Xalq qəzeti. - 2018.- 2 iyun. - ¹ 123. - S. 6.

 

Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi taleyi

 

Cəbi Bəhramov,

AMEA Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru

 

XIX əsrin II yarısı – XX əsrin əvvəllərində Şimali Azərbaycan iqtisadiyyatının əsasını, heç şübhəsiz ki, neft sənayesi təşkil edirdi. Bu da səbəbsiz deyildi. Çünki məhz bu dövrdə Rusiya imperiyasının müstəmləkəsi olan Şimali Azərbaycanın paytaxtı Bakı şəhəri 1872-ci ildə çar hökumətinin qərarı ilə 1807-ci ildə neftlə bağlı tətbiq edilən iltizam sisteminin ləğvindən sonra neftçıxarma işinin mərkəzinə çevrildi. Neftli torpaqların satışının təşkili çox qısa bir müddət ərzində buraya çox böyük miqdarda daxili və xarici kapitalın axınına səbəb oldu. 1873–1898-ci illər ərzində Bakı neft sənayesində Azərbaycan milli kapitalının H.Z.Tağıyev, A.M.Nağıyev, A.M.Muxtarov, A.Ş.Əsədullayev, İ.Hacınski, Aşurbəyov qardaşları və başqaları ilə yanaşı, Avropa kapitalının Rotşild, Nobel qardaşları, Ceyms Vişaunun başçılığı ilə Britaniya kapitalı təmsil olunmuşdu. Qeyd etmək lazımdır ki, iltizam sisteminin ləğvindən sonra neftlə zəngin sahələrin böyük bir hissəsi rus, yəhudi və erməni sahibkarlar tərəfindən ələ keçirilmişdi.

Nobel qardaşları artıq 1873-cü ildə neftlə torpaqların hərrac satışında iştirak edərək Balaxanı, Sabunçu və digər ərazilərdə zəngin torpaq sahələri almışdı. Bundan sonra Bakı neft sənayesində neftin çıxarılması, emalı, satışı, daxili və xarici bazarlara çıxarılması işi ilə məşğul olan şirkətlərin sayı sürətlə artmağa başladı. İltizam sisteminin ləğvindən bir ildən sonra, yəni 1873-cü ildə Bakıda 12 şirkət fəaliyyət göstərdiyi halda, 1879-cu ildə onların sayı 79-a, 1900-cü ildə isə 146-ya çatmışdı. Qeyd etmək lazımdır ki, qoyulan kapital öz bəhrəsini verməyə başlamışdı. Belə ki, Nobel qardaşlarının əldə etdikləri gəlirin miqdarı 1874-cü ildə 3 milyon rubl olduğu halda, 1885-ci ildə bu rəqəm 15 milyona çatmışdı.

