Paralel. - 2018.- 12-14 may. - ¹ 85. - S. 13.
Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü
(1918-1920-ci illər, qısa tarixi tədqiqat)
Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü
İltifat Əliyarli-Şahsevənli,
Tarix üzrə fəlsəfə doktoru
(Əvvəli ötən sayımızda)
1919-cu il martın 20-də Azərbaycan Parlamenti Daxili İşlər Nazirliyinin bu vaxta qədər olmayan yeni ştatlarının layihəsinin geniş müzakirəsinə başlayıb. Bu işdə daxili işlər naziri əvəzi, vitse-nazir M.S.Ağabəyzadənin rolu böyük idi. Yeni ştatlara görə, Bakıda bu vaxtadək qubernator, qradonaçalnik (şəhər rəisi) və Quberniya İdarəsinin dəftərxanaları ayrı-ayrılıqda idi. İndi bunlar birləşdirlirdi. Qubernator və qradonaçalnik əvvəllər hərəsi bir köməkçiyə malik idi. İndi Qradonaçalniklikdə köməkçinin əvəzinə qubernatorun kiçik köməkçisi vəzifəsi təsis olunur və onun üzərinə gələcəkdə polisə rəhbərlik işi həvalə edilirdi. Dəftərxananın yanında quberniya idarəsinin 3 məsləhətçisi, arxitektura şöbəsinin rəisi, 1 katib,1 mühafizə inspektoru, 11 gözətçi və kuryerlər saxlanırdı. Beləliklə, qradonaçalnikin yanında xüsusi tapşırıqlar üzrə 4 məmur əvəzinə 2 nəfər, 8 kargüzar əvəzinə 4, 6 kargüzar köməkçisi əvəzinə 3 və 30 dəftərxana məmuru əvəzinə 20 nəfər qalırdı. İş həcminin artması ilə əlaqədar polismeysterin ikinci köməkçisi vəzifəsi təsis olunurdu. Əvvəllər bu vəzifəni pristavlardan biri icra edirdi, bu da onun birbaşa vəzifəsinin icrasını çətinləşdirirdi. Şəxsi heyət 320 nəfər artırıldı. Bunların 225 nəfəri piyada və 95 nəfəri atlı qorodovoy idi. Bakı qəza rəisi vəzifəsi ləğv edildi və qəzanın bütün ərazisi Balaxanı-Sabunçu Polismeysterliyinə birləşdirildi, orada təkcə 1 köməkçi saxlanılırdı. Qorodovoyların sayı da artırıldı, 140-dan 200-ə çatdırıldı. Quba və Göyçay qəzalarında qəza rəisinin 2-ci köməkçisi vəzifəsinə daha ehtiyac duyulmadığından ləğv edildi, onları mühafizə polisinin zabitləri əvəz etdi. Cavad və Göyçay qəzalarında 2 yeni sahə polis pristavlığı təsis olundu, sahə pristavlıqları yanında pristav köməkçiləri vəzifəsi təsis edildi. Bir sıra şəhərlərdə, cəmi 1 pristav vardı, yeni ştatlar üzrə indi 2-ci pristav vəzifəsi də təsis olundu. Bakı Xəfiyyə Şöbəsi nəzarətçilərinin sayı da 10 nəfərdən 15 nəfərə çatdırıldı. Agentlərin sayı isə əksinə, 50 nəfərdən 30 nəfərədək azaldıldı. Şuşa qəzasının iri Ağdam kəndində pristav vəzifələri təsis edildi. Keçmiş Zaqatala dairəsi ləğv edildi və quberniya yaradıldı.Orada inzibati idarəçilik qubernatordan, onun 1 köməkçisindən, 1 məsləhətçidən, xüsusi tapşırıqlar üzrə 1 köməkçidən, 1 mühəndisdən, 2 kargüzardan, 6 dəftərxana qulluqçusundan, 6 kuryerdən, 6 sahə pristavından və onların 6 köməkçisindən, 6 dəftərxana məmurundan və 6 gözətçidən ibarət olaraq təşkil edildi. Zaqatala şəhərinin özündə