Azərbaycan. - 2018.- 27 may. - ¹ 119. - S. 9.

 

Yüz tələbənin bir “günahı”

 

Azərbaycan Xalq Cümhuriyyəti – 100

 

İradə Əliyeva

 

Hənəfi Zeynallı: 100 yalan, 1 həqiqət

 

Hənəfi Zeynallı nədə günahlandırılırdı? Elə işlərdə və hərəkətlərdə ki, onların heç biri alimin fəaliyyətinə yaxın belə gəlmirdi. Uydurmuşdular ki, 1917-ci ildə o, eser partiyasının üzvü olub. Guya 1928-ci ildə Bakıda Türkiyə konsulu Fərid bəylə əlaqə saxlayıb və onun vasitəsilə tanınmış türk millətçi xadimi İsmayıl Hikmətlə məktublaşıb. H.Zeynallı 1929-cu ildə və sonrakı dövrdə müsavatçılardan Baharlı, Feyzullayev, Mövsümov və başqaları, habelə B.Çobanzadə ilə sıx əlaqə saxlamaqda da günahlandırılırdı. İttihamlardan biri də alimin öz əsərlərində əks-inqilabi millətçi ideologiyadan yazması idi. Həqiqət kimi qələmə verilən bütün bu günahlara görə məhkəmə qaydasında cəzalandırılmazdan əvvəl Hənəfi akademiyada tutduğu bütün vəzifələrdən çıxarılır. Həmin hadisənin ertəsi günü isə onun istintaqı başlanır və üç gün davam edir.

1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Matuleviçin, Zaryanovun və Jiqurun iştirakı ilə məhkəmə iclası keçirir. H.Zeynallı ən yüksək cəzaya - güllələnməyə məhkum edilir.

Hənəfi Zeynallı görkəmli ədəbiyyatşünas alim, folklorşünas, tənqidçi, müəllim, naşir idi. Bunlardan əvvəl isə sadə, ağıllı və istedadlı bir cavan idi. Onun əsərləri içərisində 1926-cı ildə yazdığı “Azərbaycanın atalar sözləri və məsəllər” kitabı xüsusi dəyərə malikdir. Burada 4 minədək atalar sözü toplanıb. Əgər amansız ruzigar - Stalin rejimi yeri-göyü lərzəyə salmasaydı, Hənəfinin ömürnaməsinə hələ neçə belə uğurlu səhifələr yazılacaq, kitablarının üstünə yeniləri qalaqlanacaqdı. O, ədəbiyyat tarixinə müstəqil əsər həsr etməmişdi. Lakin klassik irsə dair bütün məqalələrini ədəbiyyatımızın tarixi vəziyyətini nəzərə alaraq yazmışdı.

1928-ci ildə ədəbi ictimaiyyət böyük realist sənətkar M.F.Axundzadənin 50 illiyini qeyd etdi. Həmin ilin təkcə mart ayında Hənəfinin böyük sənətkara həsr olunmuş üç məqaləsi çap olundu. Müəllif Axundzadəni şair, dramaturq və islahatçı kimi dərk və təhlil edirdi.

Hənəfi Zeynallının Mirzə Cəlilə və XX əsr Azərbaycan ədəbiyyatının klassiklərinə münasibətində də ən yaxşı cəhət tarixi şəraitdən çıxış edərək qiymət verməsi və realizm mövqeyindən yanaşması idi. Tənqidçi C.Məmmədquluzadənin tip yaratmaq ustalığına yüksək qiymət verir, onların həyatiliyini və bununla bağlı milli xarakterini fərqləndirirdi. Alim hesab edirdi ki, Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatında görkəmli yer tutan mütəfəkkir sənətkarlardandır. Cavidin yaradıcılığı haqqında ilk fikir söyləyən, onun mühüm əsərlərini ətraflı təhlil edən müəlliflər arasında Hənəfi Zeynallı xüsusi olaraq diqqəti cəlb edirdi. Çünki o, müasirləri olan bir sıra tənqidçilərlə müqayisədə Cavid sənətinə daha obyektiv yanaşırdı.

Rus və dünya ədəbiyyatının incilərinə laqeyd qalmayan Hənəfi Zeynallı bu sahədə də öz sözünü demişdi. O, rus şairi Lermontovun ölümü barədə belə yazmışdı: “Bu ölüm labüd idi. 27 yaşında şair bütün mühitin alçaqlığını üzünə çırpdıqca kimsə ona dost ola bilməzdi. Bu qədər gəncliyinə baxmayaraq, M.Lermontov özündən sonra böyük irs qoymuşdur. Onun əsəri üsyançı bir ruhdan doğan, daim irəli, yüksəklərə atılan azadlıq nəğmələridir. Onlar çarpışma üçün susayanların şeiridir”. Həyatdan çox gənc ikən köçmüş Lermontov haqqında bu sözləri yazarkən Hənəfi Zeynallı görəsən ağlına gətirmişdimi ki, elə özü də dünyanı vaxtsız tərk edəcək, xalqına, vətəni Azərbaycana böyük irs, əmanət qoyacaq...

 

Məhv edilmiş ömür

 

Cümhuriyyət hökumətinin xaricə ali təhsil almağa göndərdiyi tələbələrdən biri də Cəmil bəy Cümşüd bəy oğlu Əlumuradbəyli idi. 1897-ci ildə indiki Füzuli rayonunun Qorqan kəndində anadan olmuş Cəmil bəy 1920-1924-cü illərdə Almaniyanın Frayberq Dağ-Mədən Akademiyasında oxumuş, sonra Bakıya qayıdaraq Bakı-Suraxanı mədənlərində mühəndis kimi işə başlamışdı. Bakıdakı ən böyük neft trestinin rəisi vəzifəsinə qədər yüksəlmişdi. 1933-cü ildə Amerikada yarım illik elmi ezamiyyətdə olmuşdu. 1937-ci ildə onu qondarma ittihamlarla həbs etmişdilər. Ona qarşı irəli sürülən ittiham guya Bakı şəhərindəki əks-inqilabçı trotskiçi təşkilata mənsubluğu və neft mədənlərində pozuculuq fəaliyyəti aparması idi. İki illik istintaq bu ittihamları sübuta yetirə bilməsə də, Cəmil bəyə 8 il həbs kəsilir. O, Komi MSSR-in Uxta düşərgəsinə sürgünə göndərilir. 1947-ci ildə sürgün müddətini başa vurub Bakıya qayıdır və yenidən öz ixtisası üzrə neft sənayesində işləməyə başlayır. Amma 1948-ci ildə Mircəfər Bağırov onu işdən çıxartdırır. Üstəlik, Azərbaycanda hər hansı işdə çalışma hüququ ləğv edilir. Həmin vaxt Bakıda olan keçmiş SSRİ-nin neft sənayesi naziri Baybakovun köməyi ilə bu peşəkar neft mühəndisi Türkmənistanda işləməyə göndərilir. Amma 1949-cu ildə o, burada yenidən həbs olunur. Bu dəfə də istintaq əsasən onun Almaniyadakı təhsil illəri, Cümhuriyyət qurucularından olmuş Əlimərdan bəy Topçubaşovla münasibətləri, xariclə əlaqələrinin olub-olmaması ilə maraqlanırdı. Əslində isə Cəmil bəyə qarşı bu repressiyaların kökündə keçmiş daxili işlər komissarı Sumbatov-Topuridzenin və M.Bağırovun ona olan şəxsi düşmənçiliyi dayanırdı. O, yenidən sürgünə göndərilir və 1954-cü ilə qədər Vətənə qayıda bilmir.

Cəmil bəyin həyatının son illərində, Krosnayarsk diyarının Norilsk şəhərindən SSRİ Nazirlər Sovetinin sədri G.M.Malenkova yazdığı ərizəni ürək ağrısız oxumaq mümkün deyil: “Artıq 17-ci ildir ki, şimalda can qoyuram, indi də uzaq Zapolyaryedə sürgün həyatı yaşayıram - heç olmasa, biləydim nəyə görə?.. Azərbaycanda Bağırovun və onun əlaltılarının özbaşınalığına, həqiqi tiranlığına son qoyulub. Lənətə gəlmiş Sumbatov-Topuridze də cəzasız qalmadı. Yəni, onların özbaşınalığının qurbanı olan mən bundan sonra da həqiqi cinayətkar kimi başıaşağı gəzməliyəm? Doğrudanmı mənim əzablarıma, övladlarımın iztirabına son qoyulmayacaq? Doğrudanmı ədalət naminə məni həyatıma, ailəmə, sevimli işimə qaytarmaq vaxtı çatmayıb?” Cəmil bəyə yalnız 1956-cı ildə bəraət verərək sürgündən azad edirlər. O, Azərbaycana dönür, yaşadığı ağır sarsıntılar, təzyiqlər üzündən 2 il sonra dünyasını dəyişir.

