Vətən səsi.-2018.-26 may.-¹21-22.-S.5.
Tarixinə sahib çıxan xalq məğlubedilməzdir
1918-ci il may ayının 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsi xalqımızın tarixində və taleyində çox mühüm siyasi hadisə idi
R. Vəlizadə
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamından sonra 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixi hadisədir. Cümhuriyyətin 100-cü ildönümündən bir il əvvəl Azərbaycan Prezidentinin yubiley haqqında sərəncam imzalaması, 2018-ci il yanvarın 10-da dövlətimizin başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Azərbaycan xalqının iradəsinin təzahürü, dövlətçiliyimizin - dövlətçilik tariximizin dünyaya növbəti siyasi-diplomatik təqdimatıdır.
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Bu, xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
Qeyd edilməlidir ki, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasım, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Müsəlman Şərqində ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdi. “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. “İstiqlal bəyannaməsində demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu nümayiş etdirdi.
Bu gün 100 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev belə dəyərləndirmişdir: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.”
Bu qiymətləndirmənin davamı olaraq Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi səciyyələndirir: “Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi.”
Ölkə Prezidenti İlham Əliyevin milli dövlətçilik tariximizə verilən dəyərin göstəriciləri kimi dəyərləndirən sərəncamında Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyəti öz əksini tapıb: “1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəm imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.”
Sənəddə əksini tapan bu faktlar Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddət ərzində gördüyü işlərin, ən əsası bu günümüz üçün formalaşdırdığı möhkəm bazanın aydın mənzərəsini yaradır. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələləri tarixi paralellər fonunda indiki və gələcək nəsillərə çatdırılmalıdır.
“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində keçirilən tədbirlər, tarixçilərimizin dili ilə səsləndirilən faktlar dünənimizin, bu günümüzün işığında sabahımız üçün prioritetlərin müəyyənləşdirilməsinə yardımçı olacaq. Müsəlman Şərqində ilk demokratik Cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəsilə öyrətmək günümüzün əsas çağırışlarındandır. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi əhəmiyyətli hadisə kimi dəyərləndirilir. Təbii ki, bu addımın dərin mənası vardır. Əvvəldə də qeyd etdiyimiz kimi, 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi əhəmiyyət kəsb edən və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi.
Daim ilkləri ilə tarixə düşən Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə vermiş oldu. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqil Azərbaycan Cümhuriyyətin varisi oldu”.
Qeyd etdiyimiz kimi, Cümhuriyyət tariximizin öyrənilməsi ümummilli lider Heydər Əliyevin əsas çağırışlarından olub. Bu tarixin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı mühüm rol oynayıb. Son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısı, atdığı davamlı addımları ilə öz təsdiqini tapır. Bütün bunlar isə xalqımızda, xüsusilə gənclərimizdə müstəqil dövlətçilik və vətənpərvərlik hisslərinin artırılmasında mühüm rol oynayacaq. Dövlətimizin başçısı İlham Əliyev hər il 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Cümhuriyyət tarixinə yüksək qiymət verir: “ Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə çox böyük hörmətlə yanaşıb və yanaşır, onların xatirəsini qəlbində yaşadır. Əfsuslar ki, Azərbaycan Demokratik Respublikasının ömrü uzun olmadı. Respublika iki ildən sonra süqut etdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir.”
Təbii ki, bütün bunlarda əsas məqsəd tariximizə verdiyimiz dəyərdən, öyrənilməsinə göstərdiyimiz maraqdan, ən əsası zəngin tarixə malik olduğumuzu bir daha dünyaya çatdırmaqdan ibarətdir. Azərbaycan xalqı tarixinin hər səhifəsinə hörmətlə yanaşıb, tarixin sınaqlarından şərəflə çıxması ilə fəxr edir.
Artıq müstəqilliyimizin yenidən bərpa olunmasından bizləri 27 illik zaman ayırır. 27 il Azərbaycan tarixinə biri-birindən önəmli uğurlar yazıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1993-2003-cü illərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət bugünkü Azərbaycanın möhtəşəm uğurlarına yol açıb. Ümummilli lider Heydər Əliyev Azərbaycanın çətin günlərdən şərəflə çıxaraq dünya birliyində layiqli yer tutacağını böyük inam və qətiyyətlə bildirmişdi. Bu gün bu kursun layiqli davamçısı Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, təkmil islahatları ilə Azərbaycanın imzasını dünyada təsdiqlədir, əsl söz sahibi olduğunu bəyan edir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır. 100 illik yola yalnız bir gün deyil, daim nəzər salıb bu reallıqla fəxr etməliyik ki, Azərbaycan xalqı aciz deyil, qəhrəmanlıqla dolu keçmişi vardır. Bu keçmişi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.