İki sahil. - 2018.- 23 may. - ¹ 98. - S. 13.

 

Azadlıq, istiqlaliyyət hər bir xalqın tarixi haqqıdır

 

Xuraman İsmayılqızı

 

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı tarixinin müəyyən dövrlərində böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalsa da azadlıq istəkləri hər an alovlanmağa hazır sönməyən ocağı xatırladırdı. Qısa müddətdə olsa da xalqımıza istiqlaliyyətin şirinliyini bəxş edən Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin, tarixi vəzifələri çox böyük çətinliklərlə də olsa yerinə yetirməyə çalışdı. Müxtəlif ölkələrin təsiri altında fəaliyyət göstərməsinə baxmayaraq üzərlərinə düşən çətinliklərin aradan qaldırılması üçün kiçik imkanlardan belə istifadə edən, xalqı arxasınca aparmaq istəyində olan fədailərin xidmətləri sayəsində  Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət strukturları yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Mövcudluğunun ilk günlərindən insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərən AXC təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi və 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Həmin gün sədr Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirdamət Seyidov, Nəriman Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmmədyusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Gəncinski, Şəfər bəy Rüstəmbəyov, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanov və Hacı Molla Axunzadədən ibarət heyət Azərbaycan Milli Şurası haqqında sənədi bəyan etdi. Son dərəcə mürəkkəb siyasi və iqtisadi şəraitdə işləməyə məcbur olan Azərbaycan hökuməti təcavüzkar dövlətlərin əhatəsində qalmışdı. Fəaliyyətləri arxiv materiallarında da qeyd olunan Ə. Topçubaşov, M.Y. Vəzirov, M.Ə.Rəsulzadə, X Rəfibəyov, X.Sultanov, Ş.Hacınski və AXC-nin başqa nümayəndələri müstəqilliyin qorunub saxlanılması üçün əllərindən gələni etmişlər.  Mürəkkəb şəraitdə yarandığı üçün bəzi səhvlərə yol verən Cümhuriyyətin qısa müddətdə yaşamasının bir səbəbi də fraksiyaçılıq, dövlətçilik təcrübəsinin olmaması, maliyyə çətinliyi və Azərbaycan neftinə sahib olmaq maraqlarını güdən xarici ölkələrin təsir və təzyiqləri idi. O dövrdə də daşnakların soyqırımına məruz qalan, evlərindən didərgin düşmüş azərbaycanlıların problemlərini həll etmək çətin idi. İlk olaraq bəzi zəruri dövlət orqanları, təhsil ocaqları yaradılsa da ölkədə mövcud olan hərc-mərclik, maddi çətinlik nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə mane olurdu. Lakin tələbkar hökumət üzvləri qısa müddətdə müəyyən işlər görə bildilər. Stalin M. Ə. Rəsulzadədən soruşanda ki, iki ilə yaxın bir müddətdə siz xalqınız üçün nə edə bilmisiniz. M.Ə.Rəsulzadə cavabında bildirmişdir: “ Biz çox şey edə bilmədik... Lakin biz milli azadılğın nə olduğunu xalqa başa saldıq, Biz xalqa imkan yaratdıq ki, milli müstəqilliyn dadını azacıq da olsa bilsin.”

