Xalq qəzeti. - 2018.- 15 iyun. - ¹ 134. - S. 5.

 

Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

 

Etibar Nəcəfov,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər,

multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor

 

Ümummilli lider Heydər Əliyevin xalqımızın istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı azərbaycançılıq ideyasının inkişafının tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanmasına səbəb oldu. Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan bu tarixi hadisədən sonra xalqımızın dövlətçilik ənənələri inkişaf etdirildi, ilk dəfə olaraq azərbaycançılıq məfkurəsi siyasi mərhələdən iqtisadi mərhələyə qədəm qoydu. Multikulturalizm azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi özünün yüksək zirvəsinə çatdı.

 

Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinə rəvac verən azərbaycançılıq ideologiyası milli azadlıq uğrunda mübarizəsi tarixinin əsasını təşkil edir. Başqa sözlə, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixi azərbaycançılıq məfkurəsinin formalaşması və sonrakı inkişafı ilə bağlıdır.

XX əsrin əvvəllərində yaşamış tanınmış türk sosioloqu Ziya Göyalpa görə, Şərq xalqlarının milli hərəkatı ardıcıl olaraq üç mərhələdən keçir: mədəni, siyasi və iqtisadi mərhələlərdən. Şərq xalqlarının milli hərəkatı onların mədəni oyanışından başlayaraq, siyasi hərəkat formasını qəbul edir və daha sonra iqtisadi proqramların tərtib olunması mərhələsinə keçir.

Azərbaycançılıq məfkurəsi XIX əsrin ikinci yarısında artıq dəyişilmiş yeni şəraitdə xalqımızın siyasi, iqtisadi, sosial və mədəni yüksəlişi ideyası kimi formalaşmağa başlamışdır. O vaxt çar Rusiyasının tərkibində olan Azərbaycan xalqı digər qeyri-rus, xüsusilə də müsəlman xalqları kimi hökumət tərəfindən aparılan ruslaşdırma siyasətinə məruz qalır, hüquqları pozulur və o, hər cür ayrı-seçkiliklə üzləşirdi. Həmin dövrdə xalqımızın milli azadlıq uğrunda mübarizəsi Azərbaycanda milli ideyanın formalaşmasının əsas hərəkətverici qüvvəsinə çevrildi.

Ziya Göyalpın Şərq xalqlarının milli hərəkatının inkişaf mərhələlərinə dair fikrinə uyğun olaraq, azərbaycançılıq özünü ilkin olaraq XIX əsrin ikinci yarısında meydana gəlmiş mədəni hərəkat kimi göstərdi. O vaxtdan başlayaraq Azərbaycan ədəbiyyatının, incəsənətinin və maarifçilik hərəkatının görkəmli xadimləri mədəni azərbaycançılıq hərəkatına rəhbərlik edirdilər. Mədəni hərəkatın başında Cəlil Məmmədquluzadə, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov kimi milli ədəbiyyatımızın görkəmli nümayəndələri dururdular. Onlar Mirzə Fətəli Axundzadənin başladıği ənənəni davam etdirərək, dini fanatizmi, xalqın inkişafına mane olan köhnə adət-ənənələri tənqid edir, xalqı elmə və təhsilə yiyələnməyə çağırırdılar. Onların fəaliyyəti nəticəsində azərbaycançılıq ideyasının ilk mərhələsi olan mədəni azərbaycançılıq öz tarixi missiyasını yerinə yetirirdi. Bu, özünü Azərbaycan xalqının milli şüurunun formalaşması prosesinin başlanmasında büruzə verirdi. Azərbaycan xalqı öz etnik-mədəni birliyi, milli maraqları uğrunda mübarizəyə qoşulmasının zərurətini tədricən dərk edirdi.

Azərbaycançılıq ideologiyasının mədəni sahədən siyasi sahəyə keçməsi, başqa sözlə desək, siyasi azərbaycançılığın formalaşması Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin nəzəri və siyasi fəaliyyətləri ilə bağlı idi. Onların ictimai-siyasi fəaliyyətinin nəticəsində 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli azadlıq uğrunda mübarizəsi tarixinin mühüm mərhələlərindən biri oldu. AXC-nin yaradılması uzun illər xalqımızın azadlıq uğrunda apardığı mübarizəsinin məntiqi və qanunauyğun nəticəsi idi. Bu, həm də siyasi azərbaycançılıq məfkurəsinin inkişafında keyfıyyətcə yeni bir mərhələ oldu.

