Vergilər. - 2018.- 16 may. - ¹ 18. - S. 4.
Cümhuriyyət dövründə vergi islahatları və inzibatçılıq
Azərbaycan Xalq Cümhuriyyəti – 100
E. Cəfərli
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sisteminin Avropanın qabaqcıl vergi standartlarına uyğunlaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilirdi. Vergi Müfəttişliyi vergi quruculuğunu, vergi qanunvericiliyinin təkmilləşdirilməsini daim diqqətdə saxlayırdı.
Çar Rusiyasının dövründən miras qalan vergi sistemi açıq bazar iqtisadiyyatını seçmiş müstəqil dövlətin yeni iqtisadi siyasətinin fəlsəfəsinə uyğun gəlmirdi. Ölkədə iqtisadi islahatlar və maliyyə-fiskal siyasət vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsi zərurətini də aktuallaşdırırdı. Buna görə də vergi sisteminin müasir hüquqi əsaslarının yaradılması sahəsində görülən işlər qanunların, bir sıra normativ aktların qəbulu ilə davam etdirildi. Hökumət vergi işinin təşkilini ölkənin maliyyə imkanlarının artırılmasına yönəltməklə yanaşı, digər bir mühüm missiyanı - keçmişdən miras qalmış əmək və kapital arasındakı gərgin münasibətləri də nizamladı. Nəsib bəy Yusifbəylinin Baş nazir olduğu dövrdə əmək və kapital arasında qarşılıqlı münasibətin dövlət tərəfindən tənzimlənməsinə dair qərar qəbul olundu, sənəd iqtisadi və fiskal münasibətlərin tənzimlənməsində irəliləyişlərə yol açdı.
Vergi Müfəttişliyi vergi yığımında sərt inzibatçılığın aradan qaldırılması, əyalətlərdə keçmişin qalıqlarından olan «dinmə, ver», «şallaq və dəyənək» prinsiplərinin ləğvi üçün əməli addımlar atmağa başladı. Qəza rəislərinin ağır vergi şərtləri tamamilə aradan qaldırıldı, vergi və rüsumların yığılması ilə məşğul olan məsul orqanlara yerlərdə qanunlara və hüquqi aktlara uyğun inzibatçlığı həyata keçirmək tapşırıqları verildi. Vergi yığımında səmərəli üsullardan istifadəyə keçidlə bağlı işlər davam etdirildi.
Hökumətin vergi siyasətində vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, onların problemlərinin həlli və şikayətlərinin araşdırılması sahəsində də təkmil mexanizmlər yaradıldı. 1919-cu il oktyabrın 20-də «Maliyyə naziri yanında müxtəlif vergilər üzrə şikayətlərə baxan ali instansiya olan Şura haqqında» qanun qəbul olundu. Həmin qanuna görə, Şuraya daimi üzvlərdən əlavə, məhkəmə və prokurorluq orqanlarının, həmçinin vergi ödəyənlərin müvəqqəti nümayəndələri də daxil edilmişdi. Şura vergi məsələləri ilə bağlı şikayətlərə baxırdı.
Həmin dövrdə vergi siyasətinin ən mürəkkəb məqamlarından biri vergi dərəcələrinin artırılması, yaxud sabit saxlanılması ilə bağlı idi. Hökumət kabinetində bu məsələ barədə müxtəlif fikirlər var idi: vergi dərəcələrinin artırılmasını müdafiə edən qrup bu yolla gənc respublikanın maliyyə vəziyyətinin yaxşılaşacağına ümid edirdi. Həmin dövrün iqtisadi vəziyyətinə daha real qiymət verən hökumət üzvləri hesab edirdilər ki, vergiləri artırmaq nəinki praktiki, həm də elmi nəzəri cəhətdən səmərəsizdir. Ölkənin o zamankı iqtisadi şərtlərində belə bir addımın atılması vergidən yayınma hallarının artmasına gətirib çıxaracaqdı.
Maliyyə Nazirliyi torpaq vergisi dərəcələrinin artırılmasında israrlı idi və hazırladığı layihədə göstərirdi ki, ayrı-ayrı qəzalar üzrə 1918-ci ilin normaları ilə torpağın gəlirliliyinin ümumi məbləği vergiyə cəlb olunan gəlirlilik səviyyəsini 40-70 dəfə üstələyir. Ona görə də torpaqdan əldə edilən dövlət gəlirlərini artırmaq və bunun iki yolu təklif olunurdu: birincisi, yeni rüsum və vergilər tətbiq etmək; ikincisi, mövcud vergi dərəcələrini artırmaq. Hökumət torpaq sahələrinin yenidən uçotunun aparılmasının uzun vaxt aparacağını nəzərə alaraq, ikinci yola üstünlük verdi. Amma bu siyasət özünü doğrultmadı və hökumətdə təmsil olunan daha praqmatik iqtisadi qrupun proqnozları düz çıxdı. Beləliklə, 1920-ci ildə torpaq vergisinin artırılması məqsədəuyğun hesab edilmədi.
Maliyyə Nazirliyi 1919-cu ildə vergilərin artırılmasını nəzərdə tutan digər bir layihəni də parlamentə təqdim etdi: bu, dövlət xəzinəsinin gəlirlərini artırmaq məqsədilə birdəfəlik fövqəladə verginin tətbiqi barədə idi. Uzun müddət müzakirə olunan təkliflər paketi 1920-ci il martın 10-da hökumət tərəfindən müsbət qarşılandı və parlament qanun layihəsini qəbul etdi. Fövqəladə verginin əmlak, kapital, gəlir və əməkhaqqı daha yüksək olan iri biznes sahiblərinə tətbiqi nəzərdə tutulurdu. Həmin vergi illik gəlirləri 1 milyard manat olan şəxslərə şamil edilirdi. Əmlakı, kapitalı və kapitallaşmış gəlirləri, əməkhaqqı 300 min manatdan aşağı olan şəxslər bu vergidən azad idilər. Hökumətin mövqeyinə görə, həmin vergi böyük məbləğdə kağız pulları əllərində cəmləşdirmiş şəxslərin maliyyə sektoruna cəlb olunmasına imkan verə bilərdi. Bununla da məcburi kağız pul emissiyasının qarşısı alınacaq, eyni zamanda milli valyutanın məzənnəsi yüksələcəkdi.
Həmin dövrdə digər vergilərin artırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldüyünə baxmayaraq, onların heç biri məqəsəduyğun hesab edilmədi. Hökumətin yürütdüyü vergi siyasətinin əsas prioritetləri vergilərin artırılması deyil, tədiyyə qabiliyyətinin yüksəldilməsi yolu ilə vergilərin tədricən azaldılmasına üstünlük verilməsi idi. Fətəli xan Xoyskinin Baş nazir olduğu müddətdə maliyyə siyasətinin əsasında vergi dərəcələrinin azaldılmasına və mütərəqqi gəlir vergisinə üstünlük verildi. Nəsib bəy Yusifbəylinin Baş nazir olduğu dövrdə isə müstəqim vergilərin artırılması, qeyri-müstəqim vergilərin (neft, şərab, tütünü çıxmaqla) azaldılması önə çəkildi, vergi dərəcələri isə, bəzi vergilərin artırılması istisna olmaqla, sabit qaldı.
1920-ci ilin aprel ayının 28-də XI qırmızı ordunun Azərbaycanı işğal etməsi nəticəsində Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı, Avropa yönümlü azad iqtisadiyyat prinsiplərini həyata keçirməkdə inadlı və qətiyyətli olan müstəqil dövlətimizin vergi islahatları da yarımçıq qaldı.