Hərbi And. - 2018.- 18 may. - ¹ 19. - S. 7.
Milli tərəqqi yolunun cığırdaşı - Nəsib bəy Yusifbəyli
Azərbaycan Xalq Cümhuriyyəti - 100
Lətif Şüküroğlu,
Tarix üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoydu. Ulu öndərimiz Heydər Əliyev həmişə bu dəyərləri yüksək dəyərləndirirdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasəti daim dərin araşdırma mövzularından biri kimi diqqəti cəlb edib. Cümhuriyyətin liderlərindən biri, Azərbaycanın dördüncü hökumətinə başçılıq etmiş, eyni zamanda, daxili işlər naziri vəzifəsini icra etmiş Nəsib bəy Yusifbəyli ilə bağlı tarix üzrə fəlsəfə doktoru, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayevin məqaləsində azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı və ictimai-siyasi və dövlət xadiminin ömür yolu və fəaliyyəti haqqında ətraflı məlumat verilir.
“Öz dövlətinizin milli bayrağı altında keçmiş olduğunuz bir sənəlik azad və zəhmətli həyatınız Azərbaycanın böylə tarixi bir günü olduğunu Sizə sözdən artıq izah edir. Siz çarizmin ən ağır tarixini keçirmişsiniz. O sizin ən gözəl həyatınızı, mədəniyyət və müqəddəs əməllərinizi ayaqları altında tapdamış və məhv etmək istəmişdir. Biz hər bir hüquqdan və mədəni tərəqqiyyatdan və ən ibtidai siyasətdən belə məhrum olmuşuq. Bizim gözəl arzularımız qəti surətdə əzilir və ayaqlar altına alınırdı. Sizin nəzərlərinizdən bolşevik hərc-mərcliyi, onun o məbus dövrü keçmişdir... Bu bir il sənə ərz müddətində biz yorulmadan işlədik və bu işlədiyimiz ilə dövlətimizi möhkəmləndirərək, cəmaətimizin aşağı sinfinə milli dövlət təşkili hissini düşündürdük və göstərdik ki, cəmaət və millət məbuslarının getdikləri yolu doğru və xalqın azad fikir və məsləkidir... Azərbaycanın vətəndaşları! Təhlükə və təhdid hələ dəf olunmamışdır. Bizim üzərimizə qara buludlar gəlməkdədir. Bizim daxildəki hərəkatımız, nizam və asayişimiz təmin edilərsə, istiqlaliyyətimizi təhdid edən qüvvələrə yol verməz və rahat və azad yaşamağa malik olarız”.
Nəsib bəy Yusifbəyli 1919-cu il mayın 28-də Cümhuriyyətin yaradılmasının birinci ildönümü münasibətilə hökumət adından Azərbaycan vətəndaşlarına müraciət edəndə artıq iki aya yaxın idi ki, Cümhuriyyətin dördüncü hökumət kabinəsinin sədri idi. Onun kimi millət fədailərinin işıqlı zəkasına, tükənməz enerjisinə və dəyanətinə əsaslanan qədim məmləkət tarixinin ən şərəfli dövrlərindən birini yaşamaqda, müstəqilliyini qorumaq naminə oğullarının göstərdikləri fədakarlıqlara şahid olmaqda idi.
Otuz səkkiz yaşlı Nəsib bəy Fətəli xan Xoyski kimi şəxsiyyətdən sonra ikinci dövlət xadimi idi ki, belə yüksək etimad göstərilmişdi. Əlbəttə, Nəsib bəyin keçdiyi həyat yolu ona belə yüksək etimad göstərilməsi üçün ən yaxşı zəmanət idi. Əvvəla qeyd edək ki, artıq 17 ildən bəri ölkənin siyasi səhnəsindən düşməyən bu insanın əhali arasında kifayət qədər hörməti vardı. Eyni zamanda, o, müxtəlif zümrələri və qüvvələri təmsil edən Azərbaycan parlamentində çox böyük nüfuz sahibi sayılırdı. Xüsusilə bu ali orqanda Azərbaycanın nicatı yolunda çalışan vətənpərvərlər Nəsib bəyi inandıqları liderlərdən biri hesab edir, milli ideyalara sədaqətinə, qətiyyətinə, idarəçilik təcrübəsinə (artıq həmin dövrə qədər N.Yusifbəyli müstəqil Zaqafqaziya Respublikası hökumətində tutduğu maarif naziri vəzifəsi də daxil olmaqla, dörd dəfə nazir portfeli daşımışdı) və yüksək intellektinə güvənirdilər. Bu keyfiyyətlərə geniş dünyagörüşü, erudisiya və möhkəm xarakteri də əlavə etsək son dərəcə gərgin bir durumda Azərbaycanda idarəçiliyin niyə məhz ona həvalə edildiyinə bir daha aydınlıq gətirmiş olarıq.
