Kaspi. 2018. 2629 may. ¹ 94. S. 10.
Cümhuriyyət dövrünün ədəbi mühitə təsiri
Təranə Məhərrəmova
XX yüz il Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında dövlətçilik, azadlıq və tərəqqipərvər hisslərlə zəngindir. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ədəbiyyat, mədəniyyət sahəsində də özünəməxsus irəliləyişlər baş verib. Xüsusən ədəbiyyatda parlaq əksini tapan istiqlalçılıq, cümhuriyyətçilik ideyaları yazarların yaradıcılığında nəsillərin bir-birinə töhfəsinə çevrilib.
"Müzakirə”mizdə Cümhuriyyət dövrünün ədəbi mühitə necə təsir etdiyini araşdırmağa çalışdıq.
Milli istiqlal ideyalarının təşəkkülü
"Cümhuriyyət dönəmində Azərbaycan ictimai-siyasi fikrinə paralel olaraq, ədəbi-bədii düşüncə də fərqli ortamda cərəyan edir. Dövrün ictimai həyatı siyasi fikirlə yanaşı, ədəbi düşüncəni də xalqın, insanın və fərdin milli tale probleminə yönəldir” deyən professor Bədirxan Əhmədov bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bədii düşüncədə milli ruh özünün ən yüksək zirvəsinə çatır. Eyni zamanda ədəbiyyatda siyasi mövzu və problematikanın çəkisi artır: "Azərbaycan Xalq Cümhuriyyəti bir tarixi, siyasi, ideoloji fakt olaraq yalnız dövrünün tarixi şəraitinin məhsulu olmayıb, həmin illər boyu milli-siyasi, ədəbi, fəlsəfi düşüncənin nəticəsi olaraq meydana gəlib. Milli dövlətçilik ideyasının tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri məhz bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüuru, əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. İctimai-siyasi həyatla ədəbi proses eyni məcrada davam edir və bir-birinə qarşılıqlı şəkildə təsir göstərir: həyatı, ictimai-siyasi hadisələrin dərkində ədəbiyyatın rolu artır. Bədii sözün gücü artdıqca, ədəbi şəxsiyyətlər də xalq, vətən, millət və onun azadlığı ideyasına nüfuz etməyə başlayırlar”.
Professor qeyd edir ki, Cümhuriyyət dövründəki Azərbaycan ədəbiyyatını ayrıca bir mərhələ kimi götürmək mümkündür: "İki ilə yaxın bir dövrün ədəbi prosesi özündən əvvəlki və sonrakı proseslərlə bu və ya digər şəkildə əlaqədə götürmək daha doğru olardı. Bununla belə, dövrün kifayət qədər zəngin ədəbi mənzərəsinin formalaşdığını da qeyd etmək yerinə düşərdi. Lakin bu dövr çox qısa olduğu üçün bəzi yazıçı və şairlərin cümhuriyyət dövrü yaradıcılığı ilə bağlı qəti fikirlər yürütmək çətin olur”. B.Əhmədovun sözlərinə görə, ictimai-siyasi, ədəbi, mədəni fikrin formalaşmasında əsas rolu, şübhəsiz, mətbuat oynayırdı: "Bunu da qeyd etmək lazım gəlir ki, dövrün, zamanın sosial, siyasi, hərbi faktorları mətbuatda publisistikanı önə çəkdiyindən, bədii söz bir qədər arxa plana keçir. Dövlət quruculuğu prosesi mətbuat və onun vasitələri ilə ədəbiyyata da öz töhfəsini verir. "Azərbaycan", "İstiqlal", "İttihad", "El", "Doğru yol", "Millət", "Məktəb", "Türk sözü", "Bəsirət", "Açıq söz", "Övraqi nəfisə", "Qurtuluş" və s. mətbuat orqanlarında publisistlərlə yanaşı, yazıçı və şairlər də məqalələrlə çıxış edirdi. "Kommunist", "Gənc işçi", "Haqq", "Zəhmət", "Əxbar" kimi bolşevik mətbuatı da fəaliyyət göstərdiyindən, burada da bəzi ədəbi nümunələrə rast gəlmək olurdu. Dərc olunan mətbuat nümunələrinin bəziləri əvvəllər çıxmağa başlamış, bəzilərinin isə nəşr tarixi elə Cümhuriyyətin ömrü qədər olmuşdur”. B,Əhmədov qeyd edir ki, S.Ağamalıoğlu, Ü.Şərifov, Ə.Nəcəfzadə, M.B.Məmmədzadənin məqalələri teztez nəşr edilirdi. M.