Azad Azərbaycan.-2018.-15 may.-¹70.-S.3.

 

Tariximizin qürur səhifələri

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

H. Ağammədov

 

"Biz 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirmişik, bu gün də yüksək qiymətləndiririk və bugünkü müstəqil Azərbaycan həmin o Xalq Cümhuriyyətinin varisidir".

Heydər ƏLİYEV

 

"Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər".

İlham ƏLİYEV

 

100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika olan, özündən sonra zəngin irs qoymaqla xalqımızın yaddaşında silinməz iz buraxmış Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında əvəzsiz xidmətlər göstərmiş Azərbaycanın dəyərli övladlarının xatirəsi hər bir soydaşımız tərəfindən qürurla yad edilir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə Azərbaycan adı siyasi məfhuma çevrilmiş, itirilmiş dövlətçiliyimizin bərpası reallaşmış, milli təfəkkürün oyanışı mümkünləşmiş, eyni zamanda ən əsası isə bütün Şərq, müsəlman və türk dünyasında ilk dəfə demokratik üsul-idarə prinsiplərinə əsaslanan müstəqil Azərbaycan dövlətinin, hökumətinin əsası qoyulmuşdu. Məhz Cümhuriyyətin qurulması ilə azərbaycanlılar bir daha bütün dünyaya böyük, istedadlı və azad xalq olduqlarını nümayiş etdirdilər. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

AXC dövründə Azərbaycan dili dövlət dili elan olunmuş, ordu, səhiyyə, təhsil, kənd təsərrüfatı və sair sahələr milliləşərək yenidən qurulmuş, beynəlxalq təşkilatlar və iri dövlətlərlə münasibətlərin qurulması üçün zəruri addımlar atılmış, bir çox xarici dövlətlərdə ölkəmizin səfirlikləri açılmışdır. Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ vermiş Azərbaycan Xalq Cümhuriyyəti əhalinin sürətlə maariflənməsinə xüsusi diqqət yetirmiş, bu sahədə dərsliklərin hazırlanması və nəşri üçün geniş tədbirlər həyata keçirilmiş, 1919-cu ildə Bakı Dövlət Universiteti yaradılmışdır.

Dünyanın 20-dən çox dövləti ilə diplomatik əlaqə yaradan AXC hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq uğrunda da ardıcıl mübarizə aparmış, qısa zaman kəsiyində milli ordusunu yarada bilmişdir. Artıq 1920-ci ilin əvvəllərində Azərbaycan ordusunun sıralarında 40 min nəfər əsgər var idi ki, ondan 10 mini süvari idi. AXC-nin dövlət quruculuğundakı mühüm addımlarından biri də dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizgüşəli ulduz olan al bayraq barədə qərar qəbul edilmiş, noyabrin 9-da isə həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli bayraqla əvəz olunmuşdu.

Cümhuriyyətin ən böyük xidmətlərindən biri də 28 mart 1919-cu ildə ilk xüsusi xidmət orqanlarının yaradılması idi. Sonralar, məhz, 28 mart - Ümummilli lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı günü elan olunmuşdu. AXC-nin müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: "Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir".

Təəssüf ki, 1920-ci ilin aprelində baş vermiş bolşevik işğalı xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmiş, sovetləşmə illərində Cümhuriyyət hökumətində təmsil olunan, öz həyatlarını Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizəyə həsr etmiş soydaşlarımız və onların qohumları totalitar rejim tərəfindən repressiyalara məruz qalmış, onların bir çoxu güllələnmiş, bir qismi isə mühacir həyatı yaşamağa məcbur olmuşlar.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində yaşatdı.

Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Cümhuriyyətin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini və himnini qəbul etdi. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi isə hazırda Respublika Günü kimi qeyd olunur.

Ulu öndər Heydər Əliyev Azərbaycanın İstiqlal Bəyannaməsinin elan olunduğu bu günün bayram olmasını tamamilə qanunauyğun hesab edərək vurğulayırdı ki, həmin əlamətdar tarix bizim istiqlaliyyət bayramımızdır.

Ümummilli lider Heydər Əliyev 28 May bayramını xalqımızın qədim Novruz bayramı ilə müqayisə edərək bu tarixin də əbədi yaşayacağını bildirirdi: "Bax, bu bayram da belə olacaqdır. Çünki bizim müstəqilliyimiz bundan sonra əbədi olacaqdır. Mənim buna şübhəm yoxdur. Bu bayram da hər bir vətəndaşın, hər bir insanın qəlbinə daxil olmalıdır və hər bir insan bu bayram gününü qeyd edərək Azərbaycanın müstəqilliyi, suverenliyi, istiqlaliyyəti ilə əlaqədar iftixar hissi keçirməlidir. Bunun üçün biz əsas yaratmışıq".

Cümhuriyyət ideyalarının yaşamasına və təbliğinə böyük önəm verən ulu öndər Heydər Əliyev 1990-cı ilin noyabrında, hələ sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə ilk dəfə üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərarının qəbul edilməsinə nail olmuş və bununla da, müstəqillik ideallarına nə qədər sadiq olduğunu göstərmişdi. Ümummilli lider xalqımızın müstəqil dövlət qurmasından qürur hissini ifadə edərək vurğulayırdı: "Bütün çətinliklər keçib gedəcəkdir, Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənəcək, dünya birliyində hüquqi dövlət kimi həmişə yaşayacaqdır".

Məhz 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıtmış dahi azərbaycanlı Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədiləşdirildi, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində ciddi dönüş yarandı. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamağın vacibliyini öz çıxışlarında daim vurğulayırdı.

Ulu öndərin qurduğu müstəqil dövlət onun davamçısı Azərbaycan Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur. Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu məhz müstəqilliyimizin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezident cənab İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi və dövlət müstəqilliyimizin təbliği kimi məsələləri daim diqqət mərkəzində saxlayır. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür.

Hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqı təbrik edir. Bakıda Cümhuriyyətin şərəfinə ucaldılan abidənin açılması isə Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir.

Dövlətimizin başçısı cənab İlham Əliyev Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq Sərəncam imzalamış, həmçinin imzalanan digər bir Sərəncama əsasən 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilmişdi. Ölkə rəhbərinin bu qərarı xalqımızın keçmişinə, tarixinə, milli dəyərlərimizə dərin hörmətdən qaynaqlanır və dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətdə həmrəyliyin, azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edir. Belə müsbət nümunələr gənclərə xalqımızın şərəfli keçmişinə görə qürur hissi aşılayır, onlarda Vətənə bağlılığı daha da artırır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı fikirləri xalqımıza, onun, tarixinə və bu gününə verilən ən gözəl dəyərdir: "Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq".

Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin prinsiplərinə irs-varislik ənənələrini daha da zənginləşərək yeniləşdirdiyi siyasi xətt bu gün regionun lideri olan Azərbaycanın iqtisadi, siyasi tərəqqisinin əsasında dayanan amildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir".