəkətlərinə etiraz olaraq meydanlara axışan və bu axınla tədricən böyük bir xalq hərəkatı formalaşdıran insanlarımızın vəhdətində, cəsarətində əslində, qəlbi hərəkatla döyünən asayiş keşikçilərimizin böyük payı vardı. Vətənpərvər milislər xalqı, onun mübarizə əzmini qorumağa, bu ümumxalq qətiyyətinə dəstək verməyə, onun öz milli hədəflərinə çatmasına hər vəhclə kömək göstərməyə can atırdılar.

Vətən savaşında 1695 əməkdaş və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Milli Qəhrəman” adına, 1143 nəfər orden və medallara layiq görüldü. Bu rəqəmlər yalnız statistika deyil, əslində, 100 yaşlı polisimizin qürur, şərəf salnaməsinin ən parlaq səhifələrindən biridir.

1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev cəmiyyətin hava və su kimi ehtiyac duyduğu sabitliyi bərqərar etmək üçün sınaqlardan alnıaçıq çıxan, müstəqilliyin dəyərini dərk edən daxili işlər orqanlarına arxalandı. Azərbaycan polisi müstəqil dövlətə layiqli xidməti ilə bu dövlət quruculuğu prosesində öz möhkəm, sarsılmaz, şərəfli yerini tutdu. Onların uzun illərdən bəri topladıqları zəngin səriştə, eləcə də müstəqilliyin ilk illərində formalaşmış təcrübə, əvvəlki iqtidarların səhvlərindən, yanlışlıqlarından çıxarılan dərslər Heydər Əliyevin həyata keçirdiyi hüquqi quruculuq prosesində, respublikada kriminogen durumun nəzarət altına alınmasında, asayişin, sabitliyin bərpası və qorunmasında çox mühüm rol oynadı.

1994-cü ilin 29 aprel günü keçirilmiş müşavirə Azərbaycan daxili işlər orqanlarının həyatında yeni bir mərhələnin əsasını qoydu. Heydər Əliyevin həmin müşavirədəki tarixi çıxışında müəyyən etdiyi vəzifələr ulu öndərin şəxsində zamanın, yeni dövrün özünün Azərbaycan polisinə ünvanlanmış çağırışı idi. Heydər Əliyev bu vəzifələri layiqincə yerinə yetirə biləcəyinə ümid bəslədiyi şəxsi - Ramil Usubovu Azərbaycan Respublikasının daxili işlər naziri təyin etdi.

Dövlət başçısının gözləntiləri çox qısa müddətdə özünü doğrultdu. Polis orqanlarında ciddi dəyişikliklər baş verdi, ən əsası, bu struktur yuxarıdan aşağıya doğru daxilən safflaşdırıldı, vəzifə andına, məsuliyyətinə sədaqət əsas amilə çevrildi. Respublikada fövqəladə vəziyyət ləğv olundu, bir müddət əvvələ qədər axşamlar tamamilə boş qalan Bakı küçələri öz qələbəlik məcrasına qayıtdı. Həyatı öz axarına düşmüş insanlar ictimai asayişi, bazar iqtisadiyyatı yoluna yenicə qədəm qoyan ölkədəki inkişaf mühitini, qanunun aliliyini qorumaqdan ötrü daxili işlər orqanlarının göstərdiyi qətiyyəti, fədakarlığı gördükcə cəmiyyətdə polisin nüfuzu yenidən yüksəldi, onlara inam gücləndi, şəxsi heyətin peşəkarlığı artdı, cinayətkarlar bu güc qarşısında geri çəkilməyə başladılar.

İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi fəaliyyətini daha da təkmilləşdirmiş, işini müasir dünyanın çağırışlarına uyğun qurmuşdur. Ən mühümü isə daxili işlər orqanlarındakı mənəvi ruh sağlamlığı, şəxsi heyətin Vətən və xalq qarşısındakı tarixi məsuliyyət hissi daha da yüksəlmişdir. Azərbaycan polisi fəaliyyətini bütün parametrlər üzrə yeni dövrün tələblərinə uyğun qurur. Dövlətə, xalqa bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli yanaşma daxili işlər orqanlarının ictimai nüfuzunu daim artırır.

Bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixinin ən qüdrətli mərhələsinə yetişməsi, bütün dünyada sülh, mədəniyyətlərarası dialoq, tolerantlıq məkanı kimi tanınması, xarici turistlərin arxayınlıqla Vətənimizə üz tutması, gecədən səhərə qədər mərkəzi küçələrdən səngiməyən qələbəliklər, xoş insan mənzərələri bu inkişafı təmin etmiş bütün digər təsisatlarla yanaşı, həm də Azərbaycan polisinin fədakar fəaliyyətinin yaratdığı mənzərədir.

Bu gün qlobal miqyasda tüğyan edən təhdidlər, terror dalğaları fonunda Azərbaycan özünün sabit, təhlükəsiz ölkə imicini tam təsdiqləyib. Cinayətkarlığa qarşı effektiv mübarizə, kriminogen duruma nəzarət sahəsində əldə etdiyiniz uğurlar beynəlxalq miqyasda da etiraf olunur, yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə respublikamız 2017-ci ildə 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü, “Təhlükəsizlik” indikatoru üzrə 40-cı, “Mütəşəkkil cinayətkarlıq” indikatoru üzrə 43-cü mövqedə qərarlaşıb. Ötən 15 ildə ölkənin müxtəlif yerlərində təşkil edilmiş 13 minə yaxın, o cümlədən respublika və beynəlxalq əhəmiyyətli 7 mindən çox kütləvi tədbirə cəlb olunan daxili işlər orqanları tərəfindən ictimai asayiş yüksək səviyyədə qorunub.

Son möhtəşəm hərbi paradda böyük qürur hissi ilə seyr etdiyimiz keçiddə Daxili İşlər Nazirliyi əməkdaşları da şəstlə, məğrurluqla yürüdülər. Bir daha əmin olduq ki, müqəddəs günün yaxınlaşması üçün Silahlı Qüvvələrimizin tərkib hissəsi olan daxili işlər orqanları da səylə çalışır, əzmini artırır və onlar Ali Baş Komandana Şuşada, Xankəndidə qələbə raportu vermək iqtidarındadırlar.

100 yaşın ən böyük qüruru da elə məhz budur...