Nəsib bəy Yusif oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə anadan olub. Atası şəhərin maarifpərvər ziyalılarından idi. Orta təhsilini Gəncə klassik gimnaziyasında başa vurduqdan sonra 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olub, birinci rus inqilabı ərəfəsində siyasi fəaliyyətə başlayıb. O, universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılan “Həmyerlilər” təşkilatının rəhbərlərindən biri idi. O, bu təşkilatda Nəriman Nərimanov, Xosrov bəy Sultanov, Şahmalıyev qardaşları və sonralar Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayacaq başqa şəxslərlə birgə fəaliyyət göstərib. Yarandığı vaxt yalnız mədəni-maarifçilik məqsədləri güdəcəyini bəyan edən bu təşkilat əvvəl həqiqətən də bu istiqamətdə fəaliyyət göstərir. Ancaq bir qədər sonra onun istiqaməti tamamilə fərqlənməyə başlayır. “Həmyerlilər” universitetdə mövcud olan başqa siyasi təmayüllü təşkilatlar arasında ən fəallarından biri kimi böyük şöhrət qazanmış və xeyli tərəfdarlar toplaya bilmişdi. Tələbələrin getdikcə genişlənən inqilabi mübarizəsindən qorxuya düşən çar hökumətinin 1907-ci ildə müvəqqəti olaraq Odessa Universitetini bağlamasında sözsüz ki, Azərbaycan “Həmyerlilər” təşkilatının da rolu olmuşdu.
Tələbəlik həyatının başqa bir nəticəsi isə Nəsib bəyin Cənubi Qafqazda o dövrdə yetişmiş böyük bir inqilabçılar nəsli ilə tanışlığı, onların bir çoxu ilə yaxın əlaqələr yaratması idi. Öz millətlərinin həyatında bu və ya başqa şəkildə iştirak edəcək həmin şəxsiyyətləri onda ümumi bir ideya - çarizm üsul-idarəsinin aradan qaldırılması birləşdirirdi. Sonra isə yollar ayrılacaqdı. Yoxsulluq ucbatından Nəsib bəy Yusifbəyli ali məktəbi dördüncü kursdan tərk etməli olur. Çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün Nəsib bəy müvəqqəti olaraq Krımın Bağçasaray şəhərinə köçüb və orada görkəmli ictimai-siyasi xadim İsmayıl bəy Qaspıralının (1852-1914) redaktor olduğu “Tərcüman” qəzetində məqalələrlə çıxış etməyə başlayıb. O, İsmayıl bəyin qızı Şəfiqə Sultan xanım Qaspıralı (1886-1975) ilə ailə həyatı qurub və bir müddət bu şəhərdə yaşayıb.
Nəsib bəy Yusifbəyli həmin illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib. “Tərcüman” qəzetinin 1907-ci il 13 yanvar tarixli nömrəsində Bağçasaray teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” faciəsinin tamaşaya qoyulduğu, Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir. Həmin qəzetin materialından aydın olur ki, Nəsib bəy o illərdə görkəmli Azərbaycan ədəbiyyatşünas F.Köçərlinin “Azərbaycan ədəbiyyatı” və Hüseyn Əfəndi Qayıbovun (1837-1917) “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” əsərlərinin Bağçasarayda çap olunması üçün çox çalışıb. N.Yusifbəyli XX əsr Azərbaycan-Krım ədəbi-mədəni əlaqələrinin əsasını qoyan şəxsiyyətlərdən biridir.
Sonra qısa müddət Türkiyədə yaşayan Nəsib bəy 1908-ci ildə İstanbulda “Türk dərnəyi”nin fəal üzvlərindən olub. Türkiyədən qayıtdıqdan sonra (1909) xeyriyyə cəmiyyətlərinin, mədəni-maarif tədbirlərinin fəal təşəbbüskarı və iştirakçısı, 1917-ci ildə isə Türk Ədəmi-Mərkəziyyət Partiyasının təsisçilərindən biri olub. Nəsib bəy Yusifbəyli Xudadat bəy Məlikaslanovla bərabər Cümhuriyyət hökumətlərinin hamısında təmsil olunmuş yeganə şəxsiyyətdir. Nəsib bəy əvvəlki üç hökumət kabinetində nazir (1918-ci il mayın 28-dən 1919-cu il aprelin 14-dək), sonuncu iki kabinetdə isə Nazirlər Şurasının sədri (1919-cu il aprelin 14-dən 1920-ci il aprelin 1-dək) vəzifələrində çalışıb.
