Palitra. - 2018.- 26 may. - ¹ 94. - S. 10.

 

“Xalq Cümhuriyyəti nəsillərin yaddaşında tariximizin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq”

 

Aysel İbrahimova,

ADPU-nun əməkdaşı

 

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan tarixin müxtəlif vaxtlarında ayrı-ayrı dövlətlərin işğallarına məruz qalsa da, dövlət müstəqilliyi təhlükə altına düşmüş olsa da, millətin müstəqillik, azadlıq ruhu boğula bilməmiş, sonda dövlət müstəqilliyi əldə olunmuşdur.

Belə bir siyasi şərait XX əsrin əvvəllərində yenidən yarandı. Rusiya imperiyanın dağılması ilə milli ucqarlarda, o cümlədən Azərbaycanda da azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqilliyi Tiflis şəhərində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim mədəniyyət mərkəzi olan Gəncə şəhəri olmuşdu. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyənnaməsi”ni qəbul etdi. Milli Şuranın 24 səslə qəbul etdiyi qərar və 6 bənddən ibarət olan “İstiqlal bəyannaməsi” və yaxud “Misaqi-milli” (Əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk konstitusiya aktı - “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yaradıldığı bəyan edilmişdir. “İstiqlal bəyannaməsi” bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verib. Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Məmməd Əmin Rəsulzadə demişdir: "Azadlıq və istiqlaliyyət əsas süngülər ilə yox, ədəbiyyat və incəsənət vasitəsilə əldə olunur". Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 ay ərzində qəbul etdiyi qərarların böyük əksəriyyəti də elə demokratiyanın, elmin və mədəniyyətin inkişaf etdirilməsi ilə bağlı olmuşdur. Cümhuriyyətin ilk hökumət kabinetində Xalq Maarif Nazirliyi təsis edilmişdi və ilk xalq maarif naziri Nəsib bəy Yusifbəyli idi. İlk addımlarını atan gənc dövlətə yüksəkixtisaslı kadrlar lazım idi. Bu məqsədlə 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti dörd fakültədən (Tarix-filologiya, Fizika-riyaziyyat, Hüquq və Tibb) ibarət Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Noyabrın 15-də isə universitetin auditoriyalarında ilk mühazirələr başlandı. Parlament universitetin açılması ilə yanaşı, 1919/20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 azərbaycanlı gənci xaricə göndərdi.

AXC hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini dövlət dili elan etdi. Bu sənəd Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə bölünməsindən sonra ana dilinin işlənməsinə dair ilk rəsmi sənəd idi. Hökumətin 28 avqust tarixli başqa bir qərarında isə deyilirdi ki, bütün ibtidai siniflərdə təhsil icbari olaraq ana dilində aparılmalıdır.

Azərbaycan hökuməti öz fəaliyyəti dövründə mətbuatın inkişafına da xüsusi diqqət verirdi. 1919-20-ci illərdə Bakı, Gəncə və digər şəhərlərdə bir çox qəzet və jurnallar nəşr olunurdu. Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi Azərbaycan və rus dillərində “Azərbaycan” qəzeti nəşr olunurdu. Qəzet əvvəlcə Gəncədə, 1918-ci ilin 15 sentyabrında Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra isə paytaxtda çap edilirdi. Qəzetin Azərbaycan variantının redaktoru Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, rusca nəşrin redaktoru isə Şəfi bəy Rüstəmbəyli idi. “Azərbaycan” qəzeti ilə bərabər, «İstiqlal», «Açıq söz» və b. qəzetlər nəşr olunurdu.

Azərbaycan hökuməti və parlamenti mətbuat və nəşriyyat işinin dövrün tələblərinə uyğun qurulması üçün bir sıra qərarlar qəbul etmişdi. Məsələn, parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarında mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılmasının, çap məhsulunun nəşrinin və satılmasının azad olduğu bildirilirdi. Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi. İki il ərzində Azərbaycan türkcəsində, rus, gürcü, yəhudi, polyak, fars dillərində təxminən 100 adda qəzet və jurnal çıxmışdır. "Molla Nəsrəddin", "İstiqlal", "Azərbaycan", "Açıq söz", "İqbal", "Dirilik", "Təkamül", "Mədəniyyət", "Qurtuluş" kimi mətbu orqanlar milli ideyaların carçısı idi. Bütün bu inkişaf o dövrdə Azərbaycanda söz, mətbuat və vicdan azadlığının yüksək səviyyədə olduğunun göstəricisidir. Cümhuriyyətin əvvəlcə Ukraynada, daha sonra Türkiyədə səfiri olan Yusif Vəzir Çəmənzəminli "Bu gün yazıçıya nə gərəkdir" sualına cavabında müasir dövrümüzlə səsləşən "Dil azadlığı, qələm azadlığı" cavabını vermişdi

Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində ədəbiyyat, teatr və musiqi, təsviri sənət və memarlıq sahələrində bir canlanma yarandı. Professional teatrımızın tarixi 1873-cü ildən başlasa da, yalnız cümhuriyyət dövründə dövlət teatrı statusu aldı. Xalqın milli-mənlik şüurunun formalaşmasında teatrın rolunu qiymətləndirən Azərbaycan hökuməti «Mailov Qardaşlarının Teatrı»nı Maarif Nazirliyinin tabeliyinə vermişdi. Ceyhun və Üzeyir Hacıbəyli qardaşları tərəfindən Bakıda teatr truppası yaradılmışdı. Truppada Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev kimi böyük sənətkarlar çalışırdılar. Bakıda Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamışdı. O dövrdə teatr tamaşaçılar qarşısına zəngin repertuarla çıxırdı. Teatrda oynanılan əsərlərin çoxu xalqın qəhrəmanlıqla dolu keçmişini, türk dünyasının əzəmətini əks etdirirdi. C.Cabbarlının «Bakı müharibəsi», «Yulduz, yaxud Trablis müharibəsi» kimi tarixi əsərlərlə yanaşı, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər Cabbarlının əsərləri, həmçinin dünya klassiklərinin əsərləri də tamaşaya qoyulmuşdu.

