Bakı Xəbər. - 2018.- 11 may. - ¹ 84. - S. 12.

 

100 ilin polisi…

 

Fərqanə  Səlimzadə

 

“Azərbaycanın iqtisadi, elmi, mədəni və intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensialı vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

 

“Polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasının Konstitusiyasını və digər Qanunlarını rəhbər tutmağa, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, qanunçuluğa ciddi riayət etməyə, xidməti vəzifələrini namusla və vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumağa və lazım gələrsə həyatımı belə əsirgəməməyə and içirəm”.

Hər bir polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içərək vəzifə səlahiyyətlərini yerinə yetirməyə başlayır.

Azərbaycan Polisi tarix boyunca çox çətinliklər görmüş, lakin xalqın gücünə, inamına söykənərək hər bir sınaqdan üzü ağ çıxmışdır. XX əsr də polisimizin tarixində ağır sınaqlar və döyüşlər dövrü kimi qalmışdır. İctimai asayişi, xalqın təhlükəsizliyini qorumaq uğrunda itkilər də qaçılmaz olmuşdur. Hər iki cəbhədə mübarizə aparan polisimiz ordumuzun formalaşmasına da töhfəsini vermişdir. Ulu öndər ikinci dəfə ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda xaosun, anarxiyanın qarşısı alındı və qanunvericilik, hüquq bazasının formalaşdırılması üçün verilən Fərmanlar ölkənin həm də dünya miqyasında müsbət imicinin formalaşmasına təkan verdi. Müstəqilliyinə yenidən qovuşan xalqın polisi olmaq qürurverici olsa da, həm də məsuliyyətli idi. Bəzi kriminogen ünsürlər ölkədəki sabitliyi pozmaq üçün hər cür vasitəyə əl atır, insanlarda dövlətə inamsızlıq yaradırdlar. Lakin aparılan islahatlar, görülən işlər öz bəhrəsini verdikcə insanların polisə inamı da gücləndi, etibarı da artdı. Beləliklə, Azərbaycan Polisi əsri haqlayacaq yaşında gördüklərini, şahidi olduqlarını, çəkdiyi əziyyətləri deyil,  gələcək nəslə uğurlarını ərmağan etmək üçün uğurlu bir yola çıxdı və bu yol da bu gün də inamla addımlayır. Məncə, polisimizin şərəfli tarixinə ekskursiya etsək maraqlı olar…

Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycan polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əminamanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. Müstəqillik illərində Daxili İşlər Naziri vəzifəsini Xoyski Fətəli Xan İsgəndərxan oğlu, Behbudxan Cavanşır, Xasməmmədov Xəlil bəy, Usubbəyov Nəsib bəy Yusif oğlu, Hacinski Məmmədhəsən, Vəkilov Mustafa bəy icra etmişlər. AXC süqut etdikdən sonra bütün milli dövlət və hüquq-mühafizə strukturları, o cümlədən milli polis ləğv edildikdən sonra “milis” yaradıldı.

Azərbaycana rəhbərlik etdiyi dövrdə ümummilli lider böyük uzaqgörənliklə keçmiş SSRİ-də qanunçuluğun möhkəmləndirilməsi, rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi üçün daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi məqsədilə mühüm qərarlar qəbul etmişdir. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzünün qarşısını ilk alan nizami polis qüvvələri, sonraki illərdə Daxili Qoşun hissələri oldu.

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun vəzifələri dəqiqləşdirildi. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyi keçmiş SSRi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaradılmışdır.

Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə onlarla şəhid vermis, 57 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən uğrunda canlarından keçən və əlil olan əməkdaşların ailələri ölkə və DİN rəhbərliyinin ali diqqət və qayğısı ilə əhatə olunur, mütəmadi olaraq yad edilirlər.

1991-1993-cü illərdə ölkədə 4 dəfə siyasi hakimiyyət dəyişmişdi. Ölkədə xaos, çörək qıtlığı, yanacaq çatışmazlığı, siyasi qarışıqlıq hökm sürürdü.  Xalqın tələbi və istəyi ilə 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının rəhbərliyinə qaytarıldı və 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da  ölkədə ictimai-siyasi vəziyyət sabitləşdi, atəşkəs əldə olundu, bütün sahələrdə dəyişikliklər aparıldı. Ulu Öndər xalqın milli dövlətçilik sevgisini özünə qaytardı, onun siyasi iradəsi, müdrikliyi sayəsində xalq azadlığı daddı, ölkədə demokratiya, söz azadlığı yarandı, Azərbaycan dili dövlət dili elan olunundu, vahid Azərbaycan əlifbasına keçirildi, yeni  Konstitusiya layihəsi hazırlandı və Azərbaycanın adı dünyanın siyasi və iqtisadi xəritəsinə qızıl hərflərlə yazıldı.

