525-ci qəzet.-2018.-24 may.-¹93.-S.6.
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Lətif Şüküroğlu,
Tarix üzrə fəlsəfə doktoru
Zəngəzurda hərbi əməliyyatların yenidən genişləndirilməsi nəticəsində noyabrın sonları və dekabrda bölgənin azərbaycanlı əhalisi xüsusi qəddarlıqla məhv edilməyə başlandı. Artıq bir ilə yaxın müddət ərzində ermənilərin mühasirəsi şəraitində yaşayan Oxçudərəsi (ətraf ərazilərdəkilərlə - Gığıdərəsi və s. ilə birlikdə 24 kənd) əhalisi onları gözləyən təhlükə barədə dəfələrlə Qarabağ və Naxçıvan general-qubernatorlarına, rəsmi Bakıya müraciət etmişdilər. Noyabrın 19-da Oxçuya gələn komissar Hamazaspın ardınca kəndi mühasirəyə alan 200 əsgər əhalini karvansaraya və həyətə toplayıb vəhşiliklə qırmışdılar. 1400 nəfərə qədər əhali təkcə bu böyük kənddə məhv edilmişdi. Azərbaycan XİN-nin Ermənistanın müvafiq nazirliyinin rəhbərliyinə verdiyi 1919-cu il 29 noyabr tarixli notada 23 noyabr sazişinə əsasən iki dövlətin qoşunları arasında hərbi əməliyyatların dayandırılmalı və bütün mübahisəli məsələlərin ikitərəfli konfransın müzakirəsinə verilməli olduğu xatırladılırdı.
Vəziyyətin getdikcə təhlükəli şəkil aldığını görən Azərbaycan hökuməti - Baş nazir N. Yusifbəyli Haskelə və Uordropa ünvanladığı 1919-cu il 14 dekabr, xarici işlər naziri isə altı ünvana Reyə (Haskelə), Uordropa, Fransa və İtaliyanın Qafqazdakı hərbi nümayəndəliklərinin başçılarına, habelə Gürcüstan Xarici İşlər nazirinə və Tiflisdəki nümayəndəmiz Vəkilova göndərdiyi 10 dekabr teleqramlarında bildirirdilər ki, Azərbaycan 23 noyabr sazişinə müvafiq olaraq öz hərbi hissələrini Zəngəzurdan çıxartdığı halda, Ermənistan nəinki nizami qoşunlarını bölgədən aparmış, əksinə, əlavə və yeni qüvvələr gətirməklə döyüş əməliyyatlarını davam etdirmiş, dinc əhalinin bir qismini qırmış, digərlərini isə qovmuşdur.
Bütün bunları müttəfiqlərin nümayəndələrinin nəzərinə çatdıran hökumət həm də qısa müddətdə Zəngəzurdakı erməni silahlı dəstələrinin tərksilah olunması üçün oraya amerikalı zabitlərdən ibarət komissiya göndərilməsini xahiş edir, öz əhalisinin taleyinə qətiyyən biganə qalmayaraq müvafiq konkret tədbirlər görəcəyini bildirirdi.
Yeri gəlmişkən, belə bir fakta Azərbaycan oxucusunun diqqətini bir daha yönəltmək istərdik ki, Cümhuriyyət dövründə Azərbaycan Respublikası 114 min kv km. əraziyə malik idi. Doğrudur, həmin ərazinin yalnız 97,3 min kv kilometri mübahisəsiz ərazilər sayılırdı.
Azərbaycan hökumətinin yerli müsəlman əhalinin müdafiəsinin təşkili sahəsindəki haqlı tələbləri ilə razılaşsalar da, bunu açıq şəkildə bildirməkdən çəkinən müttəfiq qoşunlar komandanlığının nümayəndələri tərəfindən bəzi təkliflər irəli sürülürdü. Belə təkliflərdən birinin müəllifi polkovnik Haskel 26 sentyabr 1919-cu ildə xarici işlər naziri M.Y. Cəfərova Naxçıvan və Şərur-Dərələyəz dairələrinin neytral zona yaradılması üçün onun tabeliyinə verilməsini təklif etmişdi: "Naxçıvan və Şərur-Dərələyəz dairələrini əhatə edən neytral zona yaradılmayınca mənim tərəfimdən general Denikinlə neytral zonanın yaradılması, yaxud digər məsələlərin həlli üçün heç bir addım atılmayacaqdır. Həmin neytral zonanın yaradılması barədə şərtlər tərəfimdən bu gün Tiflisdə olan Azərbaycanın hərbi nazirinə təqdim olunmuşdur. Şərtlərin qəbul edilməsi barədə teleqramı gözləyirəm".
Bir gün sonra Cümhuriyyətin Gürcüstandakı diplomatik nümayəndəsi Vəkilovun Şərur və Naxçıvan rayonlarında neytral zonanın yaradılması barədə polkovnik Haskellə söhbət haqqındakı məlumatında deyilirdi: "Dünən, sentyabrın 26-da mən hərbi nazirlə birlikdə Haskelin yanında oldum. Mehmandarov ondan İtaliyaya sursat alınması məqsədilə nümayəndələr göndərilməsi işində köməklik göstərməsini xahiş etdi. Söhbət zamanı Haskel qəti şəkildə bildirdi ki, o, yalnız o halda köməklik göstərər ki, Azərbaycan hökuməti öz tərəfindən Şərur və Naxçıvan rayonlarında neytral zonanın yaradılmasını sürətləndirsin. Eyni zamanda, Haskel Sizdən Dağıstanda neytral zona yaradılması ilə bağlı aldığı teleqramı göstərdi. Bütün söhbət ərzində məlum oldu ki, Haskel Azərbaycanla Ermənistan arasında ən qısa bir müddət üçün neytral zona yaradılmasına xüsusi əhəmiyyət verir..."
Üç gün keçmiş nazir M. Cəfərov Haskelə teleqram vuraraq Azərbaycan hökumətinin ABŞ-ın Xüsusi Naxçıvan general-qubernatorluğu yaratmasına razılaşdığını bildirir və onu da əlavə edir ki, bu təklif olunmuş şərtlərin yalnız bir neçə bəndi mübahisə doğurur. Bu barədə mən Sizə məlumat verəcəyəm.
4 oktyabr 1919-cu ildə isə o, Haskelə məktub yazaraq, Naxçıvan və İrəvan quberniyasının Şərur-Dərələyəz qəzalarının müvəqqəti idarəçiliyi ilə bağlı Haskelin Azərbaycan hökumətinin başçısı və onunla birlikdə əsasnamə hazırladıqlarını və bu ərazilərdə müsəlmanların sayca çox olmasının nəzərə alınması barədə xahişi yada salır və məsələyə prezident Vulson tərəfindən bəyan edilmiş xalqların öz müqəddəratını təyin etməsi hüququ prinsipindən yanaşılmasının vacibliyini vurğulayır.
Ermənistanla münasibətlərin gərgin olmasına baxmayaraq, Azərbaycan və Gürcüstan hökumətləri arasında müqavilə bağlanması Qafqazın müharibə ocağına çevrilməsinin qarşısını aldı. Bu ümumi sülh haqqında məlumat verən "Azərbaycan" qəzeti 2 iyul 1919-cu il sayında yazırdı: "Parlamentin fövqəladə iclasında çıxış edən xarici işlər naziri M.Y. Cəfərov Azərbaycan və Gürcüstan hökumətləri arasında bağlanmış müqavilənin əhəmiyyətindən danışdı".
Elə həmin dövrdə Tiflisdəki diplomatik nümayəndəliyin müavini M. Vəkilov xarici işlər naziri M.Y. Cəfərova teleqram vuraraq İtaliya hissələrinin Azərbaycana gəlişinin gözlənilməsi barədə xəbər verirdi.
M. Y. Cəfərovun xarici işlər naziri kimi necə səmərəli fəaliyyət göstərməsini o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin gündən-günə artan beynəlxalq nüfuzu da təsdiq edir. Hökumət başçıları ilə yanaşı, həm də onun yorulmaz, səmərəli fəaliyyətin nəticəsi idi ki, artıq 1920-ci ilin fevralında Azərbaycan dünyanın əsas aparıcı dövlətləri tərəfindən tanınmış və öz müstəqilliyini möhkəmləndirmək üçün beynəlxalq dəstək almışdı. Ancaq təəssüf ki, bütün bu uğurlara baxmayaraq, hadisələrin sonrakı inkişafında Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün olmadı, həmin beynəlxalq dəstək bolşevik müdaxiləsi qarşısında kifayət etmədi. Halbuki hökumət tərəfindən bütün müvafiq tədbirlərin görülməsinə cəhd göstərilmiş, mövcud şərait düzgün qiymətləndirilmişdi. Bəs, səbəb nə idi?
