Hərbi and. - 2018.- 25 may. - ¹ 20. - S. 12.

 

Xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifəsi

 

“Mən bu gün qürurla deyirəm ki, biz Azərbaycan Xalq

Cümhuriyyətinin sədaqətli və layiqli varisiyik. Varislik həmişə

böyük məsuliyyət demək olmuşdur... Biz tarixdən ibrət götürməliyik”

 

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

 

Lətifə Məmmədova

 

(əvvəli ötən sayda)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Ölkə başçısının 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir. Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq respublikamızın hər bir guşəsində və onun hüdudlarından kənarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan silsilə tədbirlər keçirilir və məqalələr yayımlanır.

Ertəsi gün – mayın 26-da o vaxtadək cəmi üç ay işləmiş Zaqafqaziya Seymi özünün son iclasına toplaşdı və öz səlahiyyət müddətinin başa çatdığını elan etdi. Seymin müsəlman deputatları Azərbaycan Milli Şurasını yaratdılar. Mayın 28-də isə Azərbaycan Milli Şurası Tiflis canişininin sarayında özünün ikinci iclasına toplaşaraq uzun-uzadı çıxışlardan və müzakirələrdən sonra adbaad səsvermə nəticəsində saat 20.10-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul etdi. Milli Şura F.Xoyskini Nazirlər Şurasının sədri seçdi və ona tapşırdı ki, müvəqqəti hökumət yaratsın.

Bu tarixi iclasda H.B.Ağayev, X.Xasməmmədov, N.Yusifbəyli, M.Q.Seyidov, A.Şeyxülislamov, S.M.Qənizadə, D.Axundov və başqaları iştirak edirdilər. O vaxt Batum konfransında olan M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçildi.

Cümhuriyyətin elan edilməsi Azərbaycan xalqının həyatında çox böyük bir hadisə, milli siyasi qüvvələrin fəaliyyətinin zirvəsi oldu. "XX əsrin əvvəlində... xalqımız milli azadlığını bəyan etdi, öz milli dövlətini yaratmağa başladı".

Şərqdə ilk demokratik dövlət olan AXC-nin yaradılması Azərbaycanda fəaliyyət göstərən azsaylı, lakin demokratik sistemlərin və parlamentarizmin formalaşması Qərbdə və Rusiyada toplanmış bütün nəzəri və əməli təcrübəni özündə cəmləşdirən mütərəqqi təfəkkürlü, "...öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş..." Məhz ziyalılar bütün xalqı dövlətçiliyin sivil inkişaf zirvələrinə çatdırmaqdan ibarət müqəddəs bir missiyanı öz üzərinə götürmüşdü. "Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Xalq Cümhuriyyətini yaradanlar... Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər".

Azərbaycanda dini mənsubiyyətə görə fərq qoymadan vətəndaşların hüquq və azadlıqları təmin edilmişdir. Bu, AXC-nin baniləri tərəfindən elan edilmiş dövlətin demokratik mahiyyətini bir daha təsdiq edir. Bəli, bu, fenomenal hadisə idi. Axı, XX əsrin əvvəllərində Şərqdə yalnız monarxiya, hərbi-feodal recimləri hökm sürürdü, AXC-nin yaradıcıları isə vətəndaş razılığına və sülhə əsaslanan dövlət, əsl demokratik, dünyəvi, unitar dövlət, zorakılığdan imtina edən dövlət yaratmışdılar. "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu". Azarbaycan irəliyə doğru böyük bir addım ataraq parlament tipli demokratik respublikaya çevrildi. Bu məsələdə Azərbaycan türklərinin üzərinə böyük məsuliyyət düşürdü, çünki əhalinin əksəriyyəti məhz onlardan ibarət idi. AXC rəhbərlərinin o vaxtkı addımları ilə hazırda dünyada baş verən inteqrasiya prosesləri arasında oxşarlıq çoxdur. Azərbaycanlı demokratlar hələ o vaxt dövlət səviyyəsində "Qafqazda konfederasiya yaradılmasına" dinc Ümumqafqaz evi yaradılmasına tərəfdar çıxdıqlarını bildirirdilər.

1918-ci il mayın 28-də keçirilmiş tarixi iclasda F.Xoyskinin rəhbərliyi altında ilk Nazirlər Kabineti yaradılmışdı. 9 nazirdən ibarət olan bu hökumət 1918-ci il mayın 28-dən iyunun 17-dək fəaliyyət göstərmişdir. Hadisələr çox mürəkkəb və ziddiyyətli şəkildə inkişaf edirdi. İyunun 16-da Milli Şura və I hökumət Azərbaycanın müvəqqəti paytaxtına - Gəncəyə köçdü. Türkiyə ilə AXC arasında “Sülh və dostluq haqqında” 1918-ci il iyunun 4-də bağlanmış müqaviləyə əsasən Batuma gəlmiş Türkiyə hərbi missiyası (general Nuru Paşa, Ənvər Paşa) artıq burada idi.

Milli Şuranın 17 iyun tarixli iclasında I kabinet buraxılmış və 12 nazirdən ibarət II kabinetin heyəti yaradılmışdı (17 iyun - 7 dekabr 1918-ci il). 1918-ci ilin oktyabr ayında bu hökumətin tərkibində bəzi kadr dəyişiklikləri edilmişdi. 1918-ci il iyunun 27-də Hökumət tərəfindən "Dövlət dili haqqında" qərar qəbul edilməsi mühüm hadisə oldu. Hökumətin 24 iyun 1918-ci il tarixli qərarı ilə dövlət bayrağı - üzərində ağ rəngli aypara və ağ rəngli səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq qəbul edildi (sonradan həmin bayraq üçrəngli bayraqla əvəz edildi).

AXC-nin fəaliyyətinin Gəncə dövrü dövlətçiliyimizin yaranması və inkişafında mürəkkəb mərhələlərindən biri olmuşdu. Bakı Soveti silahlı qüvvələrinin həmlələrini dəf etmək, sonra isə Bakını azad etmək lazım idi. AXC-nin rəhbərləri, milli demokratik hərəkatın nümayəndələri "Gəncədə az bir müddətdə çox işlər görmüşlər və yalnız 1918-ci il sentyabr ayının 17-də Azərbaycanın paytaxtı Bakıya gələ bilmişlər". Beləliklə, 1918-ci ilin sentyabrında Bakıda və Bakı quberniyasında ermənilərin siyasi hökmranlıq etmək cəhdləri tam iflasa uğradı. Azərbaycan paytaxtı oyuncaq "Sentrokaspi diktaturası" hökumətindən azad edildi. İyun ayından sentyabrın 16-dək Gəncədə fəaliyyət göstərmiş hökumət və Milli Şura Bakıya köçdü.

Daşnakların və bolşeviklərin inadlı müqavimətinə baxmayaraq Azərbaycan və Türkiyə ordularının birgə səyləri sayəsində 1918-ci il sentyabrın 15-də Bakı azad edildi. Sentyabrın 23-də Azərbaycan hökuməti Bakıya köçdü. İlk vaxtlarda nazirlərin əksəriyyəti və hökumətin sədri “Metropol” otelinin otaqlarında (hazırda həmin binada Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi yerləşir) işləyirdi. Hər gün saat 12-dən 14-dək Fətəli xan 31-ci otaqda vətəndaşları qəbul edirdi.

Azərbaycan hökumətinin 9 noyabr 1918-ci il tarixli qərarına əsasən milli bayraq qəbul edildi. Bu bayrağın üç rəngi bizim türk dünyasına mənsub olmağımızı, dünyəvi, demokratik-hüquqi dövlət yaratmaq cəhdimizi və islam sivilizasiyasına aidliyimizi vurğulayırdı.

1919-cu ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan edildi. Bu məsələ hökumətdə müzakirə edilərkən müsabiqədə qalib sayılmış gerb ölkəmizin Dövlət Gerbi kimi təsdiq edildi. Son onilliklərdə ilk dəfədir ki, Azərbaycanda ölkənin dövlət atributlarına, dövlət rəmzlərinin əhali arasında, böyəməkdə olan nəsil arasında geniş təbliğinə böyük əhəmiyyət verilir. Bu, nəsillərin varisliyini təsdiq edən daha bir sübutdur.