 

Təqiblər, təzyiqlər və “yox edilən” insanlar

 

Cümhuriyyət dövrünün istiqlal poeziyasında orijinallığı ilə tanınan simalardan biri də şair Əli Yusif idi. Əslən şuşalı olan Əli Yusif dövlət hesabına təhsil almaq üçün Parisə göndərilmiş, 1922-ci ildə burada Siyasi Elmlər İnstitutunu əla qiymətlərlə bitirib Bakıya qayıtmışdı. Səkkiz ay sonra həbs edilmişdi. Bu onun ilk həbsi idi. 1927-ci ildə Azərbaycanda ən geniş “müsavatçı ovu” aparılanda olmuşdu. Həmin vaxt gənc istiqlal mücahidi Solovkiyə sürgün edilmişdi. Tədqiqatçı-alim Nazif Qəhrəmanlı yazırdı ki, 1927-ci ilin qışında Solovkiyə gətirilən şair 1935-ci ilin yanvarınadək, yəni, 6 il orada sürgün həyatı keçirmişdir. Əlavə işlərlə ona verilən müddəti qısaltdığına görə vaxtından xeyli əvvəl azad edilmişdi. Ancaq bu dəfə də işgəncə yolu onu Daşkəndə gətirib çıxarmışdı. Bu, XDİK Belomor-Balt idarəsinin 28 yanvar 1935-ci ildə verdiyi arayışda əksini tapıb. İnsanları cəhənnəm soyuğundan cəhənnəm istisinə döndərmək siyasi məhbuslara qarşı tətbiq edilən ən ağır cəzalardan biri idi.

Əli Yusif 1937-ci ildə Özbəkistan XDİK tərəfindən həbs edilir. Mühacirətdə olan müsavatçılarla əlaqə saxlamaqda, “proletar dövlətinə qarşı yönəldilmiş cinayətlərdə” təqsirləndirilirdi. Və fövqəladə üçlüyün qərarı ilə 1937-ci il avqustun 10-da ən yüksək cəzaya - güllələnməyə məhkum edilir.

Həyatını, taleyini, yaradıcılığını Azərbaycan Cümhuriyyətinə bağlayan şair demək olar ki, bütün əsərlərində “İdeal”, “Bayraq”, “Gözlər”, “Azərbaycanlıya - hörmətli Nəsib bəyə”, “Ey, türk oğlu” və s. şeirlərində, habelə 1918-1920-ci illər mətbuatında dərc olunan məqalələrində Azərbaycanda milli dövlət quruculuğunu tərənnüm etmişdir. Yaradıcılığı boyu məşəqqətli həyata üsyan edən, zülm və istibdada qarşı çıxan şair insanların azadlıq eşqi, səadəti, hüquq bərabərliyi arzularını ictimai-aləmə çatdırmışdır. Üsyankar ruhlu bu əsərlər o zaman hamıda coşqunluq yaratmış, heyran qoymuşdur. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, yaddaşa qayıdış kimi duyğular əsərlərinin ana xəttini təşkil etmişdir.

 

NKVD inkivizasiyası

 

İnsan cəmiyyətini sarsıdıb silkələyən, onun tarixi yaddaşında qanlı bir iz qoyan, bir tərəfdən şəxsiyyətə hədsiz pərəstişi təbliğ edən, digər tərəfdən isə şəxsiyyətlərin alçaldılmasını adi həyat norması kimi qəbul edən sovet totalitarizminin həmin dövrdə həqiqi siyasi mahiyyəti belə idi. Milyonlarla insan qorxu kabusunun təsiri altında yaşayırdı. Yüz minlərlə ziyalı həbsxanalarda çürüyür, güllələnmə ilə “mükafatlandırılırdı”. Onlar nə qurmaq və necə qurmaq istəyirdilərsə, hər halda bu qurulmaqda olan “nəisələr” xalqdan çox-çox uzaq bir sistemin, yabançı bir qurumun konturlarını cızırdı. Nəticədə nələr baş vermirdi?.. Sovet imperiyasının 1937-ci illərdə tətbiq etdiyi siyasi mübarizə, idarəetmə metodları və həyata keçirmək istədiyi dövlət quruculuğu bütün mahiyyəti ilə bəşəriyyətin minilliklər ərzində formalaşmış dəyərlər sisteminə zərbə vururdu. Sovet cəza maşınının böyük bir sürətlə fəaliyyət göstərdiyi bu illər insanların qanı ilə tarixə yazılırdı. İmperiya cəlladları, demək olar ki, hamını eyni bir cinayətdə - “Vətənə xəyanətdə” ittiham edib alovun içinə atırdılar.