XIX əsrin 70-ci illərinin II yarısından başlayaraq neftçıxarma işində buxar mühərriklərinin tətbiqi neft sənayesində bir çevriliş idi. Bu yeniliyin tətbiqi nəticəsində 1875-ci ildə Bakı neft sənayesində 35 qazma quyusu olduğu halda, 1900-cü ildə onların sayı artıq 1710-a çatmışdı. 1918-ci il iyunun 5-də cəllad S.Şaumyanın sağ əli Bakı Soveti Neft Komitəsinin sədri Ter–Qabrelyana neft şəhərini nəyin bahasına olursa-olsun saxlamaq, “mümkün olmadığı təqdirdə şəhəri yandırın” əmrini verən V.İ.Lenin Bakı neft rayonunda 1895-ci ildə 384 milyon pud, 1902-ci ildə isə 637,7 milyon pud neft hasil edildiyini və “demək olar ki, bütün neft Bakı quberniyasında çıxarılır” fikrini işlətmişdi. Bu ifadənin “Sovet hakimiyyətinin banisi” tərəfindən işlədilməsi təsadüfi deyildi. Çünki XIX əsrin 70-90-cı illərində Bakı nefti beynəlxalq münasibətlərdə, xüsusilə də böyük dövlətlər arasında olan münasibətlərdə xüsusi yer tuturdu. Belə bir fakt da təsadüfi xarakter daşımır ki, dünyanı yenidən bölüşdürmək üzrə XX əsrin əvvəllərində yaranma prosesi başa çatmış iki hərbi siyasi bloka daxil olan birliyin üzvləri – Böyük Britaniya, Fransa və çar Rusiyasına məxsus neft şirkətləri 25 ildən artıq bir dövr ərzində Bakı neft sənayesində təmsil olunmuşdular. 1917-ci ilin aprelində I Dünya müharibəsinə – “Antanta” blokuna qoşulan ABŞ-ın “Standart oyl” şirkətinin nümayəndəsi Herberit Tvidlt hələ 1880-ci ildə Bakıya gəlmiş və burada təmsil etdiyi şirkət üçün konsessiya olmağa da səy göstərmişdi. Bakı neft rayonunda neft hasilatı üzrə pay almağa nail olmayan ABŞ-ın neft maqnatı burada fəaliyyət göstərən Avropa neft şirkətlərinin məxfi şəkildə səhmlərini almağa başlamışdı. Burada əsas məqsəd öz inkişaf sürətinə görə ABŞ-ı geridə qoyan Bakı neft rayonunun imkanlarının genişlənməsinin qarşısını almaq idi. Bu məqsədlə ABŞ deyil, həm də Avropa ölkələrinin neft şirkətlərinin məxfi nümayəndələri də səyyah adı ilə Bakıya gəlir, özlərini tədqiqatçı kimi təqdim edərək neftli torpaqlarla maraqlanırdılar. Belə “səyyah”lardan biri isveç mənşəli Stuven Hedin idi. Öz casusluq fəaliyyəti ilə çoxdan diqqəti cəlb edən bu şəxs 1885-ci ildə Bakıya gəldikdən sonra Cənubi Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə “maraqlanır” və missionerlik fəaliyyəti ilə məşğul olur.

1900-cü illə müqayisədə Bakı neftinin qiyməti, 1911-ci ildə 50 faiz, 1912-ci ildə isə 86 faiz bahalaşmışdı. Bunun səbəbi isə Bakı neft sənayesində təşkil olunan və əsas məqsədləri Azərbaycan xalqına məxsus bu qiyməti təbii sərvətin talan edilməsi olan Avropa və Çar Rusiyası neft şirkətlərinin yeritdikləri talan siyasəti idi. Burada daha çox üç böyük şirkətin ruslara məxsus “Produql”, Nobel qardaşlarına məxsus “Nobel Mazut” və ingilislərə məxsus “Royal Datc Sell”in qarətçi fəaliyyəti diqqəti cəlb edir. “Nobel Mazut” şirkəti hazır kerosinin 77 faizinin, artıq qalan neft məhsullarının isə 56 faizinin satışını öz əlində cəmləşdirmişdi.

I Dünya müharibəsi ərəfəsində Bakı neft mədənlərindən 489 milyon pud neft çıxarılmış və buradan dünya bazarlarına satış üçün 322,2 milyon pud müxtəlif neft məhsulları aparılmışdı.

Müharibə illərində Böyük Britaniyanın hərbi-dəniz naziri, “Əgər neft krallıqdırsa, Bakı onun tacıdır” kəlamının müəllifi Uinston Çörçill tərəfindən donanmanın kömürlə deyil, neftlə işləməsi üzrə qanunu Britaniya parlamentində qəbul edilmişdi. I Dünya müharibəsi ərəfəsində ingilis geoloqları tərəfindən Yaxın Şərq ölkələrində neft yataqlarnın aşkar edilməsi və 1909-cu ildə “İngilis-İran neft şirkəti”nin yaradılması faktı bu fikri söyləməyə əsas verir ki, Böyük Britaniya imperiyasının Ön Asiya siyasətində neft amili xüsusi yer tutmurdu. Məhz həmin Uinston Çörçill təkidilə hökumətdən “İngilis İran neft” şirkətinin səhmlərinə dair nəzarət paketlərinin alınmasını tələb etmişdi. Bu isə onu göstərir ki, həmin dövrdə Yaxın Şərq nefti təkcə iqtisadi deyil, həm də ilk növbədə siyasi xarakter daşımağa başlayır.

Müharibənin başlanması, Böyük Britaniya, Fransa, Almaniya, Çar Rusiyası və 1917-ci ildə ABŞ-ın müharibəyə qoşulması ilə neftə olan tələbatın artması onun dünya bazarında qıtlığına səbəb oldu. Nəticədə neft hasilatının həcminə görə Bakı ABŞ, İran və Meksikanı da ötüb keçmişdi. 1914-1917-ci illər ərzində Bakı neft rayonunda 28683 min ton neft çıxarılmışdı ki, bu da ümumdünya neft hasilatının 15 faizini təşkil edirdi.

Buna görə də Antanta ölkələrinin əsas rəqibləri olan Almaniya ilə müqayisədə hərbi üstünlüyü özünü açıq şəkildə göstərirdi. Elə bu səbəbdən də Böyük Britaniyanın Baş naziri L.Corc Azərbaycan neftinin Almaniyaya satışının dayandırılmasını təkidlə tələb edirdi. 1917-ci ildə Rusiya imperiyasının dağılması Qafqaz cəbhəsində çox böyük boşluqların yaranmasına səbəb oldu. Hər iki hərbi-siyasi bloka daxil olan dövlətlərin ordularının Bakıya yürüşü başlandı.

Neftin müharibədə həlledici vasitə olduğunu əyani olaraq görən və məğlubiyyətə düçar olan Almaniya və onun müttəfiqi Osmanlı dövlətinin də Bakı ilə bağlı planları mövcud idi. Almaniya Bakı nefti məsələsində öz müttəfiqinə heç də etibar etmirdi. Alman komandanlığı Ukrayna və Qara dəniz vasitəsilə Gürcüstana çıxmağı və oradan Bakı istiqamətində irəliləməyi planlaşdırmışdı.

Almanların təzyiqi ilə gürcü fraksiyasının Cənubi Qafqaz Seymindən çıxaraq , öz dövlət müstəqilliklərini elan etməsi də Bakı nefti ilə bağlı idi. Buna görə də Yaxın Şərq hərbi teatr meydanından alman komandanlığının qərarı ilə general fon Kressin hərbi hissələrinin Gürcüstana göndərilməsi də təsadüfi deyildi. Almaniya Baş Qərargah rəisinin müavini E.Lyüdendorfun “ordunun yanacağa olan ehtiyaclarını yalnız Bakı nefti hesabına təmin etmək mümkün olar” – fikri yuxarıda deyilənləri təsdiq edir. Lakin almanların planlarından xəbərdar olan Böyük Britaniya hərbi komandanlığı general L.Denstrivilin 1000 nəfərlik hərbi desant qrupunun İranın Ənzəli şəhərindən Bakıya yeridilməsinə razılıq verdi.

Burada bir tarixi siyasi məqama xüsusi diqqət yetirmək yerinə düşərdi. Müasir dövrədək I Dünya müharibəsi tarixinə həsr olunmuş elmi ədəbiyyatın əksəriyyətində vuruşan dövlətlərin əsas məqsədlərinin Osmanlı imperiyası mülklərinin bölüşdürülməsi olduğu göstərilir. Türk xalqını cəzalandırmaqda məqsəd nə idi, bu göstərilmir. Osmanlı imperiyası, İran və Cənubi Qafqazın Bakı neft rayonunun tükənməz enerji resursları ilə zəngin olduğunu bilən Böyük Britaniya və Çar Rusiyası Yaxın və Orta Şərq ölkələrini öz aralarında bölüşdürməyi planlaşdırırdılar.

1915-1916-cı illərdə Çar Rusiyası-İngiltərə, Çar Rusiyası – Fransa və İngiltərə-Fransa ikitərəfli məxfi görüşlərdə əldə edilən razılaşmalar da bunu təsdiq edir. Osmanlı dövlətini məhv etmək və onun ərazilərini bölüşdürmək üçün müxtəlif qondarma “səbəb və bəhanələr” axtarıb tapan və yaxud öz yırtıcı xislətlərinin məhsulu olan xristian təəssübkeşliyi pərdəsi altında dağıdıcı planlar quraraq müsəlman dininin hakim olduğu bu dövlətdə xristianların, xüsusilə də xristian kilsəsinin qriqorian ermənilərinin incidildiyini, onların insani haqlarının pozulduğunu bəhanə edərək, Osmanlı dövlətini dağıtmaq üçün bütün mümkün olan və olmayan vasitələrdən istifadə etməyə başladılar. 1914-cü ildə I Dünya müharibəsinin təşəbbüskarı Kayzer Almaniyasının zorən “müttəfiqi” olan Osmanlı imperiyası hökumətini və bütün türk xalqını 1915-ci il aprelin 22-də vətəndaşı olduqları dövlətə xəyanət etdiklərinə görə 2345 erməni terrorçunun həbs edilməsini “soyqırımı” cinayəti kimi qələmə verən Antanta ölkələri Osmanlı dövlətini məhv etmək qərarına gəldilər.

Bu dövrdə Yaxın Şərqdə böyük hərbi qüvvə saxlayan Böyük Britaniya imperiyası heç bir dövləti bu regiona buraxmaq istəmirdi. Böyük Britaniyanın Baş naziri L.Corc öz memuarlarında yazırdı ki, “Biz o vaxt əli qoynunda oturmamışdıq”. 1926-cı ildə İngiltərənin “Tayms” qəzeti 1918-ci ildə ingilislərin Bakıya qoşun yeritdikdən sonra buraya hansı məqsədlə gəldiklərini belə ifadə edir: “Biz gəlmişdik ki, Bakının neft mədənlərini zəbt edək”.

Bu faktı da qeyd etmək lazımdır ki, neft Bakısını işğal etmək məqsədilə ingilisləri buraya dəvət etmək üçün İranın Ənzəli şəhərinə birinci qaçaraq gəlib öz xidmətlərini təklif edən ermənilər olmuşdu. Lakin qeyd etmək lazımdır ki, bütün bu qısa müddət ərzində baş verən hadisələrdən ən dəhşətlisi o idi ki, Cənubi və Şimali Azərbaycan ərazilərini öz aralarında bölüşdürən Böyük Britaniya və Rusiya imperiyaları Bakını əllərindən vermək istəmirdilər. İlk növbədə onu qeyd etmək lazımdır ki, Bakı neft sənayesində Böyük Britaniya və Çar Rusiyasının neft şirkətlərinin xüsusi yerləri var idi.

Buna görə də Qərbdən maliyyə yardımı alaraq Rusiyada hərbi çevriliş yolu ilə hakimiyyəti devirən bolşeviklər Bakını əldə saxlamaq üçün 1917-ci il dekabrın 16-da bolşevik və “Daşnaksütyun” partiyalarının üzvü S.Şaumyanı Qafqazın fövqəladə və səlahiyyətli komissarı təyin etdilər. Geniş səlahiyyətlər alan S. Şaumyana V.İ.Leninin birbaşa göstərişi ilə 500 min rubl vəsait ayrılmışdı. Bakıda hakimiyyəti S.Şaumyan Sovet Rusiyasının rəhbəri V.İ.Lenindən yeni tapşırıqlara yiyələnən Rusiya hökumətində Qafqaz məsələləri ilə məşğul olan İ.V.Stalin isə 19 mart 1918-ci ildə S.Şaumyana yazdığı məktubunda: “Bakını hərbi və maliyyə cəhətdən möhkəmləndirmək lazımdır…” fikrini ifadə etməkdə məqsədi Bakı neft rayonunu nəyin bahasına olursa- olsun əldə saxlamaq idi. Bu məqsədlə V.İ.Leninin göstərişi və İ.V.Stalinin bilavasitə iştirakı ilə Bakı Sovetinə 30 milyon 800 min rubl maliyyə vəsaiti ayrılmış və Moskva Hərbi Dairəsindən neft şəhərinə 14 aeroplan, 2 zirehli qatar, 5 min tüfəng və hərbi dəstə göndərilmişdi. Sovet Rusiyasından hərbi və maliyyə yardımı alan Stepan Şaumyan 1918-ci il martın sonunda Bakı şəhərini əsl sahibi olan azərbaycanlılardan təmizləmək üçün soyqırımı cinayəti törətdi.