Azərbaycan hökuməti Bakıya köçəndən sonra vaxtilə hələ Bakı Xalq Komissarları Şurası (Bakı kommunası) və Bakı Soveti tərəfindən fəaliyyətləri qadağan edilmiş milli-siyasi və ictimai təşkilatların demək olar ki, hamısının fəaliyyətini bərpa etdi.

1918-ci il noyabrın 12-də hökumətin mətbu orqanı olan "Azərbaycan" qəzetində dərc edilmiş məlumatda bildirilirdi ki, hökumət əhalinin bütün təbəqələrinin və milli azlıqların nümayəndələrindən təşkil olunmuş, "bütün xalqın iradəsinin ifadəçisi ola biləcək" parlament çağırılması barədə qərar qəbul etmişdir. 1918-ci il noyabrın 19-da Azərbaycan Milli Şurası parlamentin yaradılması barədə qanunu təsdiq etdi. Bu hadisə hökumətin nəcib niyyətini əyani şəkildə sübut edirdi. Qərarda göstərilirdi ki, qanunverici orqan olan parlament ölkənin bütün əhalisini təmsil etməli və xalqın iradəsini ifadə etməlidir. Azərbaycan Milli Şurası başqa milli şuralarla, siyasi partiyalarla, ictimai təşkilatlarla danışıqlar aparır, müstəsna təmkin, yüksək siyasi mədəniyyət və kompromisə cəhd etdiyini göstərirdi. Bütün bunlar Azərbaycan milli demokratik hərəkatının liderlərinin əsl demokratik və planetar miqyaslı təfəkkürünü, onların demokratiya ideallarına və ümumbəşəri dəyərlərə həqiqətən sadiq olmalarına dəlalət edirdi.

"Yaxşı siyasət, yaxşı əxlaqdan fərqlənmir" dünya qədər qədim tarixə malik olan bu kəlam Azərbaycan ziyalılarının, AXC liderlərinin və onun banilərinin fəaliyyət prinsipinə çevrildi. Ötən zaman bu insanların əsas tutduqları ideyaların, fikirlərin, onların qəbul etdikləri qərar və təşəbbüslərin düzgün və həyat qabiliyyətli olduğunu təsdiq edir. XXI əsrin astanasında bəşəriyyətin qlobal problemlərinin həlli mənəvi və ümumbəşəri dəyərlərdən ayrılmazdır. Bu gün bütün ictimai-siyasi həyatın humanistləşməsi bəşəriyyətin əlifbasına çevrilmişdir. Hələ XX yüzilliyin başlanğıcında Azərbaycan demokratiyasının əsasını qoyanlar insan hüquqlarına hörmət prinsipinin, dövlətlər arasında bərabərhüquqlu və qarşılıqlı sərfəli münasibətlərə riayət etməyin zəruriliyini, zor işlətməyin yolverilməzliyini, dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinin əhəmiyyətini başa düşür və bu prinsiplərə əməl edirdilər. Bu ideya və niyyətlərin həyat qabiliyyətli olması XXI əsrin astanasında bir daha əyani şəkildə təsdiq edilir.

AXC parlamenti demokratizm, xalq hakimiyyəti pirinsiplərinin hökm sürdüyü bir tribuna oldu. Azərbaycan tarixində ilk parlamentin iclası 1918-ci il dekabrın 7-də Bakıda açıldı. O vaxt respublikanın İstanbuldakı səlahiyyətli nümayəndəsi olan Əlimərdan bəy Topçubaşov yekdilliklə parlamentin sədri, uzun müddət Azərbaycan parlamentinin faktiki rəhbəri olmuş Həsən bəy Ağayev isə həmsədr seçildi.

AXC parlamenti iclasının açılışı Azərbaycanın müstəqilliyi tarixində ən böyük hadisə oldu. Parlamentin ilk iclasında M.Ə.Rəsulzadədən sonra çıxış edən F.Xoyski deputatlara müraciətlə demişdi: “Azərbaycan parlamentinin möhtəşəm üzvləri! Bu gün o qədər böyük, əziz və təntənəli bir gündür ki, biz azərbaycanlılar bunu xəyalımıza gətirə bilməzdik. Bu gün – biz milli suverenlik qazandığımız gün hökumət məni müvəkkil edib ki, bu bayram münasibətilə sizin hamınızı təbrik edim. Sizə hesabat verməli olan hökumət özünün fəaliyyəti və onun hansı şəraitdə işləməsi barədə sizə məlumat verməyə borcludur”.

