Paralel. - 2018.- 8 may. - ¹ 82. - S. 13.

 

Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü

(1918-1920-ci illər, qısa tarixi tədqiqat)

 

İltifat Əliyarlı-Şahsevənli,

tarix üzrə fəlsəfə doktoru

 

(Əvvəli ötən sayımızda(

İlk dövrün ənənəvi mövcud çətinliklərinə baxmayaraq, polis işinə yaxşı bələd olan daxili işlər naziri Behbud xan Cavanşir və peşəkar hərbçi, vitse-nazir (nazir əvəzi) vəzifəsinə dəvət olunan, hələ çar Rusiyası ordusunda xidmətəlrinə görə genaral-mayor rütbəsinə layiq görülən Məhəmməd Sadıq bəy Ağabəyzadə (Ağabəyov)(1865-1944) müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülündə, həmçinin sonrakı inkişafında müstəsna rol oynayıb. M.S.Ağabəyzadə 1918-ci il oktyabrın 23-dən 1920-ci il yanvarın 23-dək Azərbaycan Cümhuriyyəti DİN-ində xidmət göstərib. Ona nazir müavini deyil, "cənab nazir", "cənab nazir əvəzi!",- deyə müraciət edirdilər. DİN-də vitse-nazir vəzifəsi F.Xoyski hökuməti tərəfindən ilk dəfə Şərqdə, məhz Azərbaycanda tətbiq olunub.

...1918-ci ilin ortaları müstəqil Azərbaycan Polisinin yaranması, tədrici təkamülü və təşəkkülü dövrüdür. 1918-ci il iyunun 23-də AXC hökuməti Nazirlər Şurasının sədri F.Xoyskinin məruzəsi üzrə "Mövcud Rusiya və Zaqafqaziya qanunlarının müvəqqəti saxlanması və hökumət tərəfindən bunun müvafiq nəşri haqqında" qərar qəbul edilib. Həmin gün "Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin hazırlığı haqqında" hökumət tərəfindən icbari qərar qəbul olunub.1918-ci il iyunun 23-də daxili işlər naziri B.Cavanşirin əmri ilə peşəkar hərbçi kadrlardan biri, polkovnik İbrahim ağa Vəkilov(1853-1934) Gəncənin birinci qubernatoru təyin edilib. O zaman, çar dövründən qalma quberniya idarəçiliyinə qubernator, onun müavini, qəza müfəttişləri, tərcüməçilər, xüsusi işlər üzrə məmurlar və s. vəzifələr daxil idi. Quberniyanın inzibati, o cümlədən polis aparatı və bütün hökumət idarələri, həmçinin mülki hakimiyyət qubernatorun səlahiyyətində və şəxsi nəzarətində idi. Gəncə qubernatoru kimi, görülən işlər barədə daxili işlər naziri B.Cavanşirə vaxtaşırı raport göndərən İ.Vəkilov, bu vəzifəyə təyin edildikdən sonra gənc müstəqil hökumətimizin əleyhinə olan qüvvələrə qarşı qətiyyəti və təsirli tədbirlərilə ad çıxarmışdı. İ.Vəkilov Goranboyda, onun ayrı-ayrı kəndlərində sığınacaq tapan daşnak tör-töküntülərinə divan tutub, onları tərksilah edib...

1918-ci il iyunun 24-də AXC hökuməti "Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçuları haqqında" 178 ¹-li qərar qəbul edib. Qərarda bütün nazirliklərə, o cümlədən Daxili İşlər Nazirliyinə tabeliklərində olan idarələr, müəssisələr və strukturlar üzrə hökumət məlumatı hazırlamaq tapşırılaraq, çarizm və onun devrilməsindən (fevral 1917) sonrakı dövrdə Azərbaycanın hökumət idarələrində xidmət edən, yaxud işə çıxmasa da, rəsmən işdə sayılan, lakin hazırda öz vəzifələrini tərk edərək üzürsüz işə çıxmayan qulluqçulara, o cümlədən polis və milis orqanlarındakı əməkdaşlara iyulun 1-dən işə çıxmaq təklif olunub, eyni zamanda, bu qərarla yeni yaradılacaq müstəqil polisin tərkibinə daha çox azərbaycanlı kadrların qəbul ediləcəyi haqqında xəbərdarlıq edilib. Qərarda əhalisi 1 milyon 64 min 647 nəfər olan Yelizavetpol quberniyasının 9 qəzasında - Gəncə, Zəngəzur, Cəbrayıl, Cavanşir, Qazax, Şuşa, Cavad, Nuxa və Ərəş qəzalarında yeni əsaslarla dövlət hakimiyyəti orqanlarının (o cümlədən polisin) yaradılacağı bəyan edilib (həmin vaxt Azərbaycanın bir hissəsi - Bakı quberniyası, onun tərkibində olan Lənkəran, Şamaxı, Quba və Cavad qəzaları, Göyçay qəzasının bir hissəsi Azərbaycan Xalq Cümhuriyyəti ilə müharibə aparan, cəmi 97 gün (25 aprel-31 iyul 1918-ci il) mövcud olan Bakı Xalq Komissarları Sovetinin (Bak XKS hakimiyyəti altında idi və orada fəhlə-kəndli sovet milisi təşkil olunmuşdu). Azərbaycan hökumətinin 24 iyun 1918-ci il tarixli 178 ¹-li qərarına uyğun olaraq Gəncə şəhər milisi şəhər özünüidarəsinin tabeçiliyindən çıxarılıb, yerli ümumi inzibati hakimiyyətin sərəncamına keçirildi. Hökumətin 1918-ci il 25 iyun tarixli qərarı ilə Azərbaycan ərazisindəki bütün dəmir yollarının mühafizəsi özünüidarə hakimiyyətindən alınıb, Daxili İşlər Nazirliyinə tabe edildi. Azərbaycan hökuməti 1918-ci il 27 iyun tarixli başqa bir yeni qərarı ilə Göyçay qəza milisinə 35 min rubl kredit ayırdı.

 Azərbaycan hökuməti özünün 1918-ci il 24 iyun tarixli 178 nömrəli qərarının əməli həyata keçirilməsi üçün daxili işlər naziri B.Cavanşirin məruzəsi üzrə

 2 İyul 1918-ci ildə Gəncə quberniyasında müstəqil polisin yaradılması haqqında, yeni ştatlar və əmək haqqının artırılmasını nəzərdə tutan və bunu təsdiq edən xüsusi bir qərar qəbul edilib. Bu, müstəqil Azərbaycan Polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktı idi. Həmin vaxt polisin yaradılması üçün sosial baza da var idi. Belə ki, vaxtı ilə Bakıda və Azərbaycanın digər yerlərində xidmət etmiş sabiq polis və burjua milisi əməkdaşları ölkənin paytaxtı sayılan Gəncəyə toplaşmışdılar. F.Xoyski və B.Cavanşir ilk müstəqil polis orqanlarını yaradarkən həm də digər millətlərdən olan sədaqətli və peşəkar kadrlardan da istifadə etməyi qərara almışdılar. Qərara əsasən, Gəncə quberniyası polisinin əvvəlki dövrlərlə müqayisədə əmək haqqı arıtırılmaqla yeni ştatları təsdiq olundu və onun əməli yaradılmasına başlandı. Qərara görə, quberniyanın şəhər və qəzalarında polis rəisləri, onların böyük və kiçik köməkçiləri, sahə və şəhər polis pristavları və milis nəfərləri vəzifələri təsis olundu və yeni əsaslarla fəaliyyət göstərməyə başladılar. Beləliklə, 2 İyul 1918-ci ildə yeni ştat tarifi üzrə Gəncə şəhər polisinin ştatları polismeyster, böyük və kiçik köməkçidən, 7 pristavdan, onların 7 köməkçisindən, 36 nəfər polis, 80 nəfər piyada milis və 20 atlı milis nəfərindən ibarət yaradıldı. AXC Daxili İşlər Nazirliyi ilk dövrlərdə hələlik həm polis, həm də milis təşkilati formalarından istifadə edirdi ki, bu da o dövrün saxlanmaqda davam edən inzibati orqanlarının təşkil və təcrübəsinin labüd zəruruliyi ilə əlaqədar idi. F.Xoyski Azərbaycan polisinin ilkin yaranması və təşəkkülü prosesini xarakterizə edərək, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin açılışında hökumətin hesabat məruzəsində deyib: "Fəaliyyətimizin ötən ilk 6 ayı ərzində mümkün olan hər şeyi etdik ki, ölkəni anarxiya və xaos vəziyyətindən çıxaraq, biz qayda-qanunu bərpa etdik, polisi təsis etdik".

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərar və sərəncamları üzrə Daxili İşlər Nazirliyi, onun mərkəzi aparatları və yerli polis orqanları təşəkkül taparaq ölkədə bir inzibati hakimiyyət vahidi kimi rolunu getdikcə artırırdı. Məsələn, 1918-ci il iyunun 30-da Azərbaycan hökuməti "Şəhər özünüidarəçiliyində Daxili İşlər Nazirliyinin və polisin səlahiyyətlərinin artırılması haqqında" qərar verib. Qərarla DİN-ə şəhərlərdə mövcud özünüidarə sisteminin bərpası üçün tədbirlər görmək tapşırılıb, Ağdaş, Salyan, Bərdə, Qazax qəzalarında və digər bölgələrdə özünüidarə sistemi olmayan yerlərdə ayda 300 manat məvaciblə rəis, xidmət müdiri və mühafizəçi ştatları yaradılıb. Daxili işlər naziri B.Cavanşirin baçılıq etdiyi mərkəzi icraedici-inzibati təşkilat-DİN, onun yuxarı və aşağı vəzilələri, orqanları tədrici inkişaf yolu keçməklə, yeni-yeni struktur dəyişikliklərinə məruz qalır, təkmilləşir. Misal üçün,1918-ci il iyulun 15-də Azərbaycan Nazirlər Şurasının qərarı və daxili işlər naziri B.Cavanşirin müvafiq əmri ilə DİN-in yanında birbaşa hökumətə tabe olmaqla Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradıldı və ona əslən Gəncədən olan nüfuzlu bir şəxs-Moskva Universitetinin məzunu, hüquqşünas Ələkbər bəy Xasməmmədov (1893-1925) sədr təyin edildi (sonralar-1925 ildə sovet hakimiyyət orqanları onu keçmişinə görə, həbs edib güllələyib. Ə.Xasməmmədov görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü daxili işlər naziri olan Xəlil bəy Xasməmmədovun böyük qardaşı idi).Yaxud, hökumətin 1918-ci il 31 avqust tarixli başqa bir qərarı ilə DİN-in Xüsusi İstintaq Komissiyası yaradılıb, ona 1918-ci ilin Mart soyqırımı, Zəngəzurda və Qarabağda azərbaycanlılara və ümumən müsəlmanlara qarşı erməni quldur dəstələri tərəfindən törədilən cinayətləri təhqiq etmək tapşırılıb.

"Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin səlahiyyətləri dövrün tələblərinə uyğun genişləndirlirdi. 1918-ci il avqustun 11-də Azərbaycan hökuməti və Daxili İşlər Nazirliyi vətəndaşların Milli Orduya çağırışı ilə əlaqədar yeni bir sərəncam verdi. Sərəncamın bir bəndinə əsasən əsgərliyə  "Yelizavetpol çağırışı", "Azərbaycan çağırışı" adlandırıldı və onun icrası zamanı toplaşan hərbi hissələr daxili işlər nazirinə tabe edildi.

 Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov("Gurgörən") (1873, Gəncə-1945, İstanbul, Türkiyə). AXC-nin 3-cü daxili işlər naziri (26 dekabr 1918-ci il- 14 mart 1919-cu il). Qəbri İstanbulda azərbaycanlı mühacirlərin ən çox dəfn olunduğu "Fəri köy" məzarlığındadır. Qəbirlərin qeydiyyat kitabında Xəlil bəyin qəbrinin nömrəsi 22-dir. Tarixi ədəbiyyatda X. Xasməmmədovun vəfat tarixi 1947-ci il yazılır. Ancaq qəbirin sinə daşının üstündə 1945-ci ildir. Bunu Xəlil bəyin kiçik qardaşı Nağı bəyin İstanbulda yaşayan oğlu Toğrul Cuvarlı söyləyib və təsdiq edib...

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli (1881, Gəncə - 31.5.1920, Kürdəmir). AXC-nin 4-cü hökumət kabineti dövründə (14 mart-24 dekabr 1919-cu il) Nazirlər Şurasının sədri və eyni zamanda daxili işlər naziri (16 aprel-22 dekabr 1919-cu il) olub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra labüd həbsdən və güllələnməkdən yaxa qurtarmaq üçün Kürdəmirə gəlib. Qatillər 1920-ci il mayın 31-də Nəsib bəyi qarət edib, müəmmalı şəkildə öldürüb və meyitini Əyricə kəndi yaxınlığında Kür çayına atıblar. Qəbrinin yeri dəqiq bilinmir... N.Yusifbəylinin məşhur mütəfəkkir İsmayıl Qaspralının qızı Şəfiqə Sultandan Zöhrə adlı qızı və Niyaz adlı oğlu qalıb. Onlar çətinliklə də olsa, İstanbula köçüb orada yaşayıblar... Bakıda və Gəncədə N.Yusifbəylinin adına küçələr var. Vaxtıilə yaşadığı binaların önünə xatirə lövhəsi (barelyefi) vurulub, ona həsr olunan "Bir qətlin iki qurbanı" adlı film(2012; rejissor Elnur Pişnamazzadə) çəkilib.

Ardı gələn sayımızda