Xalq qəzeti. - 2018.- 1 iyun. - ¹ 122. - S. 10.

 

Xalqımızın dövlətçilik tarixinin şərəfli səhifəsi

 

İlahə Ələsgərova,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal Rayon Qeydiyyat Şöbəsinin müdiri

 

AXC yüz il bundan əvvəl müsəlman Şərqində Azərbaycan xalqı tərəfindən yaradılan  respublika üsul-idarəli müstəqil dövlət idi. Həmin dövlətin mövcud olduğu qısa dövr ərzində Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atılmış, eləcə də insan hüquq və azadlıqlarını özündə ehtiva edən bir sıra mühüm qanunlar qəbul olunmuşdur.

 

Hazırda respublikamızın hər yerində, eləcə də ölkədən kənarda AXC-nin 100 illik yubileyi böyük təntənə ilə qeyd edilir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda,  XX əsrin əvvəllərində  respublikamızın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində olmasına baxmayaraq, şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi və dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

AXC yarandığı gündən qarşıya qoyulan prioritet vəzifələrdən biri də  ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi olmuşdu. Bundan ötrü müstəqil dövlətin öz ordusu olmalı idi. Sərhədlərin qorunmasının təmin edilməsi üçün  qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, elmin, təhsilin və mədəniyyətin inkişafı diqqət mərkəzində saxlanıldı.  Həmin vaxt Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, sonrakı illərdə  milli maraqların yüksəlişi, adət-ənənələrin qorunub saxlanılması  üçün zəmin hazırlayan  müstəsna əhəmiyyətli işlər görüldü.

Azərbaycan Xalq Cümhuriyyəti  yarandığı  ilk gündən irqindən, dinindən, millətindən asılı olmayaraq,  ölkənin bütün vətəndaşlarına eyni hüquqlar  verilməsini təmin etdi və sinfi bərabərsizliyin  aradan qaldırılmasını təmin etdi. Cümhuriyyət parlamentinin qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, elm, təhsil və mədəniyyət sahələrində sürətli irəliləyişə  əlverişli imkan yaratdı.

AXC daim sülhsevər siyasət apararaq, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin daxili işlərinə qarışmamaq, hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi.  Mövcud olduğu qısa müddət ərzində AXC artıq dünya birliyi tətəfindən müstəqil dövlət kimi tanınırdı.

 Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün– 1918-ci il may ayının 28-də təsis edilmişdi. Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdi.

Cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq, hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında", "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında", AXC-nin yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

Şərqdə ilk müsəlman dövlətinin müstəqilliyi, təbii ki, AXC-yə qarşı olan qıcqanclığı getdikcə artırırdı.  Bu da 1920-ci ilin aprel ayında baş vermiş bolşevik işğalında  özünü  açıq şəkildə ortaya qoydu. Həmin vaxt  Sovet Rusiyasının XI ordusu Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək, onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

AXC çox çətin zaman kəsiyində yaranmışdı. Belə ki, həmin dövrdə beynəlxalq aləmdə və regionda vəziyyət çox gərgin idi. Ermənilərlə münaqişə, Rusiya, İngiltərə və digər ölkələrlə çətin münasibətlər var idi. Buna baxmayaraq, AXC 23 ay yaşamağa müvəffəq oldu.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğradı. Lakin  onun  insanların şüurunda  bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Biz, 1988-ci ildən başlayaraq, ölkədə baş verən proseslərdə, istiqlaliyyət, müstəqillik uğrunda aparılan mübarizələrdə, nəhayət, mərd oğul və qızlarımızın qanı bahasına qazanılan müstəqilliklə bunun bir daha şahidi olduq. Dünya birliyi də şahid oldu ki, Azərbaycan xalqının azadlıq arzusunu boğmaq qeyri-mümkündür.

Söz yox ki, müstəqilliyimizin ilk illərində ölkədə baş verən xaos, anarxiya, özbaşınalıq, dövlət idarəçiliyindəki naşılıq Azərbaycanı uçrumun bir addımlığına yaxınlaşdırmışdı. Lakin  ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Müstəqilliyimiz getdikcə möhkəmləndirildi və əbədiyyətə çevrildi.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Dövlətimizin başçısı  da müstəqilliyimizin 100 illik tarixini yüksək dəyərləndirərək demişdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edirik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib".

Bu gün respublikamızda müstəqilliyimizin 100 illik tarixi böyük təntənə ilə qeyd edilir. Möhtərəm ­Prezidentimiz İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında16 may 2017-ci il tarixli sərəncam  da imzalayıb. Həmin sərəncamın qarşıya qoyduğu əsas vəzifələrdən biri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsidir. Bundan əlavə,  dövlətimizin başçısı 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar müxtəlif tədbirlər keçirilmişdir və həmin tendensiya bu gün də davam etdirlir.

Cümhuriyyətin 100-cü ildönümündən düz bir il əvvəl Azərbaycan Prezidentinin yubiley haqqında sərəncam imzalaması, 2018-ci ilin başlanğıcında, yanvarın 10-da dövlətimizin başçısı tərəfindən cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinin, zənginliyinin təsbit olunduğu sərəncamda maarifçilik ideyalarından milli özünüdərkə gedən yolun səciyyəsi, tərəqqipərvər ictimai-siyasi elitanın rolu diqqətə çatdırılır. Cümhuriyyət dövründə həyata keçirilmiş ən mühüm tədbirlərin, hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmaq yönündə görülmüş işlərin qeyd olunması qısamüddətli dövrün taleyüklü məzmununu açıqlayır. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin  fəaliyyəti sayəsində “Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsində” qalması haqqında müddəa ciddi tarixi, elmi əsasa malikdir.

Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu vurğulayan möhtərəm  Prezidentimizin bu sərəncamı Cümhuriyyətin əhəmiyyətini beynəlxalq aləmə çatdırmaq məzmunu daşıyan çox önəmli qərardır. “Azərbaycan Xalq Cümhuriyyəti ili”nin elan olunması həm də Azərbaycan cəmiyyətinin müstəqil dövlətçiliyinə sahib çıxmaq iradəsidir.  Eyni zamanda,  demokratik ənənələrimizin təbliğinə, milli şüurun yüksəlişinə, dövlətimizə məhəbbətin, inamın artmasına təkan verən sanballı töhfədir.  Ölkə başçısının bu qərarı Cümhuriyyət ideallarının əbədiyaşar olduğunu, onun müstəqil Azərbaycan dövlətinin quruculuğunda əhəmiyyətli yer tutduğunu göstərməyə, 100 illik tariximizə sahib çıxmağa və AXC-nin mənəvi-siyasi mirasını qoruyub saxlamağa xidmət edir.  Ötən  illər ərzində təkcə dövlət atributları–bayraq, gerb, himnlə bağlı qəbul edilən qərarlar deyil, eləcə də, Şərqdə ilk demokratik respublika təsis edərək xalqımızın min illlik arzularını gerçəkləşdirməyə qadir olmağımız həqiqətən də tarixi hadisədir.

Ölkə rəhbərinin qərarı təkcə hakimiyyət orqanlarının deyil, həm də hər bir azərbaycanlının, xarici ölkələrdə yaşayan soydaşlarımızın  üzərinə cox ciddi məsuliyyət qoyur.  Hər bir soydaşımız bu qərardan qürur duymalı, müstəqilliyimizin 100 illik salnaməsinə dəyərli töhfələrini verməlidir.

Ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət sayəsində dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır.