Şərq. - 2018.- 30 may. - ą 96. - S. 10.

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN İQTİSADİ SİYASƏTİ

 

İsmayıl Qocayev

 

Cümhuriyyət mövcud olduğu 23 ay ərzində azərbaycançılığın, islamçılığın və müasirliyin sintezi əsasında unikal iqtisadi model yaratmaq sahəsində böyük irs qoyub

 

Xalqımızın zəngin dövlətçilik irsində, milli siyasətimizin və iqtisadiyyatımızın formalaşmasında Azərbaycan Xalq Cümhuriyyəti mühüm yer tutur. Əsrlər boyu təşəkkül tapan zəngin milli iqtisadi fikirlərin gerçəkləşdirilməsi üçün ilk dəfə olaraq Cümhuriyyət dövründə real imkanlar yarandı və buna qismən də olsa nail olundu. İqtisadi fikir baxımından Cümhuriyyətin mülkiyyət münasibətləri, aqrar proqramı, maliyyə-valyuta siyasəti, xarici ticarət əlaqələri, iqtisadi idarəetmə sistemi diqqəti cəlb edir.

AXC-nin iqtisadi platformasında mülkiyyət plüralizmi əsas götürülür, dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulurdu. Bolşevizmdən fərqli olaraq, Cümhuriyyət liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, hesab edirdilər ki, "bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür”.

 

Cümhuriyyətin sosial-iqtisadi siyasətinin əsas konturları

 

Tarixçi-alim Elmar Həsənli bildirib ki, Cümhuriyyətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri ölkədə kapitalist münasibətlər sisteminin inkişaf etdirilməsi oldu. Tarixçinin sözlərinə görə, bunun üçün o dövrdə regionumuzda geniş yayılmış bolşevik ideyalarının əksinə olaraq, mülkiyyətin çoxnövlülüyü qanunla təsbit edildi: "Müstəqil Azərbaycan iqtisadiyyatında iqtisadi subyektlərin başlıca stimul mənbəyi olacaq xüsusi mülkiyyətin üzərində dayanıldı. Bundan başqa, daşnak Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən neft sənayesinin və ticarət donanmasının milliləşdirilməsi ilə bağlı verilən qərarlar ləğv edildi, neft mədənləri, zavodlar, ticarət gəmiləri və onların idarəçiliyi əvvəlki sahiblərinə qaytarıldı. Milliləşdirilən şirkətlərdən biri də məşhur "Nobel qardaşları” şirkəti idi və o da sahibinə geri verildi”. Azərbaycan Xalq Cümhuriyyətində xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. Göstərilirdi ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür. Cümhuriyyətin aqrar proqramı da iqtisadi fikir baxımından öyrənilməyə layiqdir. Proqramın əsas məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Kənd əhalisini gəlirlə təmin etməyə çalışan hökumət nümayəndələri istifadəsiz xüsusi sahibkar torpaqlarının qalmamasına da diqqət yönəldirdilər.

 

Maliyyə siyasəti və bank sisteminin formalaşması...

 

Tarixçi E.Həsənli bəyan edib ki, dövrün iqtisadi siyasətinin digər bir istiqaməti maliyyə sisteminin yenidən qurulması və yeni əsaslarla tənzimlənməsi idi: "Qısa müddət ərzində Azərbaycan Dövlət Bankı adlanan Mərkəzi Bank quruldu və bu bankın sədrliyinə Azərbaycanın ilk iqtisadçılarından olan Məhəmmədhəsən bəy Baharlı gətirildi. Mərkəzi Bank pul kütləsinin və bank fəaliyyətinin tənzimlənməsinə və inflyasiyanın nəzarət altına alınması işinə başladı. Bu arada Azərbaycan "Bakı bondları” adlanan milli valyuta dövriyyəyə buraxıldı. Müstəqil dövlətin atributu kimi, milli pul vahidinin buraxılması Cümhuriyyətin maliyyə siyasətinin mühüm uğuru idi. Dövlət büdcəsinin dayanıqlılığını təmin etmək məqsədilə birbaşa və dolayı vergilər, eləcə də gömrük rüsumları tətbiq edildi. Maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addım isə Bakı bələdiyyə idarəsinin istiqrazlar buraxmağa başlaması oldu. Bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyət göstərdiyi müddət ərzində maliyyə, vergi, bank sahələrini əhatə edən 82-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi”. Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platforması bütövlükdə sosialyönümlü platforma idi. Əhalinin rifah halının, əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verilirdi. Qısa müddət ərzində dövlət bölməsində çalışanların əməkhaqları artırıldı, ailəli vətəndaşlara ayda 360 manat, digərlərinə isə 120 manat məbləğində əlavə pul vəsaitinin verilməsi haqqında qərar qəbul edildi, əmək şəraitinin və iş saatlarının tənzimlənməsi ilə bağlı qaydalar tətbiq olunmağa başlandı.

