Azərbaycan. - 2018.- 27 may. - ¹ 119. - S. 7.
Xalq Cümhuriyyəti və insan hüquqları
Elmira Süleymanova,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili
“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
Heydər Əliyev
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ən şərəfli səhifələrdəndir.
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Azərbaycan tarixinə ilk respublika kimi daxil olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımıza XX əsrdə hüquqi dövlətçiliyin və sivil demokratiyanın ənənələrini bəxş etmişdir.
1918-ci ilin əvvəllərində Cənubi Qafqazda ictimai-siyasi vəziyyətin gərgin olması, azərbaycanlılara qarşı soyqırımı aktlarının həyata keçirilməsi müstəqil dövlətin yaradılmasını zəruri edirdi. 26 mayda Cənubi Qafqaz müstəqil federativ respublikanın süqutunun sabahı günü Seymin Azərbaycan fraksiyasının keçirdiyi iclasda Müvəqqəti Milli Şuranın yaradılması haqqında qərar qəbul edildi.
Beləliklə, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olundu və Milli Şura tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi. Həmin bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olmağı, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğu, bütün vətəndaşlara heç bir əlamətə görə ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqlar verildiyi, beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin, bütün xalqların sərbəst inkişafına şəraitin yaradılması təsbit olunmuşdur.
Bununla da, müsəlman Şərqində və türk dünyasında ilk Parlamentli Respublika olmaqla, xalqın sahib olduğu dövlətçilik ənənələrini təsdiq etməklə, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını və məzmununu aydın şəkildə göstərir.
AXC Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı. O zaman Bakıda Stepan Şaumyan başda olmaqla Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı soyqırımlar törədiləndən sonra Bakı Kommunasının məkrli niyyəti və fəaliyyəti ifşa olunmuşdur. O, azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Azərbaycanın qəzalarında isə tam hakimiyyətsizlik idi və hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurasının üzvləri və AXC hökuməti Tiflisdən Gəncəyə köçdü. 4 ay ərzində Gəncə ölkənin paytaxtı oldu.
Həmin dövrdə 26 iyun 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Məhz bu tarix Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olunmuşdur ki, bu il biz ordumuzun da yaradılmasının 100 illiyini qeyd edirik.
Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabr ayının 15-də Bakı işğaldan azad olundu və həmin ayın 17-də AXC hökuməti Gəncədən Bakıya köçdü. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.
Milli Şura 1918-ci il noyabrın 16-da yenidən fəaliyyətə başlamış və ayın 20-si “Azərbaycan Parlamentinin yaradılması haqqında” qanun qəbul etmişdir. Həmin qanunda respublika ərazisində yaşayan bütün xalqların, həm qadınların, həm də kişilərin bərabər seçki hüququ təsbit edilmişdir. Beləliklə, tarixi faktlar sübut edir ki, Birinci Dünya müharibəsindən sonra qadınların səsvermə hüququnu tanıyan 21 ölkə sırasında Azərbaycan Xalq Cümhuriyyəti də yer aldı.
Zəngin tarixi irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmış, yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadını bəşəriyyətin bütün dövrlərində aparıcı qüvvə kimi dəyərləndirmişdir. Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Parlamentin keçirdiyi iclas və hazırlanan qanunlar, xüsusilə də 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması və digər məsələlərlə bağlı aparılan müzakirələr həmin dövrdə qadınlar üçün yaradılan imkanların bariz nümunəsidir.
AXC-nin bu sahədə fəaliyyətinin önəmini qeyd edərək xüsusilə vurğulamaq lazımdır ki, qadınlar Avstriyada, Almaniyada, Niderlandda, Polşada, İsveçdə, Lüksemburqda, Çexoslovakiyada 1919-cu ildə, ABŞ-da 1920-ci ildə, İrlandiyada 1922-ci ildə, Böyük Britaniyada 1928-ci ildə, İspaniya və Portuqaliyada 1931-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə səsvermə hüququ qazanıb. Bununla da Azərbaycan müsəlman Şərqində qadınlara seçki hüququnu verən ilk ölkə oldu. Hətta bəzi Avropa ölkələrindən irəliyə getməklə tarixdə dərin iz qoymağa nail olmuşdur. AXC bu təcrübə ilə insan hüquq və azadlıqlarının bir qolu olan seçki hüququ və bərabərlik hüququnun əsasını qoydu.
