Respublika. - 2018.- 20 may. - ¹ 112. - S. 6.

 

Azərbaycan Demokratik Respublikasına şərəflə xidmət etmiş polyaklar

 

Rövşən Ağayev

 

1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan edildi və paytaxt kimi Gəncə şəhəri seçildi. ADR Hökumətinin Bakıya köçməsindən sonra, polyak memarı Yuzef Qoslavskinin layihəsi əsasında 1899-cu ildə tikilmiş binada Azərbaycan Demokratik Respublikasının birinci Parlamenti açıldı. Parlamentin sədri isə Əlimərdan bəy Topçubaşov oldu.

Azərbaycan Demokratik Respublikasına böyük fəxrlə qulluq edənlər arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri, o cümlədən tatar əsilli polyaklar da olmuşlar. Bütövlükdə ADR-in hərbi, inzibati və digər strukturlarında müxtəlif vəzifələrdə 20-yə yaxın polyak işləmişdir. Olqred Kriçinski də onların sırasında olmuşdur. Hökumətin qərarı ilə O.Kriçinski Azərbaycanın Məhkəmə Palatasının prokuroru vəzifəsinə təsdiq olunmuş, sonra Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini təyin edilmişdir. 1920-ci ilin yazında Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz xalqlarının Tiflisdə keçirilən konfransında iştirak etmişdir. SSRİ yaradılandan sonra o, özünün tarixi vətəninə dönə bilmiş və Polşanın hüquq-mühafizə orqanlarında xidmət etmişdir. Olqred Kriçinski 2 iyun 1941-ci ildə vəfat etmişdir.

Olqred Kriçinskinin qardaşı publisist və tarixçi Leon Kriçinski ADR-in Nazirlər Sovetinin Dəftərxanasının müdiri vəzifəsində işləmişdir. 1920-ci ildə doğma vətəninə qayıtmış və Polşanın vətəndaşlığını qəbul etmişdir. 1930-cu ildə Polşa Şəqşünaslar cəmiyyətinin, 1932-ci ildə isə Polşa Diyarşünaslıq Assosiasiyasının üzvü seçilmişdir. O, 1930-cu illərdə Mərakeşə və Türkiyəyə səfər etmişdir. Polşanın Qızıl xaç və Mərakeş Krallığının Ələvit taxtının Ordeni ilə təltif olunmuşdur. 1939-cu ildə almanlar tərəfindən güllələnmişdir.

ADR-in Xarici İşlər Nazirliyinin İnformasiya bürosunda kartoqraf vəzifəsini Yelizavetpol (indiki Gəncə) şəhərində İvan İosifoviç və Ekaterina Pavlovna Kognovitskilərin ailəsində anadan olmuş və Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunun məzunu olmuş Pavel İvanoviç Kognovitski icra etmişdir. P.Kognovitski əmək fəaliyyətinə Yelizavetpolda başlamış, sonra Bakıya gəlmiş, daha sonra isə 1912-1916-cı illərdə Tiflisdə işləyərək, yenidən Bakıya qayıtmışdır. Pavel İvanoviç admiral Vladimir Berqin qızı Elza Berqlə evlənmişdir.

ADR-in Xarici İşlər Nazirliyində ümumi şöbənin müdiri vəzifəsində Meçislav Stanislavoviç Rudzinski, İnformasiya bürosunun statisti vəzifəsində isə Sankt-Peterburq Universitetinin tələbəsi Aggey Fortunatoviç Krjeçkoski və digər polyaklar işləmişlər.

Azərbaycan Parlamentində milli azlıqları təmsil edən deputatlardan Stanislav Vonsoviç Polşa milli şurasını təmsil edirdi, o, parlament sessiyalarının ən fəal üzvlərindən biri idi və Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsində fəallıq göstərirdi. Onun oğlu V.S.Vonsoviç Bakıda Polşa dövlətini təmsil edirdi və konsul funksiyasını yerinə yetirirdi. 1919-cu ilin oktyabr ayında Bakıda Polşanın konsulluq agentliyi açıldı və polşalı diplomat Stefan Rılski konsul agenti vəzifəsinin icrasına başladı.

1919-cu ilin 28 dekabr tarixində Polşanın Qafqazda diplomatik nümayəndəsi Vatslav Ostrovski Bakıya rəsmi səfər etmişdi. Vağzalda onun şərəfinə fəxri qarovul düzülmüşdü. Vatslav Ostrovski ADR-in Baş naziri Nəsib bəy Usubbəyov və xarici işlər naziri Fətəli xan Xoyski tərəfindən qəbul edilmişdi. Bu görüşlər qarşılıqlı anlaşma şəraitində keçmiş, cari beynəlxalq vəziyyət və gənc respublikaların ikitərəfli münasibətlərinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdir.