Cümhuriyyətin ilk illərində yaranan biri-birindən ağır və müşkül olan çətinliklərə baxmayaraq problemlərin aradan qaldırılmasına çalışan hökumət üzvləri dövlətin daxili və xarici siyasətini müəyyənləşdirməklə ölkədə sabitliyin yaradılmasına, başqa ölkələrdə Azərbaycanın tanınması istiqamətində önəmli addımlar atdılar. AXC daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. O dövrdə Şərqdə ilk dəfə qadınlara seçkilərdə iştirak etmə hüququ verilmişdir. 6 dekabr 1918-ci ildə keçirilən  AXC məclisi-məb?usanına ilk seçkinin ertəsi günü, Parlamentin birinci iclasında çıxış edən Baş nazir Fətəli Xan Xoyski çətinliklərdən söz açaraq bildirdi ki, daxili vəziyyətimiz isə qayət fəna idi. Müxtəlif qüvvələrə, imperiyalara xidmət edən partiyaların mövcud olduğu , hökumətdə və rəsmi dövlət orqanlarında yer almağa çalışdığı , insanların həyatının təhlükədə olduğu bir zamanda bütün istəkləri yerinə yetirmək təbii ki, mümkün deyildi. Yaranmış və bilərəkdən yaradılmış şəraitə görə dəmir yollarının tamamilə dayandığı, poçt və teleqrafın kəsildiyi, bir zamanda büdcə adında heç nəyin olmadığı bir zamanda müstəqil dövlət qurmağın necə çətin olduğunu təsəvvür belə etmək mümkün deyildi. O dövrdəki vəziyyəti əks etdirən Fətəli xan Xoyskinin “Fəqət bununla bərabər daxili işləri o qədər pərişan olan bir zamanda hökumət daxildə qanun və asayiş bərpasında aciz idi, zira nə əsgəri qüvvəmiz vardı, nə silahımız, biltəbii daxildən düzəltmək mümkün deyildi. Binaən ileh xarici bir qüvvəyə lüzum görülərək türklərə müraciət edildi. Türkiyə-Azərbaycan sülhnaməsinin bir maddəsinə görə məmləkətimizə nə vaqt lazım olsa hüququmuz müdafiəsi üçün türklər bizə bir qədər əsgər verməli idilər. Ona görədir ki, darda qaldıqda bu çarəyə təvəccül edildi, türklər iltisamlarına əməl və vəzifələrini hücn ifa etdilər. Əlbəttə, qoşunsuz, gücsüz görülməsi pək müşkül olan işlər çox çətinlik ilə, yavaş-yavaş işləniyordu” sözlərindən bəlli olurdu ki, dövlətin möhtac olduğu maliyyə adında heç nəyi yox idi. “O vaxt Azərbaycanın paytaxtı və qismi-əzəmi öz əlimizdə deyildi. Binaən ileh Azərbaycan pulu buraxmaq fikri gülünc idi. Ona görə bu məsələdə başqaları ilə sazişə ehtiyac vardı. Gürcüstan ilə şərik olaraq bon buraxmağa məcbur olduq və buraxıldı da Bə?də Bakının işğalından sonra bir qədər də Bakı bonu buraxıldı. Eyni zamanda Azərbaycan pulu kəsmək üçün özgə məmləkətlərə adam göndərildi. Şimdi pul kəsiliyor, yaxın zamanda Azərbaycan pulu çıxar” söyləyən Fətəli xan Xoyski ermənilərin Azərbaycanda törətdikləri qırğınlar barədə də açıqlama verərək bildirirdi ki, daşnaklar Bakını əlimizdən almış, məmləkətin həqiqi sahibləri olan müsəlmanlar qətlə yetirilmiş, Dağıstana, İrana, Turana dağılmışdılar. Hökumətin üzləşdiyi şəraiti təlatüm içində, qayalar arasında nazik taxta qayıqda gedən gəmiçinin vəziyyəti ilə müqayisə edən Baş nazir çıxışında bildirirdi ki, neftimizə, pambığımıza göz dikən, zəif Azərbaycanı istismar edən xaricilərin təzyiqləri müqabilində müstəqilliyimizin əbədiliyini qorumaq üçün “Azərbaycan azərbaycanlılar üçündür” sözləri hökumətin fəaliyyətinin əsas prinsipləri kimi diqqətdə saxlanılırdı. Baş nazir çıxışının sonunda deyir: “Hökumətin fəaliyyətində nə qədər qüsur və nöqsan olmuşsa da yol göstərən işıqlı yıldızı bu olmuşdur: “Millətin hüququ, istiqlalı xəbəri.”

Ulu öndər Heydər Əliyev “Biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdikləri xidmətlərə görə Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır” sözləri ilə AXC-nin qısa müddətdə həyata keçirdiyi islahatları yüksək dəyərləndirməklə, müstəqilliyimizin atributu olan gerbimizi, bayrağımızı, himnimizi bərpa etməklə də Cümhuriyyətin dövlətçilik ənənələrini yaşatdı. Cümhuriyyətin yaranması dövründə baş verən hadisələr ötən əsrin sonlarında müstəqilliyinə qovuşmuş Azərbaycandakı vəziyyətin eynisi idi. 1990-cı ildə də Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr, xarici dairələr, daxili bədxahlar tərəfindən yaradılan xaos, göstərilən təsir və təzyiqlər yenidən ölkəmizi müstəqilliyini itirmək təhlükəsi ilə üzü-üzə qoymuşdu. Qanunlar işləmir, ölkə iqtisadiyyatı böhran, tənəzzül içərisində idi. Əvvəlki müstəqillik illərində imperiyaların, İngiltərənin təsirinə məruz qalan Azərbaycan əsrin axırında həmin qüvvələrin dəstəklədiyi Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb edildi. Torpaqlarımız işğal olundu,  azərbaycanlılar qətlə yetirildi, dədə-baba yurdu olan Qərbi Azərbaycandan qovulan soydaşlarımız məhrumiyyətlər içərisində çaş-baş qalmışdılar. Əsrin əvvəllərində çar imperiyasının caynağından qurtaran Azərbaycan yüzilliyin sonunda  sovetlər birliyini tərk etsə də hələ də bolşevik istilasının əzab-əziyyətlərini çəkirdi. Cümhuriyyət dövründə də imperiyaya arxalanaraq azərbaycanlıları qətlə yetirən daşnaklar SSRİ zamanında bir ailənin üzvü olduqları, beynəlmiləlçilik süfrəsindən yararlandıqları “azərbaycanlı qardaşlarını” daha dəhşətli, misli görünməmiş qəddarlıqla öldürür, doğma torpaqlarından çıxarırdılar.

