Bakı Xəbər. - 2018.- 18 may. - ¹ 89. - S. 15.

 

1918 – 1920-ci illərdə erməni canilərlə mübarizədə Azərbaycanın el ağsaqqallarının da böyük rolu olub

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Milli dövlətçiliyimizin, eləcə də  xalqımızın taleyində  ağır dövrlərdən biri kimi qiymətləndirilən 1918-1920-ci illərdə Azərbaycan Cumhuriyyətinin sınaq illəri, dövlət qurucuları ilə yanaşı,  bütöv  xalqımız  üçün  eyni acılarla yaşanıb.  O dövrün inzibati-ərazi bölgüsünə daxil olan yaşayış məntəqələrimizdə  körpələrdən tutmuş  yaşlılaradək  hamısı sinəsini düşmən gülləsinə sipər edərək, bu faciənin  miqyasının genişlənməsinə öz qüvvələri (canları) hesabına imkan verməyiblər.

Tarixi hadisələrin  ardıcıllığı sərhədlərimiz hüdudunda harada (Naxçıvanda, Zəngəzurda, Qarabağda, Təbrizdə, Şirvanda, Lənkəranda, Qubada, Car-Balakəndə, Dərbənddə, Borçalıda) baş verməyindən  asılı olmayaraq eyni məzmunda olduğundan, el müqaviməti  hərəkatında da oxşar olayların ayrı-ayrı ərazilərdə təkrarlanması təsadüfi deyil. Çünki xalqımızın tarixən bir düşməni olub. Deməli, tarixi  görkəmli siyasi-ictimai liderlərlə, şəxsiyyətlərlə yanaşı sadə vətəndaşlar da yaradır. Bu baxımdan xalqımıza qarşı hay quldurlarının soyqırım faciələrinin  və hərbi təcavüzünün qarşısının alınmasında yerli özünümüdafiə qüvvələrinin  müdafiə və hücum taktikaları ilə yanaşı, el ağsaqqallarının, adı-soyadı bizlərə məlum olmayan həmvətənlərimizin də rolu böyük olub. Onlar bəzi hallarda bu təcavüzün qarşısını alsalar da, çox zaman öz  həyatları bahasına bu faciələrin artmasının qarşısını alıblar.

1918-ci ilin əvvəllərində  Bakı qəzası hüdudlarında Ələt tirəsinin  Atbulaq-Navahı-Udulu istiqamətindən Ləngəbiz silsiləsinin ətəyində yerləşən  Şamaxı qəzasının  Qəşəd  kəndinə silahlı basqın edən hay quldurlarının kəndə girməsinin qarşısını  “Xəlifə dərəsi”ndə kəsmək istəyən Molla Mehrab əlində  “Qurani-Kərim”  kənd camaatı adından  imdad diləyir, günahsız dinc sakinlərin qətlinə yol verməməyi onlardan xahiş edir. Silahlı  düşmən   el ruhanisinin xahişini nəzərə almır, əksinə, onu  qonşu  Keçdəməz və  Bico kəndlərinə qarşı qırğında bələdçiliyə məcbur edirlər.  Molla Mehrab - “Müsəlman gavura kömək etməz”- deyərək etiraz etsə də, onu  silahın qundağı ilə vura-vura aparıb (300 m-ə kimi) kəndin qırağındakı dərədə qətlə yetirirlər. Hazırda həmin yerdə tək qarağac ağacının altında Şəhid ruhaninin qəbri uyumaqdadır. Bu dərədə, “Nar bağı yeri”ndə  başqa bir sakinin,  Nəzər   Həzər oğlunun da  (1899-1918)  aqibəti eyni cür təkrarlanıb, o da öz canı bahasına bələdçilikdən imtina edib və orada  qətlə yetirilib. Bico kəndinin yüzbaşısı Şahalı Cavad oğlu (1860-1935) Padarçöl  dəmiryolu stansiyasında yerləşən hay silahlı quldurları ilə danışıq aparsa da, onlar kəndə hücuma keçiblər. Kənd sakinlərinin  adi silahlarla  müqaviməti nəticəsində məhv edilmiş quldurların  (400-ə qədər) meyidini dərəyə töküb üstünü torpaqlayıblar. Sonradan Şamaxı qəzasından gəlmiş hay keşişi nə qədər axtarsa da leşləri tapa bilməyib.

