Azərbaycan. - 2018.- 5 may. - ¹ 101. - S. 10.

 

Moskva və Mavərayi-Qafqasiya (Zaqafqasiya) nasyonal komunistləri

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

Keçmişini öyrənməyən gələcəyini qura bilməz! Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhvolmadan xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşadılan, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu il də təntənə ilə qeyd edəcəyik. Şərəfli yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbu orqanlarda gedən məqalələrin kiçik bir qismini qəzetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

“Dni” məcmuəsi Təbriz müxbirinin məzkur məcmuənin son nüsxəsinə (109) göndərmiş olduğu məktubda Mavərayi-Qafqasiyanın Sovet və Komunist firqəsi kibi müxtəlif müəssisələrinə daha yaxın və məzkur müəssisələrin iç üzünə vaqif məsul bəzi şəxslərdən öyrəndiklərini qeyd etməkdədir. Məktuba nəzərən məsul şəxsdən birisi mülaqatə şöylə başlamışdır:

“Nə qəribədir ki, firqə diktatorluğunun 13-cü sənəsində bolşeviklər hənuz qüvvətli bir hakimiyyət təsisinə müvəffəq olmamışlardır. Bu keyfiyyət məhəlli hökumətlərdə bilxassə Mavərayi-Qafqasiyada daha bariz bir şəkildə gözə çarpmaqdadır. Bolşeviklərin Mavərayi-Qafqasiyada iqtisadi bir vəhdət vücuda gətirmək üçün yapdıqları təşəbbüs suya düşdügü kibi mahalların idari işlərini tənzim üçün ittixaz etmiş olduqları tədabir dəxi büsbütün iflas etmişdir. Yalnız bu degil qəti olaraq söyləyə bilirəm ki bolşeviklər Mavərayi-Qafqasiyada sağlam bir firqə aparatı belə vücuda gətirməmişlərdir. Firqə həyatı, daha doğrusu Mavərayi-Qafqasiyadakı komunist firqələrinin həyatı son zamanlarda bir skandaldan başqa bir şey degildir. Firqə aparatının bu vəziyyəti heç şübhəsiz dövlət müəssisələrinə dəxi müəyyən bir təsir icra etməkdən xali qalmıyor. Son 2 sənənin hər 6 ayında “rəhbər” heyət, yəni Mavərayi-Qafqasiyanın və ayrı-ayrı cümhuriyyətlərin Komunist firqəsinin katibləri dəgişmişdir.

Şunu da əlavə edəyim ki, rəhbər heyətin dəgişməsi böyük bir gurultuya mucib olmaqla bərabər yekdigəri əleyhində Moskvaya cavab vermək və yekdigərilə şiddətli mücadilə etmək kibi vaqeələr tövlid ediyor.

Son sənə zərfində Mavərayi-Qafqasiya Komunist firqəsinin rəhbər heyəti Moskva tərəfindən 3 dəfə dəgişmiş, yəni hər bir katib mövqei iqtidarda 4 aydan fəzlə qalmamışdır. Rəhbər heyətin böylə sıx-sıx dəyişməsinə səbəb Mavərayi-Qafqasiyaya daxil Komunist firqələri arasından ixtilaf, qruplaşma, intriqa və məşhur katiblərin “komunist katiblərinin” “federalizm prinsiplərini” ilğa edərək ölkənin idarəsində bir mərkəziyyət vücuda gətirmədiklərinin Moskva tərəfindən xoş görülməməsidir. Məhəlli nasyonal komunist qrupları ilə əlaqədar olmayaraq doğrudan-doğruya mərkəzin bir müməssili sifətilə Mavərayi-Qafqasiyaya Moskvadan göndərilən Krinitskiyə bəslənən ümidlər də boşa çıxdı. Tiflislilər kolxozlar nəticəsində çıxan üsyanları yatırtmaq surətiə bu adamı dəxi fəna bir mövqedə buraxdılar və Krinitski artıq tutunamayaraq yerini Lomanidzeyə buraxmaq surətilə Moskvaya övdət etməgə məcbur qaldı. Bu surətlə müvəqqəti bir hakimiyyətdən sonra rus xanədanı mövqeini tərk edərək yerini gürcü xanədanına buraxmış oldu.

Fəqət bu da əsas məqsəd olan Mavərayi-Qafqasiyanın iqtisadi bir vəhdət altında yaşaması məsələsini həll edəmədi və ayrı-ayrı komunist firqələri mücadiləyə başladı. Mavərayi-Qafqasiya iqtisadi bir vəhdət hüsula gətirməgə müvəffəq olmayan Moskva yalnız Bakıyı Mavərayi-Qafqasdan ayıraraq doğrudan-doğruya kəndinə tabe qıldı.

