Paralel. - 2018.- 11 may. - ¹ 84. - S. 13.

 

Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü

(1918-1920-ci illər, qısa tarixi tədqiqat)

 

Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü

 

İltifat Əliyarlı-Şahsevənli,

tarix üzrə fəlsəfə doktoru

 

(Əvvəli ötən sayımızda)

Tarixi faktlarda qeyd olunur ki, Azərbaycan Polisi ilə Bakıda yaradılan polkovnik F.P.Kokkerelin başçılıq etdiyi ingilis polisi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi mövcud olub. İngilislərin Azərbaycan Hərbi və Daxili İşlər Nazirliyinə, o cümlədən Bakı şəhər polisinə hökm vermək tələbləri özünü büruzə versə də, hər halda, Böyük Britaniyanın daha qədim, daha klassik polis işi təcrübəsi Müstəqil Azərbaycan Polisinin təşəkkülündə (17 noyabr 1918-30 mart 1919) müsbət rol oynayıb. Bu proses Azərbaycan hökumətilə qarşılıqlı razılıq əsasında aparılıb və 1919-cu il martın 30-dək davam edib. Odur ki, həmin dövr Azərbaycan Polisinin (ilk növbədə Bakı polisinin) tarixində müstəqil polis orqanlarımıza ikili rəhbərlik və idarəçilik mexanizminin tətbiqi ilə səciyələnir.

 

Bu dövrdə Bakıda mövcud real hərbi-inzibati kontingentin təşkilati strukturu belə idi:

 

- General-qubernator, Bakı şəhərində müttəfiq dövlətlər qoşunlarının Komandanı və Qərargahı, Müvəqqəti Polis Komissarlığı, onun Xüsusi Dəftərxanası, Bakı Polismeysterliyi və Balaxanı-Sabunçu Polismeysterliyi. Bakıda müttəfiq qoşunların Müvəqqəti Polis Komissarlığının baş polis komissarı təyin edilən polkovnik F.P. Kokkerelin əmri ilə (o, "Metropol" mehmanxanasındakı otaqlardan birində otururdu), eyni zamanda,1918-ci il noyabrın 19-da komissarlığın yanında Xüsusi Dəftərxana yaradılıb. Komissarlığın tam əməli təşkili isə noyabrın 29-da başa çatıb. Komissarlıq Dəftərxanası ilə birlikdə Molokan (indiki Xaqani) bağı ilə üzbəüz binada yerləşirdi.

...1918-ci ilin noyabrında Mir Ağadi bəy Talışxanov Bakı Polismeysterliyinin rəisi təyin edilib. O, 1919-cu ilin aprel ayına kimi bu vəzifədə xidmət göstərib, daha sonra polkovnik rütbəsində Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Lənkəran qəzasında xüsusi tapşırıqlar üzrə məmuru olub və general-mayor rütbəsinə layiq görülüb...

...General V.Tomson Bakıda polis işlərinə nəzarəti ingilis zabitinə tapşırsada, bu iş zor tətbiq edilməklə aparılmayıb. Əksinə, V.Tomsonun 1918-ci il noyabrın 21-də verdiyi əmrlə Bakıda yaradılan Xüsusi Müstəmləkə Polisinin rəisi, eyni zamanda Bakı Polis İdarəsinin də başçısı təyin edilib, İranda da müstəmləkə polisinin rəisi sayılan polkovnik  F.P. Kokkerel şəhərdə qayda-qanunu, asayişi bərpa etmək, onu möhkəmləndirmək məqsədilə sovet Rusiyasına casusluq edən bolşeviklərə və digər pozucu əks-qüvvələrə qarşı tədbirlər (əməliyyatlar) həyata keçirərkən, yerli xüsusiyyətləri nəzərə almaq üçün Daxili İşlər Nazirliyi və Bakı Polismeysterliyi ilə əməkdaşlıq edib. Bakıdakı neft mədənlərinə qədər olan 15 verstlik məsafəni qoruyan Bakı Polismeysterliyinin Mühafizə Polisi ilə Britaniya Xüsusi Polisi bunu olduqca ciddi qaydada aparıb. Çünki, həmin dövürdə də misilsiz sərvət və kapital sayılan "qara qızıl"ın qorunmasında Britaniya dövləti çox maraqlı idi. 1918-ci il dekabrın 18-də Bakıdakı müttəfiq dövlətlərin Müvəqqəti Polis Komissarlığı yanında azərbaycanlı əhaliyə hücum faktlarının müəyyən edilməsilə məşğul olan Xüsusi Nəzarət Komissiyası yaradılıb.

