Azərbaycan. - 2018.- 5 may. - ¹ 101. - S. 10.
İstiqlalçının maarifçilik fədakarlığı
Azərbaycan Xalq Cümhuriyyəti - 100
Rəhman Salmanlı
Azərbaycan Xalq Cümhuriyyətinin Parlament üzvü, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin məzunu, ictimai xadim, pedaqoq və şair Hacı Kərim Sanılı (Sanıyev Hacı Kərim Hüseyn oğlu) 1878-ci il fevral ayının 12-də Qazax mahalının Çaylı kəndində anadan olub. Mülkədar ailəsində dünyaya göz açan Hacı Kərim Sanıyev ilk təhsilini anadan olduğu kənddəki mollaxanada alıb.
Qazaxda dördillik rus-tatar məktəbini başa vurduqdan sonra təhsilini Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında davam etdirib. Bəy nəslindən olduğuna görə seminariyaya 1893-cü ildə çox çətinliklə, dayısının köməyi ilə qəbul olub. Sonralar tələbəlik illərini minnətdarlıq hissilə xatırlayan Hacı Kərim Sanılı yazmışdı: “Seminariya! Gəncliyimin ən gözəl çağlarını səndə keçirdim və mən buna heyfslənmirəm. Sən bizim xalqımızın gözünə işıq oldun, onu mədrəsələrdən işıqlı otaqlara çıxardın, həsir üstə durmaqdan dizlərinin qapaqları döyənək olan uşaqlara yazığın gəldi, hazırlıq kursları açdın. Mən səndə Derjavini, Karamzini, Çernışevskini, Puşkini, Tolstoyu, Lermontovu, Krılovu, Turgenevi oxudum. Onlardan öyrəndim, L.Tolstoyun məktəb və dərsliyinə marağım artdı. Nə olaydı, ömür aman verəydi, öyrəndiklərimi xalqıma çatdıraydım...”
Seminariyanı 1898-ci ildə müvəffəqiyyətlə bitirən Hacı Kərim Sanılı həmin ilə Nuxa (Şəki) qəzasının Xaçmaz kənd birsinifli məktəbinə müdir və müəllim təyin olunur. Gənc müəllim bu zaman rus dilindən başqa alman, fars və fransız dillərini də bilirdi. Zəngin mütaliəsi nəticəsində rus klassik ədəbiyyatının görkəmli nümayəndələrinin, inqilabçı-demokratların əsərlərini oxuyaraq onlardan faydalanmışdı. Şərq mədəniyyəti ilə yanaşı, Avropa və rus ədəbi mühiti ilə tanışlıq onu mütərəqqi fikirli bir şəxsiyyət kimi formalaşdırmışdı.
Hacı Kərim Sanılının pedaqoji fəaliyyətə başladığı XX əsrin əvvəllərində milli oyanış, xalq hərəkatları, inqilablar, azadlıq və müstəqillik uğrunda mübarizə, maarifçilik şərəf işi kimi dəyərləndirilirdi. Hacı Kərim bu zaman müəllim işlədiyi kənddə və ona yaxın ərazilərdə savadsızlığı tam aradan qaldırmaq məqsədilə qızlar məktəbi açmaq fikrinə düşür. Lakin bu, yerli mollalar tərəfindən kəskin etirazla qarşılanır, onu kafir adlandırır, sui-qəsd düzəldirlər, yaşadığı evə basqın edirlər.
Hacı Kərim məcbur olub oradan Gəncəyə gəlir, rus-tatar məktəbində müəllim işləyir. Həyata keçirdiyi tədbirlər burada da din xadimlərinin xoşuna gəlmədiyi üçün təqib və təhqirlərlə üzləşir. Yersiz böhtanlardan cana doyduğundan 1904-cü ildə Yelizavetpol quberniyasının Xalq Məktəbləri direktoruna məktubla müraciət edir: “Zati-aliləri, Sizdən böyük bir ehtiramla xahiş edirəm ki, məni tutduğum vəzifədən azad edin. Həyatımın xilası üçün buradan çıxım gedim”.