Bakı şəhəri və ətraf kəndlərinə hücuma keçən hay-daşnak və bolşevik quldurlarının Binəqədi, Biləcəri, Fatmayı, Zabrat kəndlərinə hücumlar zamanı kənd ağsaqqalları bu faciələrin qarşısını almağa çalışıb. Belə ki, Fatmayı kənd məscidinin axundu, 27 il Nəcəf şəhərində ali dini təhsil almış şeyx Ağahüseyn bir qrup kənd sakini ilə əlində müqəddəs kitabımızla düşmənin qarşısına çıxıb, dinc əhalinin həyatı naminə ölümü gözə alıb. Yenə də düşmənə aman verməyib.

Digah kəndində türk döyüşçülərinin yerləşdiyi məkan (qərargah) kənd sakini Yarməmməd Seyidməmməd oğlunun (1840-1918) evi-mülkü olub. Kənd əhalisi isə bütün vasitələrlə xilaskar və milli ordumuzun təchizatında yaxından iştirak edib.

Zabrat kəndində heyvandarlıq təsərrüfatı ilə məşğul olan Əlirza Musarza oğlu (1872-1956) hər gün qoyun kəsib döyüşçüləri yeməklə təmin edirmiş.

Güzdək kəndi  hərbi əməliyyatlar baxımından əlverişli coğrafi mövqeyə malik olduğundan, 5-ci Qafqaz İslam Ordusunun zabit və əsgər heyətinin əsas hissəsinin məskunlaşdığı yer bura olub. Kənd sakinləri  Kərbəlayi Murad Bəndalı oğlunun (1855-1934) evi qərargah, Atamalı Bədəl oğlunun (1873-1941) mülkü isə hərbi müalicəxana kimi istifadə edilib xeyli müddət. Bu kənddən döyüşlərdə köməkliyini əsirgəməyən  Məşədi Qəni Əhməd oğlunun həyətində  cəbbəxana yerləşib, Manaf Ağamurad oğlu Muradov (1887-1943) və  Qədir Kərbəlayi Məhərrəm oğlu (1895-1970) arabalarla səngərlərə silah-sursat daşıyıb, Kərbəlayi Məhərrəm İbrahim oğlu (1878-1933) isə döyüşçüləri ərzaq-yeməklə təchiz edib.

Qobu kəndində  Kərbəlayı Qasım Məşədi Mehralı oğlunun (1828-1938) evində məskunlaşan  5-ci Qafqaz İslam Ordusunun süvari və piyada dəstələri komandan Nuru paşanın başçılığı ilə ayrı-ayrı evlərdə yerləşiblər.  Məşhur döyüşçünün kölgəsində əyləşdiyi, öz əli ilə meyvəsini dərdiyi  xartut ağacı indi də qalmaqdadır,  görünüşü də o illəri xatırladır. Eləcə də  başqa həyətlərdə silah-sursat saxlanıb, döyüş atları-dəvələrı Kərbəlayi Rəcəbin, Ağaverdi Mirzalı oğlunun, Abdulla Tağı oğlunun dəvədamlarında yerləşdirilib, kənd əhli isə ərzaq-azuqə tədarükü ilə məşğul olub. O illərə aid olaylardan söz açan yaşlı kənd sakinləri Dəstəgül  Gülyar qızı Məmmədovanın (1896-1982), Babalı Kərbəlayı Qasım oğlu Qasımovun (1892-1967) söylədiklərinə görə, Şəhid olmuş qobulu döyüşçü Məşədi Hilal Hacı İsmayıl oğlunun meyitini haylar vermirmiş, xalq rəssamı Qəzənfər Xalıqovun (1898-1981) atası Hacı Ələkbər qızıl rulla onu alıb öz həyətində basdırıb, sonralar isə aparıb Kərbəla şəhərində dəfn etdirib.

