Yeni Azərbaycan. - 2018.- 25 may. - ¹ 100. - S. 11.

 

Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

 

Kərimova Tamilla Hüseynbala qızı,

Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu

 

Azərbaycanın siyasi və dövlətçilik tarixinin mühüm səhifələrindən birini Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması və fəaliyyəti təşkil edir. Bu tarixi reallıq Azərbaycanın zəngin dövlətçilik ənənələrinə malik olduğunu göstərməklə yanaşı, xalqımızın Şərqdə ilk demokratik respublika və Türk dünyasında ilk dünyəvi dövlət qurması gerçəkliyini ifadə edir. Bu həm də o deməkdir ki, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən qoyulmuşdur. AXC-nin yaradılması xalqımızın milli kimliyinin, hansı ideyalarla yaşamasının son dərəcə parlaq təcəssümü idi. Bu ideyalar, demokratik prinsiplərə sadiqlik, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunması məqsədləri 1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən Azərbaycan Milli Şurasının tarixi iclasında qəbul edilən İstiqlal Bəyannaməsində də aydın şəkildə əksini tapmışdır. Sənəddə göstərilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, təbəqəsindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

AXC qısa müddətdə genişmiqyaslı islahatlar həyata keçirdi və demokratik idarəetmə sistemi formalaşdırdı

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, dövlətçilik baxımından bu qısa müddət ərzində genişmiqyaslı demokratik islahatlar həyata keçirdi, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul etdi. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldıraraq demokratik idarəetmə sistemi formalaşdırdı. Şübhəsiz, Cümhuriyyətin demokratik ənənələrindən bəhs edərkən 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamentinin fəaliyyətini mütləq qeyd etməliyik. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşdırılması, siyasi və iqtisadi inkişafın təmin olunmasına xidmət etdi.

Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması, ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının qəbul edilməsi, mətbuat sahəsində senzuranın ləğv olunması və bu kimi digər tarixi əhəmiyyətə malik olan islahatların aparılması milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə müstəsna töhfələr verdi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etmişdir. AXC bu inqilabi qərarı verərkən Qərbdə bir çox dövlətlər qadınların ən adi hüquqlarını belə məhdudlaşdırmaq yolunu tutmuşdular.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirmişdir. O dövrdə yürüdülən xarici siyasətin ən önəmli uğurlarından biri kimi, Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması Cümhuriyyətin dünya ictimaiyyəti tərəfindən de-fakto tanınması anlamına gəlirdi. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti bütün digər sahələrdə olduğu kimi, iqtisadi sferanı da əhatə edən çoxsaylı qərarlar qəbul etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyət göstərdiyi müddət ərzində maliyyə, vergi, bank sahələrini əhatə edən 82-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi. Bu dövrdə qəbul olunan ən mühüm qərarlardan biri də milli pul vahidinin buraxılması idi. Şübhəsiz, müstəqil dövlətin atributu olaraq, milli pul vahidinin buraxılması çox mühüm bir məsələ kimi qiymətləndirilməlidir. Bunun ardınca, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı və bu da pul maliyyə sisteminin daha da inkişaf etdirilməsinə mühüm töhfə verdi. Bundan başqa, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qısa müddətdə ölkənin neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi. Enerji və nəqliyyat sisteminin rentabelli fəaliyyətinin təmin olunması isə son nəticədə ölkənin büdcə gəlirlərinin artmasına və iqtisadi imkanların əsaslı dərəcədə genişlənməsinə rəvac verdi.

Əlbəttə, biz bu gün AXC-nin xalqımızın tarixi taleyində rolundan bəhs edərkən milli-mənəvi dəyərlərimizin, tarixi kimliyimizin qorunması istiqamətində görülən işlərin də müstəsna əhəmiyyətini qeyd etməliyik. Belə ki, ali qanunverici orqan tərəfindən qəbul edilən 1918-ci il 27 iyun tarixli qərara əsasən, Azərbaycan dili dövlət dili elan olunmuşdur. O dövrdə təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi olmuşdur. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. AXC parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun ölkəmizdə milli təhsil sisteminin inkişafı və vətənpərvər milli kadrların hazırlanması baxımından müstəsna rola malik olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “Dövlət dili haqqında” 1918-ci il 27 iyun tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə orqanlarında və digər qurumlarda vəzifə daşıyanların ancaq bu dili bilənlər olacağı bəyan edilmişdir.

Sadalanan bu faktlar bir daha o qənaəti ifadə edir ki, Azərbaycan Xalq Cümhuriyyəti, sadəcə, siyasi, iqtisadi sahədə mühüm islahatlar həyata keçirməmiş, milli-mənəvi dəyərlərin, xalqımızın tarixi ənənələrinin qorunması yönündə də mühüm addımlar atmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlətçilik ənənələri yaratdı

Təəssüflər olsun ki, müstəqil dövlətimizin süqutu AXC-nin başlatdığı bu geniş proseslərin yarımçıq qalmasına səbəb oldu. Azərbaycan Xalq Cümhuriyyəti sovet Rusiyasının hərbi təcavüzü - işğal faktı nəticəsində 1920-ci il aprel ayının 28-də süquta uğrasa da, tarixi əhəmiyyətə malik olan mühüm dövlətçilik ənənələri yaradaraq idarəetmə mədəniyyəti formalaşdırdı. Xalq Cümhuriyyətinin yaratdığı ənənələr xalqımızın zəngin dövlətçilik təcrübəsinin mühüm tərkib hissəsini təşkil edir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə xalqa müraciət edən Ulu öndər Heydər Əliyev Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.

Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları da dövlətçilik tariximizə verilən önəmin göstəricisidir.

Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir və Cümhuriyyətə, onun qurucularına böyük hörmət və ehtiram ifadə edən mühüm qərarlar qəbul edib. 2007-ci ildə Bakıda “İstiqlaliyyət Bəyannaməsi” abidəsinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dünya miqyasında tarixi hadisə adlandırdı. Həmin gün 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından təşkil olunan rəsmi qəbulda nitq söyləyən dövlət başçısı AXC-nin Azərbaycan tarixindəki rolunu qeyd edərək, Şərqin ilk demokratik Cümhuriyyətinə olan hörməti ifadə edərək diqqətə çatdırıb ki, Azərbaycan xalqı və Azərbaycan dövləti respublikanın fəaliyyətinə və onu yaradanların xatirəsinə çox böyük hörmətlə yanaşır.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı dövlətimizin başçısının imzaladığı Sərəncam da Cümhuriyyət tarixinə diqqət və ehtiramın bariz göstəricisidir. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətinin tarixi əhəmiyyətə malik əsasları diqqətə çatdırılıb.

Əlbəttə, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi olduqca mühüm bir tarixi hadisədir. Bu Sərəncamın imzalanması və Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə keçirilməsi Azərbaycan dövlətinin tarixinə bağlılığını və bu tarixə yüksək dəyər verdiyini göstərir. “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə mühüm tədbirlərin keçirilməsi, dövlətçilik tariximizin, xalqımızın ənənələrinin öyrənilməsi və təbliğ olunmasına, o cümlədən gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.

Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan demokratik dəyərlərə sadiqdir

Bəli, bu gün böyük qürurla deyirik ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla yaşadır və yeni çalarlarla daha da zənginləşdirir. Baxmayaraq ki, xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin süqutu ilə tarixi şərait yaranan kimi, XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurmuş, lakin çox qısa zaman sonra yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Əgər 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, müstəqil dövlətimiz əsrin əvvəllərində yaşadığı aqibətlə yenidən üz-üzə qala bilərdi. Bu gün demokratik dəyərlərə sadiq olan müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisi kimi onun demokratik ənənələrini davam etdirir. Artıq 27 ildir ki, Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyir. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırıb. Müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-hüquqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi dövlətimizin qüdrətini artırır. Azərbaycan demokratiya yolunda öz milli maraqları əsasında irəliləyir, ölkəmizin demokratik inkişafına xidmət edən islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Ən əsası, siyasi-hüquqi sistemin təkmilləşdirilməsi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurların əldə edilməsi dövlətçiliyimizin əsaslarını daha da gücləndirir. Bir sözlə, Azərbaycan həm iqtisadi, həm də demokratik inkişaf baxımından dünyaya özünəməxsus model təqdim edib. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də bu məqama toxunan dövlət başçısı bildirib ki, biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.