Azərbaycan. - 2018.- 27 may. - ¹ 119. - S. 1,10.

 

1918-ci il 28 may, İstiqlal Bəyannaməsi: “Bu gündən etibarən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir”

 

1918-ci il mayın 28-də Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda Azərbaycanın dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi qəbul olundu.

 

Milli Şuranın 24 səslə (iki nəfər - Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət İstiqlal Bəyannaməsi, yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Bu sənədi Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad bəy Məlik-Yeqanov, Mustafa Mahmudov imzaladılar.

İstiqlal Bəyannaməsi bütün türk dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya Aktı - İstiqlal Bəyannaməsinin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu.

Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri əksini tapmışdı. İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu nümayiş etdirdi. İstiqlal Bəyannaməsi Azərbaycan millətinin tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa - millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi.

İstiqlal Bəyannaməsində xarici ölkələrlə, xüsusilə yaxın qonşularla iqtisadi əlaqələr yaratmaq və bu əlaqələri genişləndirmək nəzərdə tutulurdu. Təsadüfi deyil ki, parlamentin fəaliyyətində mühüm rol oynayan “Müsavat” Partiyası öz məramnaməsində Azərbaycanın müstəqilliyinə, onun xaricdən müdafiəsinə və hüquqi cəhətdən tanıdılmasına nail olmaq üçün iqtisadiyyata, iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verirdi. Cümhuriyyətin iqtisadi platformasında xarici ölkələrlə iqtisadi əməkdaşlığı asanlaşdırmaq, bu sahədə maneələri aradan qaldırmaq, digər tərəfdən isə bu cür əməkdaşlığı dünya normaları əsasında həyata keçirmək nəzərdə tutulurdu.

Azərbaycanın istiqlal mübarizəsi tarixinin bu dəyərli və parlaq sənədinə bütün Azərbaycan tarixşünaslığında ən obyektiv qiyməti ilk dəfə ulu öndər Heydər Əliyev vermişdir: “Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı”.

Azərbaycan Milli Şurası həmin iclasda, eyni zamanda bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin tərkibini də təsdiq etdi. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri və daxili işlər naziri təyin olundu. İlk hökuməti “Müsavat”, Müsəlman sosialist bloku, “Hümmət”, “İttihad” və bitərəflərdən ibarət doqquz nazir təmsil edirdi.

Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radioteleqrafla məlumat verildi.