Yeri gəlmişkən, bu il qəbul olunmasının 70 illiyini qeyd edəcəyimiz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin də əsas qayəsi hər bir kəsin ayrı-seçkiliyə məruz qalmadan bərabər şəkildə hüquqlardan, o cümlədən seçki hüququndan istifadə etməsidir. Həmin prinsiplər isə 100 il əvvəl AXC-nin İstiqlal Bəyannaməsində əksini tapmışdır.
Xalq Cümhuriyyəti dövründə müstəqil respublikanın Parlamenti və Milli Ordusu ilə yanaşı, ədliyyə, məhkəmə, polis və prokurorluq orqanlarının yaradılmasına da xüsusi diqqət verilmişdir.
AXC Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli qərarı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılmışdır. Bununla əlaqədar olaraq ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə 2 iyul - Azərbaycan Polisi Günü elan edilmişdir.
Eyni zamanda, AXC Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluq orqanlarının fəaliyyəti bərpa edilmişdir.
Təsadüfi deyil ki, elə həmin tarix əsas götürülərək ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamı ilə hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.
AXC-də ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün - 1918-ci il may ayının 28-də təsis edilmiş və onun Əsasnaməsi 1918-ci il noyabrın 22-də təsdiq edilmişdir. Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur.
Ulu öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat sahəsində əldə edilən ən böyük uğur 1919-cu il oktyabrın 30-da qəbul olunmuş 24 maddə və 2 fəsildən ibarət “Mətbuat haqqında Nizamnamə”dir. Milli Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə senzuranın ləğvi ölkədə azad mətbuata yol açmaqla bərabər, mətbuat tarixinə mühüm tarixi hadisə kimi həkk olunub. Azərbaycan mətbuatı yarandığı 1875-ci ildən 1998-ci ilə kimi hər zaman senzorun nəzarəti altında olub. Təkcə 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə iki il müddətində mətbuat azad olub. Sonrakı illərdə qəzetlərin hər biri senzorun möhürü olmadan fəaliyyət göstərə bilməyib. Yeri gəlmişkən, 1998-ci il 6 avqustda ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə mətbuat üzərində senzura ləğv edilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə insan hüquqlarının təsbiti üçün xüsusi əhəmiyyət kəsb edən qanunlardan biri Parlamentin 1919-cu il 11 avqust tarixdə qəbul etdiyi “Azərbaycan vətəndaşlığı haqqında Qanun” idi. Qanunun 1-ci maddəsinə əsasən milli və dini fərqlərə baxmayaraq, özləri və ya valideynləri Azərbaycan Respublikasının ərazisində doğulmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri Azərbaycan vətəndaşları hesab edilirdilər. Eyni zamanda, qanuna əsasən Azərbaycan vətəndaşlığı hüququnu Azərbaycan vətəndaşlarından doğulanlar, azərbaycanlıya ərə gəlmiş əcnəbi qadınlar, habelə on yeddi yaşa çatmamış Azərbaycan vətəndaşını övladlığa götürən əcnəbilər də əldə edirdilər.
Cümhuriyyət dövründə insan hüquqlarına dair mühüm məsələlərdən biri də Azərbaycan vətəndaşlarının təhlükəsiz şəraitdə yaşamaq hüququnun təmini idi ki, bu məqsədlə parlament tərəfindən “Azərbaycan Respublikasında gömrük münasibətlərində sərhəd mühafizəsinin yaradılması haqqında”, “Ağstafa gömrük postunun yaradılması haqqında” 1920-ci il 18 yanvar tarixli qanunlar qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, həmin dövrlərdə Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Onun müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. AXC bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də Sovet Rusiyası tərəfindən beynəlxalq hüquq normalarını kobudcasına pozaraq müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycanın ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.
Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi, yenidən Rusiya tərəfindən ilhaq edildi. 70 ildən çox müddətdə Azərbaycan Respublikasına qarşı, əslində, müstəmləkəçilik siyasəti yeridilmiş, onun təbii ehtiyatları amansızcasına istismar olunmuş, milli sərvətləri talanmış, Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmışdır. Lakin xalqımız dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.
Bütövlükdə cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti müstəqil demokratik Azərbaycan dövlətinin əsas fəaliyyət prinsiplərinin, habelə idarəetmə mexanizmlərinin, dövlətin vacib qurumlarının özülünü qurmaqla yanaşı, insanlarda müstəqillik arzularının toxumlarını səpdi.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu oldu.
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, həmin ilin 18 oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etdi.
Həmin Konstitusiya Aktınının 2-ci maddəsində haqlı olaraq təsbit edildi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.
Bu gün tarixi varislik ənənəsinə sadiq qalan müstəqil Azərbaycan Respublikasında Xalq Cümhuriyyəti dövründə formalaşmış insan hüquqlarının təminatı uğurla davam etdirilir. Müstəqil dövlətimizin fəaliyyətinin əsas prinsiplərindən biri olan insan hüquqlarının ayrılmazlığı bu sahədə qanunvericilik bazasını formalaşdırır. Həmin sənədlərə əsasən, heç kəs insanı təbii hüquqlarından - yaşamaq, şəxsi toxunulmazlıq, özünün həyat fəaliyyətini azad seçmək, vicdan, fikir, əqidə azadlığı və sair hüquqlardan məhrum edə bilməz. Bununla da belə bir fikir formalaşır ki, müasir həyatı azadlıq, bərabərlik, ədalət prinsiplərinə əsaslanan və universal xarakter daşıyan insan hüquqları olmadan təsəvvür etmək mümkün deyil. Vətəndaş cəmiyyətinin qiymətləndirilməsi meyarı kimi qəbul edilən insan hüquqları fərdə təkcə dövlətin idarə olunmasında iştirak etmək imkanı vermir, həm də dövlətdən ayrılmaq, əqidəsini müəyyənləşdirmək imkanı verir.
Müstəqilliyin ilk illərində ölkədə olan hərc-mərclik anarxiya vəziyyəti yaratmış, o dövrün rəhbərliyinin səriştəsizliyi nəticəsində müstəqilliyimizin ikinci dəfə itirilməsi təhlükəsi yaranmışdı.
Azərbaycan xalqı qarşısında ölçüyəgəlməz xidmətləri olan, dünya şöhrətli siyasi və dövlət xadimi, fenomenal bir şəxs kimi tanınan ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtması müstəqilliyimizin dayanıqlı inkişafı üçün real şərait yaratdı. Onun uğurlu siyasəti nəticəsində Azərbaycan həyatın bütün sferalarında - ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə, habelə insan hüquqlarının təmin olunmasında köklü islahatlar məkanına çevrildi.
Müstəqil dövlətimizin insan hüquqları sahəsində qanunvericilik bazasının əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Prezident Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyanın preambulasında bəyan edilib ki, “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq” bu əhəmiyyətli sənədi qəbul etdi. Konstitusiyanın qəbulu Azərbaycanda, həmçinin vətəndaş cəmiyyətinin bərqərar edilməsi, əhalinin layiqli həyat səviyyəsinin, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması üçün hərtərəfli zəmin yaratdı, ölkənin hüquqi, siyasi, iqtisadi və digər sahələrdə inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi.
Yeni Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixən formalaşmış dövlətçilik ənənələrinə uyğun olan və eyni zamanda ölkəmizdə müasir dünyanın tələblərinə cavab verən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, plüralizm əsasında siyasi sistemin və hüquq sisteminin inkişafı üçün möhkəm özülün yaradılması baxımından mühüm hadisə oldu.
Azərbaycan Respublikası varislik ənənələrini hüquqi baxımdan davam etdirərək İstiqlal Bəyannaməsində qeyd edilən müddəaların, habelə AXC dövründə qəbul edilən qanun və qərarın mütləq əksəriyyəti müstəqillik əldə etdikdən sonra normativ hüquqi aktlarda təsbit olundu. Belə ki, bəyannamədə olduğu kimi, Konstitusiyada da Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olması, dövlət dili kimi Azərbaycan dilinin qəbul edilməsi, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsi və digər müddəalar buna bariz nümunədir.
1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyuldu və Azərbaycan Respublikasının 10 fevral 1998-ci il tarixli müvafiq Qanunu ilə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv olunması dünyada böyük əks-səda doğurdu. Heydər Əliyevin bu humanist və cəsarətli addımı həm də respublikamızın Avropa hüquq məkanına inteqrasiyasına təkan verdi. Bəzi ölkələrdə hələ indiyədək belə qərar qəbul edə bilməyiblər.
Azərbaycan qadını tarixin hər dövründə öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin, ailə mədəniyyətinin formalaşdırılmasında müstəsna rol oynamışdır.
Ulu öndər ölkəmizdə qadınların ictimai-siyasi həyatda rolunun və fəallığının artırılmasına xüsusi diqqət yetirərək bir sıra fərman və sərəncamlar imzalamışdır. Artıq qadınlarımızın beynəlxalq miqyasda fəaliyyəti tanınmağa və nüfuz qazanmağa başladı.
Hazırda Azərbaycanda qadınlar demokratik, hüquqi, sivil, dünyəvi dövlət quruculuğunda fəal iştirak edir, bərabər hüquqların təmini üçün bərabər imkanlardan istifadə edərək sosial-siyasi və mədəni həyatımızın bütün sahələrində geniş fəaliyyət göstərirlər.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və humanist fəaliyyəti müasir Azərbaycan qadını modelini dünyada tanıdır.
“Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin” fikirlərini söyləyən ümummilli liderimiz Heydər Əliyev daim fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərə yüksək önəm verərək həmin tarixi dövrün tədqiq edilməsinə, tarixi hadisələrin yaşadılmasını və varislik prinsipinin qorunaraq daha da inkişaf etdirilməsinə böyük səy göstərmişdir.
AXC dövründə xalqımızın başına gətirilən soyqırımlar müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında XX əsrin sonlarında ermənilər tərəfindən təkrarlanmış, hərbi təcavüzə məruz qalmış, torpaqlarımızın iyirmi faizi işğal olunaraq bir milyondan çox qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın insan hüquqları kobudcasına pozulmuşdur.
Cümhuriyyət dövründə “Qaçqınların ehtiyaclarının ödənilməsi haqqında” xüsusi qanun qəbul edilmişdir ki, bu da cümhuriyyət rəhbərlərinin öz doğma yurdlarından didərgin düşmüş qaçqınların qayğısına qaldığına bariz nümunədir. Yeri gəlmişkən, bu ənənə ölkəmizdə uğurla davam və inkişaf etdirilir. Bütün qaçqın və məcburi köçkünlərimiz dövlət qayğısı ilə əhatə olunur, respublikada vaxtilə salınmış çadır düşərgələri ölkə Prezidentinin tapşırığı ilə ləğv edilmiş, məcburi köçkün soydaşlarımız tam müasir infrastrukturla təmin olunan yeni yaşayış qəsəbələrinə köçürülmüşlər.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti hələ 1918-ci ildə ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır.
Ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra tarixi keçmişimizi daha yaxşı öyrənmək imkanı əldə edilmiş, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxmış, beləliklə təhrif edilmiş hadisələr daha aydın görünməkdədir. Xalqımıza qarşı zaman-zaman törədilmiş və heç vaxt beynəlxalq hüquqi-siyasi qiymətini almamış soyqırımı hadisələri də bu qəbildəndir.
Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tapılmış saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar bu qırğınlar zamanı erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə kütləvi surətdə insanların qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba Soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu tarixi abidə ziyarət olunur.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik üçrəngli Dövlət bayrağımız Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli sərəncam imzalanmış, 2010-cu il 1 sentyabr tarixində Dövlət Bayrağı meydanının təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olmuşdur. Dövlət başçısının 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə hüquqi islahatların həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər görülmüş, respublikamız çoxsaylı beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq qanunvericilik aktları qəbul olunmuş, bu sənədlərin icrasını təmin etmək üçün institutlaşma, müvafiq dövlət qurumlarının yaradılması prosesi həyata keçirilmişdir.
Hələ 1998-ci ildə Prezident Heydər Əliyev ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli fərman imzalamış və həmin ilin 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq etmişdir. “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” da ilk dəfə bu Dövlət Proqramında təsbit olunmuşdur. Yeri gəlmişkən, yeganə ölkə olaraq Azərbaycanda məhz 18 iyun tarixi ölkə Prezidentinin sərəncamı ilə Milli İnsan Hüquqları Günü kimi təsis olunmuşdur.
2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olundu və 2 iyul 2002-ci ildə ölkəmizdə ilk Ombudsman seçilməklə insan hüquqları sahəsində yeni, məhkəmədənkənar hüquq müdafiə mexanizmi yaradıldı.
Ölkəmizdə müvafiq sərəncamlarla qəbul olunmuş sənədlərin əsas qayəsini təşkil edən bərabər hüquqların təmin olunması və ayrı-seçkiliyə yol verilməməsi, əhalinin bütün qruplarının hüquq və azadlıqlarına hörmət edilməsi və onların təmin olunması Ombudsmanın fəaliyyətinin əsas prinsipləridir. Ötən 15 ildən artıq dövrdə andına sadiq olaraq Müvəkkil Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edərək, müstəqil və qərəzsiz fəaliyyət göstərir. Ümumilikdə ölkəmizdə Ombudsman təsisatının yaradılması ulu öndər Heydər Əliyevin, bu təsisatın inkişafı isə möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Həmçinin ölkə Prezidentinin 2018-ci il 10 yanvar tarixli sərəncamına əsasən, 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir.
Bundan əlavə, Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1092-VQD nömrəli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmişdir.
Ombudsmanın Aparatı və regional mərkəzləri, habelə ahıllar, qadınlar, gənclər və uşaqlar üçün Resurs Mərkəzləri “Azərbaycan Xalq Cümhuriyyəti ili”ndə paytaxtda və regionlarda silsilə tədbirlər həyata keçirmişdir. Eyni zamanda, AMEA-nın Tarix İnstitutu ilə birgə Milli Məclisin deputatlarının, Prezident Administrasiyasının, Konstitusiya Məhkəməsinin, nazirlik və komitələrin, hüquq mühafizə orqanlarının, beynəlxalq təşkilatların, universitetlərin rəhbərliyi və məsul əməkdaşlarının, alimlərin, QHT və KİV-in təmsilçilərinin iştirakı ilə elmi-praktik konfrans təşkil edilmişdir. Tarix İnstitutu ilə əməkdaşlıqda belə tədbirlərin bu il çərçivəsində regionlarda da keçirilməsi nəzərdə tutulub.
Ölkəmiz bu il bir çox tarixi hadisələrlə əlamətdardır. Bu il ulu öndər Heydər Əliyevin 95, Şərqdə ilk müstəqil, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin, Parlamentin, Milli Ordunun, prokurorluq, ədliyyə və polis orqanlarının yaranmasının, qadınlara seçki hüququnun verilməsinin 100 illiyini yüksək səviyyədə qeyd edirik.
İnanırıq ki, dünya birliyinin bərabərhüquqlu subyekti olan müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimizin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin bütün sahələrdə olduğu kimi, insan hüquqları sahəsində də varislik ənənələrini bundan sonra da uğurla davam və inkişaf etdirəcək, xalqımızın xoşbəxt gələcəyi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə ölkəmiz sürətlə inkişaf edərək yeni-yeni nailiyyətlər qazanacaqdır.