Şərq. - 2018.- 31 may. - ¹ 97. - S. 11.

 

AXC-NİN İQTİSADİ MODELİ...

 

O dövrdə də neft ölkə iqtisadiyyatı üçün başlıca gəlir mənbəyi olub

 

Ayyət Əhməd

 

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci ilin 28 may tarixində Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində yaranmış müstəqil dövlət idi. Müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan AXC Avropa tərəfindən tanınmış yeganə türk respublikası kimi tarixə düşdü. Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun inkişafına böyük təsir göstərib. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atılıb.

 

Mülkiyyət plüralizmi...

 

Həmin addımların nələrdən ibarət olduğunu öyrənmək üçün o dövrün araşdırmaçısı, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli ilə əlaqə saxladıq. O, "Şərq"ə açıqlamasında qeyd etdi ki, Cümhuriyyət dönəmində torpaqların mülkədarlar və bəylərdən alınıb, kəndlilərə və ya əhalinin kasıb təbəqəsinə verilməsi məsələsi parlamentdə müzakirə olunub:

"Təəssüf doğuran məqam odur ki, torpaqların bölünməsi məsələsində bolşeviklər milli höküməti hədəfə almışdılar və buna qarşı çıxırdılar. Torpaq siyasətinə dair məsələlər parlamentdə bir neçə dəfə müzakirə olunsa da, torpağın kəndlilər və əhalinin kasıb təbəqələrinə verilməsi həllini tapmadı. Məhəmməd Əmin Rəsulzadənin özü bu məsələ ilə bağlı dəfələrlə çıxış edib. Məxsusi olaraq, torpaqların xüsusi mülkiyyətdən ictimai mülkiyyətə keçirilməsinə dair ciddi təkliflər irəli sürüb. Sosialistlərdən Əhməd Pepinov, Heydər Qarayev və başqaları kəndlilərin xeyrinə olan təkliflərlə çıxış ediblər. O dövrdə parlamentdə bəy və ya mülkədarların da xüsusi nüfuzu olduğuna görə məsələ həllini tapmadı.

Baxın, AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. Eyni zamanda, AXC-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və "burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır”.

 

Aqrar proqram

 

Müsahibimiz vurğulayıb ki, Cümhuriyyət dövründə kənd təsərrüfatının inkişafı iqtisadi tərəqqinin və ya iqtisadi islahatların əsas qollarından birini təşkil edirdi: "O dönəmdə kəndlilərə sərbəstliyin verilməsi, onlara müəyyən güzəştlərin tanınması və s. kimi məsələlərdə bir sıra işlər görüldü. Milli hökumət Lənkəranda bir qrup bolşevikin ağalığına son qoymaqla məşğul oldu. Daha sonra Qarabağda erməni-daşnak ordusuna qarşı mübarizə apardı. Bu kimi hallar kənd təsərrüfatının inkişafına mane olurdu. Amma son dönəmlər, 1919-cu ilin sonu 1920-ci ilin əvvəllərində Cümhuriyyətin iqtisadi durumunda xeyli dərəcədə inkişaf müşahidə olunurdu. Ancaq XI Qızıl Ordunun 1920-ci il aprelin 27-də Yalamada Azərbaycan ərazisinə daxil olması ilə vəziyyət dəyişdi və Cümhuriyyət mövcudluğunu itirdi. Cümhuriyyət varlığını saxlaya bilsə idi, indiki Azərbaycanın iqtisadiyyatı və sənayesi tamam başqa şəkildə olardı.

Amma deyim ki, AXC-nin aqrar proqramı da iqtisadi fikir baxımından öyrənilməyə layiqdir. Bu proqramın əsasını aqrar islahatı haqqında "Müsavat” fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın.

"Müsavat” fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi".

 

Cümhuriyyət dövründə neft strategiyası...