Moskva hərbi dairəsindən alınan silah-sursat Qafqaz cəbhəsinin müxtəlif bölgələrindən Bakıya gətirilmiş erməni əsgərlərinə paylanmışdı. Qeyd etmək lazımdır ki, Bakı Sovetinin tabeliyində olan 10-12 minlik qondarma “qırmızı qvardiya”nın 70 faizi ermənilərdən ibarət idi.

Sovet Rusiyası Bakını əldə saxlamaq üçün ermənilərdən bir silah kimi istifadə edərək Şimali Azərbaycan ərazisinin İrəvan, Naxçıvan, Zəngəzur, Qarabağ, Şamaxı, Quba, Lənkəran bölgələrində 300 mindən çox azərbaycanlının soyqırımını təşkil etmişdi. Bu məsələdə erməniləri öz tərəflərinə çəkmək istəyən Böyük Britaniya və ABŞ hökumətləri də onlara maliyyə yardımı ilə bərabər, həm də hərbi təlimlər keçirdilər. Sovet Rusiyası 1918-ci il iyunun əvvəlində Bakıda vəziyyətin ağırlaşdığından xəbər tutduqdan sonra Şaumyanın ünvanına bir sıra müraciətlər göndərdi. Bu müraciətlərdən biri onun Bakı Neft Komitəsinə sədr təyin etdiyi Ter-Qabrelyana ünvanlanmışdı. V.İ.Lenin tərəfindən vurulan teleqramda: Bundan əlavə, əgər hücum təhlükəsi olarsa, o Bakını tamamilə yandırmaq üçün hər şeyi hazır etsin və bunu mətbuatda çap etdirsin. Bu teleqramdan sonra Lenin tərəfindən S.Şaumyanın ünvanına 50 milyon rubl maliyyə vəsaiti də göndərilmişdir ki, ondan istifadə edərək Bakının yandırılmasını həyata keçirsin. Məsələnin maraqlı tərəfi odur ki, I Dünya müharibəsində vuruşan dövlətlərin, o cümlədən Böyük Britaniya hökumətinin də planlarında Bakını işğal etmək əməliyyatı var idi və onu həyata keçirməyi İranın Ənzəli limanında yerləşən ingilis hərbi dəstəsinin komandanı general Lionel Denstrillə tapşırmışdı.

Denstervill Bakıdakı eser, menşevik və daşnaklarla əlaqə yaratdı ki, şəhərin işğalı planını hazırlamaqda və həyata keçirməkdə onlardan yardım alsın. O,1919-cu il noyabrın 17-də “Bakı və onun neft mədənlərini işğal etmək” niyyəti ilə Bakıya daxil oldu.

Bakı neftini ələ keçirmək niyyəti o zaman yanacağa və digər neft məhsullarına kəskin ehtiyac duyan I Dünya müharibəsinin başlanmasının təşəbbüskarı olan Almaniya hökumətinin planlarında da xüsusi yer tuturdu. Alman generalı Lyüdendorf hesab edirdi ki, Qafqazı ələ keçirməklə iqtisadi cəhətdən gücləndirmək üçün, almanlara Bakını tutmaq lazım idi. Almaniyanın Qafqazı, o cümlədən Bakını ələ keçirmək cəhdlərinin ciddiliyi və ona böyük əhəmiyyət verdiyini Almaniya Baş Qərargahının 1918-ci ilin iyul ayında Belçikanın Spa şəhərində keçirilmiş məxfi müzakirələrinin sənədləri də aşkar şəkildə təsdiq edir.