pristav və 2 nəzarətçi, 15 qorodovoy və 2 şəriət məhkəməsi,1 mühafizə inspektoru, 20 böyük gözətçi və 150 kiçik gözətçi (polis strajnikləri) vardı. Hesab olunurdu ki, Azərbaycan kimi çox da böyük olmayan ölkədə qubernator vəzifələrinə ehtiyac yoxdur, onların ləğvi vasitəçiliyi aradan götürəcək və Daxili İşlər Nazirliyinin xalqa daha yaxın olmasını asanlaşdıracaq. Zaqatala şəhərində pristav vəzifəsi polismeyster vəzifəsi ilə əvəz edildi. Parlamentin iclası belə hesab etdiki, Daxil İşlər Nazirliyi sistemi işçilərinin əmək haqqını artırmağa ehtiyac var. Çünki, digər nazirliklərlə (məsələn, maliyyə, ədliyyə və s.) müqayisədə onların əmək haqqı çox aşağıdır. Buna görə də, Daxili İşlər Nazirliyinə yerli polis əməkdaşlarının əmək haqqının yeni ştat tarifi üzrə 16 dərəcəyə bölünməklə artırılması qərarı qəbul olundu. Parlamentin 1919-cu il 3 aprel tarixli iclasında "Daşnaksutyun" fraksiyasının nümayəndəsi A.Malxazyanın bu qərarın əleyhinə çıxış etməsinə baxmayaraq, daxili işlər naziri Xəlil bəy Xasməmmədov çıxış edərək, onu yerində oturdur. Azərbaycan hökumətinin Büdcə-Maliyyə Komissiyasının sədri Musa Rəfibəylinin (Gəncə, 1888-Təbriz,1938) təqdiri və Azərbaycan Parlamentinin 1919-cu il 9 aprel tarixli iclasının qərarı ilə Daxili İşlər Nazirlyinin 14 maddədən ibarət yeni ştatları 44 nəfər lehinə və 8 nəfər əleyhinə olmaqla qəbul edilr.
1919-cu il martın 30-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Daxili İşlər Nazirliyinin təqdimatı üzrə nümunəvi xidmətinə görə, Gəncənin sabiq qubernatoru İbrahim ağa Paşa ağa oğlu Vəkilova general-mayor rütbəsi verilib.
1919-cu ilin aprelində AXC Daxili İşlər Nazirliyi nəzdində "Müvəqqəti Xüsusi Səlahiyyətli Müvəkkilər İnstitutu" yaradılıb. Onun əsas vəzifəsi respublikanın qəzalarında yerli inzibati hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət etmək, milli təşkilatlar və komitələrin qarşılıqlı münasibətlərini nizama salmaq idi. Daxili İşlər Nazirliyinin bu strukturu Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək fəaliyyət göstərib.
1919-cü il martın 14-dən aprelin 16-dək Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri vəzifəsini nazir əvəzi, general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadə yerinə yetirirdi... Həmin il martın 21-də general-mayor V.Tomson və baş polis komissarı F.Kokkerelin təklifi ilə daşnakların 1918-ci ildə xalqımıza qarşı törətdiyi Mart soyqrımı və etnik təmizləmə faktları üzrə yaradılan Fövqəladə Təhqiqat Komissiyası bilavasitə Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin IV şöbəsinin (rəisi Sonazır Taprov idi) tabeliyinə keçirildi.
Martın 30-da general-mayor M.S.Ağabəyzadə "Vəzifəli şəxslərin cinayətlərinin təhqiqatı və təhqiqatların səviyyəsinin yaxşılaşdırılması" haqqında təlimnamə (əmr) verib.