Gəncədə də arzusunu həyata keçirə bilməyən Hacı Kərim Qazaxa gedir, Dağ Kəsəmən dördillik məktəbə müdir təyin olunur. 1904-cü ildə doğma Çaylıya qayıdır. Pedaqoji fəaliyyətini davam etdirir, maarifçiliklə məşğul olur. Yaxşı yaşamağın, tərəqqiyə nail olmağın yolunun yalnız oxumaqda və maariflənməkdə olduğunu bildirməklə məktəbə gələn uşaqların sayının ildən-ilə artmasına çalışır. Qabiliyyətli, lakin imkansız uşaqları məktəbə cəlb etməklə onların maliyyə problemlərini öz üzərinə götürür. Bu yerlərin adamları indi də yaxşı xatırlayırlar ki, 1905-ci ildə Qazax qəzasının ayrı-ayrı kəndlərində yeddi məktəb binasının tikilməsi haqqında tərtib olunmuş layihəni çara təsdiq etdirən, həmin binaların tikintisinə lazımi qədər maliyyə vəsaiti buraxılmasına qol çəkdirən, icazə alan məhz Hacı Kərim Sanılı olmuşdur. Layihəyə əsasən, binalardan birinin Çaylı kəndində tikilməsi nəzərdə tutulmuşdu. Yerli adamlardan heç kim qıyıb öz torpağını vermirdi ki, orada tikintiyə başlanılsın. Bunu eşidən əmisi oğlu Məhəmməd Hacı Kərimə sifariş göndərir ki, sənin xətrinə mən öz torpağımdan 1,5 hektar yer ayırıram, gəl, məktəbi tikdir. Bu xeyir xəbərdən sonra orada dərhal tikinti işlərinə başlanılır. Həmin tikili 1924-cü ildən 1989-cu ilədək Çaylı 1 saylı orta məktəbi kimi fəaliyyət göstərir. H.K.Sanılı xalqın maariflənməsi uğrunda apardığı mübarizədə ağır mənəvi təzyiqlərlə üzləşsə də, doğma xalqının işıqlı gələcəyinə dərin inam bəsləmişdir. O, hələ seminariyada oxuduğu illərdən öz mübarizəsində böyük məqsədlərə xidmət etmiş, şəxsi mənafeyini ictimai ideallardan üstün tutmamışdır.
H.K.Sanılı pedaqoji fəaliyyətinə görə 1913-cü ildə Rusiya çarı tərəfindən III dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif edilir.
Hacı Kərim 1905-ci ildən başlayaraq “Difai” (Müdafiə) təşkilatının fəaliyyətində yaxından iştirak edib. 1917-ci ildən Tiflis menşevik “Hümmət” təşkilatının üzvü olub. Ölkəsini müstəmləkəçilik buxovundan qurtarmaq, millətini savadlı və elmli etmək uğrunda mücadiləyə qatılan Sanılı maarifçiliklə yanaşı, ictimai-siyasi işlərdə də fəallıq göstərib. Yerli xəfiyyə idarəsinin gözündən yayınmayan bu canfəşanlığın nəticəsi olaraq Hacı Kərim Sanılı ilk dəfə 1906-cı ildə həbs edilib. Onun həbsi tərəqqipərvər insanlar tərəfindən kəskin etirazla qarşılanıb. Hətta Firidun bəy Köçərli “İrşad” qəzetində “El üçün ağlayan gözdən olar” məqaləsi ilə çıxış edərək bütün Azərbaycan ziyalılarını Sanılının azad olunması üçün müdafiəyə səsləyib. Hacı Kərim həbsdən azad olunub. Lakin hədə-qorxu onu yenə əqidəsindən döndərə bilməyib, fəaliyyətini gizli şəkildə davam etdirib. 1907-ci il fevralın 9-da yerli əhali tərəfindən seçilən nümayəndə kimi Bakıya gəlir, “Xeyriyyə cəmiyyəti”ndə olur, yoxsullara, imkansızlara maddi yardım göstərilməsi üçün əlindən gələni edir.
Hacı Kərimin ictimai-siyasi hadisələrə müdaxiləsi, bu kimi işlərdə canfəşanlığı bəzi dairələrdə qısqanclıqla qarşılanır. Onu ictimai-siyasi hadisələrdən kənarlaşdırmaq üçün 1910-cu ilin iyun ayında Qafqaz Təhsil Dairəsi direktorunun göndərişi ilə Sankt-Peterburq Müəllimlər İnstitutunun nəzdində açılmış əl əməyi kursuna göndərirlər. Orada oxuduğu illərdə Hacı Kərim rus inqilabçıları Belinski və Çernışevskinin yaradıcılığı ilə yaxından tanış olur. Bu tanışlıq və Peterburq həyatı Sanılının sonralar ictimai-siyasi cəhətdən formalaşmasında mühüm rol oynayır. Kursu başa vurduqdan sonra Qazaxa qayıdan Sanılı nə qədər cəhd göstərsə də, onu müəllim işləməyə qoymurlar. Çətinliklə də olsa, 1915-ci ildə müvəqqəti olaraq qrafika incəsənəti müəlliminin köməkçisi təyin olunur.
