Paralel. - 2018.- 2-4 iyun. - ¹ 98. - S. 10.
Məzhəblər və təriqətlər dində sui-istifadəni stimullaşdırır
Cəryan, təriqət və məzhəb fərqləri radikal dini qrupların yaradılmasına münbit şərait yaradır
Bir çox ilahiyyətçi alimlər, din xadimləri sübut etməyə çalışırlar ki, məzhəb təəssübkeşliyi cəmiyyətdə heç bir problem yaratmır, hətta bir çoxları bunu din üçün vacib element sayırlar. Bu barədə bir qədər sonra oxuculara məlumat verəcəyik.
İndi isə tam bitərəf mövqedən çıxış edərək, məzhəblərin hansı problemlərə gətirib çıxardıqları barədə söz açmaq istəyirik. Biz bu məsələyə dini-nəzəri mövqedən yanaşmırıq, bu din alimlərinin və tədqiqatçıların işidir. Biz isə müəyyən təcrübəyə əsaslanaraq məzhəblərin hansı problemlər yaratdığı barədə danışacağıq.
Əvvəlcə onu qeyd edək ki, məzhəblər dünyanın Allaha inanan insanların birliyini parçalayır, onların təsir gücünü zəiflədir. Təsəvvür edin ki, dünyada 3 milyarda yaxın müsəlman var, lakin bu toplum məzhəb olaraq biri-digəri ilə barışmayan, qəbul etməyən sünni və şiə məzhəbinə parçalanıb. Bu iki məzhəb isə hərəsi bir-biri ilə barışmayan onlarla təriqətə parçalanıb. Yəni nəticə olaraq biz 3 milyard dünya müsəlmanının yüzmin-yüzmin parçalandığını və bir çoxlarının da, bir-biri ilə qanlı müharibələr apardığının şahidi oluruq.
İkincisi, dindən siyasi məqsədlərinə çatmaq üçün yararlanmaq istəyən bir sıra dövlətlər, məhz müsəlmanların özlərinin haqq qazandıraraq yaratdıqları məzhəb və təriqət fərqlərindən çox məharətlə istifadə edirlər. Məsələn, radikal İslam qruplaşması sayılan vahabilər özlərindən olmayan nəinki məzhəbləri, hətta onlarla eyni məzhəbdən olan başqa təriqətləri müsəlman saymır və onlara qarşı "cihad" elan edir. Son illər Suriyada baş verənlər bunun bariz nümunəsidir. Özlərini "əsil müsəlman" sayan İŞİD-çilər "Allahu əkbər" hayqıraraq digər müsəlmanların evlərini dağıdır, məktəbləri, məktəbə şagird aparan avtobusu partladır və s. Sozsüz ki, İŞİD-çilərin, vəhhabilərin,"Əl-kayidə"nin və s. radikal dini birləşmələrin İslam dininə heç bir dəxli yoxdur, onlar super dövlətlərin əlində siyasi oyuncağa çevrilən, maryanet qruplardır. Lakin məzhəb və təriqətlərin varlığı bu qruplara İslam qiyafəsi geyindirməyə şərait yaradır. Yəni digər təriqətlər kimi, Britaniya bir təriqət yaradır, Amerika başqa birisini yaradır və heç biri də bu təriqətin yarandığı səhnədə görünmür. Çünki onlar arzuladıqları təriqəti elə müsəlmanlar vasitəsilə yaradır və ya oyadır. Məsələn, vəhhabi təriqəti 16-cı əsrdə ingilis kəşfiyyatı tərəfindən yaradılıb və uzun illər idi ki, unudulmuşdu. Lakin son 20-25 ildə bu təriqət nədənsə yenidən pöhrələməyə başladı. Sizcə bu, vəhhabi ideyasının gücü ilə bağlıdır? Müsbət cavab vermək sadəlövhlük olardı.
Əlbəttə, bu, təriqətlərə İslamdan kənar bir baxış idi. İndi isə dindarlarımızın bu barədə nə düşündüyünə nəzər yetirək.