 

Xarici iqtisadi əlaqələrin quruluması

 

Uğurlu beynəlxalq iqtisadi əlaqələrin qurulması siyasi və iqtisadi müstəqillik əldə etmiş xalqların qarşısında duran əsas vəzifələrdəndir. Bu məsələnin həlli həm daxili, həm də xarici amillərdən asılı olduğu üçün xeyli çətindir və müəyyən vaxt tələb edir. Belə çətinliklərlə AXC də üzləşdi. Cümhuriyyətin İstiqlal Bəyannaməsində xarici ölkələrlə, xüsusən qonşu dövlətlərlə iqtisadi əlaqələr yaratmaq, bu əlaqələri genişləndirmək zərurəti nəzərdə tutulurdu. Cümhuriyyətin iqtisadi platforması dövrü mətbuatın səhifələrində müxtəlif baxışların ortaya çıxmasına səbəb olurdu. "Bakinskaya jizn” qəzetində çıxan bir sıra məqalələrdə Zaqafqaziyada bütün gömrük məhdudiyyətlərinin aradan qaldırılması təklifi irəli sürülürdü. "Azərbaycan” qəzetində dərc olunan məqalələrdə isə göstərilirdi ki, 1919-cu ilin iyulunda Azərbaycan və Gürcüstan arasında hərbi müdafiə ittifaqı haqqında müqavilə bağlansa da, bu iki respublika arasında qarşılıqlı iqtisadi əlaqələrdə gömrük hədləri müəyyən edilməlidir. Xüsusən, taxıl məhsullarının İrana, Gürcüstana, Ermənistana və Dağıstana nəzarətsiz satılması Azərbaycanın milli iqtisadi mənafeləri, əhalinin tələbatını ödəmək baxımından zərərli sayılırdı. Xaricdən Azərbaycana gətirilən spirtli içkilərə, balıq məhsullarına gömrük rüsumlarının tətbiq edilməsi də daxili bazarın qorunmasına xidmət edirdi. Məhsulların xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı həmin məhsulun əhali üçün nə dərəcədə gərəkli olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Hökumətin hazırladığı 1919-cu il 20 fevral tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilirdi. Hökumət hesab edirdi ki, xaricə spirt satışında nəinki dövlət xəzinəsi və araq çəkməklə məşğul olan adamlar, həmçinin bütün əhali maraqlıdır.

 

Xarici ölkələrlə əməkdaşlıq və imzalanan müqavilələr...

 

