Türküstan qəzeti. - 2018.- 5-11 iyun. - ą 66. - S. 5.

 

Azərbaycan Xalq Cümhuriyyətində təhsil

 

I Yazı

 

Taleh Mirzəyev,

Azərbaycan Dövlət Pedaqoji Universiteti,  Tarix və Coğrafiya Fakültəsi, II kurs

 

«İstiqlalımız, istiqbalımız həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim iiçün fəlah və nicat ümidi qalmaz. Hökumət bıınu bilir…» – Nəsib bəy Yusifbəyli: IV hökumət kabinetinin Proqramından

 Bu gün böyük fəxrlə yaranmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddətdə xalqın təhsili sahəsində  həyata keçirdiyi misilsiz işlərə müxtəsər halda bu yazımızda nəzər salmaq və bu böyük irsdən az da olsa, bəhrələnmək istərdik.  

  Azərbaycan Milli Şuranın Tiflisdə toplanmış 1918-ci ilin  28 may tarixli iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalq maarifinin, elm və mədəniyyətin inkişafını dövlət quruculuğunun təməl prinsiplərindən saymaqla, xalq maarifinin məzmun və struktur cəhətdən müstəqil dövlətçilik ənənələrinə uyğun yenidən qurulmasını milli hökumətin əsas vəzifələrindən biri kimi bəyan etdi.

Təhsilə, maarifə belə münasibətin nəticəsi idi ki, hələ Tiflisdə yaranan ilk Müvəqqəti hökumət kabinetinin (28.05.1918-17.06.1918) tərkibindəki 9 nazirlikdən biri Xalq Maarif Nazirliyi ( XMN ) idi. Nazirlik yarandığı ilk gündən AXC-in təhsil siyasətinin əsas istiqamətlərindən olan təhsil müəssisələrinin milliləşdirilməsi məsələsini ön plana çəkdi, ümumi icbari təhsil layihələri hazırladı, kəndlərdə, şəhərlərdə yeni məktəblər açmağa qərar verdi.

AXC II hökumətinin kabinetinin Azərbaycan xalqına ünvanlanmış 17 iyun 1918-ci il tarixli müraciətində deyilirdi ki, hökumətin yaxın dövrdə həyata keçirəcəyi tədbirlərdən biri də xalq maarifi, təhsil müəssisələrinin milliləşdirilməsi, maarif ocaqlarında tədrisin ana dilində aparılması, anadilli məktəblər şəbəkəsinin genişləndirilməsi olacaqdır.

AXC hökuməti öz fəaliyyətinin Gəncə dövründə (17.06.1918 – 17.09.1918) təhsil müəssisələrinin, dövlət orqanlarının milliləşdirilməsi sahəsində müvafiq hökumət tədbirlərinin həyata keçirilməsinin hüquqi bazasını yaratmaq məqsədilə «Türk (Azərbaycan) dilinin dövlət dili elan edilməsi haqqında» 27 iyun 1918-ci il tarixli qərar qəbul etdi.

İstər Azərbaycan türkcəsinin dövlət dili elan olunması, istərsə də məktəb və maarif ocaqlarının milliləşdirilməsi ideyası təsadüfi deyildi. Nəzərə alınsa ki, bu proses AXC hökumətinin ən ağır, əslində, «olum, ya ölüm» dilemması qarşısında qaldığı bir tarixi şəraitdə, ölkənin paytaxtı Bakı uğrunda ölüm-dirim müharibəsi getdiyi bir zamanda həyata keçirilməyə başlanmışdı, onda Milli hökumətin həmin tədbirlərə nə qədər böyük əhəmiyyət verdiyini başa düşmək olar. Dövrün reallığı belə idi ki, təhsil sisteminin milliləşdirilməsi, təhsilin ana dilində aparılması uğrunda yarım əsrlik milli mücadilənin o zamankı təmsilçilərinin – hökumətə rəhbərlik edən maarifçi ziyalıların əlinə tarixi fürsət düşmüşdü. Onlar bu fürsətdən yararlanmağı özlərinin və müstəqil dövlətin ən ali vəzifələrindən biri sayırdılar.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər qısa bir vaxt ərzində öz nəticəsini verdi. 1919-cu ilin əvvəllərində respublika ərazisində 23 dövlət orta təhsil müəssisəsi var idi ki, onlardan da 6-sı kişi, 4-ü qadın gimnaziyası, 5-i realnı məktəb, 3-ü müəllimlər seminariyası, 3-ü«Müqəddəs Nina» qız məktəbi, 1-i politexnik və 1-i kommersiya məktəbi idi. Həmin dövrdə Azərbaycan ərazisində 637 ibtidai məktəb fəaliyyət göstərirdi. 1914-cü ildə yaradılmış Balaxanı realnı qız məktəbinin bazasında oğlanlarla qızların birgə təhsil aldığı gimnaziya yaradıldı. 11 avqust 1919-cu ildə Bakıdakı «Müqəddəs Nina» qız məktəbi Azərbaycan I Milli Qadın Gimnaziyasına, Gəncə və Nuxadakı məktəblər isə uyğun olaraq, Gəncə və Nuxa qadın gimnaziyalarına çevrildi.