Müstəqilliyini bərpa edən Azərbaycanda baş verən qanlı-qadalı hadisələri dünya dövlətləri təbii hal kimi qarşılayır, səssizliklərini qoruyur, hətta ermənilərə dəstək olur, silah-sursatla , maddi kömək göstərirdilər. Müstəqilliyin bərpası dövründə də Azərbaycana həyan olan başda Türkiyə, Pakistan olmaqla müsəlman dövlətləri idi. Amma AXC-Müsavat iqtidarının səbatsız hakimiyyəti dövründə siyasətdə naşı olan hakimiyyətin düşünülməmiş hərəkətləri bəzi müsələman dövlətlərini də ölkəmizdən uzaqlaşdırdı. Yelkənsiz gəmi kimi okeanın fırtınası, dalğaları arasında  qalan Azərbaycanın müstəqilliyi növbəti dəfə təhlükə qarşısında idi. Ən çətin məqamda belə vəziyyətdən çıxış yolu tapan Azərbaycan xalqı bu dəfə də taleyini özü müəyyənləşdirdi. Xalqımızı milli mənlik zirvəsinə qaldıran, azadlıq və istiqlaliyyəti xalqın milli sərvəti kimi özünə qaytaran ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edən milyonlar Ümummmili Liderin simasında xilaskarını, müstəqilliyimizin əbədi qarantını özünə bələdçi seçdi. AXC dövründə nəzərdə tutulan, lakin həyata keçirilməsi mümkün olmayan islahatları reallaşdırdı, Azərbaycanın beynəlxalq aləmdə tanınması, nüfuzunun möhkəmlənməsi üçün ölkənin mükəmməl konsepsiyaya əsaslanan xarici siyasətini müəyyənləşirdi. İqtisadiyyatı daxili resurslar hesabına gücləndirdi. Qlobal enerji layihəsi olan “Əsrin müqaviləsi”ni gerçəkləşdirməklə bu gün dünyanın maraq mərkəzində olan qədim odlar diyarını enerji təhlükəsizliyinin təminatçısı kimi tanıtdırdı. Bir zamanlar xaricilərə milyonlar qazandıran neftimiz bu gün xalqa məxsusdur.

Ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənləri ittiham etdi, hadisəyə siyasi qiymət verdi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “sovet, sosialist”” sözlərini çıxardı. AXC üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı elan edildi və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsinə yol verilmədi. Bu cəsarət müstəqillik yolunda atılan addımlar idi. Digər tərəfdən, bütün bu addımlar onu göstərir ki, “Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləyən ulu öndər ulu öndər Heydər Əliyev müasir Azərbaycanın dövlət müstəqilliyinin banisidir.

Hər kəlməsi müdriklik rəmzi olan Ulu Öndərin vurğuladığı kimi, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə o zaman ən kiçik dövlət də ən böyük məmləkət qədər güclü olar. Kiçik olsa da hazırda  dünyaca şöhrət qazanan Azərbaycan xalqına əbədi müstəqilliyə qovuşmaq səadətini, gücünü xalqın xilaskarı Heydər Əliyev bağışladı. Xəritədə o qədər də böyük ərazini əhatə etməyən Azərbaycanın adı indi bu siyasət nəticəsində böyük və qüdrətli ölkələrlə eyni sırada çəkilir. “Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır” söyləyən Prezident İlham Əliyev bildirirdi ki, “İstiqlal Bəyannaməsi”ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə uculdılması onların xatirəsinə hörmət və ehtiramın ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalamaqla bu əlamətdar günə respublikada ciddi hazırlıq görülməsini ümumxalq işi elan edən Prezident İlham Əliyev milli müstəqilliyimizin tarixi nailiyyətimiz olduğunu bu sözləri ilə də təsdiqləyir: “XX əsrin əvvəlində dövlətçiliyimizin qısa tarixi olub. Həmin vaxt Azərbaycan Rusiya imperiyasının süqutu nəticəsində müstəqilliyini qazandı. Müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. İlk demokratik respublika 1918-ci ildən 1920-ci ilə qədər yaşadı. Baxmayaraq ki, bu kiçik bir dövr idi, lakin bir çox islahatları həyata keçirmək mümkün oldu. Bunlar müasir müstəqil Azərbaycanın inkişafı üçün zəmin yaratdı.”