1918-ci ildən 1920-ci il aprelin sonunadək AXC hökumətinin göstərdiyi bütün səylərə baxmayaraq, Sovet Rusiyası Bakı neftinə sahib olmaq niyyətindən əl çəkməyərək onu de-yure tanımaqdan imtina etdi və 1920-ci il aprelin 28-də Bakı Sovet Rusiyasının XI ordusu tərəfindən işğal olundu.

Bakıda törədilən türk-müsəlman soyqırımı cinayətini gizlədərək, ona “vətəndaş müharibəsi” donu geyindirən Stepan Şaumyan 1918-ci il aprel ayının 13-də Moskvaya, Sovet Rusiyasının rəhbəri V.İ.Leninə göndərdiyi məktubda göstərir ki, “30-31 mart və 1 apreldə Bakı şəhərində şiddətli vuruşmalar olmuşdur…. Bir tərəfdən Sovet qırmızı qvardiyası, bizim təşkil etdiyimiz beynəlmiləl Qızıl Ordu, Qırmızı donanma və erməni milli hissələri, o biri tərəfdən “Müsavat” partiyasının başçılıq etdiyi… müsəlman “Vəhşi diviziyası” və silahlı müsəlman quldur dəstələr vuruşdular. Bizə Aviasiya Məktəbinin hidroaeroplanları da kömək etdi. Düşməni tamamilə darmadağın etdik. Onlar Bakıda üstün gəlsəydilər, şəhəri Azərbaycanın paytaxtı elan edər, bütün qeyri-müsəlmanlar tərksilah edilib qırılardı”.

Bu faktlar belə bir fikri qəti surətdə təsdiq etməyə əsas verir ki, S.Şaumyan azərbaycanlıların soyqırımını təşkil etmək sifarişini Sovet Rusiyası rəhbərliyindən almışdı. Digər bir təkzibedilməz fakt odur ki, Bakının milli qüvvələr tərəfindən gələcək Azərbaycan dövlətinin paytaxtı elan edilməsindən qorxuya düşən cəlladlar buna yol verməmək üçün xalqımıza qarşı soyqırımı cinayəti törətdilər. Cinayətkar sovet hökumətinin nəyin bahasına olursa-olsun, Bakını əlində saxlamaq istəyini təsdiq edən fakt Almaniyanın İstanbuldakı konsulunun 1918-ci il iyul ayının əvvəlində öz hökumətinə təqdim etdiyi hesabatda da öz əksini tapmışdır. Konsul bolşeviklər tərəfindən Bakının güclü mühafizə edildiyini qeyd edir və “Bakı məsələsi” ilə bağlı Sovet Rusiyası ilə danışıqlar aparmağı təklif edərək yazırdı: “Əgər biz bolşeviklərlə sazişə gələ bilsək, onda Bakının neft mədənləri və neft ehtiyatları bütövlükdə əlimizə salamat keçəcək. Əgər bunun əksinə olaraq, bolşeviklər şəhəri tərk etməyə məcbur olsalar mədənləri yandıracaqlar, onda nə biz, nə də türklər neft ehtiyatlarından istifadə edə biləcəyik. Onlarsız isə Qafqaz dəniz yollarının istismarı tezliklə dayanacaq”.

Bu fikri başqa bir fakt da təsdiq edir. 1918-ci ilin iyulunda İstanbulda konfransda iştirak edən AXC nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadə M.H.Hacınskiyə məktubunda qeyd edirdi: “Sizə məlumdur ki, neft haqqında məsələ Azərbaycandan çox Türkiyə-Almaniya məsələsidir”.