Bu qısa qeydlərdən göründüyü kimi, Nəsib bəy siyasi mübarizəyə ilk gənclik illərindən etibarən qoşulub, müxtəlif təşkilatların yaradılmasında və fəaliyyətində yaxından iştirakına görə imperiya orqanlarının nəzarət dairəsinə düşüb. Hələ kifayət qədər formalaşmamış siyasi baxışlarını sonralar Rusiyada və dünyada baş verən proseslərin təcrübəsini öyrənmək və onların təsiri alında təkmilləşdirməklə gənc Nəsib bəy yetkin bir siyasətçiyə çevriləcək, Azərbaycan milli mücadiləsinin məqsəd və məramını düzgün müəyyənləşdirən ilk ziyalılar nəslinə mənsub olanların ön cərgəsində duracaqdı. Hələlik isə o, çar üsul-idarəsinin təzyiq və təqiblərini “dadmaqda”, iqtisadi çətinliklər məngənəsində ola-ola Vətəninin işıqlı gələcəyi barəsində düşünərək qızğın siyasi mübarizə aparmaqda idi.
Həmin illərdə Türkiyə mühitindəki “türkçülük” məfhumu altında ötən əsrin sonlarından başlayaraq təşəkkül tapmış milli oyanış və dirçəliş təmayülləri geniş tərəfdarlar toplamaqda, çağdaş ideyaların milli təfəkkür süzgəcindən keçirilərək həyata tətbiqi yolları araşdırılmaqdaydı. Türkçülüyün təməl daşlarını qoyanların zəngin mənəvi irsinə dayaqlanaraq, onu elmi-nəzəri baxımdan sistemləşdirən və milli özünüdərk səviyyəsinə yüksəldən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Ziya Göyalp, İsmayıl bəy Qaspıralı kimi şəxsiyyətlər Nəsib bəyin də dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdilər. Avropaya daha yaxın olan Türkiyə mühiti, - bu ölkənin qaynayıb-daşan siyasi həyatında qısa müddət olmasına baxmayaraq, - onun gələcək dövlət adamı kimi yetişməsində əvəzsiz rol oynamışdı. Nəsib bəyi milli tərəqqi yolunun bayraqdarları sırasına çıxaracaq fəaliyyətinin düzgün istiqamətləndirilməsində həm də o dövrdə qazandığı təcrübənin rolu və köməyi olmuşdu.
1909-cu ildə İstanbuldan doğma Gəncəyə qayıdan Nəsib bəyin dövrünün aparıcı çağdaş ideyalarına bələdliyi, siyasətdən baş çıxarması mətbu çıxışlarında və siyasi baxışlarında öz əksini daha dolğun şəkildə tapmağa başlamışdı. Rusiya xalqlarının müstəbid rejimə qarşı birgə siyasi mübarizəsinin tez-gec başqa ideyalar, o cümlədən milli azadlıq uğrunda mübarizəyə çevriləcəyini ilk sezən ziyalılardan biri kimi o, müxtəlif cəmiyyət və təşkilatların imkanlarından maksimum istifadə ilə sinfi mübarizə xəttini tədricən milli mübarizə xəttinə gətirəcək çiyindaşlarını müəyyənləşdirməyə çalışırdı.
Nəsib bəy, eyni zamanda, publisistika ilə məşğul idi. O, gah “Molla Nəsrəddin” satirik jurnalını müdafiə edən ziyalıların cərgəsinə qoşulur və ziyalıları milli oyanış yolunda böyük xidmətləri olan bu jurnalı haqsız hücumlardan qorumağa çağırır, gah M.F.Axundovun 100 illiyinə hazırlıqla əlaqədar məqalə yazır, müxtəlif dairələrdə çıxışlar edir (“Tərcüman” qəzetində), keçirilən bir çox tədbirlərin təşəbbüskarlarından olurdu. Gah da o illərdə Gəncədə yaradılmış “Müsəlman xeyriyyə cəmiyyəti”, “Müsəlmanlar içində maarif cəmiyyəti” və “Aktyorlar cəmiyyəti” kimi ictimai təşkilatların fəaliyyətində yaxından iştirak edirdi. Bütün bunlarla da kifayətlənməyən Nəsib bəy Yusifbəyli “Azərbaycan ədəbiyyat tarixi” adlı əsərinin ayrı-ayrı fəsillərinin yazılması ilə məşğul olmağa da vaxt tapırdı. Ancaq təəssüf ki, Nəsib bəyin çox böyük zəhmətinin nəticəsi olan bu qiymətli əsərin sonrakı taleyi bilinmir.