Respublika. - 2018.- 30 may. - ¹ 119. - S. 12.

 

Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

 

Mahir İbrahimov,

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq əlaqələr tarixi şöbəsinin böyük elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru.

 

Cənubi Qafqazın Rusiya tərəfindən işğalı, imperiya ərazisinə qatılması və Azərbaycanın bölünməsi (Türkmənçay müqaviləsi-1828-ci il 10 fevral) faktından sonra xalqımız öz müstəqilliyini tamamilə itirmişdi. O zamandan ulu və zəngin tarixi keçmişə malik bu xalq azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mücadilələrlə dolu bir yol keçmiş, keşməkeşli bir həyat yaşamışdır.

XX əsrin əvvəllərində beynəlxalq aləmdə gedən proseslərin təsiri altında Cənubi Qafqazda da milli azadlıq hərəkatı güclənməkdə idi. Zamanın diktəsi Azərbaycanın demokratik qüvvələrini, mütəfəkkir şəxslərini, siyasi xadimlərini yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə səsləyirdi. Dövrün ən mühüm hadisələrindən biri Rusiyada çar mütləqiyyət üsul-idarəsinin ləğvi Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral burjua inqilabından sonra Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabr ayında isə Zaqafqaziya Komissarlığı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Maraqlısı odur ki, Seymdə təmsil olunan imtiyazlı nümayəndələrin hər biri öz milli mənafelərini ümumzaqafqaziya mənafeyindən daha üstün tuturdu. Vahid bir platforma yox idi. Bir sözlə, yenidən parçalanma məsələsi labüd idi. Nəhayət, 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz müstəqilliyini elan edir. Bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk hökumətini yaratmaq üçün Seymin 44 nəfərdən ibarət müsəlman nümayəndələri Tiflisdə toplanır. Onlar Azərbaycanın idarə olunmasını üzərlərinə götürmək qərarına gəlirlər və Azərbaycanın Milli Şurası elan edilir. M.Ə.Rəsulzadə Milli Şuranın sədri (bu zaman o, Batumda türklərlə danışıqlar aparırdı), doktor H.Ağayev isə onun müavini seçilir. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın müstəqilliyi haqqında bəyannaməni qəbul edir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çox mühüm tarixi, siyasi əhəmiyyətə malik olmaqla milli dövlətçilik tarixinin xüsusi bir səhifəsini təşkil edir. Bu, həm də uzun müddət işğal altında olmasına baxmayaraq, 100 il bundan öncə mövcud Azərbaycan cəmiyyətinin və onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasının bariz göstəricisidir.

Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diqqət mərkəzində idi. Milli hökumət 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar ana dilinin dövlət dili kimi işlədilməsinə dair ilk sənədlərdən biridir. Bu qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrin başında duranlar dövlət dilini lazımi səviyyədə öyrənənədək, hökumət müəssisələrində rus dilinin də işlənməsinə yol verilirdi. Lakin bu real şəraitdən doğan müvəqqəti tədbir olmuş və yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdu. Ana dilinin dövlət dili elan edilməsi ilə əlaqədar olaraq, təhsil müəssisələrinin milliləşdirilməsi qarşıda duran əsas məsələlərdən idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul etdi. Qərara görə, bütün ibtidai tədris müəssisələrində tədris ana dilində aparılır, eyni zamanda, dövlət dili icbari qaydada tədris olunurdu.

1918-1920-ci illərdə mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasını, indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin mütərəqqi göstəricisidir.

Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində fəaliyyətini çox yüksək qiymətləndirmişdi: “Bu respublikanın yaranması və az müddətdə də olsa, yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır”. Uzun müddət, yəni Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti yaradıcıları təqib olunmuş və onların fəaliyyəti qadağan olunmuşdur. İş o yerə gəlib çıxmışdır ki, Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi yasaq olunmuşdur. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü kimi qeyd edilir.

Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbulundan sonra ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti qurucularına dövlət səviyyəsində bəraət verildi. Bununla bağlı Heydər Əliyev öz çıxışlarından birində deyir: “Bu gün - bu bayram günü (28 May) biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”. Ulu öndər bununla yanaşı, XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitinə də nəzər salaraq, onun xarakteristikasını vermişdir: “Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və başqaları o illərdə yaratdıqları əsərləri ilə xalqımızda milli şüurun oyanmasına, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər”.

Əsrin əvvəllərində 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirən Heydər Əliyev demişdir: “Bu gün (18 oktyabr 2001-ci il) Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq - ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”.

AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu bu gün də daim xatırlanır, bu tarixə böyük diqqət və ehtiram göstərilir. Təsadüfi deyil ki, hazırda qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd edilməlidir. Məhz Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlət başçısının milli-mənəvi dəyərlərimizə, milli dövlətçilik tariximizə, keçmişimizə və o cümlədən bu günümüzə olan diqqət və qayğısının göstəricisidir.

Azərbaycan tarixinin ən çox araşdırılan dövrlərindən biri məhz Xalq Cümhuriyyəti ilə bağlıdır. AMEA-nın Tarix İnstitutu bununla əlaqədar bir neçə cildlik əsərlər nəşr edib. Eyni zamanda, bu dövrlə bağlı xeyli sayda doktorluq, namizədlik işi müdafiə olunub, həmçinin sanballı monoqrafiyalar yazılıb. O dövr o qədər mürəkkəb, gərgin dövrdür ki, onun hər günü üçün böyük elmi araşdırmalar aparıla bilər. Vaxtilə Sovetlər hakimiyyəti dövründə Xalq Cümhuriyyətinin tarixi qapanmış səhifə idi. Tarix kitablarında cümhuriyyətin adı belə çəkilmirdi, yalnız bəzi mənbələrdə “Müsavat hökuməti”nin adına rast gəlmək olur. Amma 1990-cı ildən sonra bu səhifələr açılmağa başladı. Cümhuriyyət dövründə Xasməmmədovun rəhbərlik etdiyi komissiyanın azərbaycanlıların soyqırımı ilə bağlı apardığı təhqiqat sənədləri bu günümüz üçün çox aktualdır. Biz ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı ilə bağlı bu sənəddən ən böyük mənbə kimi istifadə edirik.

Artıq Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Azərbaycan Dövlət Arxivi və dünyanın digər arxivlərindəki qiymətli tarixi mənbələrə istinad edən AMEA Tarix İnstitutunun tədqiqatçı alimləri AXC dövründə və ondan sonrakı illərdə İrəvan və digər Azərbaycan ərazilərinin ermənilərə hansı şərtlərlə verildiyini dəlil-sübutlarla ortaya qoymuşdur. Bu xüsusda “Batum müqaviləsini” qeyd etmək yerinə düşər. Həmin sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqaviləsinə (11 may - 4 iyun 1918-ci il) əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürüb. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqaviləsinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin sənəd qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.

Tarixi mənbələr göstərir ki, 1918-ci il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə bir sıra Azərbaycan torpaqlarını işğal etmişdir. 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 kvadratkilometr), Qazax qəzasından 535096 desyatin (5832,82 kvadratkilometr), Naxçıvan MSSR-dən 657 kvadratkilometr, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatılmışdı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirilmiş və 29,743 kvadratkilometrə çatdırılmışdı. Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlardan ibarət daha 17 min kvadratkilometrlik ərazisini işğal etmiş, insanlığa qarşı misli görünməmiş vəhşilik aktı olan Xocalı soyqırımını törətmişdir.

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları (11 may - 04 iyun) və Batum müqaviləsinin (04 iyun 1918-ci il) şərtlərinə əsasən vermişdi.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının bütün şərtlərini birtərəfli qaydada pozduğuna və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır. Azərbaycan Milli Şurasının İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Beləliklə, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır. Yaddan çıxarmaq olmaz ki, Əlimərdan bəy Topçubaşovun böyük səyləri nəticəsində Versal Sülh Konfransında 114 min kvadratkilometrlik ərazi çərçivəsində Azərbaycan Demokratik Cümhuriyyəti tanınmışdı. Versal Konfransında Azərbaycanın ərazi bütövlüyünün tanınması isə bizim əlimizdə çox ciddi bir sənəddir.

