Azad Azərbaycan.-2018.-15 may.-¹70.-S.3.

 

Şərqdə ilk cümhuriyyətin yaranmasından 100 il ötür

 

Mehman Nuriyev,

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin sədri

 

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığını elan etdi. 6 bənddən ibarət olan bəyannamə aşağıdakıları nəzərdə tuturdu:

I. Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.

II. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik Respublikadır.

III. Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.

IV. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir.

V. Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişafı üçün geniş imkanlar verir.

VI. Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Elə həmin gün F.X. Xoyskinin rəhbərliyi ilə Nazirlər Soveti yaradıldı və 9 nəfərdən ibarət Azərbaycan Milli Hökuməti təşkil olundu. Hökumətin tərkibində digər nazirliklərlə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyətinin Ədliyyə nazirliyi də yaradıldı və Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov ilk Ədliyyə naziri oldu.

Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti mövcud olduğu 23 ay ərzində 140-a qədər ümumi iclas keçirmiş və həmin dövrdə parlamentə 315 qanun layihəsi təqdim edilmişdi. Bu qanun layihələrindən 32-si Ədliyyə nazirliyi tərəfındən hazırlanmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin ədliyyə sahəsində deklarasiyasını qəbul etdi.

Deklarasiyada deyilirdi ki, ədliyyə hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biridir. Məhkəmə orqanları olmadan heç bir dövlət mövcud ola bilməz. Heç bir digər inzibati dövlət aparatı məhkəmələri əvəz edə bilməz. Bütün ictimai təhlükəli hərəkətlər məhkəmə prosesində araşdırılmalıdır. Ona görə ki, bir tərəfdən təqsirləndirilən şəxs öz günahını başa düşsün, digər tərəfdən isə o, dövlət aparatının ədalətliliyini hiss etsin. Ona görə də məhkəmə icraatının dəqiqliyi dövlətin mühüm məsələlərindən biri olmalıdır. Ədalət mühakiməsi xalqa yaxın olmalıdır. Məhkəmə ilə əlaqəsi olmuş hər bir şəxs onun ədalətliliyini başa düşməlidir. Əks təqdirdə məhkəmə özünün sosial təyinatına kifayət qədər nail ola bilməz. Ona görə də elə məhkəmə sistemi yaratmaq lazımdır ki, o bütün əhali tərəfindən başa düşülsün.

Beləliklə də, Azərbaycan Demokratik Respublikası təşəkkül tapdığı ilk günlərdən ölkədə demokratik prinsiplər əsasında məhkəmə sistemi yaradılmasına böyük diqqət yetirmişdir. Deklarasiyadan göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfındən həyata keçirilməsini, təqsirsizlik prezumsiyası, məhkəmələrin xalqa daha yaxın olması, vətəndaşların məhkəmə və qanun qarşısında bərabərliyi və digər demokratik prinsiplərə əsaslanan məhkəmə sistemi qurulmasını elan etmişdir.

Bundan sonra Azərbaycan Demokratik Cümhuriyyətinin ilk Ədliyyə naziri Xəlilbəy Xasməmmədovun məruzəsi əsasında hökumətin 14 noyabr 1918-ci il tarixli qərarı ilə Azərbaycan tarixində ilk dəfə olaraq "Azərbaycan məhkəmə palatası və onun əsasnaməsi" təsdiq olunmuşdur. Bakı şəhərində yerləşən Məhkəmə palatası bir neçə şöbədən ibarət idi. Əsasnamə aşağıdakıları nəzərdə tuturdu:

1. Məhkəmə palatasının hər bir şöbəsi sədr və ştat üzrə müəyyən adamlardan ibarət olur.

2. Məhkəmə palatasının sədrlərindən biri böyük sədr təyin edilir.

3. Azərbaycan Məhkəmə Palatası tərkibindəki prokuror və müəyyən qədər prokurorun yoldaşlarından ibarətdir.

4. Azərbaycan Məhkəmə Palatasının idarə forması və onun nəzdində olan prokuror nəzarəti rus imperiyasının 1864-cü ilin və 1917-ci il müvəqqəti hökumətin qanunlaşdırılmış məhkəmə nizamnaməsində nəzərdə tutulanlarla müəyyənləşdirilir.

5. Azərbaycan Məhkəmə Palatasının hakimiyyəti və onun nəzdində yerləşən prokuror nəzarəti bütün Azərbaycan Respublikası ərazisində həyata keçirilir.

Göründüyü kimi, Əsasnaməyə uyğun olaraq yaradılmış Azərbaycan Məhkəmə Palatasının səlahiyyət dairəsi bütün Azərbaycan ərazisini əhatə edirdi. Həm də nəzərdə tutulurdu ki, respublika ərazisində mərhələ ilə digər məhkəmə instansiyaları - Məhkəmə palataları təsis edilsin. Əsasnamədən əvvəl Azərbaycan Respublikasında hüquq qaydaları və qanunçuluğun möhkəmləndirilməsi məqsədilə Bakı və Gəncə şəhərlərində əvvəllər mövcud olmuş dairə məhkəmələrinin, həmçinin həmin dairə məhkəmələri nəzdində barışdırıcı idarələrin fəaliyyəti bərpa edilmişdi.

Ədliyyə naziri Xəlilbəy Xasməmmədovun "Məhkəmə idarələrinin bərpa olunması haqqında" etdiyi məruzəsi əsasında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qəbul etdiyi 1 oktyabr 1918-ci il tarixli qərarda deyilirdi ki, Bakı quberniyasında qanun-qaydaların bərpa olunması və qanuni hökumətin Bakı şəhərinə köçürülməsi ilə əlaqədar olaraq anarxiya dövründə müxtəlif adlarla yaradılmış məhkəmələr və məhkəmə funksiyasına malik bütün komissiyalar ləğv edilsin. Bakı dairə məhkəməsinin və onun tabeliyində olan bütün idarələrin fəaliyyəti bərpa olunsun.

Azərbaycan Məhkəmə Palatasında dairə məhkəmələrində baxılmış işlərdən əlavə, respublika ərazisində baş vermiş və Tiflis məhkəmə palatasına daxil olmuş, lakin baxılmamış və baxılmaq üçün Bakıya göndərilmiş işlərə də baxılması nəzərdə tutulurdu. Bu cəhətdən Azərbaycan Məhkəmə Palatası yuxarı məhkəmə instansiyası orqanı hesab olunurdu.

Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti Azərbaycan xalqının son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan türkcəsinə dövlət dili statusu verdi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində işləməsi haqqında qərar qəbul etdi. Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin "Dövlət dili haqqında" 27 iyun 1918-ci il tarixli qərarında dövlət dilinin türk dili qəbul edildiyini, bundan sonra bütün məhkəmə, idareyi-daxiliyyə və s. vəzifələri başında duranların bu dili bilənlər olacağını bəyan etmiş və həm də göstərilmişdir ki, məhkəmə və digər vəzifə başında duranlar bu dili bilənlər olana qədər hökumət müəssisələrində rus dilindən də istifadə olunsun.

Bir sıra mənbələrdə qeyd edilir ki, Azərbaycan məhkəmə sistemində məhkəmə prosesləri Azərbaycan dilində ilk dəfə yalnız sovet dövründə aparılmağa başlanmışdır. Lakin göründüyü kimi, bu fikir tarixi faktlara əsaslanmır.

Bütün bu göstərilən mütərəqqi qanunlara baxmayaraq, Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycan Respublikasında vahid məhkəmə sistemi qurmağa müvəffəq ola bilmədi. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi "Azərbaycan Demokratik Respublikası bir çox dəyərli işlər görmüş və Azərbaycan bir müstəqil demokratik respublika kimi yaşamağa başlamışdır. Ancaq Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz fəaliyyətini davam etdirməyə imkan verməmişdir. Bir tərəfdən Rusiyada bolşevik hakimiyyəti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik dayaq idarəsini qurmağa cəhd göstərərək Azərbaycana yönəlmişdi, respublikamızın daxilində o cəhdləri dəstəkləyən qüvvələr onlarla birləşmişdi. Onlarla yanaşı olaraq, Azərbaycan Demokratik Respublikası hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr bu demokratik respublikanın ləğv olunmasına gətirib çıxarmışdır".

Məhz, bu daxili və xarici amillər Azərbaycan Demokratik Respublikası hökumətinə digər məsələlərlə yanaşı, məhkəmə islahatını da həyata keçirməyə imkan vermədi. 1920-ci il aprelin 27-sində, axşam saat 11-də Azərbaycan parlamenti hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında qəbul etdi.

Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində və şüurunda yaşatmışdır. Xüsusən ümummilli lider Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Xalqımız cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Ümummilli lider Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən müasir inkişaf strategiyası Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi.

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.