Səs.-2018.-25 may.-¹100.-S.11.
Azərbaycan Xalq Cümhuriyyəti - 100
Şərqin ilk demokratik respublikasının fədailərindən biri - Nəsib bəy Yusifbəyli
Zümrüd Bayramova
Bu gün tariximizin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may2017-ci il tarixli Sərəncamı ilə ölkəmizdə, eləcə də, onun hüdudlarından kənarda tədbirlər keçirilir.
AXC-nin 100 illiyinin ölkəmizdə qeyd olunması azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin, gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik müsəlman respublikası kimi tarixə düşüb. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimlərinin yurdumuzun müstəqilliyi, millətimizin azadlığı uğrunda apardığı mücadilə nəticəsində, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası - Xalq Cümhuriyyəti elan edildi. Bu yoldan onları heç bir qüvvə sapdıra bilməyib, xalqın rifahı üçün çalışıb, vuruşub və yaşayıblar. Xalqa və dövlətçiliyə bir nümunə olan həmin ziyalıların həyat və fəaliyyət yolları öyrənilir, gənc nəslə çatdırılır. Bu simalar sırasında Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Nəsib bəy Yusifbəylinin ismi də var. Kimdir Nəsib bəy Yusifbəyli? Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və hökumət başçılarından biri. 1881-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olan Nəsib bəy Yusifbəyli orta təhsilini Gəncə Gimnaziyasında alıb. Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olan Nəsib bəy Yusifbəyli təhsil almaqla bərabər, həm də milli azadlıq hərəkatına qoşulub, azərbaycanlı tələbələrin “Həmyerlilər” təşkilatının rəhbərlərindən birinə çevrilib. Universitetdə baş verən hadisələrə görə tədris ocağı bağlanır və fəal tələbələr ciddi təqiblərlə üzləşirlər. Beləcə, N. Yusifbəylinin təhsili yarımçıq qalır. O, çar xəfiyyələrinin təqibindən yaxa qurtarmaq üçün 1906-cı ildə Krımın Bağçasaray şəhərinə köçüb, böyük tatar mütəfəkkiri və publisisti İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetində çalışmağa başlayır. Tarixi mənbələrdə qeyd olunur ki, ictimai-siyasi mövzulu məqalələri ilə oxucu auditoriyası qazanan Nəsib bəy Yusifbəyli Qaspıralının qızı Şəfiqə xanımla (1886-1975) ailə qurub.
Bu nikahdan Niyazi və Zəhra adlı iki övladı olan Nəsib bəy buradakı təqiblərdən yaxa qurtarmaq üçün İstanbula köçüb, publisistik fəaliyyətilə bərabər, həm də “Türk dərnəyi” Cəmiyyətinin təşkili ilə məşğul olub. Bir il sonra Vətənə dönüb, Gəncə şəhər bələdiyyəsində çalışıb. 1911-ci ildə “Mədrəseyi-ruhaniyyə” məktəbində çalışıb, “Molla Nəsrəddin” jurnalına və qəzetlərə məqalələr göndərib. “Müsəlman Xeyriyyə Cəmiyyəti”, “Müsəlmanların Maariflənməsi Cəmiyyəti” və “Aktyorlar Cəmiyyəti”nin fəaliyyətində yaxından iştirak edib.
Bu illər ərzində, sözün həqiqi mənasında, Nəsib bəy qısa bir ömrə sığmayan ictimai-siyasi işlər görüb. Mirzə Fətəli Axundovun anadan olmasının 100 illiyi münasibətilə Gəncədə Azərbaycan dilində ilk kitabxana təsis edib. “Türk Sosial-Federalist inqilabi Komitəsi” adı ilə fəaliyyətə başlayan təşkilatın əsasında qardaşı Həmid bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədovla birlikdə “Qeyrət” Təşkilatını yaradıb. Azərbaycanın taleyində son dərəcə mühüm rol oynayan Gəncə Milli Komitəsinin sədri kimi fəaliyyət göstərib. Nəsib bəyin həyatında 1917-ci il öz mühüm hadisələri ilə iz qoyub. Belə ki, fevral burjua inqilabından sonra dərin siyasi-hüquqi təfəkkür sahibi olan Nəsib bəy “Türk Ədəmi-Mərkəziyyət” Partiyasını yaradır. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanları qurultaylarında iştirak edib.
Rusiya Müəssislər Məclisinə Gəncədən üzv seçilən Nəsib bəy Yusifbəyli 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublika Parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən Nəsib bəy Yusifbəyli bildirib ki, hökumətin xarici siyasət sahəsində başlıca məqsədi və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətini tanımasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub-saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən, söz, mətbuat, yığıncaq və sair azadlıqları təmin etməkdir. Milli hökumətin Tiflisdən Gəncəyə gəlişinin ilk günlərindən aktiv milli təhsil siyasəti və quruculuğuna başlayan maarif naziri, böyük ziyalı Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyinin strukturu təsdiq edilir, ölkədə fəaliyyət göstərən bütün maarif və mədəniyyət ocaqları, məktəblər onun tabeçiliyinə verilir. Nəsib bəyin maarif sahəsində atdığı ilk addımlardan biri yüksək vəzifələrə azərbaycanlıları irəli çəkməsi olub. Qaynaqlar göstərir ki, 1918-ci ilin təkcə avqust ayı ərzində azərbaycanlıların sıx yaşadığı Gəncə, Şuşa, Cavanşir və Zəngəzur qəzalarının xalq maarifi müfəttişliyində çalışan milliyyətcə erməni və rus rəhbər maarif işçiləri vəzifələrindən azad edilib və onların yerinə milli kadrlar təyin olunub.
1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilib, Bakıda darülmüəllimin və darülmüəllimat, Nuxada darülmüəllimin açılıb, Zaqatala, Ağdam və Şuşada belə müəssisələrin yaradılması qərara alınıb. Milliləşdirilən məktəblərdə ümumi türk tarixi, təlim rus dilində olan tədris ocaqlarında həftədə 3-4 saat Azərbaycan dili keçirilirdi. Orta təhsilin milliləşdirilməsi reallaşdırılıb, Abdulla Şaiqin təşəbbüsü ilə bütün dərslər rus dilində keçilən Bakı I Realnı Məktəbində Azərbaycan dili üzrə üçaylıq kurs açılıb.
Lakin həyat Nəsib bəyə bu işləri davam etdirməyə imkan verməyib. 1920-ci ilin martına qədər baş nazir vəzifəsində çalışmış Nəsib bəy Yusifbəyli aprel çevrilişindən sonra Parlamentin axırıncı iclasından qayıdıb ailəsi ilə son görüşündə: “Fələk məni çox yüksəltdi. Fəqət, indi mən dünyanın ən bədbəxt insanıyam”, - söyləyib. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan işğal olunduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk etmiş, lakin 31 may 1920-ci ildə yolda - Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilmişdir.
Belə mücadiləli ömür yaşayan vətən oğullarını bir amal və bir məqsəd birləşdirmişdir: müstəqil dövlət uğrunda mübarizə. Bu mübarizədə qalib oldular. 23 ay müstəqil dövlətin sevincini yaşayıb, böyük işlər gördülər. Tarix belə insanları unutmur və yaşadır.