Orta təhsilin milliləşməsi də təhsil siyasətinin əsas istiqaməti kimi ilk dəfə məhz Cümhuriyyət dövründə həyata keçirildi. Cümhuriyyətə qədər Azərbaycanda ana dilində orta məktəb yox idi. AXC 28 avqust 1918-ci il tarixli qərar ilə bütün məktəblərdə təlimin Azərbaycan dilində aparılmasını qanuniləşdirdi. Bu işdə Abdulla Şaiqin təşəbbüsü ilə 49 sinifdə Bakı I realnı məktəbinin nəzdində Azərbaycan dili öyrədilən üç aylıq kurs açıldı. Kursu bitirənlər üçün həmin məktəbdə təlim Azərbaycan dilində həyata keçirilən bir sinif (III sinif) açıldı. Həmin sinifdə 25 şagird oxuyurdu. Onlar 1924-cü ildə ana dilində orta məktəbi bitirən ilk məzunlar oldular. Azərbaycanda milli kadrların yetişdirilməsində sonralar «Abdulla Şaiq adına nümunə məktəbi» kimi şöhrət qazanmış bu milliləşdirilmiş məktəbin böyük rolu olmuşdur.

Ölkədə peşəkar müəllim kadrlarının azlığı məsələsinin tezliklə həlli üçün hökumət yeni müəllimlər seminariyaları yaratmaq, hazırlıq kursları təşkil etmək və s. istiqamətlərdə iş aparırdı. Türkiyədən dəvət olunmuş 50 nəfər müəllim ölkədə xalq maarifinin yenidən təşkilində səylə çalışır, dərsliklər, tədris vəsaitləri hazırlayır, milliləşdirilmiş məktəblərdə dərs deyirdilər.

Gəncədə maarifçi-xeyriyyəçi Ələkbər bəy Rəfibəyli Türkiyədən müasir təlim verəcək müəllimlərin gətirilməsinə, Gəncəli gənclərin xaricdə təhsil almalarına xeyli səy göstərmişdir.

Qısa bir vaxtda  iki məktəb istisna olmaqla bütün orta təhsil müəssisələri milliləşdirilmişdi. Milliləşdirilmiş məktəblərdə «Rus taıixi»nin yerinə «Ümumi türk tarixi», rus məktəblərində isə həftədə 3-4 saat Azərbaycan dilinin tədrisi nəzərdə tutulurdu. Eyni zamanda milliyyəti, dini və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər təhsil hüququ verilirdi.

Belə ki, AXC-in IV hökumət kabinetinin Parlamentə təqdim etdiyi Hökumət Proqramında deyilirdi ki, təhsilin milli müstəqilliyin möhkəmləndirilməsində müstəsna rolu nəzərə alınaraq, ümumi icbari təhsil haqqında qanun layihəsi hazırlanmalı və ümumi təhsil müəssisələri şəbəkəsi daha da genişləndirilməlidir. Bu məqsədlə hökumət, ilk növbədə təhsilin məzmunu sahəsində islahatlar aparmaq, yeni dərsliklər hazırlamaq məqsədilə komissiyalar yaradılacağını xüsusi vurğulayırdı. Görülən tədbirlər nəticəsində orta təhsil müəssisələrində oxuyan azərbaycanlıların sayı artdı.

AXC-in təhsil sahəsindəki tədbirlərindən biri də müasirtipli məktəbəqədər tərbiyə müəssisələrinin ilk nümunəsini yaratması oldu. Belə ki, Parlamentin 1 mart 1919-cu il tarixli qərarı ilə Bakıda I Milli Qadın Gimnaziyası nəzdində 1 sentyabr 1919-cu ildə uşaq bağçası təsis olunmuşdu. Beləliklə, Azərbaycanda dövlət təminatında olan Avropa modelli ilk uşaq bağçası təsis edildi. Həmin uşaq bağçası Q.Avropada məktəbəqədər tərbiyənin nəzəriyyəçisi, görkəmli alman pedaqoqu F.Frebelin sistemi əsasında qurulmuşdu. Bu təhsil-tərbiyə ocağının yaradılması göstərir ki, Milli hökumətimizin təhsil quruculuğunda və təlim siyasətində təhsildə fasiləsizlik prinsipi əsas kriteriyalardan biri idi.