Bununla yanaşı, hesab edirik ki, uzun müzakirə və danışıqların nəticəsi olaraq Türkiyə və Rusiya arasında imzalanan Moskva müqaviləsini (16 mart 1921-ci il), habelə bir tərəfdən Türkiyə, digər tərəfdən Azərbaycan, Gürcüstan, Ermənistan olmaqla və Rusiyanın iştirakı ilə bağlanan Qars müqaviləsini də (13 oktyabr 1921-ci il) xatırlatmaq yerinə duşər. Əslində bu müqavilələrin əsas mahiyyəti Azərbaycan ərazilərinin hansılarının Ermənistana verilməsindən, hansılarının Azərbaycanın tərkibində saxlanmasından ibarət idi. Qars müqaviləsi müddətsiz imzalanıb və tərəflərdən heç biri bunu ləğv edə bilməz. Lakin bu müqavilə təsdiqlənəndən az sonra Rusiyanın təşəbbüsü ilə Azərbaycana məxsus Dərələyəz bölgəsi Ermənistana verilmişdi. Qars müqaviləsinin şərtlərinə görə, Azərbaycanın tərkibində olan Mehri, Nüvədi, Əldərə, Lehvaz, Astazur və digər kəndlərin Ermənistana verilməsi hesabına 1929-1931-ci illərdə Mehri rayonu yaradılmışdı. Hansı ki, bu kəndlərin əhalisinin hamısını azərbaycanlılar təşkil edirdi. Bununla yanaşı, 5 mart 1938-ci il tarixli qərar ilə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı ərazilərin də Ermənistana verilməsi bir daha sözügedən müqavilənin şərtlərinin pozulmasını təsdiq edir.

Rusiyanın Ermənistanla birlikdə törətdiyi bu qanunsuz hərəkətlər Azərbaycan üçün ciddi ərazi itkiləri, həmçinin Azərbaycanın Naxçıvanla quru əlaqəsinin tam şəkildə kəsilməsi demək idi. Sonradan bu əlaqə yalnız dəmir yolu vasitəsilə mümkün idi ki, o da Ermənistana qanunsuz olaraq verilmiş ərazilərdən keçirdi. Rusiya və Ermənistan bu hərəkətləri ilə Qars müqaviləsinin uyğun şərtlərini kobud şəkildə pozmuşdular. Azərbaycan və Türkiyə tərəfi “Qars müqaviləsi”nə əsaslanaraq həmin ərazilərin qaytarılması məsələsini qaldırmalıdırlar. Qeyd edilməlidir ki, Qars müqaviləsi regionda stabilliyin, təhlükəsizliyin, normal qonşuluq münasibətlərinin təminatı olaraq imzalanıb.

Beləliklə, hüquqi cəhətdən, elə bu gün Azərbaycan nəinki İrəvanı, hətta vaxtilə beynəlxalq hüquq qaydalarını pozmaqla verilmiş digər torpaqlarını geri tələb edə bilər. Qeyd edildiyi kimi, İrəvan 1918-ci ildə ermənilərə müvəqqəti paytaxt kimi verilərkən əsas şərt kimi Ermənistanın Qarabağ iddialarından əl çəkməsi qoyulmuşdu. Ermənistan isə razılaşmanı pozub, buna görə də Azərbaycanın İrəvanı geri tələb etməyə haqqı var.

Sonda möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı tarixi bir çıxışını xatırlatmaq istərdim. “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq. Qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı unutmamalıyıq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.

Beləliklə, hesab edirik ki, cümhuriyyətimizin qarşıdan gələn 100 illik yubileyi ərəfəsində hər bir Azərbaycan vətəndaşı Prezidentimizin bu çağırışına səs verməli, istər xaricdə, istərsə də daxildə çalışdığı, fəaliyyət göstərdiyi hər bir sahədə həmin amal uğrunda, ona nail olmaq üçün daima mübarizə aparmalıdır.