Hökumətin başçısı parlamentin iclaslarında müntəzəm olaraq çıxış edir, ən mühüm qanunların qəbul edilməsinə nail olurdu. Dekabrın 26-da söylədiyi nitqində F.Xoyski qeyd edirdi ki, “biz nə qədər sülhsevər adamlar olsaq da, dövlət öz hüquq və mənafelərini müdafiə etmək üçün silahlı qüvvəyə, orduya arxalanmalıdır”. Fətəli xanın tələbi ilə parlament 1919-cu ildə hərbi nazirliyin ehtiyacları üçün büdcədən 400 milyon manata yaxın vəsait ayırmışdı ki, bu da dövlət büdcəsinin təqribən altıda bir hissəsinə bərabər idi.

Antanta İttifaqının üzvü olan ölkələrin Bakıdakı hərbi nümayəndəsi general Tomson özünün 2 dekabr 1918-ci il tarixli bəyanatında belə bir məqamı xüsusi vurğulamışdı ki, “F.Xoyskinin rəhbərliyi altında yaradılmış koalisiya hökuməti Azərbaycanda yeganə qanuni hökumətdir”. Fətəli xanı “Bakıda ən qabiliyyətli adamlardan biri” kimi səciyyələndirən general Tomson baş nazirə dərin hörmət bəslədiyini bildirmişdi. Doğurdan da F.Xoyski Azərbaycan hökuməti üçün ən mürəkkəb və onun fəaliyyətinin ən çətin dövründə bu hökumətə rəhbərlik etmişdi.

1920-ci il üçün Ünvan-təqvimdə dərc edilən məlumata görə Azərbaycan parlamentinin 96 üzvü vardır, 11 fraksiyadan ibarət olan parlamentdə Azərbaycanda yaşayan bütün millətlər təmsil edilmişdi. Lap əvvəldən parlamentin işini sabotac edən erməni siyasi təşkilatları parlamentin fəaliyyətini çox diqqətlə izləyir və bildirirdilər, "ermənilər heç vaxt müsəlman əhalisinin arzu və amallarını həyata keçirən parlamentin üzvü olmayacaqlar". Lakin 1919-cu il yanvarın axırlarında - fevralda erməni siyasi partiyaları və ictimai təşkilatları öz taktikalarını kökündən dəyişərək Azərbaycanın daxilində İrəvan intriqabazlarının mənafelərini daha tam təmin etməyə çalışaraq AXC-nin dövlət və siyasi strukturlarına soxulurlar.

Erməni deputatlar Azərbaycan parlamentində ilk dəfə 1919-cu il fevralın 18-də peyda oldular. Parlament sədrinin müavini Həsən bəy Ağayev onları rəsmən parlamentə təqdim etdi. Erməni deputatların hamısı nümayişkaranə şəkildə iclas zalının sol tərəfindəki oturacaqlarda əyləşdilər. Görünür, onların bu hərəkəti ermənilərin ifrat millətçi ideyalara sadiq qalacaqlarını göstərirdi.

Parlament respublikanın ali qanunverici orqanı oldu. Kabinetin yaradılması barədə AXC hökuməti başçısının məruzələri parlamentin iclaslarında dinlənilir, ən mühüm sənədlər, qanunlar, normativ aktlar, müraciətlər və hökumətin tərkibi bu iclaslarda təsdiq edilirdi.

Parlament və Hökumət hərbi nazirliyin ehtiyaclarına çox həssas yanaşırdı. Parlamentin fəaliyyətinin 7 dekabr 1918-ci ildən 27 aprel 1920-ci ilədək olan dövründə onun iclaslarında hərbi nazirlik tərəfindən təqdim edilmiş, respublikada hərbi quruculuğun müxtəlif cəhətləri ilə bağlı 9 qanun layihəsi müzakirə edilmişdi.