Bakı neftinin AXC-nin siyasi taleyində oynadığı roldan bəhs edərkən burada ABŞ dövlətinin mövqeyi barədə fikir söyləməyə mütləq ehtiyac var. Belə ki, ABŞ şirkətləri XIX əsrin sonu-XX əsrin 20-ci ilinə qədərki dövrdə Bakı neft sənayesində rəsmi olaraq təmsil olunmasalar da, göstərilən müddət ərzində həmişə buraya maraq göstərmişlər. Bu baxımdan ABŞ-ın Rokfellərə məxsus “Standart oyl” şirkətinin fəaliyyəti diqqəti cəlb edir. ABŞ hökumətinə çox güclü təsir gücünə malik Rokfellerin atdığı addımlar, 1918-ci ildə “Nobel qardaşları yoldaşlığı” şirkətinin səhmlərinin “Standart oyl” şirkəti tərəfindən alınması, 1919-cu ildə ABŞ hökuməti tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı həyata keçiriləcək siyasətin formalaşdırılmasına dair arxiv sənədləri ilə tanışlıq Ağ evin 1920-ci ilin yayına qədər bu regionda yeritdiyi siyasətin mahiyyətini anlamağa imkan verir. Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məsələ qalib dövlətlərin, ilk növbədə ABŞ Prezidenti Vudro Vilsonun təklifi ilə 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında müzakirə olunmuş və AXC nümayəndə heyətinin Parisə buraxılması tələb olunmuşdu. Qeyd etmək lazımdır ki, V.Vilson Parisə yola düşərkən o, “Standart Oyl”un sahibi Rokfeller tərəfindən qəbul edilir. Ona AXC nümayəndə heyəti ilə görüşmək təlimatı verilsə də, ABŞ hökuməti tərəfindən onun de-yure tanınması qadağan edilir. Məsələnin maraqlı tərəfi odur ki, burada məqsəd, nəyin bahasına olursa-olsun, Bakı neftini ələ keçirmək istəyən Rokfellerin təklifi ilə əsas rəqibi olan Böyük Britaniya neft şirkətlərinin təmsilçisi H.Deterdinqə qarşı mübarizə aparmaq idi. Bunun üçün XX əsrin əvvəlində dünya maliyyəsi məsələləri üzrə məşhur fırıldaqçı Harri Sinkler bu işə cəlb olunur. Lakin bu planın qarşısı Osmanlı dövləti tərəfindən alınır.

1919-cu ilin mayında Parisə gələn AXC üzvləri ABŞ Prezidenti V.Vilsonun tövsiyəsi ilə ABŞ-ın Osmanlı dövlətindəki keçmiş səfiri Henri Morgentan ilə görüşürlər. 28 may 1919-cu ildə keçirilən bu görüş bir neçə saat çəkir. Nümayəndə heyətinin rəhbəri AXC parlamentinin de-yure tanınmasını və ikitərəfli münasibətlərin qurulmasını təklif etsə də, Rokfellerin mövqeyi öz işini görür. ABŞ hökuməti regionu dərindən öyrənmək üçün “Qafqazda Amerika Administrasiyasının Yardım Komitəsi” yaratdı. Sentyabrın 1-də Naxçıvanda ABŞ dövlətinə tabe olan general-qubernatorluğun yaradılmasına böyük ehtiyac olduğunu söylədi. Əldə olan arxiv sənədləri belə bir fikri söyləməyə əsas verir ki, AXC-yə məxsus əraziləri nəzarətə götürən ABŞ dövlətinin hərbi-siyasi missiyasının əsas məqsədi Ermənistana hərbi-siyasi və maliyyə yardımı göstərilməklə bərabər, guya Cənubi Qafqaz xalqları arasında baş verə biləcək münaqişələrin qarşısının alınması idi. Lakin, əslində, bu, belə deyildi.

Tarixdə varislik prinsipinə istinad edərək birmənalı şəkildə söyləmək olar ki, AXC-nin yaradılmasından 100 il ötsə də, 70 illik sovet işğalından sonra çox ağır itkilər və məhrumiyyətlər hesabına öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı, 1992-ci ildən bu günədək Qərb ölkələri, o cümlədən ABŞ, Fransa, Böyük Britaniya və digər böyük xristian ölkələri tərəfindən həyata keçirilən ikili standartlar siyasəti ilə hər addımda qarşılaşmaqda davam edir. Lakin ümummilli lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti, bütün maneələri dəf edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında öz beynəlxalq mövqeyini möhkəmləndirmiş və Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.