Azərbaycan professional musiqisinin təməlini qoyan, "Leyli və Məcnun" operasının, sonralar da bir sıra dəyərli opera və musiqili komediyaların müəllifi olmuş Üzeyir Hacıbəyli həmin illərdə "Dağıstan", tərəkəməsayağı "Azərbaycan" adlı xoreoqrafik əsərlərini yaratmışdır. 1918-20-ci illərdə Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun», «Arşın mal alan», Əbdürrəhimbəy Haqverdiyevin «Bəxtsiz cavan», Namiq Kamalın «Akif bəy» yaxud «Namus» əsərləri də teatrlarda oynanılmışdı.

Üzeyir Hacıbəyli Cümhuriyyət şairi Əhməd Cavadın qələmə aldığı "Azərbaycan" marşına musiqi bəstələmişdir. Vətənpərvərlik hislərinin, mütərəqqi ideyaların, milli qürurun tərənnümü olan bu marş 1992-ci il 27 may tarixli fərmanla Azərbaycan Respublikasının Dövlət himni kimi qəbul edildi. Həmin dövrdə yaşayıb yaradan böyük bəstəkarımız Müslüm Maqomayevin 1916-cı ildə yazdığı "Şah İsmayıl" operası məhz Cümhuriyyət dövründə böyük uğurla səhnələşdirildi.

Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğundakı mühüm addımlarından biri də Dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizguşəli ulduz olan al bayraq barədə qərar qəbul edilmişdi. Noyabrın 9-da isə həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üçrəngli (mavi, yaşıl və qırmızı) bayraqla əvəz olunmuşdu. Görkəmli Azərbaycan yazıçısı C.Cabbarlı hələ o zaman yazdığı «Azərbaycan bayrağına» şeirində Cümhuriyyət bayrağının mənasını belə tərənnüm etmişdi.

Bu ay, ulduz boyaların qurultayı, nə demək

Bizcə böylə söyləmək

Bu göy boya moğoldan qalmış bir türk nişanı

Bir türk oğlu olmalı

Yaşıl boya islamlığın sarsılmayan inamı

Ürəklərə dolmalı

Şu al boya azadlığın təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı

Səkkiz uclu şu yıldız da səkkiz hərfli od yurdu

1919-cu il 23 mart tarixli qərarı ilə hökumət Dövlət gerbi və möhürünün layihələrini yaratmaq üçün müsabiqə elan etdi. Dövlət gerbinin, orden və medalların hazırlanmasına ilk peşəkar heykəltəraş Zeynal Əlizadə cəlb olunmuşdu. Onun layihəsinə əsasən buraxılmış döş və xatirə medallarında parlamentin binası, bayraqlar, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngləri həkk edilmişdi.

Xalq Cümhuriyyəti hökuməti mövcud olduğu qısa müddətdə mədəniyyətin əsas sahəsi olan muzeylərin yaradılması istiqamətində də mühüm işlər görmüşdü. Mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan «İstiqlal» muzeyi məhz o dövrün yadigarıdır. Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyidir. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılıb və parlamentin nəzdində fəaliyyət göstərib. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamentinin Rəyasət Heyəti hesabına idi. Burada tariximizi, dinimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar, əlyazmalar toplanmışdı. Bundan başqa, 1920-ci ilin əvvəllərində Maarif Nazirliyi nəzdində Arxeologiya şöbəsi yaradılmışdı.

Azərbaycanda türk (Azərbaycan) dilində ilk böyük kitabxananın açılması da Cümhuriyyət dövrünə təsadüf edir. Kitabxanaların şəbəkəsi artırılmışdı. 1920-ci ildə Azərbaycanda ümumi fondu 95 min nüsxə kitab olan 11 kitabxana fəaliyyət göstərirdi.

Azərbaycan hökuməti ölkədə kinematoqrafiyanın inkişafına da xüsusi diqqət verirdi. 1919-cu ildə Bakıda 16 kinomatoqraf fəaliyyət göstərirdi. 1919-cu ildə ilk rəssamlıq studiyası yaradıldı. Studiyanın üzvü Bəhruz Kəngərli öz tablolarında, əsasən, erməni təcavüzü zamanı yurd-yuvalarından qaçqın düşmüş qadın və uşaqların ağır vəziyyətini təsvir edirdi. O, qaçqınlar mövzusuna aid böyük rəsm qalereyası yaratmışdı.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə mədəni-maarif işinin yüksəlişinə böyük qayğı ilə yanaşılmış və bu yöndə tarixi əhəmiyyətli işlər görülmüşdür.

Sözləri şair Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyov tərəfindən yazılmış Dövlət himninin qəbul edilməsi, milli ordunun yaradılması və türk dilinin dövlət dili elan edilməsi də milli dövlət quruculuğu yolunda atılan ən əsas addım idi. AXC-nin Azərbaycan tarixində oynadığı böyük rola ən yüksək qiyməti uzun illər sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi və memarı ümummilli lider Heydər Əliyev vermişdir: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu".