Respublika. - 2018.- 26 may. - ¹ 117. - S. 6.

 

Dövlətçilik tariximizin şanlı səhifəsi

 

Sərdar İmanov,

Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri.

 

Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika idi və o, xalqımızın qədim dövlətçilik ənənələrini bərpa etdi, Şərqdə ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi və həm də tarixi zərurət kimi yarandı. Uzaq minilliklərə qədər uzanan tariximizdə baş verən ən əlamətdar və önəmli hadisələrdən biri kimi müstəqil cümhuriyyətin yaranması xalqımızın siyasi şüur səviyyəsinin yetkinliyindən xəbər verirdi.

 

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əvəzsiz xidmətləri olan böyük zəka sahiblərinin cəsarət və uzaqqörənliyinə yüksək qiymət verərək demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz həmin gün bu tarixi addımı atdılar...”.

Tarixi baxımdan Azərbaycanı müstəqilliyə aparan yolun heç də asan və hamar olmadığı aydın görünür. Amma ömrü boyu xalqının işıqlı sabahını düşünərək bütün həyatını bu müqəddəs amala həsr edən, müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə yaşayan və hər bir addımında, ictimai və siyasi fəaliyyətində bu hisslərini fəxarətlə büruzə verən vətənpərvər insanların yorulmaz səylərinin nəticəsi olaraq müstəqilliyə aparan yollardakı bütün maneələr aradan qaldırıldı.

Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsasını qoydu. “İstiqlal bəyannaməsi” insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə, irqi, milli və digər bərabərsizliklərin ləğvinə, sivilizasiyalı dövlətlərin inkişaf etmiş demokratiyasından istifadə edilməsinə əsaslı şərait yaratdı.

Məhz o insanların milli və müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi. Ümummilli lider Heydər Əliyev 1918-ci ildə dövlət müstəqilliyinin bərpasında böyük xidmətləri olmuş bu görkəmli şəxslər barəsində demişdir: “1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşında əbədi həkk olunmuşdur”.

Zaqafqaziya Seyminin də ən fəal üzvləri olan Azərbaycan nümayəndələrinin tələbi ilə 1918-ci il aprelin 9-da Seym Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin milli mənafe ziddiyyətlərinin mövcudluğu bu birliyin yaşamasını çətinləşdirirdi. 1918-ci il mayın 25-də gürcülər Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 27-də isə Seymin azərbaycanlı üzvləri ayrıca iclaslarını keçirməklə Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər və Azərbaycanın Milli Şurasının yaradıldığını elan etdilər. Bununla əslində, Azərbaycanda ilk parlament yaranmış və parlamentli respublikanın bünövrəsi qoyulmuşdur. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilmiş və sabahı gün - may ayının 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirilərək Azərbaycanın “İstiqlal bəyannaməsi” qəbul edilmişdir. Bəyannamədə deyilirdi ki, Azərbaycan demokratik respublika formasında müstəqil və suveren dövlətdir, ali hakimiyyət xalqa məxsusdur, beynəlxalq birliyin bütün üzvləri ilə dostluq əlaqələri yaradır və öz ərazilərində yaşayan xalqların bərabər inkişafına şərait yaradır.

Şərqdə ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı. Uzaq minilliklərə qədər uzanan tariximizdə baş verən ən əlamətdar və önəmli hadisələrdən biri kimi müstəqil cümhuriyyətin yaranması xalqımızın siyasi şüur səviyyəsinin yetkinliyindən xəbər verirdi.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bir sıra dövlətlərlə ikitərəfli diplomatik münasibətlərin qurulmasına nail ola bildi. Dövlətçilik prinsiplərinə görə şərqdə ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlət idi.

ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami Milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.

Lakin müstəqil Azərbaycan Respublikası demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilmədi. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Ən əsası isə Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi.

Məhz buna görə 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində cümhuriyyət süqut etdikdən sonra da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi.

Azərbaycan Xalq Cümhuriyyəti rus bolşevik süngüsü və Milli xəyanətkarların əliylə süquta uğrasa da, M.Ə.Rəsulzadə demişkən, millətimiz istiqlalın və hürriyyətin nə demək olduğunu dərk etdi və bundan qaynaqlanan yeni ideyalar Vətənin nə vaxtsa, özü də əbədilik istiqlalına qovuşacağı inamına mənəvi, siyasi dəstək verdi.