Hökməli kəndində hayların qırğınının qarşısının alınmasında kənd sakini  Dursədəfin qardaşı oğlu, kiçik yaşlı Vəliulla türk əsgərlərinə kömək edərək xüsusi qabiliyyətini biruzə verdiyindən, sonradan Türkiyəyə aparılıb, hərbi qulluğu davam etdirib və Türk ordusunun paşası kimi şöhrət qazanıb.

Ümumiyyətlə, Bakı şəhəri və ətraf kəndlərinin əhalisinin hay daşnak və bolşevik quldurlarının kütləvi qırğınından, soyqırım faciəsinin sərhədlərinin genişlənməsindən qoruyan bir amil də Corat, Saray, Bilgəh, Mərdəkan, Kürdəxanı, Goradil  kəndləri ətrafındakı  Ləhiş bağları olub. Camaat orada bir necə ay qalmaqla suyundan və yerli məhsullarından istifadə etməklə ayaqda qalıb. 

Bakı qəzasının Qızılburun kəndində (Hacıqabul rayonu) el ağsaqqalları Molla Babalı Babakişi oğlu (1890-1946) və Xanlar Eynal oğlu Rəhimov (1875-1955) camaatı (15-20 binəlik) yaxınlığdakı “Qızıl dağ”da və  “Pələngli dağda”kı kühüllərdə yerləşdirərək, sadə silahla (təklülə tüfənglə, mauzerlə) zirehli maşınla üzbəüz dəmiryolunda qərarlaşan düşmənə qarşı vuruşmağı üstün tutub. Silahlı haylar orada çox qalmayıb qonşu ərazilərə keçməli olublar.

Navahı kəndinin ağsaqqalları Mirtağı Mirbaba oğlu (1855-1918), Əli İsmayıl oğlu İsmayılov (1867-1918) hay-bolşevik quldurlarının yerli əhaliyə qarşı qanlı-irticaçı davranışlarına etiraz olaraq 1918-ci ilin may ayında Bakı şəhərinə gedərək S.Şaumyana şikayət edirlər, baş cəllad onlara məktub verir ki, yerində hay nümayəndəsinə çatdırsınlar, nəticəsi isə o olur ki, şikayətdən narazı qalan haylar xeyli dinc sakini bir yerə yığıb gülləbaran edirlər. Bununla belə, Navahı kəndinin bir dəstə döyüşçüsü (Mirkazım Mirbaba oğlu, Seyid Ağahüseyn Mirtağı oğlu,  Mirtağı Mirbaba oğlu, Kərbəlayi Məşədi Rəşid)  Salyan nahiyəsindəki qırğınların qarşısını almaq üçün könüllü olaraq vuruşmağa gediblər. Yolda Muşovdağ ətrafında qarşılaşmada haylar təkrar qanlı qırğınlar törədiblər.

Gəncə istiqamətindən hərəkət edən 5-ci Qafqaz İslam Ordusunun 150-yə qədər zabit və əsgər heyəti Göyçay qəzasının Yalman kəndi ətrafında bir neşə günlük düşərgə qurduqda onların xidmətində kəndin ən varlı sakini Hacı Hidayət Abdulqədir oğlu (1832-1932), eləcə də bütün kənd camaatı durub. Piyada və süvari dəstələr Yalman çayının sol sahilində “Hacı Hidayət bulağı” deyilən yerdə, 200 illik yaşı olan qocaman qoşa cinar ağaclarının ətrafında çadırlarını qurublar, həmin şahid ağaclar indi də qalmaqdadır. Deyilənə görə, türk döyüşçülərinin əsas qidası heyvandarlıq-ağartı məhsulları (süd, qatıq, ayran, qaymaq)  olub.