 

Cümhuriyyət dövründə neft strategiyasına dair görülən işlərə diqqət çəkən F.Ələkbərli qeyd edib ki, o dövrdə də neft ölkə iqtisadiyyatı üçün başlıca gəlir mənbəyi olub:

" O vaxt Denikin Azərbaycanı hədələyirdi. Ona görə də Xəzər dənizindən az istifadə olunurdu. Azərbaycan öz neftinin Batum vasitəsilə Avropaya çıxarılmasında müəyyən işlər gördü. Boru xəttinin çəkilməsi və neftin tankerlərlə daşınması məsələsində ciddi tədbirlər həyata keçirilirdi. Azərbaycan nefti hələ o vaxt Avropaya çatdırılırdı. Neftdən alınan enerji hesabına Bakı şəhərinin işıqlandırılması istiqamətində olduqca vacib ölçülər götürülürdü. Mövcud olduğu 23 ay ərzində AXC neft sənayesini ağır vəziyyətdən çıxardı. Dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi, Bakı Universiteti və bir çox ibtidai məktəblər açıldı".

 

Milli valyuta tədavülə buraxıldı

 

F.Ələkbərli söyləyib ki, Cümhuriyyət dönəmində milli valyuta tədavülə buraxıldı: "Yəni milli valyutanın bir neçə formada tədavül prosesi oldu. Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar - "Bakı bonları” buraxıldı (ovaxtadək "Nikolay” pulları və "Kerenski” pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı".

 

Çevik vergi siyasəti...

 

F.Ələkbərli deyib ki, hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı:

"Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirildi: müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı; Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi, AXC parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olundu. Həmin iclasda qərar qəbul olundu ki, əsas diqqət xəzinənin doldurulmasına yönəldilməlidir. Xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə (ixrac olunan xammalın dəyərinin 25 faizi həcmində) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919-cu il) qəbul edildi, xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı və bu məsələ 20 oktyabr 1919-cu il tarixli qanunda öz geniş əksini tapdı. 9 fevral 1920-ci il tarixində daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edildi. Çevik vergi siyasəti yeridildi, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirildi, bu siyahıya 200-dən çox məhsulun adı daxil edildi".

 

Xarici iqtisadi əlaqələr - idxal - ixrac əməliyyatları

 

F.Ələkbərli Cümhuriyyət dövründə gerçəkləşdirilmiş xarici iqtisadi və ticari əlaqələrə toxunub:

"XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandan Rusiyaya əsasən neft və neft məhsulları, həmçinin pambıq, balıq, düyü, şərab, meyvə, xam ipək, gön-dəri, xalça və s. göndərilir, oradan isə taxıl, kartof, çay, qənd, bitki yağları, manufaktura malları, dəmir, tikinti materialları, sement, kimyəvi mallar gətirilirdi. Rusiya ilə əmtəə mübadiləsi başlıca olaraq Vladiqafqaz dəmir yolu vasitəsilə həyata keçirilirdi. Neft və neft məhsulları isə əsasən dənizlə Həştərxana daşınırdı. Məsələn, 1916-cı ildə Bakı şəhərindən aparılan və ümumi həcmi 408,8 mln.pud olan neft məhsullarının 366,4 min pulu Xəzər dənizi vasitəsilə daşınıb ki, bu da Xəzər dənizi vasitəsilə daşınan bütün əmtəə mallarının 89,6 faizini təşkil edib. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları da əsasən dənizlə və dəmir yolu vasitəsilə daşınırdı. Azərbaycanı Rusiya və digər xarici ölkələrlə əlaqələndirən əsas yol-nəqliyyat xətləri, Qara və Xəzər dənizləri, Vladiqafqaz və Zaqafqaziya dəmiryolları, eləcə də Volqa çayının su-nəqliyyat xətti olub. Qışda Volqa çayında naviqasiya dayandırıldıqdan sonra isə Volqa çayının su-nəqliyyat xəttini Vladiqafqaz dəmir yolu xətti əvəz edirdi. Azərbaycan Rusiya və Qərbi Avropa ölkələri ilə əlaqəni Qara dəniz vasitəsilə (əsasən Batum və Poti vasitəsilə) yarada bilirdi. Zaqafqaziya dəmiryolu xətti Qara və Xəzər dənizlərini əlaqələndirməklə yanaşı, Vladiqafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz dəmir yolu xətti yaradırdı. Zaqafqaziya dəmiryolu xətti özünun yolayrıcıları - Culfa-Təbriz vasitəsilə İranla, Gümrü-Sarıqamış vasitəsilə isə Türkiyə ilə əmtəə mübadiləsini mümkün edirdi. Beləliklə, Azərbaycan Şərqlə, eləcə də Şərqin Qərblə ticarət əlaqələrində böyük tranzit yolu rolunu oynayırdı.