Cümhuriyyətin xarici iqtisadi əlaqələrinin formalaşması baxımından Azərbaycan və Gürcüstan respublikaları arasında bağlanan müqavilə hüquqi və iqtisadi sənəd kimi diqqəti cəlb edir. 26 dekabr 1918-ci il tarixdə birillik müddətə bağlanan bu müqaviləyə əsasən böyük ehtiyac olan məhsulların bu respublikanın tələbatı çərçivəsində gömrük vergiləri qoymadan alınıb-satılmasına icazə verilirdi. Əhalinin və Gürcüstan dəmiryolunun ehtiyacları üçün neft, mazut, kerosin və yağların rüsumsuz ixracına müəyyən hədd qoyulurdu. Azərbaycan Dövlət İqtisad Universiteti beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə bildirib ki, Gürcüstan yolunun açılması Azərbaycanın digər ölkələrlə də ticarət əlaqələri üçün imkanlar yaradıb: "O dövrdə Azərbaycan əsasən Gürcüstan yolu ilə Ukraynadan taxıl idxal edir, Türkiyə və digər Qərb ölkələrinə isə neft və neft məhsulları göndərirdi. Məsələn, İtaliyaya ixrac edilən ağ neft və mazutun əvəzinə bu ölkədən sənaye malları, eləcə də ayaqqabı idxal olunurdu. Habelə ABŞ, Fransa, İngiltərə, Almaniya kimi ölkələrlə də neft ixracı, əvəzində isə sənaye məhsullarının idxalı üzrə müvafiq razılaşmalar əldə edilirdi. Təbii ki, xarici iqtisadi əlaqələrdə Cümhuriyyət üstünlüyü qonşu ölkələrə verirdi. Qısa müddət ərzində İran, Dağıstan və Orta Asiya ölkələri ilə iqtisadi əlaqələr quruldu. AXC ümumi humanizm prinsipləri ilə çıxış edərək, Dağıstana 50 milyon manat məbləğində yardım göstərdi”. Cümhuriyyət Rusiya ilə də iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verirdi və Rusiya bazarından məhrum olmağa mənfi münasibət bəsləyirdi. Neft, pambıq və başqa ixrac məhsulları üçün rus bazarlarının böyük əhəmiyyəti nəzərə alınırdı. Rəsulzadə "bolşevik hökuməti ilə birbaşa əlaqələrin yaradılmasını” tələb edir, N.Yusifbəylinin təşkil etdiyi hökumət isə öz iqtisadi proqramında bu məsələyə xüsusi yer ayırırdı. Lakin qarşı tərəfin Azərbaycanı müstəqil dövlət kimi tanımasını açıq bildirməməsi və XI ordunun Azərbaycan istiqamətində irəliləməsi hökumət üzvləri arasında mübahisələrə səbəb olurdu. Müxtəlif fikirlərə baxmayaraq, 1920-ci il martın 30-da Sovet Rusiyası və Azərbaycanın birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalandı. Lakin bolşeviklər AXC-ni qane edə biləcək bir sıra şərtlər vəd etsələr də, onlara əməl etmədilər.

 

Xaricdəki yüz tələbənin əksəriyyəti iqtisad-maliyyə sahəsinə yiyələnməli idi

 

İqtisadçı Elşən Bağırzadənin sözlərinə görə, yüz il əvvəl məmləkətimizin ən böyük sıxıntılarından biri təhsilli insanların azlığı idi. Demək olar ki, ölkə həyatının bütün sahələri üzrə ali təhsilli insanların sayı barmaqla sayılacaq qədərdi: "Azərbaycan Xalq Cümhuriyyəti bu problemi aradan qaldırmaq məqsədilə ilk növbədə bir çox ibtidai məktəblər açdı, Azərbaycanın ilk universiteti sayılan Bakı Universitetini təsis etdi, bundan sonra isə Kənd Təsərrüfatı İnstitutunu təsis etmək üçün fəaliyyətə başladı. Bu istiqamətdə görülən mühüm işlərdən biri də heç şübhəsiz ki, 100 Azərbaycan övladının parlamentin qərarı ilə dünyanın qabaqcıl universitetlərində dövlət hesabına təhsil almağa göndərilməsi oldu. Bu gənclərdən 49-u Almaniyaya, 27-si Fransaya, 4-ü İtaliyaya, 1-i İngiltərəyə və 6-sı Türkiyəyə göndərildi. 13 gənc isə Rusiyada davam edən vətəndaş müharibəsi səbəbindən həmin ölkəyə gedə bilmədi. Xaricə təhsil almağa göndərilən bu gənclərin əsas hissəsi məhz iqtisad, maliyyə və ticarət ixtisaslarına yiyələnməli idilər”.

 

Cümhuriyyətdə vergi işinin təşkili

 

Dövlət büdcəsini formalaşdırmaq həm də yeni təşəkkül tapmış cümhuriyyətin siyasi istiqlalını qoruyub saxlamaq baxımından müstəsna əhəmiyyətə malik idi. Azərbaycan Xalq Cümhuriyyətində büdcə quruculuğuna düzgün olaraq vergi işindən başlandı. Vergi işinin təşkili Maliyyə Nazirliyinin səlahiyyətində idi. Qısa müddətdə vergi orqanlarının həm mərkəzi, həm də yerləri şəbəkəsi formalaşdırıldı. Cümhuriyyətin ilk tədbirlərindən biri aksiz idarələrinin təsdiqlənməsi oldu. Buraya Bakı, Gəncə, Zaqatala quberniyaları daxil idi. Yerli məsul struktur orqanlar yaradılmaqla qəza rəislərinin vergi yığmaq funksiyası onların əlindən alındı. Həmçinin, Maliyyə Nazirliyinin nəzdində mərkəzi nəzarətçi orqan kimi vergi müfəttişliyi təsis edildi. Hökumət vergi işini daima təkmilləşdirirdi. Vergi müfəttişliyinin yaradılmasından sonra Balaxanı-Sabunçu rayonları üzrə vergi polisi də təsis edildi. Parlament tərəfindən torpaq vergisinin, sənət vergisinin, əmlak vergisinin, həmçinin neft və kənd təsərrüfatına qoyulan aksizlərin artırılması dövlət büdcəsinin yaranmasına əsaslı təminat versə də, onların tam müsbət nəticə verdiyini söyləmək düzgün olmazdı. Lakin bu tədbirlər liberal iqtisadiyyat quruculuğu, o dövrün prioritet iqtisadi nəzəriyyələrinin tələbləri baxımından, demək olar ki, düzgün müəyyənləşdirilmişdi.

 

Neft sənayesinin dirçəldilməsi...

 

Tarixçi E.Həsənli vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə acınacaqlı vəziyyətə düşmüş neft sənayesini və nəqliyyat sistemini yenidən canlandırıb. İlk növbədə, dağıdılmış Bakı-Batumi neft kəməri bərpa edilib. Bakı-Culfa dəmir yolu inşa olunub və Kür çayı üzərindən körpü salınıb. Xəzər Dəniz Gəmiçiliyinin işi yenidən qurulub: "Cümhuriyyət dövründə neft sənayesi iqtisadiyyatın əsas sahəsi sayılırdı. Çünki bu zaman neft dünyanın ən önəmli hərəkətverici qüvvəsi idi. Parlament və hökumət neft hasilatı və emalının vəziyyətini vaxtaşırı təhlil edir, dünya neft bazarını öyrənirdi. Təbii sərvət iqtisadi inkişaf üçün maddi baza olsa da, iqtisadi qüdrət və gücün təbii sərvətdən asılılığının həmişəlik olmadığı və gələcəkdə dəyişəcəyi Cümhuriyyətin istinad etdiyi başlıca iqtisadi müddəalardan biri idi. Lakin maliyyə naziri İ.N.Protasovun "Azərbaycan” qəzetinə müsahibəsindən məlum olur ki, xəzinənin əsas gəlir mənbəyi olan neft sənayesinin vəziyyəti heç də qənaətbəxş deyildi. Kerosinin Batum vasitəsilə xaricə ixracı əhəmiyyətsiz miqdarda olurdu. Azərbaycan kerosini ucuzluğuna görə, Amerika kerosin trestləri ilə rəqabət apara bilmirdi. Vaxtilə 400 milyon pud neft və neft məhsulları satılan Rusiya bazarı da bağlı idi. Xəzinənin nəinki neft sənayesi vasitəsilə doldurulmasından danışmaq olmur, əksinə, xəzinə neft sənayesinə müvəqqəti maliyyə yardımı göstərməli olurdu”. Müxtəlif çətinliklərə və nöqsanlara rəğmən Cümhuriyyət mövcud olduğu 23 ay ərzində azərbaycançılığın, islamçılığın və müasirliyin sintezi əsasında unikal iqtisadi model yaratmaq sahəsində böyük irs qoyub.