Bu mərhələ, həmçinin azərbaycançılıq ideologiyasının iqtisadi mərhələyə keçməsi üçün lazımi şərait yaratdı. Lakin 28 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması səbəbindən bu keçid baş tutmadı. Azərbaycançılıq ideologiyasının inkişafının qarşısı müvəqqəti olaraq alındı. Azərbaycan xalqının tarixinin yeni mərhələsi – sovet dövrü başlandı.

Sovet dövrü ərzində Azərbaycan xalqı imperiya əsarəti altında müəyyən iqtisadi, elmi-texniki, sosial-mədəni inkişaf yolu keçsə də, onun milli mədəniyyəti Moskva tərəfindən təzyiqə məruz qalırdı. Bolşeviklər cəmiyyətin bütün sahələrində ruslaşdırma siyasətini həyata keçirirdilər. Onlar bəzi demokratik və beynəlmiləl şüarlarla, həmçinin milli regionlara özünüidarəetmə və mədəni muxtariyyət verməklə, öz siyasətinin mahiyyətini ört-basdır etməyə müvəffəq olsalar da, bu siyasət gerçəklikdə totalitar millətçiliyin formalarından biri idi.

Sovet İttifaqı Kommunist Partiyasının milli siyasətinin əsas vəzifələrindən biri bütün milli regionların siyasi, iqtisadi, sosial və mədəni sahələrində islahatlar keçirilməsi idi. Hətta sovet dövrünün ilk illərində bolşeviklərin milli siyasəti “korenizatsiya” (milli mədəniyyətin inkişafı) siyasəti əsasında həyata keçirilirdi. Bu siyasətin mahiyyəti haqqında görkəmli amerikalı azərbaycanşünas alim Tadeuş Svyatixovski deyir: “Bu siyasət (korenizatsiya siyasəti) milli kadrların rəhbər partiya və dövlət vəzifələrinə irəli çəkilmələri ilə yanaşı, qeyri-rus xalqların dillərinin rus dili ilə tam bərabərliyini müdafiə edir, həmçinin, sovet hakimiyyətinin milli regionlarda mövqeyini möhkəmləndirir, müxtəlif xalqları sovet hakimiyyətinə dəstək olmalarına yönəldirdi.” Qeyd etmək lazımdır ki, bu siyasətin nəticəsində əvvəllər geridə qalmış milli regionlar sosial-iqtisadi, mədəni sahələrdə mühüm nailiyyətlər əldə etdilər. Bu isə öz növbəsində ruslaşdırma siyasəti üçün əlverişli şərait yaradırdı.

Siyasi sahədə ruslaşdırma siyasətinin əlamətləri özünü mərkəz ilə müttəfiq respublikalar arasında olan əlaqələrin xüsusiyyətlərində büruzə verirdi. Müttəfiq respublikaların fəaliyyəti mərkəzin tam nəzarəti altında idi. Milli maraqları müdafiə edən hər bir təşkilatın fəaliyyətinin qarşısı alınırdı.

İqtisadi sahədə ruslaşdırma siyasətinin əlamətləri iqtisadiyyatın ifrat mərkəzləşdirilməsində və xüsusi mülkiyyətin qadağan olunmasında görünürdü. Müttəfiq respublikalar arasında əmək bölgüsünə əsaslanan vahid iqtisadi kompleksin fəaliyyətini təmin etmək, milli regionları bir-birindən və xüsusilə mərkəzdən asılı vəziyyətdə saxlamaq üçün Kreml bir regionda olan müəssisənin fəaliyyətini digər regionlardakı müəssisələrin fəaliyyətindən asılı vəziyyətə qoyur və beləliklə də totalitar dövlətin iqtisadi bazasını yaradır və möhkəmləndirirdi.

Mədəniyyət sahəsində ruslaşdırma siyasətinin həyata keçirilməsi digər sahələrdən daha çətin idi. Bu, mədəniyyət sahəsinin insanın daxili aləminə, tarixi ənənələrinə, milli və mənəvi dəyərlərinə yaxın olması ilə izah olunurdu. Lakin mədəniyyət sahəsində ruslaşdırma siyasətinin həyata keçirilməsi mərkəz üçün daha vacib bir məsələ idi. Çünki digər sahələrdə bu siyasətin uğurla həyata keçirilməsi xeyli dərəcədə mədəniyyət sahəsindəki vəziyyətdən asılı idi.

