Respublika. - 2018.- 23 may. - ¹ 114. - S. 6.
Müsəlman Şərqinin ilk demokratik və hüquqi dövləti
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş mütərəqqi ədliyyə və məhkəmə-hüquq sistemi bu gün də dinamik inkişaf edir
Azərbaycan Xalq Cümhuriyyəti - 100
Müseyib Bayramov,
Kürdəmir Rayon Məhkəməsinin sədri.
Hər bir xalqın istiqlal, azadlıq istəyi onun bu ideallara qovuşmaq əzmi ilə qərarlaşır və real məzmun kəsb etməyə başlayır. Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan olunması, yüksək sosial-mədəni səviyyəyə, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən çoxşaxəli islahatların məhz bu dövlətdə praktik həyata vəsiqə alması xalqımızın zəngin mənəvi aləmə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür.
Bu günlərdə yaranmasının 100-cü ildönümünü böyük coşqu ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk gündən müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirmişdi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik tarixinin, sosial-iqtisadi və mədəni inkişafının, habelə əsrin əvvəlində başlamış, Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi yekunu olmuşdur. Həmin dövrdə müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan xalqının gələcək yaşam fəlsəfəsinin və inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Respublikada demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququnun tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına qayğı göstərilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, milli ordunun, hüquq-mühafizə, təhlükəsizlik strukturlarının formalaşdırılması, mətbuatın inkişafı Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğunun parlaq uğurları kimi xatırlanır.
Mövcudluq tarixi ərzində son dərəcə keşməkeşli, mürəkkəb və şərəfli yol keçərək xalqa və dövlətə layiqli xidməti özünün ali məqsədi sayan milli ədliyyə orqanlarının yaranma tarixi də Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Milli hökumətə rəhbərlik edən ziyalılar hələ o dövrdə hüquqi dövlətin formalaşdırılması baxımından ədliyyə orqanlarının yaradılmasını vacib saymış, bu istiqamətdə əməli tədbirlər həyata keçirmişlər. Təsadüfi deyildir ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu bir tarixi gündə - 28 may 1918-ci ildə Ədliyyə Nazirliyi təsis edilmiş, dövrünün nüfuzlu ictimai-siyasi xadimlərindən olmuş Xəlil bəy Xasməmmədov bu vəzifəyə təyin olunmuşdur. Nazirlər Şurasının qərarı ilə 1918-ci il oktyabr ayının 1-də Bakı dairə məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, noyabrın 14-də Azərbaycan məhkəmə palatasının Əsasnaməsi, 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi və ştat cədvəli təsdiq olunmuşdur.
Cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, ADR-in yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.
Cümhuriyyətin məlum səbəblər üzündən süqutundan sonra Ədliyyə Nazirliyinin mükəmməl struktur kimi əsaslı surətdə formalaşdırılması, ədliyyə işinin təkmilləşdirilməsi, onun gələcək inkişafı üçün əlverişli şəraitin yaradılması məhz 70-ci illərə - ümummilli lider Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövrünə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaradılmışdır.
Ötən əsrin 70-80-ci illərində formalaşmış möhkəm iqtisadi-siyasi, hüquqi, mədəni-intellektual zəmin üzərində 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi siyasi böhran və məhrumiyyətlərlə üzləşmiş, hüquqi, demokratik dövlətə qovuşmaq arzusunu reallaşdıra bilməmişdir. 1993-cü ilin iyun ayınadək respublikada hərc-mərclik, xaos və anarxiya mühiti, hakimiyyət boşluğu hökm sürmüş, insanların təhlükəsiz yaşamaq kimi fundamental hüququ pozulmuşdur. Bu acınacaqlı vəziyyətin aradan qaldırılması yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.
1995-ci ildə ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş ilk milli Konstitusiya demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən ulu öndər Hüquqi İslahatlar Komissiyasına rəhbərliyi bilavasitə üzərinə götürərək bu islahatların mütəşəkkil və sürətli aparılmasını təmin etmişdir. Qısa müddət ərzində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib, əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən yeni qanun və məcəllələr qəbul edilmişdir.
Bu mərhələdən ictimai həyatın digər sahələrində olduğu kimi, ədliyyə və məhkəmə-hüquq sistemində də köklü islahatların reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyev tarixi ənənələri bərpa edərək ədliyyə orqanlarına yüksək diqqət və qayğı ilə yanaşmış, bu sahədə yeni dövrün tələblərindən irəli gələn islahatların aparılmasını təmin etmişdir. Böyük strateqin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilərək Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi tarix - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü elan olunmuşdur.
Ümumilikdə, 1993-2003-cü illərdə aparılmış islahatlar nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin, məhkəmələr üzərində prokurorluq və ədliyyə orqanlarının nəzarəti ləğv olunmuş, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır.
2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusunun 60 faizi təzələnmişdir. Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi ilə (referendum) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin bir qrupu da məhz məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olmuşdur.
Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçını yetişdirməsindədir. Ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən ulu öndərin layiqli siyasi varisi dövlət başçısı cənab İlham Əliyevin iradəsi ilə məhkəmə sisteminin modernləşməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq uğurla davam etdirilir. Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004-cü ilin dekabrında “Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanun qəbul olunmuş, “Məhkəmələr və hakimlər haqqında” qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.
Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanı mütərəqqi hüquqi islahatlar prosesində keyfiyyətcə yeni mərhələnin başlanğıcı sayıla bilər. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn bu mühüm fərman əsasında Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apelyasiya məhkəmələri, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsi, habelə Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri (hazırda inzibati-iqtisadi məhkəmələr adlanır) yaradılaraq fəaliyyətə başlamışdır.
Dövlət başçısı İlham Əliyevin 17 avqust 2006-cı il tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı isə hakimlərin sayının 157 ştat artırılmasını nəzərdə tutmaqla, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etmişdir. Bu addımlar sonrakı illərdə də davam etdirilmiş, respublika üzrə hakimlərin sayı 2 dəfədən çox artırılaraq 600 nəfər müəyyən edilmişdir. Hakimlərin seçimi prosesi Hakimlərin Seçki Komitəsi tərəfindən test üsulu ilə - tamamilə obyektiv, şəffaf və demokratik şəraitdə həyata keçirilmişdir. Son illərdə ümumilikdə 300-dən çox hakimliyə namizəd test üsulunda uğur qazanaraq bu vəzifəyə təyin olunmuşdur. Bu prosesin beynəlxalq norma və standartlara tam cavab verdiyi, ədalətli və şəffaf mexanizmlər əsasında reallaşdırıldığı Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunmuş, Azərbaycan təcrübəsi digər ölkələrə nümunə, örnək kimi göstərilmişdir.
Son 10 ildə ölkədə 20-dək yeni regional məhkəmənin yaradılması, o cümlədən apelyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətə başlaması, məhkəmə aparatı işçilərinin sayının 75 faiz artırılması, hər bir hakimə köməkçi ştatının ayrılması son illər həyata keçirilən islahatların miqyası barədə kifayət qədər real təsəvvürlər formalaşdırır. Bütün bunlarla yanaşı, məhkəmələri əhatə edən vahid internet portalının yaradılması vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsinə xidmət etməklə, onlara ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı verir.
Hakimlərin maddi təminatının yaxşılaşdırılması məsələsi də diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, bütün məhkəmə aparatlarının tərkibi yenidən müəyyən olunmuşdur. Bir müddət əvvəl hakimlərin məvaciblərinin növbəti dəfə artırılması ölkəmizdə müstəqil və şəffaf məhkəmə sisteminin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sistemi ilə yanaşı, həm də məhkəmə orqanlarının müasirləşdirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamı olmuşdur. Proqrama əsasən, 2009-2013-cü illərdə məhkəmələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar külliyatının və onların şərhinə dair vəsaitlərin hazırlanması, “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi, habelə məhkəmələrin maddi-texniki bazasının yaxşılaşdırılması və onlar üçün lazımi iş şəraitinin təmin edilməsi istiqamətində addımlar həyata keçirilmişdir.
Bundan əlavə, Dünya Bankı tərəfindən dəstəklənən “Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi” çərçivəsində Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, respublikamızın müxtəlif bölgələrində inşa olunmuşdur. Yeni inşa olunan məhkəmə binalarında müasir İKT-nin, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaratmışdır. Son illərdə Bakı şəhərinin Yasamal, Sabunçu, Nərimanov, habelə Gəncə şəhərinin Nizami, Gədəbəy, İmişli, Şəki, Qəbələ və Oğuz rayonlarında müasir məhkəmə binaları inşa edilərək istifadəyə verilmişdir.
İnsana xas ən ali duyğulardan olan humanizm hissinin cəza siyasətində öz əksini tapması vacib məsələlərdəndir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı bu baxımdan böyük tarixi-mənəvi dəyəri olan mühüm sənəddir. Bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün bir növ “strateji yol xəritəsi” rolunu oynayan sərəncam penitensiar sahənin inkişafı və cəza siyasətinin humanistləşdirilməsi baxımından bir sıra vəzifələri önə çəkir. Sərəncamla penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, müasir texnoloji vasitələrin tətbiqi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılmışdır. Yeni xidmətin yaradılmasında məqsəd cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına səmərəli nəzarətin təşkili və bu sahədə idarəetmənin təkmilləşdirilməsidir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda cəzaların icrası siyasətinin təkmilləşdirilməsində, humanizm prinsiplərinin bərqərar olmasında, insan hüquqlarının dövlət qurumları ilə yanaşı, eyni zamanda vətəndaş cəmiyyəti institutları tərəfindən də qorunmasında, bu sahədə faydalı ictimai təşəbbüslərin irəli sürülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da böyük xidmətləri vardır. İndiyə qədər Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktı layihəsi əsasında on minlərlə məhbus həyatın ən böyük nemətlərindən olan azadlığa qovuşmuşdur.
Məhkəmə və ədliyyə sistemi hər bir dövlətin, xüsusən də demokratik-hüquqi cəmiyyətin aparıcı qüvvəsi, onurğa sütunudur. Bu gün fəxrlə deyə bilərik ki, zəngin tarixi irs üzərində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan möhkəm təməllər üzərində qurulmuş və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən məhkəmə və ədliyyə sisteminə malikdir. İnanırıq ki, respublikamızın iqtisadi inkişaf tempinə adekvat olaraq bu sahədə islahatlar uğurla davam etdiriləcək, Azərbaycan inkişaf etmiş ölkələrlə rəqabətə girə biləcək modern ədliyyə və məhkəmə sisteminə malik olacaqdır.