Paralel. - 2018.- 18 may. - š 89. - S. 13.
Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü
(1918-1920-ci illər).(Qısa tarixi tədqiqat)
Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü
İltifat Əliyarlı-Şahsevənli,
Tarix üzrə fəlsəfə doktoru
(əvvəli ötən sayımızda)
Polkovnik Yusif Ziya Mustafa oğlu Talıbzadə ("Axund Yusif") (20.1.1877, Tiflis - 18.5.1923, Türküstan).
AXC dövründə Mobil Könüllü Əsgərlər Dəstəsinin rəisi (1 iyun 1918 - 27 mart 1919), sonra DMK-nın 1919-cu il 27 aprel tarixli qərarı ilə DİN-in İctimai Asayişi Mühafizə üzrə Bakı Yardım Alayının (indiki DİN Daxili Qoşunlarının) ilk rəisi (27 mart 1919-cu il - 27 aprel 1920-ci il) olub. Sovet hakimiyyəti dövründə Orta Asiyada "Qırmızı orduya" qarşı döyüşdə (18 may 1923) ağır yaralanıb və Amu-Dərya (Ceyhun) çayını üzə-üzə keçəndə batıb. Yusif Ziya Talıbzadə görkəmli yazıçı-şair Abdulla Şaiqin (Talıbzadə) böyük qardaşıdır. Yusif bəyin Cənnət xanımdan olan oğlu Tələt Qarsda (Türkiyə) yaşayıb...
***
Mikayıl bəy Hüseyn bəy oğlu İsrafilbəyov (fevral 1875, Zəyəm kəndi, Yelizavetpol (Gəncə) qub., Gəncə qəzası-1920, Gəncə...Bakı...?).
Polis məmuru nüfuzlu Hüseyn bəyin ailəsində anadan olmuşdur. AXC dövründə Gəncə Qəza Polis İdarəsində pristav, qəza rəisinin köməkçisi və Qəza Polis İdarəsinin rəisi vəzifələrində, Gəncə Quberniya İdarəsinin hərbi, polis və inzibati məsələlər üzrə müşaviri (11 iyun 1919-cu ildən 30 aprel 1920-ci ilədək) kimi xidmət göstərib. Sovet hakimiyyətinə qarşı Gəncə üsyanında (26 may-4 iyun 1920-ci il) fəal iştirak edib, naməlum şəraitdə yoxa çıxıb. Bir ehtimal belədir ki, üsyan iştirakçısı kimi, bolşeviklər tərəfindən həbs edilərək Gəncədə məhkəməsiz güllələnib... Digər real ehtimalımız belədir ki, M.İsrafilbəyov həbs olunaraq Bakıya gətirilib və bir qrup başqa milli təəssübkeşlərimizlə birlikdə 1920-ci il iyunun 6-da Nargin (Böyük Zirə) adasında güllələnib...
Mikayıl bəy Dünya xanım Qambay bəy Cəmillinskaya ilə ailə qurmuşdu .Bu ailəlikdən Zərintac və Qəmər xanım adlı iki qız övladı dünyaya gəlib. Mikayıl bəyin nəticəsi Əziz (nəvəsi Tamilla xanımın oğlu) Bakıda yaşayır...
***
General-mayor İbrahim ağa Paşa ağa oğlu Vəkilov ("Kosaoğlu İbrahim Vəkilzadə Qazaği") (7.5.1853, Qırax Salahlı k., Qazax q. - 26.6.1934, Bakı).
AXC dövründə Gəncənin ilk qubernatoru (23 iyun 1918-ci il - 14 mart 1919-cu il), Milli Ordumuzda ilk hərbi bayrağımızın yaradıcısı olub... 1934-cü il iyunun 26-da Bakıda 81 yaşında vəfat edib. Yelena Yefimovna ilə ailə qurub. Onun Qalib (sonralar ordu polkovniki olub), Faris bəy adlı oğlanları və Reyhan xanım adlı qızı qalıb...
***
Podpolkovnik Nağı bəy Əlizadə (Əliyev)(1897, Bakı - 1920, Bakı).
AXC Parlamenti Mühafizə Polisinin ilk rəisi (19 fevral 1919-cu il - 28 aprel 1920-ci il). Azərbaycanda sovet hakimiyyəti qurulan kimi, dərhal həbs olunub və 1920-ci ildə Nargin (Böyük Zirə) adasında güllələnib. AXC-nin qurucusu M.Ə.Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" adlı kitabında Nağı bəyi "İstiqlal Şəhidi" adlandırıb.
