Paralel. - 2018.- 11 may. - ¹ 84. - S. 10.

 

Multikultural dəyərlər Konstitusiyamızda da öz əksini tapıb

 

Azərbaycan dünyada mültikultural dəyərlərin və tolerantlığın inkişafına böyük töhvələr verir

 

 Azərbaycan dövləti, eyni zamanda digər dövlət qurumları ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühitinin bütün dünyada təbliği üçün çox böyük işlər görür. Onlardan biri də Azərbaycan Respublikasının Finlandiya Respublikasındakı səfirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Helsinki Universitetinin nəzdində fəaliyyət göstərən Aleksanteri İnstitutunun birgə təşkilatçılığı ilə Helsinkidə "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda konfransın keçirilməsidir.

Konfransda böyük tərkibdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Azərbaycan nümayəndə heyətini və finlandiyalı qonaqları salamlayan ölkəmizin Finlandiyadakı səfiri tədbirin əhəmiyyəti barədə danışıb. Səfir konfransın məqsədinə toxunaraq bildirib ki, qədim tarixə malik Azərbaycanın tolerantlıq ənənəsi, dövlət-din münasibətləri, həmçinin hökumətin din sahəsindəki siyasəti ilə bağlı reallıqlar barədə məlumatların Finlandiya cəmiyyətinə çatdırılması çox böyük əhəmiyyət kəsb edir. Tədbirdə qeyd olunub ki, Helsinkidə belə bir konfransın təşkilində məqsəd ölkəmizdə və cəmiyyətimizdə uzun illərdən bəri formalaşan tolerantlıq təcrübəsini, Azərbaycandakı dövlət-din münasibətləri ilə bağlı vəziyyəti Finlandiya ictimaiyyətinə çatdırmaq, həmçinin tədbir iştirakçılarını Azərbaycan xalqının dövlətçilik tarixi ilə tanış etməkdir. Tarixin bütün dövrlərində xalqımızın multikultural dəyərlərə çox böyük önəm verdiyi, Azərbaycan torpaqlarında müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mehriban qardaşlıq şəraitində yaşadıqları da, tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sovet rejiminin süqutu ilə bu regionda xaosun hökm sürməsinə baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və titanik səyləri nəticəsində ölkəmizdə tolerantlıq mühiti qoruna bildi, bütün xalqlar arasında yüzillərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin ritmi pozulmadı, əksinə qorundu və daha da inkişaf etdirildi. Ümummilli liderin iradəsini layiqincə gerçəkləşdirən Prezident İlham Əliyev isə ölkəmizdə mövcud olan tolerantlıq ənənələrini daha inkişaf etdirərək, dövlət siyasətinə çevirməyi bacardı. Bu gün onu da açıq şəkildə qeyd edə bilərik ki, Azərbaycan dövlətinin yürütdüyü tolerantlıq siyasəti, yalnız ölkəmizin hüdudları ilə məhdudlaşmır, bir çox dünya dövlətlərində də geniş təbliğ olunur. Bu sahədə ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər heç bir çərçivəyə sığmır. Onun istər Şərqdə, istərsə də Avropa ölkələrində kilsə və dini abidələrin, muzeylərin bərpa və təmir olunması sahəsində gördüyü işlər buna bariz nümunədir. Bu xeyriyyə işləri Azərbaycan xalqının və hökumətinin dünya mədəni irsinə, dini-mədəni dəyərlərə, multikulturalizm və tolerantlığa verdiyi töhfələrin ancaq kiçik bir hissəsidir.

Daha sonra tədbirdə Azərbaycanın multikulturalizm modelinin təqdimatı olub. Təqdimatda çıxış edən Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, akademik Kamal Abdulla "Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda məruzəsini konfrans iştirakçılarının diqqətinə təqdim edərək təhlükəsizlik məsələlərindən danışıb, ümumi təhlükəsizlik, nəqliyyat, enerji, qida təhlükəsizliyi kimi, multikultural təhlükəsizliyin də eyni şəkildə dövlət səviyyəsində qorunmasının vacibliyini qeyd edib. Kamal Abdulla multikultural təhlükəsizliyin ümumi mahiyyətini etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi təqdim edərək, cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunmasının qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola biləcəyini xüsusi qeyd edib.