Bu səbəblərdən biri Bakı rayonundakı müttəfiq qoşunların komandanı general Tomsonun Xəzər Donanmasının gəmilərinin Denikin komandanlığına verilməsi barədə Xarici İşlər naziri M. Cəfərova 6 avqust 1919-cu il tarixli məktubunda açıqlanırdı: "Sizin 5 avqust tarixli 2380 saylı məktubunuzun Britaniya ali hökumətinə təqdim olunacağını bildirirəm. Sizə çatdırıldığı kimi, Britaniyanın Xəzər donanması bolşeviklərlə mübarizə məqsədilə yaradılmışdı. Bu siyasətin davamı kimi bizim getməyimizlə bağlı məsələ həll olunduqda, Britaniya hökuməti bu gəmiləri general Denikinə təhvil verməyi əmr etmişdir.
Deməli, müttəfiqlər Azərbaycanın müstəqilliyinin qorunmasını Rusiyanın bütövlüyü kontekstində vacib sayırdılar. Əgər Denikin bolşevikləri devirmək və çar üsul-idarəsini bərpa etmək məqsədilə Azərbaycana müdaxilə etsə, onlar bu hadisəyə göz yumardılar. Əks-halda Xəzər donanmasının təhvil verilməsi ilə bağlı məsələ belə qoyulmaz, Azərbaycanın maraqları da nəzərə alınmalıdır.
1919-cu ilin sonlarından etibarən regionda vəziyyətin kəskin dəyişməyə doğru getməsi, bir tərəfdən Könüllü ordu, digər tərəfdən bolşevik təhlükəsinin gündən-günə artması iyundan fəaliyyətə başlamış Azərbaycan Dövlət Müdafiə Komitəsini daha qəti qərarların qəbuluna sövq edirdi. Həmin vaxt Azərbaycanın Kuban hökuməti yanında, diplomatik nümayəndəsinin eyni gündə xarici işlər nazirinə göndərdiyi məlumatda deyilirdi: "İngilislər Dağıstan üsyanına mənfi münasibət bəsləyirlər və polkovnik Rolnsonun sözlərinə görə, həmin sənədlər (?) dağıstanlıların Həştərxan kommunistləri ilə əlaqələrini yaradır. İngilislərə görə Dağıstan Rusiyanın ayrılmaz hissəsidir, ali hakimiyyət Denikinə məxsusdur və dağıstanlılara öz müqəddəratlarını təyin etmək hüququ veriləcək. Onların sözlərinə görə, Denikin və Azərbaycan hökuməti bir-birlərinə inanmırlar. Denikinin inamsızlığının səbəbi Azərbaycanın üsyanda iştirakı şübhəsi ilə bağlıdır, ikincisi isə Azərbaycan ciddi-cəhdlə Bakını möhkəmləndirir və Yalamada böyük qarnizon saxlayır. Mənim görülən tədbirləri Könüllü orduya qarşı yox, Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyənlərə qarşı yönəlib və əgər general Denikin bütün bunları özünə qarşı hesab edirsə, deməli o, bizə qarşı təcavüzkar addımlar atmağa hazırlaşır. İngilislərin cavabı: general Denikin dəfələrlə bəyan edib və yenə bildirə bilər ki, sizin müstəqilliyinizə qəsd etməyə hazırlaşmır və onu Rusiya Müəssislər Məclisinə qədər tanıyır. Müəssislər Məclisinə qədər o, heç nə edə bilməz, belə ki, o, indi Rusiyanın müvəqqəti himayədarıdır. Mən cavab verdim ki, Müəssislər Məclisinin qərarı bizim üçün əsas sayıla bilməz. Biz yalnız sülh konfransının qərarlarını məcburi hesab edirik. Ola bilərmi ki, zamanla başqa münasibətlər çərçivəsində "Siz ona bolşeviklərlə mübarizə üçün canlı qüvvə verə bilərsinizmi" sualına cavab verərək dedim: - Xeyr, bizim qoşun özümüzə sərhədlərimizi qorumaq və daxildə qayda-qanun yaratmaq üçün lazımdır. Bununla ingilislərlə söhbətimiz qurtardı və mən bir daha Taqonroqa getməmək barədə düşünürəm. Görünür, general Denikinlə ermənilər arasında hansısa müqavilə bağlanıb, çünki hər yerdə açıq danışılır ki, əgər Azərbaycan Könüllü ordu ilə vuruşsa, ermənilər Azərbaycan qoşunlarının arxa cəbhəsinə hücum edəcəklər. Ancaq bütün bunlar hələ söz-söhbətdir, hələlik mən rəsmi sənəd əldə edə bilməmişəm".
Rusiyanın Qafqaz uğrunda mübarizə apardığı bütün dövrlərdə mövcud olmuş rus-erməni əməkdaşlığının daha bir nümunəsi - Denikin Ermənistan sövdələşməsi baş tutmasa da, sonrakı mərhələdə bolşevik-daşnak birliyi müstəqil Azərbaycanı sovet fəlakətinə sürüklədi.