Cümhuriyyət bu dövrdə təhsildən yayınmış «küçə uşaqları»-nın taleyinə də biganə qalmamış, 1919-cu ilin avqustunda Bakıda həmin uşaqlar üçün dövlət hesabına «Uşaq evi» və «Uşaqlara yardım bürosu» təşkil etmişdi.

Gənc Azərbaycan dövlətinin xidmət sahələrinin ahəngdar işini təşkil etmək üçün, ilk növbədə dəmir yolu, bank, poçt və teleqraf xidməti üzrə milli kadrlar hazırlayan kurslar açmaq nəzərdə tutulmuşdu. 1919-cu ildə hökumət 3 şöbədən ibarət Şərqşünaslıq kursu açmışdı. Həmçinin bu dövrdə kənd təsərrüfatında, sənayedə ixtisaslı mütəxəssislərin, fəhlə kadrlarının, texniki profilli ustaların hazırlanması məqsədilə müvafiq kurslar fəaliyyət göstərirdi.

Məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək üçün hökumət Azərbaycan müəllimlərinin növbəti –  III qurultayını çağırmaq barədə qərar qəbul etmişdi.  Qurultayın XMN-ə təqdim etdiyi təkliflər əsasında bütövlükdə məktəb islahatı və xüsusi olaraq təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq məqsədilə hökumət komissiyası yaradıldı.

Təəssüf ki, komissiya öz işini başa çatdırana kimi Milli hökumət devrildi. Amma buna qədər komissiya həmin məsələlər üzrə müəyyən işlər görə bildi. Belə ki, bu komissiyanın təşəbbüsü və rəhbərliyi ilə müəllim seminariyaları, xalq maarif inspektorları, ali və ibtidai məktəb müdirlərinin 1919-cu ilin dekabrında Bakıda keçirilmiş 15 günlük müşavirəsində bir çox məsələlər geniş müzakirə olunaraq müəyyən təkliflər hazırlandı:

– məktəbyaşlı uşaqları məktəbə cəlb etmək məqsədilə ibtidai təhsilin pulsuz olması qərara alındı;

– müəllimlərin yay aylarında maaşlarının verilməsi, büdcədən məktəblilərə dərman və tədris vəsaitləri üçün pul buraxılması, gimnastika və nəğmə fənləri üzrə istedadlı şagirdlərin üzə çıxarılması, həmin fənləri yüksək səviyyədə tədris edən müəllimlərin mükafatlandırılması, müəllimlərin təqaüdə çıxdıqda nə qədər təqaüd alması müzakirə edildi;

– pedaqoji kursların açılması, müsəlman xalqlarının coğrafiya və tarix xəritələrinin toplanması, pedaqoji muzeylərin açılması məsələləri müzakirə olundu;

– Müşavirənin qərarına əsaslanan nazirlik kəndlərdə hər qəzanın inspeksiyası və yerli müəllimlərin köməyi ilə kəndli oxu dərnəklərinin yaradılmasını təklif etdi. Cümə günü ibtidai xalq məktəbləri müəllimlərinin kənd sakinləri ilə oxu və müsahibə günü kimi müəyyənləşdirildi. Gimnastika fənni səmərəli tədris olunacağı halda gənc  Vətənimizin qorunmasına və ordumuzun yaradılmasına əvəzsiz kömək kimi qiymətləndirildi.

– Sinifdənxaric oxu məsələsində hər bir məktəbdə elmin müxtəlif sahələri üzrə türk dilində ədəbiyyat toplayıb kitabxana açmaq qərara alındı.

– uşaq bağçalarının qadınların azadlığında və ictimai həyatda iştirak etməsində rolunu xüsusi qeyd olunurdu, bağçalarının həm dövlət, həm də şəxsi adamlar tərəfindən açılması alqışlandı və s.

– Müşavirənin qərarları, zəngin elmi – pedaqoji fikirlərini XMN müxtəlif əmr, sərəncam, göstəriş formasında reallaşdırdı, proqram, dərslik, metodik vəsait kimi çapını təmin etdi və məktəblərin istifadəsinə verdi.

– müəllimlərin maddi-məişət və başqa qayğılarını öyrənmək və əmək haqlarını artırmaq üçün komissiya yaradıldı.

– həmçinin məktəblərdə şagirdlərə müxtəlif peşələr – cildçilik, çəkməçilik, zənbil və corab toxumaq, dulusçuluq öyrətmək məsələsi də müzakirə edilmişdi.

Çox təəssüf ki, sonralar, sovet hakimiyyəti illərində müəllimlərin AXC dövründə keçirilən III qurultayının (I-1906, II-1907, Ř-1919) üzərindən sükutla keçilmiş və bu qurultaylar hesaba alınmamışdır.