Cümhuriyyət tələbələri içərisində ən çox fəallıq göstərən, Vətənə döndükdən sonra yüksək mövqe tutmağı bacaran, lakin sovet cəza maşınından yayına bilməyənlərdən biri də Əşrəf Ağaəli oğlu Əliyev idi. O, 1919-cu ildə Vladiqafqaz gimnaziyasını bitirmiş, kasıblığına görə təhsil haqqından azad edilmişdi. Elə həmin il Rostov Universitetinin Tibb fakültəsinə daxil olaraq bir semestr orada oxumuşdur. Bu zaman Cümhuriyyətin xarici ölkələrə tələbə göndərmək niyyətindən xəbər tutan Ə.Əliyev həmin imkandan yararlanmaq istəyir və tələbələr sırasına daxil edilir. Əşrəf Əliyev 1920-1925-ci illərdə Almaniyanın Frayberq şəhərindəki Dağ-Mədən Akademiyasında təhsil alır, geodeziya ixtisasına yiyələnir. Ali təhsilini başa vurub böyük arzu və ümidlərlə Vətənə dönür. İxtisası üzrə neft sənayesində çalışır, hətta Lenin ordeninə layiq görülür. Amma çox təəssüf ki, NKVD-nin caynağından qurtula bilmir. Onu Almaniyanın xeyrinə casusluq etməkdə və antisovet xarakterli sözlər söyləməkdə günahlandıraraq həbs edirlər. Ən ağrılı məqam o idi ki, Ə.Əliyev haqqında NKVD-yə danos ötürən onun Almaniyadakı keçmiş tələbə və sonrakı iş yoldaşlarından biri, ən yaxın dostu olmuşdu. O, Əşrəf Əliyevin Lenin ordeni almasına paxıllıq göstərərək onda İran pasportunun olduğunu, tələbə vaxtı müsavatçı mühacirlərlə tez-tez əlaqə saxladığını demişdi. 3 may 1938-ci ildə Əşrəf Əliyev casusluq ittihamı ilə güllələnmişdi.

 

“Proletar hakimiyyəti” yalanı

 

Cümhuriyyət tələbələrindən əksəri çox kasıb ailələrdən çıxmışdı. Onlar xaricdə böyük maddi sıxıntı içində oxuyurdular. Təhsillərini bitirdikdən sonra çoxu sovet ölkəsinə qorxu-hürksüz qayıtmışdılar. Çünki bolşeviklərin “sovet hakimiyyəti fəhlə-kəndli, proletar hakimiyyətidir” şüarının səmimiliyinə inanmışdılar. Ancaq bu inam sonradan onlara həyatları bahasına başa gəldi.

Ağdamın Gülablı kəndindən olan Firidun Əzim oğlu Əliyev də belələrindən idi. Onların Gülablıdakı evlərini 1905-ci ildə ermənilər yandırmış, Bakıya köçmüşdülər. Atası Bakı məktəblərinin birində qarovulçu işləyirdi. Firidun 1919-cu ildə Bakı Politexnik Məktəbini bitirmişdi. Bakı valisi Rəşid bəy Axundzadənin idarəsində çertyojçu olaraq çalışırdı. Görkəmli dramaturqumuz Nəcəf bəy Vəzirovun tövsiyəsi və Cümhuriyyətin dəstəyi ilə o, 1921-ci ildə bir semestr Almaniyanın Hannover şəhərindəki ali texniki məktəbə oxumağa göndərilir. Sonra isə Karlsrue şəhərinə gedərək 1926-cı ildə oradakı ali texniki məktəbi bitirir.

Bakıya qayıdandan sonra Gəncədə sənaye texnikumunu yaradır. Elektrik sənayesi sahəsində yüksək vəzifələrdə çalışır. Son olaraq Sabunçudakı “Azərşəbəkətikinti”də mühəndis işləyir. 1905-ci ildə evlərini yandıran daşnak xislətli ermənilər və sapı özümüzdən olan baltalar indi də burada onu rahat qoymurlar. Firidun Əliyevin kasıb ailədən ola-ola Almaniyada təhsil ala bilməsi, guya müsavatçı övladlarından olması barədə NKVD-yə ağlasığmaz böhtan və iftiralar ötürülür. 1937-ci ilin 12 iyulunda onu həbs edirlər. Qoca və xəstə valideynlərinin Mircəfər Bağırova yazdıqları məktubların heç bir faydası olmur. Firidun Əliyev əksinqilabçılarla əlaqələrdə suçlandırılaraq sürgünə göndərilir.