1918-ci il dekabrın 26-da görkəmli ictimai-siyasi xadim, Rusiyanın III Dövlət Dumasının, Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü, "Müsavat" partiyasının liderlərindən biri Xəlil bəy Xasməmmədov ("Gurgörən")(1873-1945) Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri təyin edilib və bu vəzifədə 1919-cu il martın 14-dək səmərəli, qətiyyətli fəaliyyət göstərib. Onun dövründə (1919-cu ilin sonunda) Azərbaycan Polisinin sayı 9.661 nəfərə çatıb.

1919-cu il yanvarın 1-də Bakıda Sanitar Büro Mərkəzi yaradılıb. Onun rəhbəri ingilis həkimi idi. Büroya digər aidiyyəti təmsilçilərlə yanaşı, Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyidə daxil olub. Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə polis orqanlarında həmkarlar ittifaqları yox idi və onların bolşeviklərin təsiri altında olması səbəbindən, polis orqanlarında mövcudluğu məqsədəuyğun sayılmırdı.

1919-cu il yanvarın əvvəlində Müttəfiq qoşunlar komandanlığı tərəfindən əvvəllər ləğv edilən Bakı şəhər Qradonaçalnikliyi (Rəisliyi) bərpa olunaraq Daxili İşlər Nazirliyinə tabe edilmişdi. Həmin il yanvarın 10-da Bakının general-qubernatoru V.Tomsonun əmri ilə Bakı Polismeysterliyinin Xəfiyyə hissəsinin rəisi Həsən bəy Fətəlibəyova (1886, Ətyeməzli kəndi, Ağdam-1920,Tiflis?) uğurlu fəaliyyətinə görə təşəkkür elan edib və Müvəqqəti Polis Komissarlığının razılığı ilə o, bir həftədən sonra Bakı Şəhər Polismeysterliyinin yenidən təşkil edilən Xəfiyyə Polisinin rəisi vəzifəsinə təyin olunub. İngilislərin H.Fətəlibəyovu vəzifədə irəli çəkmələri və mükafatlandırmaları onların zahiri qayğısı idi. Faktlar sübut edir ki, onlar hər halda ikiüzlü siyasət yeridir, Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışır (halbuki, V.Tomson başqa vədlər vermişdi), onun dövlət hakimiyyət orqanlarını, o cümlədən Daxili İşlər Nazirliyini "nəzarətdə" saxlamağa can atırdılar. Məsələn,1919-cu il yanvarın 28-də ingilis hərbi polis komissarı, polkovnik Kokkerel daxili işlər naziri X.Xasmmədovdan tələb edib ki, polis əməkdaşlarının vəzifələrə təyin olunmasını şəxsən onunla razılaşdırsın və "polis rütbəsi olan şəxsi heyətdə" və ya təyinatlarda hər cür dəyişikliklər mütləq onun Xüsusi Dəftərxanasından keçsin. Daxili işlər naziri X.Xasməmədov bu haqda Nazirlər Şurasının sədri F.Xoyskiyə aşağıdakı məzmunda məlumat verib: "Müttəfiq dövlətlərin polis komissarı bütün Bakı rayonu polisinin rəhbəri təyin edilən və polisin bütün üzvlərini özünə tabe edib. Bu komissarın sərəncamı və əmrləri tez-tez Azərbaycan Cümhuriyyətinin hakimiyyət orqanlarının sərəncam və əmrlərini ləğv edir, polis məmurları tərəfindən qeyd-şərtsiz icra olunur. İşlərə müdaxilə o həddə çatıb ki, hətta polis komissarı tələb edir ki: -polisin şəxsi heyətindəki dəyişikliklər və təyinatlar da, yalnız onun Xüsusi Dəftərxanası vasitəsilə aparılsın".

1919-cu il yanvarın 15-də Azərbaycan hökuməti ermənilərin arasıkəsilməz təcavüzünün qarşısını almaq məqsədilə Şuşa, Cəbrayıl, Zəngəzur və Cavanşir qəzalarını Gəncə qəzasından ayırıb, onların əsasında ayrıca Müvəqqəti Qarabağ General-Qubernatorluğu yaradıb. Mərkəzi Şuşa olan Qarabağ-General Qubernatorluğu Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinə tabe olub, vaxtaşırı ona hesabat verib. Azərbaycan hökumətinin qərarı ilə görkəmli ictimai-siyasi xadim, 1-ci hökumət kabinetində ilk hərbi nazir olan Xosrov bəy Sultanov (Sultanzadə) (1879-1943) Qarabağ general-qubernatoru təyin olundu (bu təyinat müəyyən səbəblər üzündən rəsmən fevralın 12-də təsdiqlənib.         Həmin tarixdə Bakı şəhəri və rayonlarının mühafizəsini gücləndirmək məqsədilə Abşeron Yarımadası Xüsusi General-Qubernatorluğu da yaradılıb.