1919-cu il aprelin 5-də Azərbaycan hökuməti daxili işlər naziri əvəzi M.S.Ağabəyzadəyə Bakı şəhərində təhlükəsizliyi və sabitliyi bərpa etmək barədə sərəncam verib. Bu, Azərbaycan Ordusunun 1 batalyon piyada, 400 nəfər süvari və 1 batareya hissəsinin Bakıya gətirilməsi ilə əlaqədar idi. Hərbi hissə qüvvələrinin paytaxta gətirilməsi polisin vəzifəsini çətinləşdirdi. Hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov(16 oktyabr 1955,Lənkəran-12 fevral 1931,Bakı)Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri N.Yusifbəyliyə yazdığı raportda bildirirdi: "Mən Bakı hərbi qarnizonunda bolşevizm əhval-ruhiyyəsinin genişlənən təsirindən qorxuram". Qeyd etmək lazımdır ki, Azərbaycanda müttəfiq qoşunların komandanı V.Tomson hələ 1918-ci il dekabrın 18-də Şimali Qafqaz xalqlarına müraciətində bəyan etmişdi: "Bolşevizmi məhv etmək bizim ümumi işimizdir. Müttəfiqlər bolşevizmin düşmənidirlər".
1919-cu il aprelin 24-də V.Tomson öz səlahiyyətlərini Bakıdakı müttəfiq qoşunların yeni komandanı Q.N. Koriyə, o isə öz növbəsində həmin il iyunun 11-də Cənubi Qafqazda müttəfiq qoşunların yeni komandanı D.Şatelvorta verdi. Bununla yanaşı, Müvəqqəti Müstəmləkə Polisinin ləğv edilməsi ilə Bakı şəhər polisinin ikili tabeçiliyinə son qoyuldu.
Hələ 1919-cu il aprelin 16-da Azərbaycan Xalq Cümhuriyyətinin dördüncü hökumətinin sədri, eyni zamanda daxili işlər naziri (16 aprel -22 dekabr 1919) olan görkəmli ictimai-siyasi xadim Nəsib bəyYusifbəylinin(1881-1920) 63 saylı əmri elan olunmuşdu. Əmrlə qəza rəisləri vəzifələrinə namizədlərin seçilməsində qubernatorlara müstəqillik verildi və həmin rəislərin təsdiqi onların təqdimatı və məsuliyyəti ilə olacağı bildirildi. Qəza inzibati orqanı agentlərinin aşağı rütbələri üçün sərbəst namizəd seçmək hüququ da qəza rəislərinə verildi. Vəzifələrə təyin olunmuş şəxslərin fəaliyyəti üçün tam məsuliyyət qubernatorların üzərinə qoyuldu.
Daxili İşlər Nazirliyi müstəqil dövlətimizin demokratik mahiyyətini təmsil edirdi. General-mayor M.S.Ağabəyzadənin 28 aprel 1919-cu il tarixli vətəndaşlara müraciətində deyilirdi: "...Arzu edən hər kəs, o cümlədən siyasətlə məşğul olanlar Azərbaycan hüdudlarından kənara heç bir əlavə vizayə ehtiyac olmadan gedə bilərlər. Bu cür imtiyaz siyasi partiyalara və ictimai təşkilatlara da şamil olunur...".
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri N.Yusifbəylinin 28 aprel 1919-cu tarixli 2977 saylı sərəncamı ilə vitse-nazir M.S.Ağabəyzadə tərəfindən Bakı quberniyasının polis orqanları təftiş edildi. Təftiş o zaman Bakı quberniyasının tərkibinə daxil olan Göyçay qəzasından başlandı, 1919-cu il mayın 8-də Cavad (mərkəzi Salyan idi) qəzasında başa çatdırıldı. Sərəncamla polisdəki məsul vəzifəli şəxslərin səhlənkarlığı üzə çıxdıqda, onları cəzalandırmaqda da M.S.Ağabəyzadəyə geniş səlahiyyətlər verilmişdi.Təftişin aparılmasında M.S.Ağabəyzadə ilə bərabər, nazirin Dəftərxanasının şöbə rəislərindən biri və xüsusi tapşırıqlar üzrə məmurda iştirak edirdi.Təftişin aparılması işləri üçün DİN-in ehtiyatındakı 100 minlik kreditdən 8 min rubl ayrılmışdı.
1919-cu il mayın 6-da görkəmli ictimai-siyasi xadim Xudadat bəy Rəfibəyli (1877-1920)(görkəmli Azərbaycan şairəsi Nigar Rəfibəylinin atası, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın ana babası) Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin əmri ilə Gəncənin general-qubernatoru vəzifəsinə təyin edildi və sona qədər (30 aprel 1919-cu il) dönməz fəaliyyət göstərdi.
Azərbaycan hökuməti tərəfindən 1919-cu ilin əvvəlində Daxili İşlər Nazirliyinin illik büdcə xərcləri 20 milyon manat müəyyən edildi. Bu, o dövr üçün az məbləğ deyildi. 1919-cu ilin iyununda Bakı şəhər polisinə o vaxt üçün böyük məbləğ sayılan 5,5 milyon manat pul ayrıldı və ştatları artırıldı.1919-cu il iyunun 11-də AXC Daxili İşlər Nazirliyi yanında İctimai Təhlükəsizlik Şöbəsi yaradıldı. Həmin ilin iyulun 1-də daxili işlər naziri əvəzi general-mayor M.S.Ağabəyzadə Gəncə general-qubernatoru X.Rəfibəyliyə əmri göndərilmişdi. Əmrdə deyilirdi: "Sizin nəzərinizə çatdırırıq ki, Daxili İşlər Nazirlyinin hər bir zabiti xüsusi formada və rütbədə olmalıdır". Daxili işlər naziri əvəzi M.S.Ağabəyzadənin Gəncə qubernatoru X.Rəfibəyliyə 30 sentyabr 1919-cu il tarixldə "Hərbi iş, hərbi forma və paqonlar barədə" daha bir sirkulyar məktubu göndərilib.
Əliyar bəy Mehdi bəy oğlu Haşımbəyov(8.3.1856, Bakı - 29.5.1920, Bakı). Əsli Dərbənddəndir. General-mayor rütbəsində, Zaqatalanın 1-ci qubernatoru (26 iyun 1918-ci il- 16mart 1919-cu il) olub. Azərbaycan hökumətinin qərarı və daxili işlər naziri X.Xasməmmədovun əmri ilə 1919-cu il martın 16-da Naxçıvanın general-qubernatoru vəzifəsinə göndərilib, bu vəzifədə 1919-cu ilin avqustunadək fəaliyyət göstərib. Sonuncu tarixdən AXC daxili işlər nazirinin intendant sahəsi üzrə müavini vəzifəsinə irəli çəkilib, eyni zamanda Dəftərxana direktoru kimi sənədləri imzalamaq səlahiyyəti olub. Ə.Haşımbəyov AXC-nin süqutuna qədər burada xidmət göstərib. Azərbaycanda sovet hakimiyyəti qurulan kimi, dərhal həbs olunub və 1920-ci il mayın 29-da Nargin (Böyük Zirə) adasında gecə saat 2-də güllələnib. Bu zaman onun cəmi 55 yaşı vardı.
İbrahim bəy İsa bəy oğlu Heydərov("Heydəroğlu")(3.8.1879, Dərbənd - 1949, Ankara, Türkiyə). AXC daxili işlər nazirinin müavini (6 yanvar -10 mart 1920-ci il) olub... 1949-cu ildə Ankarada 70 yaşında vəfat edib. Məzarı oradakı Cəbəçi qəbiristanlığındadır. Dərbəndli general-leytenant Balakişi Ərəblinskinin nəvəsi Nisə xanımdan Minnətullah adlı oğlu, Leyla, Fatma, Mina və Şermin xanım adlı 5 övladı olub. Onlar məşhurluqla uzun müddət Ankarada və İstanbulda ömür sürüblər...
Ardı gələn sayımızda