Dekabrın 30-da “Metropol” otelində (indiki Nizami adına Ədəbiyyat Muzeyi) Azərbaycan hökuməti Polşa nümayəndə heyətinin şərəfinə rəsmi qəbul təşkil etmişdi. Həmin qəbulda F.Xoyski və V.Ostrovski Azərbaycan və polyak xalqlarının və onların dövlətlərinin şərəfinə badə qaldırdılar. Bütün bu tədbirlərdə Polşa milli sovetinin üzvləri və sədri, Azərbaycan Parlamentinin üzvü Stanislav Vonsoviç, həmçinin Polşanın ADR-dəki diplomatik nümayəndəliyinin əməkdaşları fəal iştirak edirdilər.

Polşanın Azərbaycan Demokratik Respublikasındakı ilk diplomatik nümayəndəliyinin yerləşdiyi dördmərtəbəli bina XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda çoxsaylı memarlıq binalarının müəllifi olan polşalı memar İosif Ploşkonun layihəsi əsasında Birinci Dünya Müharibəsinə qədər tikilmişdir. Polis küçəsində (indiki Y.Məmmədəliyev küçəsi) inşa olunmuş bu bina yerli milli ənənələr əsasında inşa edilmişdi. Burada qeyd etmək lazımdır ki, Azərbaycan Demokratik Respublikası zamanı və onun süqutundan sonra İosif Ploşko bir müddət Bakıda yaşamış və Abşeron yarımadasında aqlomerasiya-şəhərlərin layihəsinin müzakirələrində iştirak etmişdir. O, 1925-ci ildə, Azərbaycanda təxminən 30 il yaşayandan sonra Varşavaya, sonra isə Fransaya köçmüşdür.

Polşa nümayəndə heyətinin Azərbaycan Demokratik Respublikasına axırıncı səfəri nazirin səlahiyyətli nümayəndəsi Titus Filippoviçin rəhbərliyi ilə 1920-ci ilin 24 aprel tarixində olmuşdur. Həmin dövrdə gərgin və çətin vəziyyətə baxmayaraq, nümayəndə heyətinə lazımi diqqət və qonaqpərvərlik göstərilmişdir.

1920-ci il aprelin 27-dən 28-nə keçən gecə ADR-də çevriliş oldu və bolşeviklər hakimiyyəti ələ keçirdilər. Polşa nümayəndə heyətinin üzvləri həbs olundu və Bayıl həbsxanasına göndərildi. Azərbaycan ordusunun Baş qərargahın rəisi general-leytenant Süleyman bəy Sulkeviç də bolşeviklərin əlinə keçdi və özünün son günlərini diplomatik toxunulmazlığa malik olan polşalı həmvətənləri ilə birlikdə elə bu həbsxanada keçirdi. Titus Filippoviçi və onu müşayiət edən şəxsləri bir müddət həbsxanada saxlayandan sonra azad edərək ölkədən çıxardılar.

Polşa-iatar aristokrat ailələrinin nəslindən olan S.Sulkeviç öz həyatını hərbi karyeraya həsr etmişdir. Kadet Korpusunda ümumi təhsil alandan sonra o, Sankt-Peterburqdakı Mixayılovski Artilleriya Məktəbinə daxil olmuşdu. 1889-cu il 3 oktyabr tarixindən isə o, Baş ştabın Nikolayev Akademiyasının dinləyicisi olmuşdur. 1918-ci ildə S.Sulkeviç Krıma gəldi və burada 25 iyun 1918-ci il tarixdən Birinci Krım vilayət hökumətinin Baş naziri oldu. Alman işğalçı qoşunların Krımdan getməsindən sonra S.Sulkeviç Hökuməti hakimiyyəti İkinci Krım vilayət hökumətinə təhvil verdi. 1918-ci ilin dekabrında ADR-in hərbi naziri Səməd bəy Mehmandarov və onun müavini Əliağa Şıxlinski Port-Artur səngərlərində və Birinci Dünya Müharibəsi cəbhələrində hərbi yoldaşları olmuş general-leytenant Sülkeviçi Azərbaycana dəvət edərək Azərbaycanın ilk Müsəlman Korpusunun komandiri təyin etdilər. 1919-cu ilin mart ayında o, Azərbaycan ordusunun Baş qərargahın rəisi təyin edildi. Generalın arvadı Məryəm xanım H.Z.Tağıyevin qızlar üçün məktəbində işləyirdi və Bakı müsəlman qadınlarının xeyriyyə təşkilatının fəal üzvlərindən idi.