Son zamanlar dünyada multikulturalizm və tolerantlıq meyillərinin artdığı bir vaxtda, bir qisim insanların gündəmə gətirdikləri mövzulardan biri də "məzhəb" məsələsidir. Məzhəb məsələsi İslamda bir ayrılıq səbəbi kimi göstərilir və eyni zamanda, bu ad altında saf zehinləri bulandırmaq cəhdləri də açıq görünür. Məsələyə bir az diqqətlə yanaşsaq, məzhəblərin bir ehtiyacdan meydana gəldiyi, heç bir ixtilaf mənbəyi olmadığını görə bilərik.
"Etiqad və əməl deyə iki qisimdən meydana gələn İslam dinində, məzhəblər, əməli (təcrübədə yaşanan) qisimləri əhatə edir. Birdən çox məzhəbin meydana gəlməsi, nəzəri prinsiplərin məzhəb imamları tərəfindən fərqli başa düşülməsindən irəli gəlib". (Məktubat, 449 )
Məsələn, Hz. Peyğəmbər (s.ə.v.) namaz qılarkən mübarək alnına daş batır və alnı qanayır. Hz. Aişə (r.ə.) daşı Peyğəmbərin (s.ə.v.) alnından götürərək yerə atır. Peyğəmbər (s.ə.v.) yenidən dəstəmaz alaraq namazına davam edir. Hənəfi məzhəbi imamı, İmam Azam Əbu Hənifə ilə Şafii məzhəbi imamı, İmam Şafii dəstəmazı pozan halları qeyd edərkən bu məsələləri fərqli şəkildə izah edirlər. İmamı Azam, "Peyğəmbərin (s.ə.v.) alnına batan daş qan çıxardığı üçün əfəndimiz dəstəmaz almışdır", hökmünə gəlir. İmam Şafii isə dəstəmazın pozulmasını Hz. Aişənin (r.ə.) Peyğəmbərin (s.ə.v.)alınına toxunmasına bağlayıb. Beləcə, Hənəfi məzhəbində az bir qan dəstəmazı pozan səbəblərdən biri olduğu halda, Şafii məzhəbində qadının təmasıyla dəstəmazın pozulması bir qayda olaraq qəbul olunub. Əslində, hər iki hökm doğrudur və haqlı bir səbəbə əsaslanır.
Peyğəmbər (s.ə.v.) əfəndimizə qədər etiqadi nöqtələrdə eyni olan şəriətlər təfərrüat qisimlərində dəyişərək gəlib, hətta bir əsrdə ayrı-ayrı qövmlərə ayrı şəriətlər göndərilib. Ancaq Peyğəmbər (s.ə.v.) əfəndimizlə birlikdə daha başqa şəriətlərə ehtiyac qalmayıb və onun dini bütün əsrlərə kafi gəlib. Lakin təfərrüat məsələlərində bir sıra məzhəblərə ehtiyac qalıb. Haqq məzhəblərin imamları bu vəzifəni haqqıyla yerinə yetiriblər və insan oğlunun bütün ehtiyaclarına cavab veriblər. Peyğəmbər (s.ə.v.) əfəndimiz bir möcüzə olaraq bu imamların gələcəklərini və böyük bir vəzifə ifa edəcəklərini daha bunlar gəlmədən xəbər verib və bu görkəmli şəxsiyyətlər də, öz xidmətləri ilə Rəsulullah (s.ə.v.) əfəndimizi felən təsdiq ediblər...
İslam məzhəbləri - bir iki cüzi məsələ xaric - heç bir zaman daxili müharibə və qarışıqlıqlara gətirib çıxarmayıb və bu məzhəblərin imamları da bir-birinə daim hörmətlə yanaşıblar, bir-birlərini rədd və inkar etməyiblər. Ayrıca bir məzhəb təsis etmək niyyətiylə ortaya iddialı bir şəkildə çıxmayıblar, daha sonra bir yerə toplanaraq bir məzhəb halına gətirilən ictihadlarını ehtiyac anında ortaya qoyublar.
Məsələn, İmamı Azam bir hadisə ilə əlaqədar olaraq fətva verdiyi zaman, "Bu Numan bin Sabitin (İmamı Azam) rəyidir, çıxara bildiyimiz rəylərin ən gözəli budur. Kim bundan daha gözəlini irəli sürsə, doğruya daha yaxın olan odur,"-deyib.