M. Cəfərovun dövlət adamı kimi Azərbaycanın mənafeyini hər şeydən üstün tutmasını, milli maraqları qorumaq yolunda kimsəyə güzəştə getməməsini təsdiqləyən neçə-neçə arxiv sənədi, tarixi materiallar var. O, 1919-cu ilin 15 noyabr tarixində Zaqafqaziyadakı Ali Britaniya komissarına ünvanladığı məktubda İngiltərə komandanlığı nümayəndələrinin Azərbaycandan neftin daşınmasında özbaşınalığı barədə söhbət açaraq yazırdı: "Bütün qüvvəni sərf etməklə Bakıdan hər gün 40-45 sistern neft göndərmək mümkündür. Əgər bu miqdardan hər gün 30 ədədini ingilis komandanlığına versək, onda ən zəruri ehtiyaclar üçün də bir şey qalmır. Dəmiryolu nazirliyi bütün danışıqlara baxmayaraq, ingilis komandanlığının ehtiyaclarını ödəmək arzusu ilə general Brefə hər gün 15 sistem göndərməyə razı olmuşdur. Ancaq bir neçə gün sonra general Brefin göstərişi ilə Kabulletlə Batum arasında kerosin ötürülməsi dayandırılmışdır... Əgər bu itkini pula çevirsək, Azərbaycan və Gürcüstan respublikaları ingilis komandanlığı rütbəlilərinin bu hərəkətlərinin ucbatından gündə bir neçə milyon rubl itirmişlər ki, bu da bizim sənayeni və maliyyəni məhv edir".
1919-cu il dekabrın ortalarında N. Yusifbəylinin sədrliyi altında Azərbaycanın yeni beşinci hökumətinin tərkibi elan edilir və M. Cəfərovun yerinə xarici işlər naziri F.X. Xoyski təyin olunur. Doğrudur, bu hökumət əslində, rəsmi fəaliyyətə 24 dekabrdan sonra başladı, ancaq artıq bütün sahələrin gələcək rəhbərləri müəyyənləşdirilmişdi.
M.Y. Cəfərov nazir postunu tərk etdikdən cəmi iki ay sonra, 1920-ci il fevral ayının 2-də Azərbaycan Parlamenti sədrinin müavini vəzifəsindən azad olunan Həsən bəy Ağayevin yerinə seçilmişdir. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov Bakıda olmadığı üçün M.Y. Cəfərov onun vəzifəsini 1920-ci ilin 27 aprelinədək icra etmişdir.
Azərbaycan parlamentinin 1920-ci ilin fevral ayından sonrakı əksər iclasları M.Y. Cəfərovun sədrliyi ilə keçirilmişdir. Belə iclaslardan biri Qarsda ermənilər tərəfindən müsəlman əhalisinin qırılması ilə bağlı 8 mart 1920-ci ildə keçirilmiş iclasdır. Bu iclasda yekdil səslə ermənilərin soyqırım hərəkətlərini pisləyən qətnamə qəbul edilmişdir. Parlamentin növbəti 11 mart tarixli iclasında Gürcüstanda zəlzələdən zərər çəkənlərə 3 milyon rubl yardım göstərilməsi üçün məsələ müzakirə edilmişdir. Növbəti gün 12 martda parlamentin fevral-burjua inqilabının ildönümünə həsr edilmiş növbəti iclasına yenə M. Cəfərov sədrlik etmişdir. 1 aprel 1920-ci ildə Parlament onun sədrliyində Qarabağ hadisələri ilə bağlı məsələni müzakirəyə çıxarmışdır. 15 aprel 1920-ci il iclasında isə Azərbaycanla İran arasında müqavilə, Azərbaycanın Qərbi Avropa və Amerikada diplomatik missiyalarının yaradılması haqqında qanunun qəbulu və s. məsələlər haqqında müzakirələr keçirilərək müvafiq qərarlar qəbul edilmişdir.
Nəhayət, parlamentin sonuncu iclası və ondan əvvəlki 5 məsələnin müzakirə edildiyi 26 aprel tarixli iclas da onun sədrliyi altında keçirilmişdir. Azərbaycanın zor gücünə sovetləşdirilməsindən sonra tərkibi 120 nəfərdən ibarət olan bu Ali qanunvericilik orqanının bir sıra üzvləri də kütləvi cəza tədbirlərinin qurbanı oldular. Parlament üzvləri də eyni amansızlıqla güllələndi, sürgünə, göndərildi və ölkəni tərk etmək məcburiyyəti qarşısında qoyuldu. M. Cəfərov da eyni acı taleni yaşadı.