S.Sulkeviç Baş qərargahın rəisi kimi hərbi-taktiki məsələlərlə məşğul olur, dəmir və şose yolların işlək vəziyyətdə olmasına nəzarət edir, ölkənin ən vacib yaşayış məntəqələri arasında etibarlı teleqraf əlaqəsinin qurulması, müharibə təhlükəsi yarandığı halda, qida ehtiyatının yığılması, tam həcmli mobilizasiya planının həyata keçirilməsi, könüllülər hərəkatının və partizan müharibəsinin təşkili, respublikanın bəzi rayonlarında milis dəstələrinin yaradılması üçün tədbirlər gördü. General, həmçinin müxtəlif ordular və hərbi məktəblər üçün hərbi formanın modelinin, hərbi bayraqlara və hərbi qulluçuların geyimlərinə yapışdırılan simvol və atributların hazırlanmasında da fəal iştirak edirdi. S.Sulkeviçin ömrünün son faciəvi günlərini xatırlamaq çox çətindir. ADR-in yaradıcılarından biri olan M.Ə.Rəsulzadə öz kitabında bunu belə xatırlayır: “Generalla birlikdə bu həbsxanada saxlanan Məhməd Əli bəy danışırdı: “Generala çekistlərin arxasınca gəlməyi tapşırdılar. Biz anlayırdıq ki, onun ölüm saatı yaxınlaşır. Biz onun üzünə baxmağa cəsarət etmir, deməyə lazımi sözləri tapa bilmirdik. General bizi qabaqladı və sakit, lakin inamlı səslə mənim heç vaxt unutmayacağım sözləri dedi: “Xoşbəxtəm ki, müsəlman ordusunun əsgəri kimi ölürəm. Əlvida!”

Ötən ilin sentyabr ayında Varşavada Azərbaycan Demokratik Respublikası dövrünün hərbi xadimi general-leytenant Süleyman bəy Sulkeviç və Polşa ordusunun polkovniki Vəlibəy Yadigarovun xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur. Abidənin açılış mərasimində Polşada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak etmişdir. Bu tədbirdə Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin əməkdaşları, Polşanın silahlı qüvvələrinin rəhbərliyi, Xarici İşlər Nazirliyinin, Milli Xatirə İnstitutunun, Polşa parlamentinin veteranlar təşkilatlarının, Varşava şəhər administrasiyasının əməkdaşları, ictimaiyyətin nümayəndələri və diaspor üzvləri iştirak etmişlər.

Bu abidə Polşa və Azərbaycan xalqlarının dostluğunun simvolu olan ilk abidə deyildir. Qədim Polşa dövlətinin paytaxtı olan Qnezno şəhərində ucaldılmış daha bir abidə elə “Dostluq” adlanır. Bu abidəni Azərbaycan hökuməti Polşaya iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 540 illiyi və diplomatik münasibətlərin bərpa olunmasının 20 illiyi şərəfinə hədiyyə etmişdir.

Abidə iki palıd yarpağı şəklində hazırlanmışdır və onun daxili tərəfində Azərbaycan və Polşanın xəritələri təsvir olunmuşdur. Bürüncdən hazırlanan yarpaqların arxasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Polşaya dair sözləri, həmçinin Roma Papası İoann II Pavelin Azərbaycanla bağlı fikri yazılmışdır. “Dostluq” abidəsinin məhz bu şəhərdə qurulması təsadüf deyil. Varşavadan 300 kilometrlik məsafədə yerləşən bu şəhərə hər il yüz minlərlə turist gəlir. Abidənin qurulduğu park şəhər sakinlərinin sevimli istirahət mərkəzinə çevrilmişdir, hər gün onlarca şəhər sakini və qonaqlar burada olurlar.

1919-cu ilin yanvar ayında ADR-in Paris sülh konfransındakı nümayəndə heyətinin tərkibində nümayəndə heyətinin texniki işçiləri arasında mühəndis Vitold Boleslavoviç Marçevski də olmuşdur. O, 1911-1912-ci illərdə Bakı şəhər idarəsinin Texniki Nəzarət şöbəsində elektromantyor işləmiş, 1913-1914-cü illərdə Bakı Elektrik Yoxlama Müəssisəsinin müdiri olmuş və eyni zamanda, 1914-1916-cı illərdə Bakının 25 nömrəli ölçü və çəkilərin Yoxlanması Palatasına rəhbərlik etmişdir. 1920-ci ildən sonra Parisdən Bakıya qayıtmadı və onun ailəsi də Polşaya getdi. V.Marçevski 1944-cü ildə Varşavada vəfat etmişdir.