Lakin sovet hökumətinin ruslaşdırma siyasəti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini, azərbaycançılıq ideologiyasının qarşısını ala bilmədi. 1969-cu il iyulun 14-də Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi azərbaycançılıq məfkurəsinin inkişafına, ümumiyyətlə, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixinin yeni mərhələsinin başlanğıcına səbəb oldu. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi xalqımızın həyatının bütün sahələrində möhtəşəm tərəqqinin başlanğıcı kimi tarixə həkk olundu. Bununla əlaqədar ölkə Prezidenti cənab İlham Əliyev qeyd edir: “Sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan uğurla, sürətlə inkişaf edib. 1969-cu ildə o, Azərbaycan Respublikasının rəhbəri seçiləndə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi. Bunu sosial-iqtisadi göstəricilər də təsdiq edir. On üç il ərzində yorulmaz fəaliyyət nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Əgər sovet dövründə - 1980-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Azərbaycan ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi, nəinki alırdı. Məhz o illərdə Azərbaycanda sənaye inkişafı böyük templərlə təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdür. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Kənd təsərrüfatına böyük diqqət göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. Yəni, 1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, doğrudan da Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdür və Azərbaycan, qeyd etdiyim kimi, qabaqcıl yerlərdə idi”.

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi yeni tarixi şəraitdə Azərbaycan xalqının milli azadlıq hərəkatının başlanması üçün əlverişli şərait yaratdı. Heydər Əliyevin göstərişi və rəhbərliyi ilə dil, ədəbiyyat, incəsənət, elm, təhsil sahələrində böyük işlər görülməyə başlandı. Ulu öndər Azərbaycan xalqının milli azadlıq uğrunda tarixini və görkəmli tarixi şəxsiyyətlərin fəaliyyətlərini işıqlandırmaqla, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Azərbaycan xalqının milli şüurunun inkişafı, azadlıq uğrunda mübarizəsi üçün zəruri addımlar atdı. Ədəbiyyat və incəsənət xadimlərimiz bu şəraitdən istifadə edərək əsərlərində xalqımızın müstəqillik uğrunda mübarizəsi ideyasını təbliğ edirdilər. Bu, xalqın milli azadlıq uğrunda hərəkatının başlanmasına təkan verir və onun müstəqil dövlət yaratmaq istəyini artırırdı.

Səksəninci illərin ikinci yarısında Sovet İttifaqında aparılan yenidənqurma siyasəti digər sovet respublikaları kimi, Azərbaycan üçün də müstəqillik üçün əlverişli imkanlar açdı. Lakin keçmiş İttifaq respublikalarının əksəriyyəti yenidənqurma siyasətinin yaratdığı bu şəraitdən müstəqil dövlət yaratmaq məqsədilə istifadə etdiyi halda, Ermənistan bundan qonşu dövlətin ərazilərini zəbt etmək üçün yararlanırdı. Ermənistan ölkəmizə qarşı torpaq iddialarını qaldıraraq, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı öz tərkibinə qatmaq tələbi ilə Kremlə müraciət etdi. Ermənilərin bu hərəkəti nəinki Azərbaycana qarşı yönəlmişdi, ermənilərin özləri üçün də təhlükəli idi. Çünki Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları ermənilərin milli hərəkatını təcavüzkar bir qüvvəyə çevirdi. Bundan başqa, ermənilərin Azərbaycana qarşı torpaq iddiaları digər qeyri-rus respublikalarında başlanan milli azadlıq hərəkatlarını amansızlıqla yatırtmaq üçün Kremlə fürsət verirdi.

Beləliklə, ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan xalqının milli azadlıq hərəkatı qarşısında iki çətin məsələ dururdu. Birincisi, Ermənistanın hərbi təcavüzündən Azərbaycanın ərazi bütövlüyünü qorumaq. İkincisi, sovet imperiyasına qarşı mübarizədə dövlət müstəqilliyini bərpa etmək. Bu iki mühüm məsələni həll etmək üçün elə bir siyasi qüvvə tələb olunurdu ki, o, yeni tarixi şəraitdə Azərbaycan xalqının milli azadlıq hərəkatına başçılıq etməyə, onu lazımi istiqamətə yönəltməyə qadir olsun. Bu tarixi zərurətə cavab olaraq 1988-ci ilin sonlarında Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradıldı.

