İki sahil. - 2018.- 30 may. - ¹ 102. - S. 20.

 

Cümhuriyyətimizin səhiyyəsi

 

Qvami Məhəbbətoğlu

 

23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti səhiyyə sahəsini də diqqətdən kənarda qoymayıb. Çünki Cümhuriyyətin qurucuları  ölkə vətəndaşlarının sağlamlığının qorunmasında bu sahənin vacibliyini yaxşı başa düşürdülər. Elə buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub.  Bununla bağlı verilən qərar isə Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdən Gəncəyə köçməsinin ertəsi gününə, daha doğrusu, 17 iyun 1918-ci ilə təsadüf edir.

Azərbaycan Xalq Cümhuriyyəti qisa zaman kəsiyində əhaliyə tibbi xidməti yaxşılaşdırmaq məqsədilə planlar işləyib hazırlayıb. Bunlardan ən önəmlisi əhalinin sağlamlığının qorunmasına lazımi şəraitin yaradılması  olub. O illərdə xəstəlik və epidemiyalar tüğyan edir, həkim kadrları, müalicə müəssisələri çatışmırdı. Xəstələr o qədər çox idi ki, artıq onların qəbulu dayandırılmışdı. Bununla bağli “Azərbaycan” qəzeti 1918-ci ilin sonlarında çıxan saylarından birində yazırdı: “Şəhər tibb-sanitar təşkilatları bu ağır vəziyyətin öhdəsindən gələ bilmir, çünki xəstələr o qədər çoxdur ki, yeni xəstələrin qəbulu dayandırılıb”.

Odur ki,  Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin yaxşılaşdırılması, onların tibbi kadrlarla və dərmanlarla təminatı həllini gözləyən problemlər sirasında yer alıb. Qeyd edək ki, o illərdə qəzalarda 33 xəstəxana fəaliyyət göstərirdi. Onların ştatlarında 1 həkim, 2 feldşer, xidmətçi tibb bacıları (1 mamaça və 1 çiçək peyvənd edən işçi) olub. Respublika əhalisinin 75 min nəfərinə cəmi 1 nəfər həkim düşüb. Təbii ki, belə bir baza, heyətlə bu kimi işləri həyata keçirmək qeyri-mümkün idi. Ona gorə də mövcud vəziyyət nəzərə alınaraq,  kənd xəstəxanalarının şəbəkələrini genişləndirmək, bu məqsədlə 35 yeni xəstəxana, 56 feldşer məntəqəsi təşkil etmək, həmçinin Bakı quberniyasında 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə quberniyasında 15 xəstəxana, 34 feldşer məntəqəsi açılması nəzərdə tutulub. Bununla yanaşı, həmin illərdə bu səhiyyə ocaqlarının ixtisaslı kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzində saxlanılıb.

Azərbaycan Xalq Cümhuriyyəti səhiyyə sahəsində milli kadrların hazırlanması işinə xüsusi diqqət yetirib. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilıb. Lakin bu, kifayət etməyib. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu il sentyabrın 1-də tarix-filologiya və tibb fakültələrindən ibarət Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərarından sonra vəziyyət dəyişib. Azərbaycanda tibb elminin inkişafı bu təhsil ocağının açılması ilə sürətlənib.

1918-ci ilin sentyabrında Səhiyyə Nazirliyi Bakıda “Metropol” mehmanxanasına (indiki Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi) köçəndən sonra fəaliyyəti daha genişlənib. Belə ki, Bakıda ilk ekspertiza laboratoriyası yaradılıb, dava-dərman və tibb avadanlığının saxlanılması üçün xüsusi anbar təşkil edilib, Gəncə yaxınlığında taun əleyhinə məntəqə açılıb. Səhiyyə Nazirliyə dərman preparatları ilə bağlı məsələni də nəzarətə götürüb. Bu qurumun əczaçılıq şöbəsi dərman preparatlarının alınmasını əlində cəmləşdirib. Yeri gəlmişkən qeyd edək ki, nazirliyin 5 əsas şöbəsi (şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya) olub. İlk günlərdə bütün şöbələri ilk səhiyyə naziri olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyli özü idarə edib. Sonradan hər şöbəyə ixtisaslı həkimlər başçılıq etməyə başlayıblar.

Bir neçə kəlmə də ilk səhiyyə naziri barədə. 1877-ci ildə Gəncədə anadan olan Rəfibəyli Xudadat bəy 1904-cü ildə Xarkov İmperator Universitetinin tibb fakültəsini bitirib, elə bu təhsil ocağının qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il çalışıb. 1907-ci ildə qubernatorun əmri ilə Gəncəyə şəhər xəstəxanasına direktor təyin olunub. 1914-cü ildə Həsən bəy Ağayevlə birlikdə Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti olan “Gəncə tibb cəmiyyəti”ni təşkil edib.

1918-ci il iyunun 17-də xalq səhiyyəsi naziri təyin olunub. 1918-ci ilin dekabrında Fətəli xan Xoyski hökuməti istefa verdikdə, o, bu postu tərk edib. 1919-cu ilin mayında Azərbaycan hökuməti onu Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin edib. Aprel işğalından sonra mayın 12-də Rəfibəyli ermənilərin ittihamları əsasında həbs olunub və Nargin adasında güllələnib.

... 1919-cu ildə səhiyyə naziri vəzifəsinə ölkəmizdə pediatriyanın əsasını qoyan, rus, alman və fransız dillərində 170-ə yaxın elmi əsərin müəllifi olan Yevsey Gindes təyin olunub. Onun nazir olduğu dövrdə ölkənin digər bölgələrində pulsuz xəstəxanalar açılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu səhiyyə naziri isə Musa bəy Rəfiyev olub.