1948-ci ildə bəraət alıb Bakıya qayıtsa da, NKVD-nin adamları vağzalda sui-qəsd təşkil edərək onu elektrik qatarının altına itələyirlər. Və beləcə, daha bir Cümhuriyyət tələbəsi 47 yaşında dünyasını dəyişir.

 

Bitməyən repressiyalar

 

Yüz tələbənin bircə günahı vardı: onları xaricə oxumağa Cümhuriyyət hökuməti göndərmişdi.

1920-ci ilin axırlarından başlayan həbslər, istintaqlar, dindirmələr 1930-cu illərdə dəhşətli bir vəziyyət aldı. Əvvəllər fövqəladə komissiya müsavatçılar arasında say-seçmə həbslər aparırdı. İki-üç ay çəkən istintaqdan sonra məhbuslar buraxılırdılar. Həmin məhbusların əksəriyyəti də sovet platformasında işləməyə, bütün qüvvələrini yeni hakimiyyətə sərf etməyə hazır olduqlarını bildirirdilər. Hətta partiyanın sol qanadını təşkil edənlər “Müsavat”ın fəaliyyətinin dayandırıldığı barədə xüsusi bəyanat da vermişdilər. Onlar güman edirdilər ki, gizli fəaliyyətdən çıxdıqdan sonra təqib olunmayacaq, respublikanın bütün vətəndaşları kimi azad şəkildə yaşayıb işləyəcəklər. Lakin Cümhuriyyət hökuməti üzvlərinin təqibi dayandırılmadı, əksinə, sürətləndi. Bəyannamə dərc olunan günün ertəsi leqal “Müsavat” Partiyasının bütün üzvlərini müəyyən bəhanə ilə tutmağa, istintaq edib həbs düşərgələrinə göndərməyə başladılar. Yüz tələbə də belə bir tale yaşamalı oldu. O vaxtkı rejim bu gənclərin qol-qanadını dəfələrlə sındırdı, onları alçaltdı, nahaq yerə incitdi, həbsxanalara saldı. Lakin onların iradəsi sınmadı, gücdən də düşmədilər. Dəlil-sübut tapılmayanda azadlığa buraxıldılar. Öz ixtisasları üzrə vicdanla işlədilər, xalqa böyük töhfələr verdilər. Amma bir müddət keçdikdən sonra yenidən təqiblər, təzyiqlər, şər-böhtanlar, həbslər, sürgünlər onları rahat yaşamağa qoymadı. Həbs düşərgələrində amansız işgəncələr, ağrı-acılar onları həm mənəvi, həm də fiziki cəhətdən məhv edirdi. Hər gün onlara nə vaxt divan tutulacağını gözləyirdilər.

Cümhuriyyət tələbələrindən söhbət gedərkən maarif tariximizdə özünəməxsus yeri olan Abdulla Tahirzadənin Almaniyanın Leypsiq Universitetinin məzunu, istedadlı hüquqşünas Əsildar Muğanlinskinin, Berlində təhsil alan Abbasmirzə Əliyevin də adlarını çəkmək lazım gəlir. Azərbaycanda genetika elminin əsasını qoyan Əhməd Rəcəbli, Azərbaycanda ilk hüquq professorlarından olan Mustafa Vəkilov, tarix-filologiya üzrə təhsil almış Teymur bəy Aslanov, yol nəqliyyatı üzrə ixtisaslaşmış Lətif Qədimov, Məhiş Səfərov, Beybutəli Zeynalov, İsgəndər Sultanov, Rzaqulu Həsənov, Zeynalabdin Hüseynbəyov, Əliyar bəy Əmircanov... 1937-ci ilin repressiyalarından qurtula bilməmişdilər. Bu gənclərin hamısı əsl ziyalı idi. Xalqını, Vətənini, işini ürəkdən sevirdi.

...Adlar, həyat səhifələri vərəqləndikcə bitmir. Özümüz də fərqindəyik ki, bir məqalə çərçivəsində 100 şəxsin hamısını əhatə etmək mümkün olmayacaq. Çünki adlar qədər yaşanan ağrı-acılar, puç olan ömürlər də fərqlidir. Amma bu insanları birləşdirən tale, istintaq sənədlərində əksini tapan əsas günah eynidir: Cümhuriyyət tələbəsi olmaq...