Bildiyiniz kimi, Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz sərvəti, öz gücü sayır. Ümummilli lider Heydər Əliyev də dəfələrlə çıxışlarında deyib:"Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Ümummilli liderin ölkəmizdə mövcud olan tolerantlıq və birgəyaşayış mühitinin belə yüksək dəyərləndirməsinin nəticəsidir ki, Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində - siyasətdə, iqtisadiyyatda, təhsildə, humanitar həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür. Buna görə də, multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma qədim kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının prinsipləri qədər vacib və zəruridir. Bu zərurətdən doğan siyasətin nəticəsidir ki, Prezident İlham Əliyev son illəri olkəmizdə "Multikulturalizm İli" və "İslam Həmrəyliyi İli" elan edərək, həmin illərdə multikulturalizmin və İslam həmrəyliyinin inkişafı və tərəqqisi üçün çox mühüm işlərin görülməsinə stimul verdi. Ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, dövlətin həyata keçirdiyi din siyasəti Azərbaycanın tolerant ölkə olduğunu, milli-mənəvi və dini dəyərlərə çox böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığı bu gün heç kimdə şübhə yaratmır. Tam əksinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dəstəklənən bu siyasət, təkcə ölkəmizdə deyil, bütövlüklə dünyada mültikultural dəyərlərin və tolerantlığın inkişafına böyük töhvələr verir.

Bu, Azərbaycanın Şərq ilə Qərbi birləşdirən körpü kimi regionun siyasətində, habelə Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rolunda da özünü göstərir. Bu da ondan irəli gəlir ki, Azərbaycan tolerantlıq sahəsində böyük təcrübəyə malikdir və bu təcrübənin təşviqi universal bəşəri dəyərlər baxımından zəruridir. Ölkəmizdə dini və mənəvi dəyərlərə, mədəniyyətlərarası dialoqa, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörmətin yüksək səviyyədə olması da, bütün sivil cəmiyyətlərdə və beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bu dəyərləndirmələr həm də ölkəmizdə yürüdülən azərbaycançılıq ideologiyasının bütün dünyada yüksək səviyyədə təbliğinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin dinindən və milliyyətindən asılı olmayaraq, bütün vətəndaşları ümumi azərbaycançılıq ideyası ətrafında birləşdirmək istiqamətində apardığı müdrik siyasət, hazırda Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Bu siyasətin əsas qayəsi də, multikulturalizmin və bəşəri dəyərlərin ən yüksək səviyyədə qəbul olunmasıdır. Bu dəyərlər Azərbaycanın Konstitusiyasında da öz əksini tapıb. Bu da, o deməkdir ki, ölkəmizdə yaşayan bütün xalqlar və müxtəli dini inanclara sahib olan insanlar, o cümlədən ermənilər də, bütün ölkə vətəndaşları kimi eyni hüquqlara malikdirlər. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı 4 qətnamə qəbul olunub, Ermənistan bu qətnamələrə məhəl qoymur, öz işğalçılıq siyasətini bu gün də davam etdirərək, Azərbaycan və erməni xalqını qarşı-qarşıya qoyurlar. Bu da Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə böyük çətinliklər yaradır. Çünki Ermənistan dövləti özünün qeyri-konstruktiv mövqeyi ilə münaqişənin həllini imkan vermi, əksinə bütün regionun inkişafına mənfi təsir göstərir.

Finlandiya Evangelik Lüteran kilsəsinin Lüteran kilsə camaatı ittifaqının dinlərarası dialoq və əməkdaşlıq üzrə pastoru Heidi Rautionmaa bildirib ki, Azərbaycan son 15 ildə çox sürətlə inkişaf edib və bu gün həyatının bütün sahələrində regional mərkəz rolunu oynayır. O həmçinin, Azərbaycanın həm özü üçün, həm də region üçün vacib sayılan multikulturalizm sahəsində təşəbbüsü öz üzərinə götürdüyünü bildirib.

Finlandiya Xarici İşlər Nazirliyinin insan hüquqları siyasəti bölməsinin direktoru Nina Nordström çıxışında multikulturalizmin və tolerantlığın təbliğində diplomatiyanın rolunu xüsusi qeyd edib. O bildirib ki, diplomatiyanın əsas məqsədi bizi birləşdirən ümumi cəhətləri taparaq üzə çıxarmaq, bizi ayıran cəhətləri isə aradan qaldırmaqdır: "Amma bu, o, demək deyil ki, biz bir-birinə bənzər insanlara çevrilməliyik. Belə olarsa, dünya çox maraqsız olar.

Biz bir-birimiz barədə daha çox şey öyrənməli və bir-birimizi daha yaxşı başa düşməliyik. Bu tədbir, məhz elə bu məqsədə qulluq edir və biz bu gün Azərbaycan və onun tolerantlıq təcrübəsi barədə çox şey öyrənə bildik". Finlandiyada olan liberal multikulturalizm dəyərlərinin Azərbaycan modelinə bənzərliyini diqqətə çatdıran natiqlər Azərbaycandan olan dini icma rəhbərlərinin birlikdə dünyanın müxtəlif ölkələrinə səfərlər edərək, öz təcrübəsini nümayiş etdirmələrinin yaxşı hal olduğunu vurğulayıblar. Bu gün dünya ölkələrində dini-etnik millətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etməsinin hamıya örnək olduğunu bildiriblər.

 

“Paralel”in Araşdırma Qrupu