Ə.Rəsulzadə, Ə.Cavad, Ü.Hacıbəyli, Ə.Müznib, C.Hacıbəyli, M.Hadi, Ö.F.Nemanzadə, H.Qasımov, F.Ağazadə, B.Seyidzadə, A.Ziyadxanov, Y.V.Çəmənzəminli, A.Şaiq, C.Cabbarlı, Əliyusif, Gəncəli Davudun publisist və bədii əsərlərində milli düşüncə və atributlar təbliğ edilir, tərənnüm olunurdu. Türk şairləri Məmməd Əmin Yurdaqul, Əli Kami, Tofiq Fikrət, Arif Ürfan, Rövşən Əşrəf bəy, İbrahim Şakir və başqalarının dövri mətbuatda dərc olunan əsərlərində türkçülük, milli vətənpərvərlik hissləri aşılanırdı: "Siyasi həyatda olduğu kimi, ədəbi prosesdə də cəbhələşmə yaranmaqda idi. Mətbuat ətrafında cəmləşən Azərbaycan yazıçı və şairləri bu dəfə mühiti, yaratdıqları ədəbi cəmiyyətlərlə canlı edirlər. Milli düşüncəli yazarlar bir qədər əvvəl fəaliyyətə başlayan "Ədəb yurdu", "Yaşıl qələm", "Türk ocağı" dərnəklərində fəaliyyət göstərirdi. İdeya etibarilə Rusiyadan qidalanan və bolşeviklərin rəhbərliyi altında milli düşüncəyə alternativ yaranan "Qırmızı qələm" (1919) cəmiyyəti də ədəbiyyatdan siyasi məqsədlər üçün istifadə səbəbilə yaradılmışdı. AXC-nin varlığı ictimai, siyasi həyatı canlandırdığı kimi, mədəni həyata da öz təsirini göstərirdi. Məktəblərin milliləşdirilməsi ilə əlaqədar olaraq elmi, ədəbi kitablara ehtiyac daha da artırdı. Bütün bunlar ziyalıları bir ideya, bu ideyanı həyata keçirən təşkilat ətrafında toplaşmanı zəruri edirdi. Belə bir təşkilat isə "Türk ocağı” olur. AXC dövründə yaranan bu cəmiyyətin fəaliyyəti milli şüurun, dövlətçilik və istiqlalçılığın formalaşmasında əhəmiyyətli rol oynayır”. Ədəbiyyatşünas alim bildirir ki, Azərbaycan yazarlarının bir çoxu Cümhuriyyətin qurulması prosesində yalnız əsərləri ilə deyil, şəxsi fəaliyyətləri ilə də yaxından iştirak ediblər: "Ə.Cavad 1914cü ildən sonra ədəbi yaradıcılıqla yanaşı, ictimai işlərdə, xeyriyyə cəmiyyətinin tədbirlərində fəal iştirak edirdi. Cümhuriyyət dövründə isə onun fəallığı daha da artır, "Müsavat" üzvü kimi Məclisiməbusanın iclaslarında olur, milli, vətənpərvərlik ruhunda əsərlər yazır və türk ordusuna şeirlər həsr edirdi. A.Şaiq "Müsavat" himninin müəllifi və istiqlal yönümlü olmaqla bir çox şeirlər yazır. M.Hadi şəxsiyyət etibarilə tam azad olduğundan və cəmiyyət hadisələrinə münasibətdə pessimizmi hələ də davam edirdi. Gənc C.Cabbarlı, Umgülsüm, Əmin Abid milli ruhlu əsərləri ədəbi prosesə canlılıq gətirirdi. Y.V.Çəmənzəminli Cümhuriyyətin qurulması prosesində Ukraynada Azərbaycan nümayəndəsi, İstanbulda konsul qismində fəaliyyət göstərirdi. Tənqidçi Seyid Hüseyn cümhuriyyətçi yazarlardan hesab olunurdu. Cümhuriyyət dönəmində H.Cavid Naxçıvanda, C.Məmmədquluzadə isə Kəhrizlidə və Şuşada siyasi mühitdən kənarda yaşayırdı. Ə.Haqverdiyev isə Borçalıda və Dağıstanda rəsmi vəzifə diplomatik missiya daşıyırdı. Bir müddət Təftiş İcraiyyə Komitəsinə üzv olan yazıçı bir il sonra Gürcüstan parlamentinin üzvü olmuşdur. Daha sonra isə AXC hökuməti onu Dağıstana nümayəndə göndərib. A.Divanbəyoğlu gah müəllim işləyir, gah da Daxili İşlər Nazirliyində tərcüməçi vəzifəsində çalışırdı. H.K.Sanılı sosialist siyasi mövqeyi ilə seçilirdi. T.Ş.Simürğ, B.Talıblı kommunist dünyagörüşləri ilə partiyanın işində yaxından iştirak edirdi. N.Nərimanov isə siyasi fəaliyyətlə məşğul olurdu. Ümumiyyətlə, bədii ədəbiyyatın yeni quruluşu tərənnüm etməsi, xalqa, millətə, vətənə, bayrağa, Azərbaycan ordusuna sevgi yaratması başlıca məsələlərdən hesab olunurdu”.