Azərbaycan Xaq Cümhuriyyəti gərgin və mürəkəb ictimai-siyasi şəraitdə 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qaldı və nəhayət, əsrin sonunda Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan xalqı XX əsrin sonunda tökülən qanlar bahasına dövlət müstəqilliyini bir daha bərpa etdikdən sonra cümhuriyyətin ideyalarını davam etdirərək bu tarixi vairslik üzərində yeni Azərbaycan dövlətini yaratdı. “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir”, — deyə Heydər Əliyev bildirirdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi hadisə kimi belə dəyərləndirmişdir: “Azərbaycanın qabaqcıl ziyalılarından, Xalq Cümhuriyyəti qurucularının, ictimai-siyasi xadimlərinin həyata keçirməyə başladığı ideyalar, planlaşdırdığı layihələr bu gün müstəqil Azərbaycan Respublikası tərəfindən uğurla gerçəkləşdirilir. XX əsrin sonunda yenidən tarixi şans qazanmış ölkəmiz Xalq Cümhuriyyəti dövründən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz suverenliyini və müstəqilliyini qoruyub saxlamağı bacardı. Başda ümummilli liderimiz Heydər Əliyev olmaqla Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüldü. Ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi, dövlətçilik strateji inkişaf yoluna çıxarıldı”.

Müqəddəs amallar uğrunda mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün qətiyyətlə davam və inkişaf etdirilir. Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan xalqı müstəqillik yollarında daha böyük uğurlar və nailiyyətlər qazanır, qabaqcıl və demokratik dünya dövlətləri arasında özünə layiqli yer tutur.

Bu günlərdə respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamda göstərilir ki, ... qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Heydər Əliyev müstəqilliyin əbədiləşdirilməsi siyasətinin və onun strateji inkişaf konsepsiyasının hərtərəfli reallaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni məzmunlu dövlətçilik siyasəti nəticəsində bu gün Azərbaycanda dünyəvilik, hüquq və demokratiya, insan hüquq və azadlıqları üçün hərtərəfli təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, dünya dövlətləri birliyində öz layiqli yerini tutan respublikamızda iqtisadi müstəqilliyimizin və xalqımızın yüksək maddi rifahının, dünya azərbaycanlılarının ümummilli ideya - azərbaycançılıq və milli dövlətçilik, milli-mənəvi dəyərlər ətrafında birləşməsinin möhkəm özülü yaranmışdır. Beləliklə, ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikası 28 may 1918-ci ildə əsası qoyulmuş dövlət müstəqilliyinin atributlarını özündə cəmləşdirən qüdrətli bir dövlətə çevrilmişdir.

Müstəqilliyimizin qorunub saxlanması və onun əbədiləşdirilməsi hər bir Azərbaycan vətəndaşından da asılıdır. Vətəndaş cəmiyyətinin bərqərar olması, kadr potensialının gücləndirilməsi, iqtisadiyyatın hərtərəfli inkişafı hər bir dövlətin müstəqilliyinin və suverenliyinin təminatçısıdır. Sözsüz ki, xalqımız bundan sonra da ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək möhtəşəm qələbələr qazanacaq, öz müstəqilliyini qoruyub, möhkəmləndirəcəkdir.

Hərtərəfli inkişaf sayəsində əldə edilən nailiyyətlər hüquq-mühafizə orqanlarının da müasirləşməsinə, müvafiq islahatların operativ və dinamik aparılmasına əsas yaratmışdır. Bu günədək aparılan islahatlar onu deməyə imkan verir ki, ölkəmizdə qanunun aliliyi, hüquq normalarına riayət, tənzimləmə, insan hüquq və azadlıqlarının müdafiə və tətbiqinin yüksək səviyyədə təşkili, peşəkar hüquqşünasların formalaşdırılması qarşıda duran bütün məsələlərin həllini təmin edir. Prokurorluq sisteminin dövlət ittihamçısı kimi təkmilləşməsi, müvafiq səlahiyyətlər daxilində qanunların icrasına nəzarəti dövlət müstəqilliyinin qorunmasında mühüm rol oynayır. Son 15 ildə bu istiqamətdə aparılan islahatlar, atılan addımlar qanunçuluğun daha da möhkəmlənməsinə, cəmiyyət-dövlət vəhdətinin daha da sıxlaşmasına zəmin yaratmışdır. Prokurorluq orqanları vətəndaş-dövlət bağlılığının səmərəliliyini daha da gücləndirmək üçün lazımi addımları daim atmaqdadır. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan prokurorluğu Azərbaycan Xalq Cümhuriyyəti ənənələrini çox böyük qürur, səriştə ilə davam etdirir və müasir çağırışlara cəsarətlə cavab verir, dövlət müstəqilliyimizin əbədi, daim möhkəm olması üçün bütün səy və biliklərini səfərbər edir. Ulu öndər Heydər Əliyevin bu sözləri bizim fəaliyyət devizimizdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”. Bir sözlə, Azərbaycan prokurorluğu öz dövlətçiliyinin, qanunlarının keşiyindədir.