Polşa ADR-in diplomatik nümayəndəsinin təyin olunduğu ilk ölkələrdən biri olmuşdur. Şuşadan olan yazıçı, dramaturq, tarixçi və siyasi xadim Yusif Vəzir Çəmənzəminli Azərbaycanın Polşa dövlətində ilk səfiri olmuşdur. Lakin bu təyinat daha çox deklarativ xarakter daşımışdır, çünki Çəmənzəminli heç gedib Varşavaya çata bilməmişdi.

1919-cu ildə Bakı Universiteti təsis olundu və bu təhsil müəssisəsinin ölkədə elm və təhsilin inkişafında böyük əhəmiyyəti oldu. Onun müəllimlərinin bir çoxu polyaklar olmuşdur. Onlardan tibb sahəsində professorlar Uşşinski, Malinovski, Rujanovski Berlatski, Mizernetski, Zamuxovski, Krasuski, humanitar elmlər sahəsində akademik Aleksandr Makovelski, Vsevolod Tomaşevski, Aleksandr Selixanoviç, M.Dombrovski, M.Dovnar-Zapolski, professorlar Lopatinski, Brjezitski, dosent P.Pilaşevski və digərlərini misal çəkmək olar.

Dördüncü dövlət dumasının deputatı, görkəmli siyasi və dövlət xadimi, ADR-in əsasını qoyanlardan biri, 14 mart 1919-cu il tarixdən 22 dekabr 1919-cu il tarixədək ADR-in xarici işlər naziri olmuş M.Y.Cəfərovun arvadı həkim Yekaterina Frantsevna Otseorik-Puxarskaya haqqında məlumatlar da diqqətəlayiqdir. Yekaterina Frantsevna Otseorik-Puxarskaya Polşanın köhnə nəcib ailələrindən idi. Onun atası Rusiyada anadan olmuş, burada yoxsullaşmış bir polyak zadəgan ailəsindən olan bir qadınla evlənmişdi. Əvvəllər onlar Port-Petrovskda (indiki Mahaçqalada) yaşayırlar, sonra isə 1889-cu ilin dekabrında Ketrin Frantsevnanın doğulduğu Bakıya köçürlər. O, Bakıda qadınlar gimnaziyasını - Müqəddəs Nina müəssisəsini (indiki 134 nömrəli məktəb) bitirmişdir. M.Y.Cəfərov arvadı Yekaterina ilə birlikdə uzun müddət Peterburqda yaşamış, Tibb İnstitutunu bitirərək pediatr işləmişdir. O, Bakının ən yaxşı pediatrlarından biri olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra polyak təşkilatlarının, eləcə də digər milli birliklərin fəaliyyəti qadağan edildi. O cümlədən polyaklara münasibətdə repressiyalar başlandı. Polyak mənşəli şəxslərin bir çoxu ya öz milli mənsubiyyətini dəyişdirməyə, ya da ölkəni tərk etməyə və tarixi vətənlərinə dönməyə məcbur oldular.

Qeyd etmək maraqlıdır ki, 1920-ci il aprelin ortalarında Onbirinci Qırmızı Ordunun hissələri Azərbaycanın şimal sərhədlərinə yaxınlaşanda ordunun komandiri ruslaşmış polyak Mixail Karloviç Levandovski olmuşdu. 1938-ci ilin 3 fevral tarixində Levandovski həbs olundu və antisovet hərəkatda iştirakına görə günahkar hesab edilərək güllələndi. Bütün bunlar həyatlarının müəyyən dövrləri Azərbaycan Demokratik Respublikası hökumətinin və parlamentinin fəaliyyəti ilə bağlı olan polyakların bioqrafiyasından bəzi faktlar və epizodlardır. Şübhəsiz, bu məlumatlar tarixin göstərilən dövrü haqqında tam material deyildir. Bu mövzuda bir çox mətbu nəşrlərdə, KİV-lərdə jurnalistlərin qeydlərinə, məqalələrinə, alimlərin, diplomatların öz tədqiqatlarının nəticələri barədə elmi işlərinə rast gəlmək mümkündür.

Bizim məqsədimiz Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ərəfəsində bununla vaxtilə ölkəmizə şərəflə xidmət etmiş polyakları xatırlatmaq, onların xatirələri qarşısında baş əyməkdir. Eyni zamanda, ölkəmizin tarixinin baxılan dövründə baş verən ictimai-siyasi və iqtisadi proseslərə öz töhfəsini vermiş polyaklar və digər xalqların nümayəndələri haqqında yeni və daha tam məlumatların axtarışını davam etdirməkdir. Bütün bunlarla yanaşı, birmənalı şəkildə qeyd etmək lazımdır ki, onların bütün həyat və fəaliyyəti Azərbaycan tarixinin ayrılmaz hissəsidir.