AXC çox mürəkkəb tarixi və geosiyasi şəraitdə yaşayır və işləyirdi. "Azərbaycan bu coğrafi-strateci əhəmiyyətinə, təbii sərvətlərinə, xüsusən neft yataqlarına görə dünyanın bir çox dövlətlərinin marağını cəlb etmişdi. Azərbaycanı əhatə edən, Azərbaycanın daxilində olan, ayrı-ayrı millətlərə mənsub qüvvələr də ölkəmizin müstəqil olmasını heç də istəmirdilər". Gənc respublikanın suverenliyi və ərazi bütövlüyü üçün şimaldan (general Denikin) və cənub-qərbdən (daşnak Ermənistanı) real təhlükə olması Azərbaycan xalqının milli mənafelərini qorumaq üçün təsirli tədbirlər görülməsini tələb edirdi. Bununla belə, Azərbaycan Respublikasının hərbi doktrinası müdafiə xarakteri daşıyırdı. Ən məsuliyyətli bir tarixi dövrdə - 1918-1920-ci illərdə tarixi Azərbaycan ərazilərinin daşnak Ermənistan tərəfindən işğal və ilhaq edilməsinə yönəlmiş, açıq-aşkar, həyasızcasına və insana yaraşmayan işğalçılıq siyasəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda ciddi maneələrdən biri olur. Daşnakların Azərbaycana qarşı ərazi iddiaları miqyas və xarakter etibarı ilə müxtəlif olsa da bu proses bütün XX yüzillik boyu permanent şəkildə davam etmiş, "...1918, 1919, 1920-ci illərdə də Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ problemi ilə rastlaşmışdı". Ermənistan Respublikası elan ediləndən dərhal sonra - 1918-ci ilin yayında daşnak Ermənistanının təcavüzü başlandı. Ermənistanın hakim dairələri Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, Gəncə quberniyasının cənub hissəsini, Qarabağı, Zəngəzuru və Naxçıvanı bu siyahıya daxil edirdilər. "Azərbaycan ərazisinin bir qismini ələ keçirmək məqsədilə Ermənistan tərəfindən respublikamıza qarşı təcavüz başlandı”. Daşnakların lideri A.Mikoyan 1918-ci ilin noyabrında bildirdi ki, bu proqramı xaricdən gələn daşnak emissarları, eləcə də əli silah tutmağı bacaran çağırış yaşlı ermənilər həyata keçirməli idilər. Ermənilər təkidlə tələb edirdirdi ki, Qarabağın ermənilər yaşayan hissəsində hakimiyyət ermənilərin əlinə keçməlidir. Əslində isə məsələ başqa cür idi. Ermənilərin işğalçılıq niyyətləri onların uydurma "Böyük Ermənistan" adlandırdıqları geniş əraziyə şamil edilirdi. O vaxt ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq üçün çox böyük qüvvə sərf etmək lazım gəldi.

AXC hökuməti və parlamenti xarici siyasət sahəsində də müəyyən uğurlar əldə edə bilmişdi. Bu baxımdan parlamentin 27 iyun 1919-cu il tarixli fövqəladə iclası çox əlamətdardır. Həmin iclasda AXC ilə Gürcüstan Respublikası arasında həmin il iyunun 16-da Tiflisdə bağlanmış hərbi müdafiə sazişi ratifikasiya edildi. Parlament üzvləri bildirirdilər ki, bu gün Zaqafqaziya respublikalarının həyatında yeni eranın başlanğıcı olacaqdır. Onlar Zaqafqaziya demokratiyasının müstəqillik uğrunda mübarizə işində birləşməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayırdılar.

Qərbi Avropa və Amerika ölkələrində AXC-nin diplomatik missiyaları təsis edilmişdi.