Azərbaycan Respublikası Ərzaq Nazirliyinin müvəkkili V.Smirnov 19 yanvar 1919-cu il tarixli "Azərbaycan” qəzetində dərc olunmuş müsahibəsində qeyd edirdi:

”Hazırkı mürəkkəb vəziyyətdən yeganə çıxış yolu əmtəə mübadiləsi üçün normal şəraitin yaradılmasıdır.

Ərzaq Nazirliyi digər ölkə və vilayətlərdən ərzağın alınması və tədarükü üçün öz nümayəndə və müvəkkillərini Ukraynaya və Kubana göndərməyi qərara alıb. Ərzaq Nazirliyinin müvəkkilləri yerli ərzaq təşkilatları, kooperasiyalar ilə, həmçinin ayrı-ayrı şəxslərlə əmtəə mübadiləsinin yaradılması haqqında danışıqların aparılması üçün Şimali Qafqaza, Qara dəniz quberniyalarına və Kuban vilayətinə də ezam ediliblər. Öz növbəsində, həmin vilayətlərin nümayəndələri də özlərinə lazım olan məhsulları əldə etmək üçün Azərbaycana gəlirdilər. Həmin ölkə və vilayətlərlə Azərbaycan arasında qənaətbəxş münasibətlərin yaradılması mümkün olmuşdur. Müstəqilliyin ilk aylarından etibarən Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin qorunması, onun qonşu ölkə və vilayətlərlə həyata keçirdiyi əmtəə mübadiləsini nizamlı surətdə təşkil etmək üçün Cümhuriyyət hökuməti tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Belə ki, hökumətin 19 iyun 1918-ci il tarixli qərarı ilə Ərzaq Nazirliyinə tapşırılırdı ki, gündəlik tələbat mallarının və mal-qaranın ixracına qadağa qoyulması haqqında təcili olaraq qərar dərc etsin. Hökumətin 22 iyun 1918-ci il tarixli qərarı ilə xarici ölkələrə şərab və digər ərzaq məhsullarının, 27 iyun 1918-ci il tarixli qərarı ilə isə xaricə pambıq, ipək, yun, metal, mal-qara, çörək və digər məhsulların ixrac edilməsi qadağan olundu. Hökumətin 1918-ci il iyunun 22-də qəbul etdiyi digər qərarla xaricə ərzaq məhsullarının ixrac edilməsinin qarşısını almaq məqsədilə, Poylu stansiyasında sərhəd postu təsis edildi.

Xarici ölkə və vilayətlərlə əmtəə mübadiləsini nizamlı şəkildə həyata keçirməkdən ötrü müvafiq qurumun yaradılmasına böyük ehtiyac duyulurdu. Bu məqsədlə hökumətin 23 iyun 1918-ci il tarixli qərarı ilə əmtəə mübadiləsi bürosunun təşkil edilməsi ticarət və sənaye nazirinə tapşırıldı.

Beləliklə, digər ölkə və regionlarla əmtəə mübadiləsinin təşkili, əmtəə mübadiləsinin norma və qaydalarının müəyyən edilməsi üzrə müvafiq qərarların qəbul edilməsi üzrə Azərbaycan Respublikasının Ticarət və Sənaye Nazirliyi nəzdində "Xarici dövlət və qonşu vilayətlərlə əmtəə mübadiləsi komitəsi” təsis edildi. "Əmtəə Mübadiləsi Komitəsi” haqqında əsasnamə Hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə təsdiq edildi. Həmin Komitə idarələrarası məşvərətçi, ayrı-ayrı hallarda isə sərəncamverici orqan kimi yaradılmışdır. Azərbaycana lazım olan malların xarici ölkələrdən və qonşu vilayətlərdən idxal edilməsi, neft və neft məhsullarının isə həmin ölkə və vilayətlərə ixracına dair məsələlərlə "Əmtəə mübadiləsi komitəsi” məşğul olurdu.

Xarici ölkələrə əmtəə mallarının ixrac edilməsi üzrə qaydalar işlənib hazırlanaraq Azərbaycan Respublikasının Ticarət və Sənaye Nazirliyinin 16 mart 1919-cu il tarixli qərarı ilə təsdiq edilib".