***
Polkovnik Əli bəy Harun bəy oğlu Zizikski (1878, Zizik k., Quba - 17.9.1928, Bakı).
Azərbaycan İstiqlal Hərəkatının və Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən biri. AXC dövründə Bakı müvəqqəti qubernatoru, türk zabiti yarbay Mehmet Fəthinin böyük köməkçisi (1-ci müavini)(15 sentyabr - 20 oktyabr 1918) olub. Azərbaycan Parlamentinin üzvü (7 dekabr 1918 - 27 aprel 1920) idi. Sovet hakimiyyəti dövründə repressiyaya məruz qalıb və DSİ-nin erməni müstəntiqi A.Sumbatyan tərəfindən saxta ittihamlarla həbs olunaraq 1928-ci il sentyabrın 17-də 50 yaşında güllələnib. Qubada adına küçə var.
***
Həmdulla Əfəndi Əfəndizadə (1881, Qalagah k., Dəvəçi nahiyəsi, Quba q. - 1919, Bakı).
Milli istiqlal fədailərimizdən biri. Azərbaycan Parlamentinin üzvü. AXC dövründə Bakının müvəqqəti qubernatoru, türk zabiti, yarbay Mehmet Fəthinin köməkçisi (müavini)(15 sentyabr - 7 dekabr 1918) olub. Sovet hakimiyyətinin qurulması ilə barışmayıb, 2 minlik könüllü dəstəsi toplayaraq, Əli bəy Ziziksk, "Qaçaq Mayıl" və başqa milli təəssübkeşlərlə birlikdə silahlı müqavimət (30 avqust - 7 sentyabr 1920) göstərib, yalnız 1928-ci ildə ələ keçib. H.Əfəndi 1929-cu ildə 40 yaşında Bakıda Nargin (Böyük Zirə) adasında güllələnib...
***
Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov (1860- 1920).
1860-cı ildə Şamaxı qəzasının Məlik-Çobanlı kəndində məşhur mülkədar ailəsində anadan olub. Hərbçi idi. Çar ordusunda xidmət göstərib və polkovnik rütbəsinə layiq görülüb. Rus-yapon müharibəsində iştirak edib. AXC dövründə Şamaxı Qəza Polis İdarəsində müxtəlif vəzifələrdə işləyib, 1919-cu ildən 1920-ci ilin fevralınadək Şamaxı qəzasının rəisi olub. 1918-ci ildə erməni daşnaklarla döyüşlərdə böyük hünərlər göstərib...1920-ci il fevralın əvvəlində Şamaxıda 60 yaşında vəfat edib və Laləzar qəbristanlığında dəfn olunub. Gülarə xanımdan Seyfulla adlı oğlu vardı...
***
Lütvəli (Niftəli) bəy Mehralı bəy oğlu Zülqədərov (1881, Xılxına k., Şəmşəddil nahiyəsi, Gəncə qəzası - 6 iyun 1920. Bakı).
AXC dövründə Cəbrayıl (Karyagin), Gəncə və Ərəş qəzalarında polis pristavı (23 iyun 1918 - 23 iyun 1919), Şamaxı, Göyçay, Cavad qəzalarının (23 iyun 1919 - 13 fevral 1920) və Cavanşir qəzasının (14 fevral - 19 mart 1919) rəisi işləyib. Sovet hakimiyyətinə qarşı Gəncə üsyanında (26 may - 4 iyun 1920) fəal iştirak edib. Buna görə həbs edilərək 1920-ci ilin iyunun 6-d Bakıda güllələnib. Repressiya olunan Zülqədərovlar sovet dönəmində Mehralıyevlər soyadını götürməyə məcbur olublar. Lütvəli (Niftəli) bəyin oğlu Kamran sonralar general olub... Qızı Sima xanım Bakıda yaşayıb və 1996-cı ildə hələ sağ olub...
***
Rəhim bəy Tahir bəy oğlu Şıxlinski (1902, İkinci Şıxlı k., Qazax q. - 22 iyul 1937, Bakı).
Qori seminariyasını biritirib. AXC dövründə Şuşa Polismeysterliyində pristav, Ərəş qəzasının rəisi (dekabr 1919 - 28 aprel 1920) olub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra repressiyaya məruz qalıb, 1937-ci ildə Tiflisdə həbsə alınıb və güllələnib...
Ardı gələn sayımızda