Həmin illərdə qəzanın Təzə  Şilyan kəndi ərazisində baş verən həlledici döyüşlərində türk ordusunun artileriya qurğuları kənd sakinlərinin  həyətlərində qurulmuşdu. Qonşu döyüş meydanlarında yaralı döyüşçülər Ələkbər Kərim oğlu Kərimovun (1835-1910) evində müalicə olunar, yaralıların sağaldılmasında isə qonşu Bəydövül kənd sakini həkim kimi kömək edirdi.

Şamaxı qəzasında kütləvi soyqırım törədən S.Lalayanın və  T.Amiryanın silahlı dəstələrinə qarşı Ərəbcəbirli kəndində yerli könüllü müdafiə dəstələrini səfərbər edən Molla Almaz Əfəndi Fərhad oğlu və qardaşı Molla İsgəndər türk qoşununun rəhbər heyəti ilə birlikdə müdafiə səngərlərini gəzib, döyüşçülərin təchizatını təşkil edib və eyni zamanda özləri də vuruşublar.

1918-ci ilin mart-aprel aylarında azğın  H.Srvantsyanın  Quba qəzasına daxil olan silahlı quldurları  Quba şəhərindən sonra Xaçmaz şəhəri istiqamətində hərəkət edərək birinci Şıxlar kəndinə  (ərazi  Samur-Dəvəçi kanalının alt hissəsində, 4-5 km aralıda yerləşir, bünövrəsini Şamaxı rayonunudan köçmüş şeyxlər qoyub) girir.  Kəndin axundu əlində “Qurani-Kərim” ağsaqqallarla birlikdə hayların qarşısına çıxmaqla  kənd  əhalisini kütləvi qırğından müəyyən  müddətlik xilas edə bilir. Bu kəndin müdafiəsində həm də yerli özünümüdafiə dəstələrinin üzvləri başda Əli bəy Harun bəy oğlu Zizikski  (1876-1929, onun şeyxlərlə qohumluq əlaqəsi vardı, bacısı Camal xanım şeyxlərdən birinin həyat yoldaşı idi) olmaqla yaxından iştirak edir.  Qeyd etmək lazımdır ki, Quba qəzasının əhalisinin hay-bolşevik quldurlarının qanlı qırğınından xilas edilməsində Dağıstandan köməyə gələn azadlıq hərakatı liderlərindən biri Nəcməddin Qotsinskinin (1859-1925) də nizami döyüşçü dəstələri igidlik göstərib, quldur hay-bolşevik dəstələrinin hücumunu Bakı şəhərinədək dəf edə biliblər.

Bakı qəzasının (Xızı rayonu) Keçəllər kəndində Kərbəlayi Heybət Hacı Murad oğlu (1870-1937) Nuru paşanın ordusunun bu hissədə olan bölümünün ərzaqla təminatını təşkil edib, yerli könüllü dəstələrlə döyüşlərdə iştirak edib, bölgədə (Ağdərə, Qarabulaq, Əmbizlər kəndlərində)  qanlı qırğınların qarşısını ala bilib.

Cavad qəzasında (Salyan rayonu ərazisində) Kür çayının mənsəbindən hərbi gəmilərlə hücuma keçən hay quldurlarının qarşısını Kürqaraqaşlı kənd sakini Ələsgərin  evinin  2-ci  mərtəbəsində  quraşdırılmış  qurğu ilə 3 km məsafədən atılan top atəşi ala (Kürün “Qaraboğaz” adlanan yerində) bilmişdi. Bundan sonra döyüşlər ətraf  Cəngən, Beşdəli, Ərəbqardaşbəyli, Tatarməhlə, Xocalı kəndlərində aparılıb. Salyan nahiyəsində hay quldurlarının qırğınının qarşısının alınmasında el ağsaqqalı Mir Bağır Ağanın rolu böyük olub.

1918-1920-ci illərdə Zəngəzur qəzasında quldur A.Ozanyanın və  Q.Nijdenin silahlı dəstələrinə qarşı 1-ci Qafqaz  Ordusu və Naxçıvan könüllüləri ilə birlikdə vuruşmalarda Qafan, Zəngilan, Qubadlı nahiyələrinin  Qatar, Qazançı, Dərəli, Ağkənd, Isgəndərbəyli, Çəkədin, Yusiflər, Keçikli, Beşdəli, Vənətli, Yeməzli, Gilətağ, Çərəli kəndlərinin özünümüdafiə qüvvələrinin təşkil edilməsində ruhanilərin, el ağsaqqallarının və hörmətli şəxslərinin rolu böyük olub.