1919-cu il fevralın 9-da Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin əmri ilə ali təhsilli hüquqşünas Rəşid bəy Axundzadə(1880-1940) Bakı şəhərinin yeni qubernatoru təyin olunub. Buna qədər həmin vəzifəni müvəqqəti olaraq hüquqşünas Müseyib bəy Axıcanlı (Axıcanov) (1892-1920) icra edib.

...Hökumətin 1919-cu il 14 fevral tarixli qərarı ilə baş verən cinayətləri təhqiq etmək və xidməti vəzifəsindən sui-istifadəyə qarşı mübarizə aparmaq məqsədilə Daxili İşlər Nazirliyinin yanında Xüsusi Təftiş- İstintaq Komissiyası yaradılıb. Azərbaycan Parlamentinin 1919-cu il 18 fevral tarixli qərarı ilə 200 nəfərlik "Parlamenti mühafizə polisi dəstəsi" yaradılıb. M.Ə.Rəsulzadənin (31 yanvar 1884, Bakı, Novxanı k.-6 mart 1955, Ankara,Türkiyə) təklifi ilə yeni yaradılan polis strukturu "Parlamenti mühafizə dəstəsi" adlandırılıb. "Parlamenti mühafizə dəstəsi"nin yardılmasında "İttihad" partiyasının sədri Qarabəy Qarabəyovun (14 yanvar 1873, Yelizavetpol qub., Yuxarı Ayıblı k.-sentyabr 1953, Səmərqənd, Özbəkistan) səmərəli təklifləri bəyənilib. "Parlamenti mühafizə dəstəsi"nin rəisi podpolkovnik Nağıbəy Əlizadə(Əliyev)(1897-1920), köməkçisi (müavini) Əliyar bəy Haşımbəyov (1856-1920) (sonralar general-mayor olub) təyin edilib. Bu yeni polis strukturunun yaradılmasına dövlət xəzinəsindən 2.200.000 manat pul ayrılıb.

...B. Cavanşir daxili işlər naziri vəzifəsindən istefa verdiyi üçün olduqca tələbkar, intizamsevən nazir əvəzi general-mayor M.S.Ağabəyzadə yeni daxili işlər naziri X.Xasməmmədov vəzifəsini tutana qədər daxili işlər naziri vəzifəsini icra edib. Bununla əlaqədar Nazirlər Şurasının sədri F.Xoyskinin M.S.Ağabəyova 1918-ci il 21 dekabr tarixli müraciətində deyilirdi:

 

- "Daxili işlər naziri əvəzi general-mayor Ağabəyova.

 

Nazirlər Kabinetinin yeni tərkibinin toplanması ilə əlaqədar Əlahəzrətlərinizdən xahiş edirəm ki, yeni daxili işlər naziri Xəlil bəy Xasməmmədov gələnə qədər daxili işlər naziri Behbud xan Cavanşirdən işləri təhvil götürəsiniz".

Məhəmməd Sadıx bəy Hacı İsmayıl bəy oğlu Ağabəyzadə (Ağabəyov) (15.3.1865, Göyçay ş. - 9.11.1944, Lvov ş., Ukrayna). General-mayor rütbəsinə sahib olub. AXC-nin daxili işlər naziri əvəzi - vitse-nazir (23 oktyabr1918-23 yanvar1920-ci il) vəzifəsini daşıyıb... Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülündə əsas rollardan birini oynayıb, onun yaradıcılarından olub. Sonralar şərqşünaslıq üzrə professor adı alıb. Keşməkeşli ömrünü mühacirətdə miskin şəkildə başa vurub. Qəbri Lvov şəhərində katoliklərin Liçakovski qəbiristanlığındadır. Doğulduğu Göyçay şəhərində bir vaxt yaşadığı evin qarşısında xatirə lövhəsi vurulub. Ona həsr olunan "Çinarlı şəhərin generalları" adlı ikiseriyalı sənədli film (rejissor-operator Taleh İsmayılovdur) çəkilib, "İki ömür yaşayan adam" adlı kitab da (mərhum Əli Səmədli) ona həsr olunub. Lvov şəhərində adına küçə var. Ensiklopedik biliyə malik M.S.Ağabəyzadə şərqşünaslıq məktəbinin banisi hesab olunur. Orada görkəmli alimlər arasında böyük hörmət sahibi olub. Vaxtı ilə Ayişə adlı özbək qızı ilə ailə qursada, o, tez xəstələnib öldüyündən övladı qalmayıb. Daha sonra isə evlənməyib...

Mehdi bəy Süleyman bəy oğlu Hacınski (24.5.1879, Quba - ?,6.1941, Bakı). AXC dövründə daxili işlər nazirinin müavini (sentyabr-7 dekabr 1918-ci il) olub.1941-ci ilin iyununda Bakıda 62 yaşında vəfat edib.

 

Ardı gələn sayımızda