Professor qeyd etdi ki, Cümhuriyyət dövrü ədəbi prosesində türk şairləri də yaxından iştirak edirdi: "Artıq bir neçə il idi Namik Kamal, Tofik Fikrət, Məmməd Əmin Yurdaqul, Arif Ürfan Qaraosman, Rövşən Əşrəf, Feyzulla Sacid və başqalarının şeirləri Azərbaycan ədəbi prosesində dövriyyədə olmaqla yanaşı, istiqamətverici, yönləndirici işlər də görürdü. Gənc Azərbaycan şairləri klassik şeirin təsirindən qurtularaq türk şeirinin ritmi, havası üstünə köklənirdi. Əgər belə demək mümkündürsə, türkçülük, turançılıq ideologiyası bir nəzəri fikir, düşüncə olaraq Azərbaycan ictimai fikrindən Türkiyəyə ixrac olunurdusa, qarşılığında həmin ideyalar poetik şəkildə geriyə idxal edilirdi”.
Professor qeyd etdi ki, Cümhuriyyət dövrünün ədəbi düşüncəsində poeziya aparıcı mövqe tutsa da, dramaturgiya və nəsr ona nisbətən zəif inkişaf edib: "Bunun əsas səbəbi isə poeziyanın kiçik formalardan ibarət olmaqla, mövcud hadisələrə adekvat cavab verməsi olmuşdur. Dramaturgiya və nəsrdə isə bəzi nümunələri çıxmaq şərtilə bu adekvatlığı görmək mümkün deyil. Əksinə, dramaturgiya bəşəri mövzu və problematikaya toxunduğu kimi, sənətkarlıq baxımından da özünəməxsus olub ədəbi prosesi canlandırmışdır”.
Azərbaycan Cümhuriyyətinin hüquqi varisi
Professor Alxan Bayramoğlu hesab edir ki, Cümhuriyyət dövrü ədəbiyyata yeni mövzular gətirməklə yanaşı, həmçinin ədəbiyyat üçün istiqlal düşüncəsini hazırladı: "Cümhuriyyət dövrü milli mənlik şüurunun formalaşmasında xüsusi rol oynadı. Milli istiqlalın əldə olunması üçün milləti hazırladı. Xalqın özünə tanıdılması, onda maarifçilik şüuru ilə yanaşı müstəqillik, istiqlal şüurunu, siyasi şüurun yaradılmasına şərait yaratdı. 19cu əsrin sonuna doğru maarifçilik düşüncəsi hakim idisə, 20ci əsrin əvvəllərində siyasi şüur, siyasi müstəqillik təbliğ olunurdu”. A.Bayramoğlunun sözlərinə görə, müstəqillik dövründə həm qazanılanların qorunması, həm qiymətləndirilməsi, həm də inkişaf etdirilməsi istiqamətində təbliğat aparılır, mövzular yazılırdı. Belə ki, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Əli Yusif, Abdulla Şaiq, Umgülsüm və b. şairlərin şeirlərini misal göstərmək olar: "Eyni zamanda, Qafqaz türk ordusu ilə Azərbaycana gələn şairlərin əsərlərində həm vətənpərvərlik əhvalruhiyyəsi, həm cümhuriyyətçilik və istiqlalçılıq ideyaları təbliğ və tərənnüm olunur, həm də xalqın inamını özünə qaytarırdı. Mart soyqırımından sonra xalq təqib və təzyiqlərdən cana gəlmiş və bir qədər bədbinləşmişdi. İstiqlala inamın, işıqlı sabaha etibarın yaradılması uğrunda çalışırdılar. Eyni zamanda Cəfər Cabbarlı, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə kimi şair və dramaturqlar əsərlərində vətənpərvərlik, xarici işğalçılara qarşı mübarizə, gələcəyə inamı tərənnüm edirdilər. Ümumiyyətlə, günün bütün sosialmədəni həyatı, qadınların ictimai həyata qoşulması kimi məsələlər də ədəbiyyatda öz əksini tapırdı”. Professor qeyd edir ki, sonrakı mərhələdə Azərbaycan sovetlər tərəfindən işğal olunandan sonra, 20ci illərin axırı 30cu illərin əvvəllərində istiqlalçı fikirlər təqib edilməyə, bu ideyaların qarşısına sədd qoyulmağa başlandı: "İstiqlalçı fikirlərin daşıyıcıları olan adamlar repressiyaya məruz qaldılar. Məşhur repressiya dalğası xalqın başının üstünü aldı. İstiqlal düşüncəsinin daşıyıcılarını yavaşyavaş sıradan çıxartdılar. Ancaq istiqlalçılıq fikrini xalqın şüurundan ata bilmədilər. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini Cümhuriyyətin varisi kimi bərpa etdi”. Bu hərəkatda cümhuriyyətçilik, istiqlalçılıq ideyaları böyük rol oynadı. Ona görə də ölkə prezidenti İlham Əliyev Azərbaycan Cümhuriyyətinin 100 illiyi, eyni zamanda 2018ci ilin Cümhuriyyət İli elan olunması ilə bağlı sərəncam imzaladı. Bu da onu göstərir ki, biz həqiqətən də Azərbaycan Cümhuriyyətinin hüquqi varisiyik”.