1994-cü ilin aprelin 12-də Daxili İşlər Naziri vəzifəsinə Ramil Usubov təyin edildikdən sonra daxili işlər orqanlarında xeyli islahatlar aparıldı, Azərbaycan polisinin peşəkar səviyyədə yetişməsi üçün hər cür şərait yaradıldı.

Ulu öndərin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə  tədbirləri daha da gücləndirildi, hüquq-mühafizə orqanlarının fəaliyyət proqramı müəyyənləşdirildi.

Ulu öndər daxili işlər orqanlarında aparılan islahatları Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsi adlandırırdı. Görkəmli şəxsiyyət respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Daxili İşlər Orqanlarının fəaliyyətinə xüsusi fikir vermiş, polis əməkdaşlarının peşəkarlığının yükəldilməsinə daim diqqət və qayğı göstərmişdir.

Onun təşəbbüsü ilə Bakı Orta Milis Məktəbi (indiki Polis Akademiyası) tamamilə yenidən quruldu.

Böyük şəxsiyyət Heydər Əliyevin polisə göstərdiyi qayğı və diqqət Müstəqil Azərbaycan Respublikasının banisi cənab Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildir. Azərbaycan polisi Heydər Əliyev idealları ruhunda tərbiyə alır. Ali Baş Komandanın Daxili İşlər Nazirliyinin strukturunda dəyişiliklər edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Emblemi haqqında və s. fərman və sərəncamları onun ulu öndərin dövlətçilik prinspilərini layiqincə davam etdirdiyinin göstəricisidir.

Və ulu öndərin vətənpərvərlik məktəbinin layiqli nümayəndəsi, dövlətinə, xalqına, peşəsinə böyük sevgi və vicdanla bağlı olan general-polkovnik ramil usubov ona göstərdiyi etimadı daima doğrultmuş, Azərbaycan polisinin sıralarında addımlayan gənclərə vətən sevgisini, dövlətə sədaqəti aşılamışdır. Bunun nəticəsidir ki, Azərbaycan polisi xalqı, dövləti, vətəni uğrunda gözünü qırpmadan sinəsini sipər etməyə hazırdır.

Çiyinlərində polis paqonları daşıyan, dövlətin təhlükəsizliyi uğrunda canından keçmiş  əməkdaşlar müqəddəs şəhidlik zirvəsinə ucalmışlar. Bu gün biz onları hörmətlə anır, fəxrlə yad edirik.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə “Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu” təsdiq edilmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il 28 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Polisinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Polisinin 100 illiyi (1918-2018) “Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar olaraq” “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” “Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərman imzalamışdır

Hər il 2 iyul möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə  Azərbaycan polisinin peşə bayramı qeyd olunur, Daxili İşlər Naziri general polkovnik Cənab Ramil Usubov tərəfindən il boyu xidməti vəzifəsini şərəflə, vicdanla, ləyaqətlə yerinə yetirən, göstərdikləri şücaət və qəhrəmanlıqlara görə  bir sıra polis əməkdaşları “Qüsursuz xidmətə görə”, “İgidliyə görə”,”Vətən uğrunda” və s. medallarla və döş nişanları ilə  təltif olunurlar.

Mənim atam - polis polkovnik-leytenantı Məhərrəm öz peşəsini bitib-tükənməz sevgi ilə sevən, 45 illik ömrünün 23 ilini öz işinə sərf etmişdir.İndi həyatda olmasa da medal və döş nişanları ilə bəzənmış şərəfli mundiri ondan bizə yadigar qalan əziz xatirədir. Atam üçün darıxanda  o formanı götürüb onun 23 illik xidməti boyunca qazandığı doş nişanı və medalları oxşadıqca qururlanıram, qəlbim fərəhlə dolur. Mən atamla və onun simasında Azərbaycan polisi ilə fəxr edirəm !!!

Üçrəngi bayrağın qarşısında şux qaməti ilə dayanmış, çiyinlərində aypara və iki ulduzlu paqonları, daima fəxr etdiyi polis forması, üzündə ona məxsus gülüşü olan fotoşəkli gördükcə anlayıram ki, onlar öldükdən sonra belə  həyatda etdikləri qəhrəmanlıqlarla və qazandıqları xalq sevgisi  ilə daim yaşayırlar, xatirələri əziz tutulur…

Yaşasın Azərbaycan Polisi !!! 

 

Yazı Azərbaycan Polisinin yaranmasının 100 illiyinə həsr olunmuş müsabiqəyə təqdim edilir.