Şimdi qəti surətdə təvəssö etmişdir ki, Bakı və Azərbaycanın bir çox digər qismi iqtisadi, firqəvi və idari işlərdə doğrudan-doğruya Moskvaya tabe bulunuyor.

Rəsmən degil də felən yapılan bu yeni reform təbiətilə Bakı və Azərbaycanın Mavərayi-Qafqasiya daxilində işğal etdigi xüsusi mövqeindən iləri gəlmişdir.

Bakının bu xüsusi mövqei yalnız petrol sənayei və orada çalışan əzim proletar kütləsinin mövcudiyyətindən iləri gəlmiş degildir. Burada bu müsəlman cümhuriyyətinin beynəlmiləl bir əhəmiyyətə haiz olmasını və Azərbaycan köylü üsyanları nəticəsində son zamanlarda sovet və firqə müəssisələri daxilində təhəddüs etmiş ağır vəziyyətin dəxi dəxli təsiri vardır. Bu cəhət Azərbaycana digər Mavərayi-Qafqas cümhuriyyətlərinə nisbətən xüsusi bir övsaf vermişdir. İştə bütün bu şərait üzündəndir ki, Moskva Tiflis hökumətini nəzərə almadan Azərbaycanın idarəsini doğrudan-doğruya kəndi əlinə almağa qərar vermişdir.

Bu yeni siyasətin zahiri təcəllisini son zamanlarda Bakı Azərbaycan firqə rəhbərliginin Mavərayi-Qafqasiya firqə komitəsilə qətiyyən əlaqədar olmadan doğrudan-doğruya Moskva tərəfindən dəgişməsi keyfiyyəti bariz bir surətdə göstərməkdədir.

Azərbaycan digər Mavərayi-Qafqasiya cümhuriyyətləri ilə bərabər şimdi firqə aparatı etibarilə böyük böhranlar keçməkdədir. Rəhbər heyətin təbdilini intac edən keçən sənəki böhran, Bakı firqə təşkilatının Yaroslavski və Mərkəzi Komunist firqəsinə qarşı yapılmış açıq bir qiyamdan başqa bir şey degildi. Nəhayət, Stalin Bakı proletarinin müqavimətini yenməgə və rüəsassını dəyişdirməyə müvəffəq oldu.

Mirzoyan və digərləri atıldıqdan sonra Bakı və Azərbaycan mərkəzi komitəsi firqəsi məsul katibliginə Çiqalo təyin edildi ki, bu adam Krinitskilə bərabər Mavərayi-Qafqasiyada “rus xanədanını” təhkim edəcək və bu ölkənin idarə tərzini Rusiyanın digər yerlərindəki tərzi-idarə şəklinə ifrağ edəcəkdi. İlk öncə Çiqalo, Bakı firqə təşkilatında bir “intizam” vücuda gətirəcəkdi.

Çiqalonun Azərbaycandakı hakimiyyəti tam bir sənə sürdü ki, nəticə etibarilə Azərbaycan şimdi Sovetlər İttihadının heç bir yerində görükməyən ağır və pərişan bir vəziyyətə düşdü. Bütün vilayət və qəzalarda hala bu günə qədər davam edən köylü üsyanları baş verdi, mərkəz olan Bakıda isə Komunist firqəsi daxilində min bir rəzalətlər kəndini göstərdi. “Mirzoyanlar”, “Qasımovçular”, “Çiqaloçular” kibi qruplar təşkil edən Bakı proletaryatı firqəyə mənsub olmayanların gözü önündə sabahdan axşama qədər didişməkdədirlər. Bu mücadilə dışarı çıxdığından buna artıq daxili firqə mücadiləsi deyilə bilməz.

Sırf qrup mənafei nöqteyi-nəzərindən yapılan bu mücadilədən başqa əsl mücadilələrin hədəfi milli bir istiqamətə mütəvəccehdir. Azərbaycanda və bütün Mavərayi-Qafqasiyada son zamanlarda müxtəlif millətlərin münasibəti məsələsi gərgin bir şəkil almışdır. Xalq təbəqəsində milli xüsumət yerinə mütəqabil və iyi bir münasibət olduğu halda yüksək məqam ərkanı bilxassə firqə təşkilatları arasında milli xüsumət açıq mücadiləyə müncər olacaq şəkildə qüvvət bulmuş və inkişaf etmişdir.

Bizim həyatımızda adət yerinə keçmiş bir məsələ vardır ki, o da intixab məsələsidir. Komunist və sovet təşkilatlarına yapılan bilcümlə intixablar milli əlamətlərlə yapılmaqdadır. Bu cəhətə bir zamanlar mətbuat dəxi nəzəri-diqqəti cəlb etmişdi.