İsgəndərbəyli kəndində  Aslan bəy və Əbil bəy qonşu Ağbis və Ağakişilər kəndlərinin könüllü dəstələrini bir yerə toplayaraq Türk Ordusunun gəilişinədək  əhalinin müdafiəsini qurub, sonra isə silahlı qüvvələrin maddi təminatında iştirak ediblər.

Zəngəzur qəzasının Qarakilsə bölgəsinin (1940-cı ildən sonra Sisian rayonu adlanıb) Sofulu kənd sakini Teymur Süleyman oğlu (1870-1945)  Gorus Qəza Milis İdarəsində işləyərkən xəbər tutur ki, quldur haylar kəndlərə hücum edəcək. Vaxt itirmədən Ərəfcə, Qızıl Şəfəq, Comərdli, Sofulu kəndlərinə xəbəri çatdırır, camaat imkan tapıb tezliklə  Naxçıvan ərazilərinə (xüsusilə  Culfa, Şahbuz,  Ordubad nahiyələrində) sığına bilib, kütləvi qırğından xilas olublar.

Naxçıvan şəhəri və ətraf kəndlərinin, xüsusilə Culfa, Babək, Şahbuz rayonlarının Yaycı, Cəhri, Camaldın, Ərəzin, Bənənyar, Sirab, Daşqala, Zeynəddin, Qahab, Kərimqulu dizə, Qoşadizə, Şəkərabad, Qaraqala və digər kəndlərində A.Ozanyanın mükəmməl silahlı quldur dəstələrinə qarşı qeyri-bərabər döyüşləri yaşından asılı olmayaraq hamı apardığından (təəssüf ki, Şəhid olanlar da az olmamışdır), azğın düşməni bu qədim torpaqdan qova biliblər. Bu döyüşlərdə Nehrəm kənd sakinləri Kərbəlayı Muxtar, Hacı Mehdi, topçu Yavər, Müseyib və Müslüm qardaşları,  Zeynəddin kəndində Xamməməd kişi, Sirab kəndində (haylar bu kəndə pənah gətirmiş digər  qonşu kəndlərin dinc sakinlərini də qətlə yetirmişlər)  Bayram kişi, Qəzənfər ağa... canları bahasına müqavimət göstərə biliblər. Qanlı qırğınların şahidi olan “Qarayazı düzü”, “Yal dalı”, “Gəlin ağıl”, “Gavur yoxuşu”, “Cinli keçidləri” adlı yerlər  tarixi yaddaşımızın təbii səhifələridir.

1918-1919-cu illərdə  Cəbrayıl  qəzasında hayların  silahlı basqınından sonra azad edilmiş Kürdlər kəndinə qayıdan camaatın içməli sudan korluq  çəkdiyini görən türk döyüşçüləri kənddə bir neşə kəhriz qazaraq istifadəyə veriblər.

Oxşar hadisə Şamaxı qəzasının Ərəbcəbirli kəndində də olub.

Yüzillik vaxt məsafəsindən  geriyə və tarixi hadisələrə qısa nəzər saldığımız mövzuda düşmənlərimizin hücumuna qarşı mübarizədə el müqavimətinin mənbələrini aşağıdakı istiqamətlər aydın göstərir:

- yerli özünümüdafiə  qüvvələrinin formalaşması və düşmənə qarşı sərt təpki göstərməsi;

- xalq yardımının könüllü təmin edilməsi;

- el ağsaqqallarının (din adamlarının, ruhanilərin, imkanlı kəslərin) nüfuzu və təsir gücü;

- təcavüzə məruz qalmış  Azərbaycan xalqının haqq müdafiəsi və ümumxalq mübarizəsi.

Bu mübarizə Xalq və El bir olduqda daha güclü olur.