Lakin AXC Azərbaycan xalqının milli azadlıq hərəkatına rəhbərlik etmək iqtidarında deyildi. 1992-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat hakimiyyəti anarxiya şəraiti yaradaraq ölkəni vətəndaş müharibəsinə sürüklədi. Cəmiyyətin bütün sahələrini dərin böhran bürümüşdü. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə yanaşı, bir sıra xarici dövlətlərin dəstəyi ilə ölkənin şimal və cənub bölgələrində separatçı hərəkatlar baş qaldıraraq respublikadakı böhranlı vəziyyəti daha da pisləşdirmişdi. Yaranmış şəraitdə Azərbaycan bir müstəqil dövlət kimi yox olmaq təhlükəsi ilə üzləşmişdi. Belə bir acınacaqlı vəziyyətdə Azərbaycan xalqının yeganə çıxış yolu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışına nail olmaq idi.

Xalqımızın israrlı təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı bir müstəqil dövlət kimi yox olmaq təhlükəsindən qurtardı, onu düşdüyü siyasi, sosial-iqtisadi böhran vəziyyətindən çıxararaq və bütün sahələrdə inkişafının əsasını qoydu.

Ümummilli liderin hakimiyyətə qayıdışı ilə azərbaycançılıq ideologiyası tarixində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu mərhələ azərbaycançılıq məfkurəsinin tarixi inkişafının zirvəsini təşkil edir. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Məlum olduğu kimi, Azərbaycan öz dövlət müstəqilliyini 18 oktyabr 1991-ci ildə bərpa etdi. Lakin tarixi hadisələrin sonrakı gedişatı göstərdi ki, xalq əsl müstəqilliyə 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra nail oldu. Bununla əlaqədar Prezident İlham Əliyev qeyd edir: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır”.

Müasir tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun tarixində ümummilli lider Heydər Əliyevin xalqımızın istəyi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan bir müstəqil dövlət kimi öz dövlətçiliyini qoruyub saxlayaraq və yeni tarixi şəraitdə inkişaf etdirərək, demokratik inkişaf və hüquqi dövlət quruculuğuna başladı, milli ideologiya olan azərbaycançılığı qəbul etdi. İlk dəfə olaraq azərbaycançılıq ideologiyası siyasi mərhələdən iqtisadi mərhələyə keçdi. Bu, özünü milli iqtisadiyyatın qurulmasında büruzə verdi.

Akademik Ramiz ­Mehdiyev “Qlobal transformasiyalar dövründə Azərbaycanın milli ideyası” adlı kitabında 1828-ci ildən müasir dövrədək Azərbaycanın milli ideyasının meydana gəlməsinin və formalaşmasının tarixində səkkiz mərhələnin olduğunu göstərir. Hər bir mərhələnin başlanğıcını mühüm bir tarixi hadisə təşkil edir. Azərbaycanın milli ideyasının formalaşması tarixinin yeddinci mərhələsi 1993-2003-cü illəri –ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrünü əhatə edir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan milli ideyasının formalaşması sahəsində gördüyü işi yüksək qiymətləndirən akademik Ramiz Mehdiyev yazır: “Bu mərhələdə milli ideya dövlət və milli müstəqillik ideyasında öz əksini tapır. Heydər Əliyevin siyasəti nəticəsində “millət” məfhumunun strukturuna özünüidentifikasiyanın bütün kollektiv formaları daxil edilmişdir: etnik, dini, sosio-mədəni, iqtisadi, siyasi və s. Azərbaycan ideyası Azərbaycanda yaşayan və Azərbaycanı öz Vətəni hesab edən bütün etnik qrupların ideyasına çevrilir”.

Belə olan bir şəraitdə azərbaycançılıq ideyası tək Azərbaycan türklərinin deyil, ölkənin ərazisində yaşayan bütün digər xalqların inkişafına yönələn bir ideya kimi özünü göstərir. Başqa sözlə desək, azərbaycançılıq ideologiyası birləşdirici ideya kimi özünü büruzə verir. Azərbaycançılığın birləşdirici mahiyyətinə dair ümummilli lider Heydər Əliyev deyirdi: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da — bütünlükdə hamısı azərbaycanlıdır”. Lakin ulu öndər ölkəmizdə yaşayan bütün xalqları azərbaycanlı hesab etməklə, onların etnik kimliyinin yox olmasının tərəfdarı deyildi. Əksinə, ümummilli lider Heydər Əliyev ölkədə yaşayan hər bir xalqın etnik, dini mənsubiyyətinin, dilinin, mədəniyyətinin qorunmasının tərəfdarı idi.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı azərbaycançılıq məfkurəsini birləşdirici bir ideya kimi göstərməklə yanaşı, ilk dəfə olaraq multikulturalizmi onun tərkib hissəsi kimi təqdim etdi. Multikulturalizm bu ideologiyanın cəmiyyətdə geniş yayılmasını təmin edərək onu daha da möhkəmləndirdi.