Kadro yeni iqtisadi böhranın hakim bulunduğu bir zamanda dövlət heyətinə kimlərin alınacağı və kimlərin tərcih ediləcəgi məsələsi bu milli xüsumət məsələsini bir qat dəxi təzyid ediyor. Bakıdakı müəssisələr rus, türk, erməni hətda yəhudi olmaq üzrə bir çox qismə təqsim edilmişdir. Rus müəssisələrinə türklərin girməsi müşkül olduğu kibi türk müəssisələrinə rusların girməsi dəxi zordur. Bütün bu mücadilənin mərkəzini ələlümum hər hansı bir mücadilənin yeganə səhnəsi olmaq etibarilə komunist firqəsi təşkil etməkdədir.

Moskva mümkün mərtəbə Azərbaycan təşkilatını sağlamlaşdırmaq istiyorsa da bütün təşəbbüsləri əqim qalıyor. Bakı və mərkəzi Komunist firqəsi katiblərinin son təbdili bu təşəbbüslərdən biri ədd edilə bilir. Çiqalonun yerinə katib olaraq Polonski təyin edilmiş və mərkəzi komitə əzalarından bir qaçı, o cümlədən Qarabağ üsyanlarının tənkili işində müvəffəqiyyətsizlik göstərən Q.P.U. rəisi Bağırov Moskvaya çağrılmışdır. Rəhbər heyətin dəyişməsi bilxassə Bağırovun Azərbaycandan getməsilə əlaqədar olaraq Q.P.U. fəaliyyətinin və bu fəaliyyətin bilxassə üsyan hərəkatının cəzri olaraq imhasına aid qisminin yeni bir şəkil alacağı söylənməkdədir. Moskvadan yeni, təcrübəli çekistlərin göndəriləcəgi və üsyanlarla mücadilədə yeni üsullardan istifadə ediləcəgi dəxi şayiədir. Başlıca əhəmiyyət provakasyona və asi qruplarının inhilalına veriləcəkmiş.

Ehtimal bütün bu şayiələr Q.P.U.-nun asilərlə mücadilə üçün Ermənistanda yapmış olduğu yeni bir provakasyon nəticəsində çıxmışdır. Şimdi anlaşılmışdır ki, Ermənistan Q.P.U.-su Sovet əleyhdarı bir daşnaksütyun firqə şəbəkəsi vücuda gətirmiş və bu təşkilat vasitəsilə xaricdə təb edilmiş gizli mətbuatı intişar etmək və asi qruplarına nasıl hərəkət etmələri lazım gəldiginə və nasıl yeni qruplar təşkil ediləcəginə aid “Firqə mərkəz”inin qərarlarını bildirməgə çalışıyor.

Bu çekist təşkilatının bütün məmurları asi və firqəyə mənsub olan qrupların istifadə etdigi gizli mətbuatdan tamamilə fərqsiz mətbuatla təmin edilmişlərdir. Məzkur məmurlar əksəriyyətlə sabiq daşnaq firqəsinə mənsub olanlar miyanından intixab ediliyor. Məmurlardan biri Kotanqa həvalisinə gələrək köylüləri başına toplamış və onlara daşnaq firqəsi Erivan komitəsinin qərarını təbliğ edərək Kanakir və Erivana təərrüz etmək lazım gəldigini söyləmişdir. Buna mütəaqib eyni məmur digər həvalidə olan köylərə dəxi bu qərarı bildirərək “ümumi üsyana” iştirak etmələrini tənbih etmişdir. Bu provakasyon təsadüfən meydana çıxmış və Q.P.U. məmuru tərəfindən bəllənmiş asilər həbsdən qurtularaq həqiqi asilərə iltihaq etmişlərdir.

Çekistlər bu qabil provakasyonla bir qaç üsyan hadisəsi çıxarmış və iştirak edənlər də təbiətilə “Çeka” tərəfindən imha (məhv) edilmişdir.

 

“Odlu-Yurd”, təşrini sani

(noyabr) 1930, ¹ 22

 

Təvəssö - genişlənmə, vüsətlənmə

Təhəddüs - üzə çıxma, zahir olma

Övsaf - sifət, keyfiyyət

İntac - nəticə verən

İfrağ - qaydaya salma

Xüsumət - düşmənçilik, ədavət

İntixab - seçmə, seçilmə

Təzyid - çoxaltma, artırım

Əqim - sonsuz, nəticəsiz

Cəzri - kökə zidd olan

Tənkil - rədd etmə, cəza vermə

 

P.S. Məqaləni redaksiyaya professor Şirməmməd Hüseynov təqdim edib