Paralel. - 2018.- 19-21 may. - ¹ 90. - S. 13.

 

Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü

(1918-1920-ci illər).(Qısa tarixi tədqiqat)

 

Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü

 

İltifat ƏIiyarlı-Şahsevənli,

Tarix üzrə fəlsəfə doktoru

 

(əvvəli ötən sayımızda)

Podpolkovnik İsmayıl xan Əbülfət xan oğlu Ziyadxanlı (Ziyadxanov) Qacar (15.8.1867, Gəncə - 6. 6.1920, Bakı).

 

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən biri, hüquqşünas. Moskva Universitetini bitirib. I Dövlət Dumasına deputat seçilib. AXC dövründə Gəncə şəhər polismeysteri olub.   Ermənilər İ.Ziyadxanlını Azərbaycanda özləri üçün "ən qorxulu adam" adlandırıblar. İ.Ziyadxanlı 300 nəfərlik alayı ilə 1918-ci ilin martında daşnak Stepan Lalayanın quldur dəstələrini darmadağın edib. AXC-nin 2-ci hökumət kabinetində hərbi işlər üzrə müvəkkil, sonra isə İranda diplomatik nümayəndə olub. 1920-ci il aprelin 29-da Bakıya qayıdan kimi bolşeviklər tərəfindən XI ordunun Xüsusi Şöbəsinin rəisi, xalqımızın qəddar düşməni Semyon Pankratov tərəfindən yeznəsi Kamil Səfərəliyevin evində həbs olunub və həmin il iyunun 6-da Nargin (Böyük Zirə) adasında 53 yaşında güllələnib. M.Ə.Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında onu "İstiqlal Şəhid" adlandırıb. Sənubər xanımdan Əbülfət və Cavad ağa adlı oğlanları vardı...

 

***

 

Həbib xan Süleyman xan oğlu Şəkinski (1880, Şuşa ş. - 1956, Bakı).

 

 AXC dövründə Qarabağ General-Qubernatorluğunun tərkibinə daxil olan Zəngəzur qəza rəisinin böyük köməkçisi (1-ci müavini) və rəis əvəzi olub... 1956-cı ildə Bakıda 76 yaşında vəfat edib. Ağca ("Həcər") xanımdan Süleyman adlı oğlu, Barat və Səkinə xanım adlı qızları vardı. Barat xanım Şəkinskaya (1914-1999) sonralar məşhur aktrisa, xalq artisti olub.

 

***

 

Əşrəf bəy Həsən bəy oğlu Qarxunlu (Tağıyev) (1867, Yuxarı Qarxunlu k. (indi Yevlaxdadır), Şirvan Dairəsi - 3.3.1930, Bakı).

 

AXC-nin görkəmli dövlət  xadimlərindən biri. Azərbaycan Parlamentinin üzvü, Ərəş qəzasının rəisi olub. Azərbaycana köməyə gələn və Gəncədən Bakını azad etməyə yollanan Qafqaz İslam Ordusunun komandanı, general Nuru Paşanı 1918-ci ilin iyulunda Yevlax stansiyasında qarşılayıb. Nuru Paşa onun evində qonaq olub. Xeyirxah, səxavətli və mərd adam kimi camaat arasında, özünün topladığı "Ərəş alayı" ilə erməni-daşnaklara qarşı vuruşmalarda ad çıxarmasıyla yaddaşlarda qalıb. Sovet hakimiyyəti qurulduqda təcrübəli kadr kimi bir müddət hərbi tərcüməçi işləyib. Lakin sonra keçmişinə görə təqib olunub, bir neçə dəfə (7 oktyabr 1924, 27 yanvar 1930) həbs edilib, ilk əvvəl 10 il həbs cəzasına məhkum olunub, ancaq sonra bu ölüm cəzası ilə əvəzlənib. Əşrəf bəy 1930-cu il martın 3-də 63 yaşında "xalq düşməni" kimi Bakıda güllələnib. Şəkili Maral xanımdan Knyaz və Məhəmməd adlı oğulları və Ceyhun adlı qızı vardı. Bakıda Kərim adlı nüfuzlu nəvəsi (Məhəmmədin oğlu) yaşayıb...

 

***

 

Qiyas bəy Cahandar bəy oğlu Şıxlinski (1895, İkinci Şıxlı k., Qazax q. - 1972, Bandurma, Türkiyə).

 

AXC dövründə Ərəş Qəza İdarəsi rəisinin köməkçisi, 2-ci Sahə Polis Pristavlığının pristavı olub. Bolşeviklərə qarşı Gəncə üsyanında (26 may - 4 iyun 1920) fəal iştirak edib. Sovet hakimiyyəti qurulduqda peşəkar kadr kimi Azərbaycan SSR FK-DSİ-nın sədri M.C.Bağırovun (Zaqatala üsyanı yatırılan zaman Qiyas bəy onu ölümdən qurtardığı üçün dost olmuşdular) himayəsi ilə bir müddət Qazax Qəza Milisinin rəisi vəzifəsində işləyib. Sonra sovet hakimiyyətinə qarşı çıxıb və 1930-ci il iyulun 29-da qohumları və silahlı dəstəsilə Türkiyəyə keçib, oradan SSRİ-yə qarşı mübarizəni davam etdirib. Oğlu Cingiz bəy Alqazax (1938-1992) polkovnik rütbəsində Türk Hava Qüvvələrində hərbi təyyarəçi kimi şöhrət qazanmışdı. Qiyas bəyin Kamil adlı oğlu da nüfuz sahibi idi. Ümumiyyətlə, Q.Şıxlinskinin 3 oğlu və 2 qızı vardı... Ömrü cəlayi-vətən olan Qiyas bəy Şıxlinski 1972-ci ildə Türkiyədə Bandurma şəhərində 77 yaşında vəfat edib. Qiyas bəy "Dəli Kür" bədii filmindəki Cahandar ağanın prototipidir. O, mərhum xalq yazıçısı İsmayıl Şıxlının dayısıdır.

 

***

 

Polkovnik Rüstəm bəy Hidayət bəy oğlu Mirzəzadə (Mirzəyev)(1860, Gəncə ş. - 29.5.1920, Bakı). İxtisasca hüquqşünas olub.

 

AXC dövründə Bakı şəhər polismeysteri (23 iyun 1919 - 7 aprel 1920) və Balaxanı-Sabunçu polismeysteri (7 aprel - 28 aprel 1920) vəzifələrini tutub. Azərbaycanda sovet hakimiyyəti qurulan kimi Bakı general-qubernatoru M.G.Tlexas, Bakı qradonaçalniki P.Qudiyev, sabiq Bakı qubernatoru M.Axıcanlı və başqaları ilə birlikdə ilk növbədə həbs edilib, Azərbaycan SSR Ali İnqilabi Tribunalın hökmü ilə 29 may 1920-ci ildə gecə saat 2-də Nargin (Böyük Zirə) adasında 60 yaşında güllələnib. Böyük M.Ə.Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında R.Mirzəzadəni "İstiqlal Şəhidi" adlandırıb.

Bakı Polismeysterliyinin (10 aprel 1840-cı ildə təsis edilib) binası. 1919-20-ci illər. Birja küçəsi, ¹ 21. İndiki Ü.Hacıbəyov küçəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə üzbəüz bina.

 

***

 

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

 

Son