Məlum olduğu kimi, “multikulturalizm” məhfumu cəmiyyətdə mövcud etnik, irqi, dini və mədəni müxtəlifliyə münasibətdə dövlətin apardığı konkret siyasəti – müxtəlifliyin qorunmasını ehtiva edir. Cəmiyyətdə məskunlaşmış milli azlıqların nümayəndələrinin etnik-mədəni dəyərlərini qorumaqla multikulturalizm siyasəti azərbaycançılığın sosial bazasını daha da möhkəmlədir, bu ideologiyanın ölkədə yaşayan bütün xalqların və etnik qrupların ideologiyasına çevirir. Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişini təmin etməklə azərbaycançılıq məfkurəsi multikulturalizm siyasətindən mühüm bir vasitə kimi geniş istifadə edir.

 Bir siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklə üzləşən dövlətlər bu müxtəlifliyi əsasən iki siyasət modeli, assimilyasiya və ya izolyasiya vasitəsilə tənzimləməyə çalışıblar.

Assimilyasiya siyasəti milli azlıqların mədəni-etnik dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliyin ləğv edilməsini nəzərdə tutur.

İzolyasiya siyasəti isə milli azlıqların mədəni-etnik dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir. İzolyasiya siyasəti 2 formada özünü büruzə verir:

1. Milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur.

2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasiyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır.

Tarixi hadisələrin gedişatı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi. Belə ki, müasir ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı kimi, qloballaşma, mədəniyyətlərin qovuşduğu bir şəraitdə izolyasiya siyasətinin də yanlışlığı müəyyən edildi. Etnik, irqi, dini və mədəni müxtəlifliyin tənzimlənməsinə yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin 60-cı illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən biri olmuşdur.

Multikulturalizm assimilyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumaqla yanaşı, izolyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır və milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkanlar təklif edir. Başqa sözlə desək, multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərini nə assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titul etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin hazırlayır.

Azərbaycanda etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə tənzimlənir. Ölkəmizdə bu siyasətin tətbiq olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çoxmədəniyyətli Azərbaycan cəmiyyətindəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətini assimilyasiya və izolyasiya siyasətlərindən üstün tutan ulu öndər Heydər Əliyev multikulturalizmə cəmiyyətdəki çoxmədəniyyətliliyi, etnik-mədəni müxtəlifliyi xarakterizə edən pozitiv hadisə kimi yanaşırdı. Ümummilli lider cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına yüksək önəm verərək deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir... Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və saxlayacağıq. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun”.

Düzdür, tarix boyu elə dövlətlər olub və hazırda da var ki, onlar məqsədyönlü şəkildə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin artmasının qarşısını almağa çalışırlar. Bu dövlətlər etnik-mədəni müxtəlifliyin artmasını öz milli təhlükəsizliyinə təhdid hesab edirlər. Belə dövlətlər cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi siyasətinə bu müxtəlifliyin ləğv olunması siyasətini qarşı qoymuşlar. Misal kimi belə dövlətlərdən Ermənistanı göstərmək olar. Ermənistan rəhbərliyi ölkədə hələ 1930-cu illərdə faşist, irqçi Qaregin Njde və Ayk Asatryan tərəfindən irəli sürülmüş “Tseqokron” (erməni dilindən tərcümədə “qəbiləyə sitayiş” mənasını verir) adlı irqçi nəzəriyyəni geniş şəkildə təbliğ edir. 2004-cü ildə İrəvanda “Qaregin Njde və onun təlimi” adlı kitab nəşr edilmişdir. 2016-cı ilin mayın 28-də Yerevanın mərkəzində Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyanın iştirakı ilə nasist canisi Qaregin Njdenin heykəli açılmışdır. Müasir dövrdə Ermənistan rəhbərliyi məqsədyönlü şəkildə ­irqçilik, nasist ideologiyası olan tseqokronizmi təbliğ etməklə Ermənistanı monoetnik ölkəyə çevirmişdir.

Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayarkən Azərbaycan Respublikası bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə etmişdir. Bunun əsas göstəricisi burada etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır. Azərbaycan Respublikası, hətta multikulturalizm siyasətinin meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyada artıq multikulturalizm mərkəzi kimi tanınır. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bir neçə çıxışında Azərbaycanın multikulturalizm sahəsində təcrübəsinin xarici ölkələrdə öyrənilməsinin vacibliyini qeyd etmişdir: “Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır”.