1920-ci il yanvarın 11-də Paris sülh konfransında Antanta ölkələri Azərbaycanın müstəqilliyini de-fakto qəbul etdilər. Fransa, İran, Dağıstan, Gürcüstan və başqa ölkələrdə cümhuriyyətin siyasi nümayəndəlikləri fəaliyyət göstərirdi. Ölkəmiz haqqında məlumatlar ingilis, fransız, rus, alman və başqa dillərə tərcümə edilərək diplomatik kanallar vasitəsilə bütün dünyaya yayılırdı. Paris sülh konfransında Azərbaycan öz müstəqilliyinin de-fakto tanınmasına nail oldu. Azərbaycan hökumətinin bu münasibətlə hazırladığı Memorandumda deyilirdi: "Azərbaycan Respublikasının hökuməti və xalqı Azərbaycan xalqının müstəqilliyinin Avropa dövlətləri tərəfindən de-fakto tanınmasını və bununla da onun beynəlxalq birliyin üzvləri sırasına qəbul edilməsini böyük məmnuniyyət hissi ilə qarşılamışdır".

AXC-nin yeritdiyi sülhsevər xarici siyasətə baxmayaraq onu silahlı münaqişələrə cəlb etmək cəhdlərinə ara verilmirdi. Məsələn, 1920-ci il yanvarın əvvəllərində RSFSR xalq xarici işlər komissarı G.Çiçerin Fətəli xana teleqram göndərərək general A.Denikinə qarşı birgə hərbi əməliyyatlar keçirməyi təklif edirdi. Xoyskinin 19 yanvar 1920-ci il tarixli cavabında qeyd edilirdi ki, “Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəf mövqe tutur”. Lakin Rusiyanın xalq komissarı həmin il yanvarın 22-də təkrarən nota göndərərək təkidlə tələb edirdi ki, Azərbaycan hökuməti əksinqilabçı generala qarşı ümumi mübarizəyə qoşulsun.

Çiçerinin bu notası diplomatik etika normalarının açıq-aşkar və kobudcasına pozulması demək idi. F.Xoyski həmin notaya cavabında təmkinlilik göstərərək yazırdı: “Danışıqlar yalnız o halda başlana bilər ki, Sovet Rusiyası Azərbaycan Respublikasının müstəqilliyini və suverenliyini qeyd-şərtsiz qəbul etsin”.

Rusiya Fətəli xanın bu təklifinə cavab vermək əvəzinə Azərbaycanla sərhəddə öz qoşunlarını cəmləşdirdi. Bundan narahat olan F.Xoyski aprelin 15-də G.Çiçerinə aşağıdakı məzmunda teleqram göndərdi: “Rusiya silahlı qüvvələrinin Azərbaycan sərhədləri yaxınlığında, Dərbənd rayonunda cəmləşməsi müşahidə edilir. Sovet hakimiyyətinin niyyətləri Azərbaycana bəlli deyil. Buna görə də həmin rayonda qoşun cəmləşdirilməsinin səbəbləri və məqsədləri barədə bizə dərhal məlumat verməyinizi xahiş edirik”.

1919-1920-ci illərin keçidində AXC-nin vəziyyəti pisləşmişdi. Bu, bir tərəfdən Sovet Rusiyasının bu region barədə yeritdiyi siyasətdən, böyük dövlətlərin bu region uğrunda geosiyasi rəqabətindən, digər tərəfdən isə ondan irəli gəlirdi ki, "Azərbaycanın daxilində çox ziddiyyətli proseslər gedirdi. Parlamentdə ayrı-ayrı partiyalar bir-biri ilə rəqabət, hakimiyyət uğrunda mübarizə aparırdı. Şübhəsiz ki, bunlar da Xalq Cümhuriyyətinin fəaliyyətini zəiflədirdi ".

AXC parlamenti son dərəcə mürəkkəb və ziddiyyətli bir şəraitdə özünün sonuncu iclasında hakimiyyəti Azərbaycan İnqilabi Komitəsinə verərək öz fəaliyyətini dayandırdı.

1918-1920-ci illər dövründə baş vermiş ictimai-siyasi proseslərin təhlili müasir dövrümüzlə tarixi analogiya axtarmağa sövq edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə qeyd etdiyi kimi, 1991-ci ildən bəri yaşadığımız dövr müəyyən mənada 1918-1920-ci illərə bənzəyir, digər tərəfdən tarixi analogiyalar aparmaq zərurəti həm də onunla bağlıdır ki, “Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış demokratik respublikasının varisidir”.