Bütün bu söylənilənlər onu deməyə əsas verir ki, məzhəb ayrılığı İslamı parçalamaq məqsədi ilə meylana gətirilsə belə, böyük zəka sahibi olan İmamların dövründə buna imkan verilməyib. Yəni, bu insanlar müqəddəs Qurani-Kərimin ehtiva etdiyi, səbr, dözum kimi hallara həmişə əməl edərək, radikalizmdən uzaq olublar. Bunu həm də bütün müsəlmanlara tövsiyyə ediblər.
Lakin çox təəssüflər olsun ki, son vaxtlar dini radikalizm mövzusu ətrafında çox ciddi ittihamlar səslənməkdədir. Ümumiyyətlə, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən birinə çevrilib. İstər islami dini cərəyanlar arasında, istərsə də Protestanlıq, Hinduizm kimi qeyri-islami dinlərdə radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artdığı müşahidə olunur. Bu prosesi sadəcə müasir dövrə aid etmək düzgün olmazdı, çünki tarixin hər dövrundə dini radikalizm fenomeni müşahidə olunub. Din uğrunda edilən müharibələr və ya din pərdəsi altında aparılan işğalçılıq fəaliyyətləri dini radikalizmin bariz örnəklərini təşkil edib. Bu gün isə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük və zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında daha qabarıq şəkildə özünü göstərir. Buna görə də, desək ki, son zamanlar islami radikalizmi öz yüksəliş dövrünü yaşayır, daha doğru olar. Buna görə də, İslami radikalizmin səbəblərinin təhlilinə keçməzdən əvvəl, dini radikallığın mahiyyəti və meyarlarını izah etmək daha düzgün olar. Çünki müəyyən bir dini cərəyanın radikal olub-olmamasını təyin etmək çox çətin bir prosesdir. Bəzən ənənəvi cəmiyyətlərdə formalaşan stereotiplər, yeni ortaya çıxan dini təşkilatlara şübhə ilə yanaşmağa əsas verir. Buna görə də, adətən qeyr-ənənəvi təriqətlər radikallıqla eyniləşdirilir. Amma bir dini cərəyanı radikal hesab etmək üçün onun qeyri-ənənəvi olma xarakterindən daha çox, onun ehtiva etdiyi radikal inanc və təcrübə əsas təşkil etməlidir. Yəni ənənəvi və ya qeyri-ənənəvi olmasından asılı olmayaraq, yuxarıda qeyd edilən radikal elementlərdən birini ehtiva edən din və ya məzhəb radikaldır. Hərçənd qeyri-ənənəvi təriqətlər arasında radikal qrupların daha çox olduğunu da yaddan çıxarmaq olmaz. Bu gün dini radikalizmdən daha çox danışan Qərb dövlətlərinin bəziləri, multikulturalizmin və tolerantlığın iflasa uğradığını iddia etməklə, bu prosesi daha da gücləndirirlər.
İslam dininə aid edilən radikalizm təmayülünün səbəbləri isə fundamentalizm və iqtisadi-siyasi məhrumiyyətlər amili ilə əlaqələndirilir. İslami fundamentalizmi isə müxtəlif şəkilərdə izah edilir. İlk növbədə fundamentalizm müqəddəs kitabın literal (hərfi mənada) yozumunu müdafiə etməkdir. Literal izahların yaratdığı problem, belə bir yanaşmanın dini mətinlər ilə müasir elmi nəzəriyyələri, bəzi hallarda isə mövcud hüquqi və etik dəyərlər ilə ziddiyyət təşkil etməsindədir. Dinin fundamental əsaslarına qayıtma və ya bunları günümüzdə olduğu kimi tətbiq etmə ideyası, islami fundamentalizmin digər aspektini təşkil edir. İqtisadi məhrumiyyətlər isə dini radikalizmə zəmin hazırlayan ən mühüm amillərdən biridir. Diqqətlə nəzər edəndə radikalların cərgəsinə daha çox gənclərin cəlb edildiyini görürük. İqtisadi cəhətdən təmin edilməyən gənc nəslin radikal və ekstremist ideyalara meyl etməsi çox təhlükəli bir tendensiyadır. Buna görə də, radikalizmlə mübarizə zamanı, sadəcə dini marifləndirmə ilə yekunlaşmayıb, gənclərin və ümumi olaraq cəmiyyətin iqtisadi imkanlarının artırmasına da diqqət edil
“Paralel”in Araşdırma Qrupu