Respublika. - 2018.- 21 iyun. - ¹ 134. - S. 6.

 

Mir Cəlal yazılı abidələrlə yad edildi

 

Ədilə Qocayeva,

AJB-nin üzvü

 

M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəsrimizin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, alim, professor Mir Cəlal Paşayevə həsr edilmiş “Mir Cəlal” (Paşayev Mir Cəlal Əli oğlu) biblioqrafiyasını hazırlayaraq nəfis şəkildə çap etmişdir. Göstəricinin layihə rəhbəri Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tərtib edənlər Mədinə Vəliyeva və Mətanət İbrahimova, elmi redaktoru və buraxılışa məsul professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, məsləhətçi Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov, redaktoru Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.

Qeyd edək ki, Mir Cəlal haqqında ilk biblioqrafiya 1968-ci ildə MEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən nəşr edilmişdir. 1998-ci ildə Milli Kitabxana tərəfindən ədibin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq 2-ci biblioqrafik göstərici, 2006-cı ildə isə yenidən təkmilləşdirilmiş şəkildə 3-cü biblioqrafik göstərici nəşr edilmişdir.

Son on iki il ərzində görkəmli nasir haqqında kifayət qədər əlavə materialların çap olunduğunu nəzərə alan Azərbaycan Milli Kitabxanası ədibin anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq daha fundamental biblioqrafiya hazırlayaraq çap etmişdir. Bu yeni biblioqrafik göstəriciyə son on iki il ərzində nasirin həyat və yaradıcılığı haqqında işıq üzü görən materiallar daxil edilmiş, habelə buna uyğun olaraq yeni bölmə və yarımbölmələr yaradılmışdır. Beş hissədən ibarət olan biblioqrafiyada Mir Cəlalın kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap edlmiş əsərləri, uşaqlar üçün işlədiyi kitablar, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, rəhbərlik etdiyi dissertasiyalar, rus və digər dillərdə nəşr olunmuş əsərləri, eyni zamanda, ədibin həyat və yaradıcılığını əks etdirən bütün nəşrlər öz əksini tapmışdır.

Biblioqrafiyada, həmçinin Mir Cəlalın həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin və qələm dostlarının onun haqqında düşüncələri, nasirin müdrik kəlamları, ədibin görkəmli şəxslər və ədəbiyyatımız haqqında fikirləri, yeni nəşrə daxil edilmişdir.  Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji ardıcıllıqla qruplaşdırılmış, xronoloji çərçivə daxilində isə əlifba qaydası gözlənilmişdir. Biblioqrafiyada ilk dəfə olaraq verilmiş “Mir Cəlalın əsərləri dünya kitabxanalarında” bölməsində toplanan sənədlər ölməz yazıçının irsinin bütün dünyada geniş yayılmasının göstəricisidir. “Əlavələr” bölməsində toplanan Mir Cəlal Paşayevin Bakı şəhərində yerləşən “Ədibin evi” və Gəncə şəhərində yerləşən ev-muzeyində mühafizə olunan arxiv materiallarının da əhatə olunması biblioqrafiyanın əhəmiyyətini artırır.

“Mir Cəlal” biblioqrafiyasında yer alan “Mir Cəlalın əsərləri dünya kitabxanalarında” bölməsində görkəmli nasirin irsinin Rusiya, Fransa, İspaniya, Ukrayna, Bolqarıstan, Avstraliya, Böyük Britaniya, Türkiyə, Almaniya, Estoniya və digər ölkələrin milli kitabxanalarında toplandığı göstərilmişdir.

Biblioqrafik göstəricinin IV hissəsində isə nasirin əsərlərinin dünyanın bir sıra çox xalqlarının dillərinə, o cümlədən, alman, belarus, bolqar, çex, eston, fars, gürcü, rumın, tacik, tatar, türk, ingilis və digər dillərə tərcümə edildiyi göstərilmişdir.

Yazıçının rus dilində çap olunan əsərlərinin çoxluğu nəzərə alınaraq həmin materiallar “Başqa dillərdə” bölməsindən ayrılaraq ayrıca verilmişdir.

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda köməkçi göstəricilər verilmişdir. Buraya ədibin əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri, tərcümə etdiyi, redaktoru və tərtibçisi olduğu, habelə uşaqlar üçün işlədiyi əsərlərin köməkçi göstəriciləri daxildir.

495 səhifədən ibarət olan biblioqrafiyanı tərtib edərkən görkəmli nasirin Bakı şəhərində yerləşən “Ədibin evi”ndə, Gəncə şəhərində olan ev-muzeyində qorunan arxiv sənədlərindən, Milli Kitabxananın, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, BDU-nun, ADPU-nun kitab fondlarından və digər mənbələrdən istifadə edilmişdir.

Biblioqrafiya mütəxəssislər və Mir Cəlal Paşayevin irsini öyrənmək istəyən tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.