İki sahil. - 2018.- 16 may. - ¹ 93. - S. 12.
Xalq Cümhuriyyəti dövründə Azərbaycan qadınları: Şəfiqə xanım Qaspiralı
Şəfiqə Dadaşova
Bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu günün əhəmiyyətini anlamaq, onun tarixini hərtərəfli araşdırmaq və paylaşmaq üçün xüsusilə gənclərə önəmli bir mesaj verir. Cümhuriyyət dövrünün çətinliklərini gözlər önünə sərən kitablar oxuyub, filmlər izləyəndə həqiqətən də insan gənc olaraq birinci özünə güvənir. Böyük, müstəqil, demokratik dövlət yarada biləcək qədər ağıl və dərrakəyə sahib olan insanların nəvələri-nəticələri olaraq bir daha stimul alan gəncin düşüncələri müsbət mənada dəyişir. Cümhuriyyət tarixi o qədər dərin, keşməkeşli bir tarixdir ki, fikrimcə istənilən kitab, film onu olduğu kimi şərh edən bazaya malik deyil. Bu gün texnologiyanın inkişaf etdiyi, süni raketlərin istehsal olunduğu, dövlətlərin öz müqəddəratlarını həll edəbilmə qabiliyyətinə malik olduqları dövrdə belə hələ də öz müstəqilliyini qazanmamış xalqlar var. Təkcə bu fakt kifayət edir ki, Cümhuriyyət və cümhuriyyətçilərin tariximizdə buraxdığı dərin izlərinin mahiyyətini başa düşək.
Bu yaxınlarda Dilqəm Əhmədin Cümhuriyyət dövründən bəhs edən “Fərqlilər” kitabını oxudum. Bu, Şərqdə ilk demokratiyanı quran insanlar və həmin respublika haqqında oxuduğum üçüncü kitab idi. Məqsədim kitabın nə qədər dəyərli bir mənbə olduğunu göstərmək deyil. Sadəcə, mən Cümhuriyyət dövrü ilə bağlı düşüncələrimi daha da inkişaf etdirmək və bu fikirləri qəzetimizin xüsusilə gənc oxucuları üçün paylaşmaq istəyimdən irəli gələn bir istəklə oxudum. Bu günə qədər Cümhuriyyət dövrü fəaliyyət göstərən fəalların - kişilərin demokratik respublikanın qurulmasındakı əməyindən danışdıq, yazdıq. İstərdim Cümhuriyyət dövründən bəhs edən bu yazımda həmin dövrdə fədakarlıq göstərən qadınlardan bəhs edim. Cümhuriyyət dövründə qadınların həyat hekayələrini oxuyanda insan bir daha əmin olur ki, Azərbaycan qadını nə qədər güclü, dözümlü, mərddir.
Yazımın bu hissəsində bir məqamı xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda kifayət qədər tanıdılmayan tanınmış şəxsiyyətlər var. Yəni adlarını hər gün çəkdiyimiz, tarixdə etdiklərini alqışlarla qarşıladığımız şəxsiyyətlərdən savayı digərləri də çoxdur. Belə şəxsiyyətlərdən biri də Şəfiqə xanım Qaspiralıdır.
Şəfiqə xanım “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının qızı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı olub. Nə qədər xoş səslənir bu təqdimat, deyilmi? Bir qadın üçün bundan gözəl nə ola bilər ki?! İsmayıl bəy kimi birinin qızı, Cümhuriyyətin ilk Baş nazirinin həyat yoldaşı... Amma həyatın hər iztirabını çəkənlər bilir ki, hər şey nə göründüyü kimidir, nə də yazıldığı...
Çox maraqlı bir məqam ondan ibarətdir ki, Şəfiqə xanım və Nəsib bəy haqqında əsas faktlar kitablardan qabaq elə onların biri-birinə yazdıqları sevgi məktublarındadır. Bu məktublar 1904-1906-cı illərdə Nəsib bəy tərəfindən Şəfiqə xanım Qaspiralıya yazılan məktublardır. Məktublardan belə bəlli olur ki, bu zaman onlar nişanlı olublar.
Bu yerdə qısaca xatırladım ki, Nəsib bəy Odessa Universitetində təhsil alarkən tələbələrin çıxışlarından qəzəblənən çar hökuməti müvəqqəti olaraq universiteti bağlayır. Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirməli olur.
Bəs Şəfiqə xanım kimdir və Azərbaycan mədəni-ictimai mühiti üçün nə edib?
Məşhur “Dildə, fikirdə, işdə birlik!” tezisinin müəllifi, XIX əsrin ikinci yarısı Rusiya müsəlmanlarının mənəvi, milli-ideoloji lideri, maarifçi publisist, naşir “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının qızı Şəfiqə Qaspiralı 19-cu yüzilliyin sonlarında Krımda anadan olub. Bir müddət “yeni üsullu” məktəblərdə dərs verən Qaspiralı övladlarının da ilk təhsili ilə özü məşğul olub. Kiçik yaşlarından mətbuat aləmində böyüyən Şəfiqə ilk olaraq “Tərcüman” qəzetinin redaksiyasında işləmişdir. Ədəbi mühüt, ətrafda baş verən siyasi-ictimai hadisələr Şəfiqə xanımın həyata baxışında dəyişikliklərə səbəb olur. Qadınlara qarşı, kobud, laqeyd münasibətlər, xanımların cəhalətin, rəzalətin qurbanına çevrilmələri onu qadın azadlığı uğrunda mübarizəyə sövq edir. Bütün türk dünyasının qadınlarının hüquqları uğrunda mübarizəyə qalxaraq 1903-cü ildə mətbuata üz tutur. Məhz bu fikirlə fəaliyyətini genişləndirmək üçün 1906-cı ildən 1910-cu ilə kimi “Tərcüman”ın mətbəəsində qadınlar üçün Rusiya müsəlmanlarının ilk qadın jurnalı olan “Aləmi-nişvan”ın (“Qadın dünyası”) çapına nail olur.
Arxiv sənədlərindən və dövri mətbuatdan bəlli olur ki, XX əsrin əvvəllərində Rusiyada və onun əyalətlərində baş verən siyasi-ictimai inqilablar, çaxnaşmalar, hadisələr ziddiyyətli bir prosesə çevrilmişdir. Belə bir vaxtda Novorossiysk Universitetində təhsil alan azərbaycanlı tələbələr Krımda olarkən İsmayıl bəy Qaspiralını ziyarət edərək onunla fikir mübadiləsi aparır, dəyərli məsləhətlər alırdılar. Onların arasında Qaspiralı ocağını daha tez-tez ziyarət edən Nəriman Nərimanov və Nəsib bəy Yusifbəyli də var idi. Sən demə onları bu ocağa Qaspiralı qayğısı ilə yanaşı, Şəfiqə xanıma olan sevgiləri də cəkib gətirirmiş. Şəfiqə xanım isə bu sevginin birini qəlbinə yaxın bilərək Nəsib bəyi seçir.
Beləliklə, Nəsib bəy və Şəfiqə xanım İsmayıl bəy Qaspiralının xeyir-duası ilə 1906-cı ildə ailə qururlar. Nəsib bəyin təhsili ilə əlaqədar bir müddət burada yaşayırlar və iki övladları, Zöhrə və Niyazi dünyaya gəlir. Bu illər ərzində Nəsib bəy təhsilini davam etdirməklə yanaşı, “Tərcüman”da çap olunur, azərbaycanlı dramaturqların əsərlərini tamaşaya qoyur, siyasi biliyini artırır, ətrafda baş verən bütün hadisələrə müdaxilə edir.
Nəsib bəy təhsilini başa vurduqdan sonra Şəfiqə xanımı və övladlarını da götürüb ata yurdu Gəncəyə gəlir. Bu gəliş ömürlük olaraq onun ailə həyatının uğursuzluğuna səbəb olur. Bu haqda tədqiqatçı alim Vilayət Quliyev “Baş nazirin xanımı” sərlövhəli məqaləsində geniş məlumat verdiyi üçün təkrarçılığa yol vermək istəmirəm. Məqalədən belə bəlli olur ki, Nəsib bəy Gəncədə olarkən başqa bir qadınla da dini nigah bağladıb. Bunu bilən Şəfiqə xanım ayrılmağa qərar verir və 1909-cu ildə övladları ilə birlikdə atasının yanına - Krıma qayıdır.
Nəsib bəy nəinki ailəsi ilə, hətta İsmayıl bəylə də münasibətlərini kəsmir. Bu, Nəsib bəyin hələ o zaman “Millət atası” (Şəfiqə Əfəndizadə) adlandırılan İsmayıl bəy Qaspiralıya olan böyük hörmət və izzətindən irəli gəlirdi. 1914-cü il sentyabrın birinci on günlüyü İ.Qaspiralının ömrünün son günləri... Bu zaman da Nəsib bəy onun yanında idi. Qaspiralının dəfn mərasimi zamanı cəkilən şəkillərdən birində iki nəfət onun qəbri üstə diz çökərək onu yad edir. Onlardan biri Qaspiralının böyük oğlu, ikincisi isə Nəsib bəydir. Mərasimdən sonra da Nəsib bəy Şəfiqə xanıma dəfələrlə onu bağışlamasını xahiş etsə də Şəfiqə xanım bu təklifi qəbul etmir.
İ.Qaspiralının ölümündən sonra Şəfiqə xanım ailə qayğıları ilə yanaşı, həm “Tərcüman”ın çapına diqqət yetirir, həm də siyasi işlərə. 1917-ci ilin aprelində Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilir. Konqresdən dərhal sonra elə həmin ayda Şəfiqə xanım Krımda “Qadın komitələri” təşkilatını yaradır. 1917-ci ilin may ayında isə Moskvada kecirilən Rusiya müsəlmanlarının konqresində Krımı təmsil edir. Bu zaman təkcə Şəfiqə xanımın deyil, Krım türklərinin siyasi və ictimai işlərdə fəallaşması imperiyanı qəzəbləndirir. Hökumət 1918-ci il fevralının 23-də “Tərcüman” qəzetini bağlayır, mətbəəni isə müsadirə edir. Krımda baş verən hadisələr Nəsib bəyi çox narahat etdiyi üçün dəfələrlə Şəfiqə xanıma məktub yazaraq təkidlə onları Bakıya dəvət edir, onlardan narahat olduğunu, darıxdığını bildirirdi. Məktublarından birində Nəsib bəy yazırdı: “Şefi! Sənə çəkdirdiyim bunca iztirabları unutmağını istəməyə haqqım çatırmı? İndi Azərbaycan Cümhuriyyətinin Baş naziriyəm. Hər kəsdən hörmət görürəm. Amma özümü xoşbəxt sanmıram. Uşaqları xatırladıqca, varımdan yox oluram. Yuxularım ərşə çəkilib...”.
Bəzi mənbələrdə qeyd edilir ki, Şəfiqə xanım 1918-ci ilin əvvəllərində övladları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya -Nəsib bəyin yanına gəlir. Amma Nəsib bəyin yuxarıdakı məktubundan belə bəlli olur ki, o, Baş nazir olarkən Şəfiqə xanım övladları ilə Krımda idi. Deməli, onların Azərbaycana gəlişi ya 1918-ci ilin son aylarına, ya da 1919-cu ilin əvvəllərinə təsadüf edir. Şəfiqə xanımla uşaqların Azərbaycana gəlişi onların arasındakı şəxsi münasibətləri istiləşdirə bilməsə də, Nəsib bəy ailənin bütün ağırlığını öz üzərinə götürür.
Şəfiqə xanım Cümhuriyyət dövründə Bakıda Xalq Maarif Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayır, dövri mətbuatda qadın azadlığı mövzusunda yazılarla çıxış edir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu yenidən Şəfiqə xanımı Azərbaycandan didərgin salır. Bolşeviklər onu övladları ilə birlikdə yaşadığı mənzildən çıxararaq kücəyə atırlar. Ailənin gələcək taleyindən narahat olan (deyilənlərə görə o, İsmayıl bəy Qaspiralının yaxın dostu olub), o zaman Bakıda işləyən türk diplomatı Şəfiqə xanımı və övladlarını türk hərbçiləri ilə birlikdə əvvəl Batuma, sonra Trabzona, oradan isə çox çətinliklə İstanbula yola salır.
İstanbulda da Şəfiqə xanımı bir müddət iztirablı günlər, maddi çətinliklər tərk etmir. Lakin bunlara baxmayaraq o, daha çox Nəsib bəyin naməlum taleyindən narahat qalır. Dəfələrlə Azərbaycana məktub yazsa da, doğru-dürüst bir informasiya ala bilmir.
Uzun get-gəllərdən sonra İstanbulda “Qızıl ay” Beynəlxalq Xeyriyyə cəmiyyətində tərcüməçi işləyir, övladlarını oxudur. 1975-ci ildə Şəfiqə xanım Türkiyədə dünyasını dəyişir, lakin dünyasını dəyişən günə qədər Nəsib bəyin sevgisinə sadiq qalır.
Azərbaycan Cümhuriyyətindən danışarkən onun tarixində mərdliyi ilə iz qoyan qadınlarımızın həyatlarını oxuduqca insan bir d aha əmin olur ki, bu gün öz ayaqları üstündə durub, kişilərlə çiyin-çiyinə çalışan güclü qadınların cəsarəti və mərdliyi öz mənbəyini haradan götürüb.