1917-ci ildə imperiyanın müstəmləkə buxovundan qırılmaq üçün ölkəmizdə azadlıq hərəkatı geniş vüsət alır. Qazax qəzasının idarə edilməsi böyük nüfuz sahibi maarifçi-pedaqoq Hacı Kərim Sanıyevə tapşırılır. Bu vəzifədə olarkən o, milləti və xalqı üçün elə bir tarixi hadisənin reallaşmasına yardımçı olur ki, bu, min illər sonra da unudulmayacaq. O, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Qazaxa köçürülməsində müstəsna xidmətlər göstərir: belə ki, çar Rusiyası 1917-ci ilin sonları 1918-ci ilin əvvəllərində Zaqafqaziyada nəzarəti tamamilə itirən ərəfədə yaranan əlverişli məqamdan istifadə edən Firidun bəy Köçərli Gürcüstandan Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini təcili olaraq Gəncəyə köçürmək qərarına gəlir. 1918-ci il avqust ayının son günü axşamtərəfi Firidun bəy seminariyanın Azərbaycan şöbəsinin bütün avadanlığını, kitab və digər vəsaitini vaqonlara doldurub Ağstafaya göndərir. Sentyabrın 1-də qatar Qazax şəhərinin 9 kilometrliyində Ağstafa stansiyasında dayanır. Gəncənin yol uzaqlığından, ilk növbədə ictimai-siyasi hadisələrin gözlənilmədən dəyişməsindən ehtiyat edən Firidun bəy məsələni təcili həll etmək üçün Qazax qəzasının general-qubernatoru, vaxtilə tələbəsi olmuş Hacı Kərim Sanılının yanına gəlir, məsələni ona danışır və Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxda yerləşdirilməsi üçün təcili bina lazım olduğunu bildirir.
Qazaxın tanınmışlarından Məşədi İbrahimi yanına çağırtdırıb məsələni ona açıqlayır. Təhsili və savadı olmayan Məşədi İbrahim oxumağın tərəfdarı olduğundan bu təklifə sevinir, elə həmin gün bir iranlı tacirin Qazaxın mərkəzində satışa qoyduğu 17 otaqdan ibarət yaraşıqlı mülkü 150 qızıl pula alıb Firidun bəyə bağışlayır. Seminariyanın Gəncəyə getməli olan avadanlıqları Ağstafa stansiyasından birbaşa Qazaxa daşınır. Beləliklə, 1918-ci il sentyabrın 17-də seminariyada dərslər başlayır. Hətta həmin il Qazaxın ayrı-ayrı kəndlərində məktəbdarlıqla məşğul olan Qori Seminariyasının keçmiş məzunlarından Y.Qasımov, İ.Vəkilov, Ə.Hüseynov, M.Hüseynov Hacı Kərim Sanılı tərəfindən müəllim işləməyə dəvət alırlar.
Maarifə, mədəniyyətə, elmə rəğbət bəsləyən, qayğı göstərən, bu yolda imkansıza və kasıba arxa duran Sanılının siyasi fəallığı, xeyirxahlığı camaat arasında olan nüfuzunu birəbeş artırır. Azərbaycanda milli hökumət qurulanda H.K.Sanılı yerli əhalini müstəqil Azərbaycan dövlətini müdafiəyə, ona sədaqətlə xidmətə çağırırdı. Hacı Kərim Sanılı 1918-ci ilin noyabrında Tiflis “Hümmət” partiyasından Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə seçilmiş, sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur. Qazax seminariyasına maliyyə vəsaiti ayrılmasından ötrü parlamentin iclaslarında məsələ qaldırmış və istəyinə nail olmuşdur.
Bu zaman Hacı Kərim Sanılının işini əngəlləmək istəyənlər də az deyildi. Onun gündən-günə artan nüfuzundan, yeni hökumətin yanında görünən adam olduğundan bəziləri Gəncəyə, Azərbaycan Cümhuriyyəti Parlamentinə teleqram ünvanlayaraq bildirmişlər ki, “Hacı Kərim Sanıyev Parlamentə qanuni surətdə seçilməməşdir”. Teleqramı parlamentin sədr müavini Həsən bəy Ağayev 1919-cu il yanvarın 28-də keçirilən toplantıda iştirakçıların diqqətinə çatdırmışdır. Qərara alınmışdır ki, teleqram “Etibarnamə komissiyonuna verilsin”. İstədiklərinə nail ola bilməyən qüvvələr bundan iki ay sonra - başqa adamların adından Qazaxdan parlamentə şikayət göndərirlər.
Belə qarayaxmalara baxmayaraq, Hacı Kərim Sanılı parlamentdə fəaliyyətini davam etdirmiş, Xalq Cümhuriyyətinin təşkilatlanması və maarifçiliyin inkişafı üçün var qüvvəsi ilə çalışmışdır, bu barədə iclaslarda dəfələrlə çıxış etmişdir.
Rus, alman, fransız və fars dillərini mükəmməl bilən H.K.Sanılı Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra da çox sevdiyi şərəfli müəllimlik peşəsinə sadiq qalmışdır. 1922-ci ildə N.Nərimanovun təklifi ilə Bakıya köçür, Yeni Türk Əlifba Komitəsində Fərhad Ağazadə, Bəkir Çobanzadə, Xudadat Məlikaslanov, Mirzə Cabbar Məhəmmədzadə, Hüseyn İsrafilbəyov, Mirzə Hüseyn Camalzadə, Vəli Xuluflu, İdris Həsənli (Həsənov), Mənsur Qurbanzadə ilə birgə çalışır, savadsızlığı ləğvetmə kurslarında dərs deyir. Bakıda Kənd Təsərrüfatı İnstitutunda, Azərbaycan Sənaye İnstitutunda, 1936-1937-ci illərdə isə paytaxtın 25 saylı orta məktəbində rus dili müəllimi işləyir.
Sanılı Bakı Xalq Maarif Şöbəsində müfəttiş vəzifəsində işləyərkən Bakı şəhərində aparılan genişmiqyaslı məktəb quruculuğu və savadsızlığın ləğvində misilsiz xidmətlər göstərir. Onun “Böyüklər üçün əlifba kitabı” (1924), “Türk əlifbası” (1927), “Üçüncü il” (1927), (təkrar nəşrləri 1929, 1930), “Zülmün sonu” (1927), “Türk əlifbası” (1930) və s. dərslikləri xalqın maariflənməsi işində müstəsna rol oynamışdır.
Hacı Kərim Sanılı pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbi-bədii yaradıcılıqla da məşğul olurdu. Şeirləri “Maarif və mədəniyyət”, “Şərq qadını” jurnallarında, “Ədəbiyyat” və “Kommunist” qəzetlərində, habelə digər mətbu orqanlarda dərc edilirdi. İlk kitabı (“Canavarlar hökuməti”) 1918-ci ildə nəşr edilmişdi. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanında Bakıda “Novruz” mətbəəsi tərəfindən “Yeni şərqilər” kitabı buraxılıb. Bundan sonra “Kəndimiz” və “Aran köçü” (1927), “Namus davası” (1927), “Zülmün sonu” (1927), “Turut qaçaqları” (1935), (1964) kitabları, “Seçilmiş əsərləri” (1993) nəşr edilmişdir.
Hacı Kərim Sanılı Azərbaycan ədəbiyyatında əbədiyaşarlıq qazanmış milli ruhlu şair, gözəl poemalar müəllifidir. Lakin bolşevik yazarlar bəzi qəzet-jurnal məqalələrində Sanılı yaradıcılığı haqqında ədalətə söykənməyən tənqidi fikirlər söyləyirdilər. Məsələn, “Ədəbiyyat qəzeti” 1937-ci ildə yazırdı: “Sovet Yazıçılar İttifaqında sovet ədəbiyyatına və sosializm quruluşuna xain olan və onun əsasını dağıtmağa çalışan Yusif Vəzir, Hacı Kərim Sanılı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Atababa Musaxanlı, Seyid Hüseyn kimi düşmənlərə yer yoxdur. Biz bu düşmənlərin iç üzünü və yaradıcılığındakı kontrevolyusion mahiyyəti bütün sovet ictimaiyyəti qarşısında açıb göstərməliyik”.
Bundan bir neçə gün sonra Sanılı Azərbaycan Sovet Yazıçılar İttifaqının ümumi yığıncağının qərarı ilə “xalq düşmənləri” - qəddar müsavatçı Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqlə birlikdə ittifaqın sıralarından kənar edilir. O, “müsavatçı”, “millətçi”, “yeni quruluşun düşməni” adıyla 1937-ci il iyunun 3-də gecənin qaranlığında Hüseyn Caviddən, Əhməd Cavaddan, Mikayıl Müşfiqdən, Vəli Xulufludan bir gün qabaq NKVD zirzəmisinə salınır. Altı gün sonra 9 iyun 1937-ci ildə “Ədəbiyyat qəzeti” öz səhifələrində Azərbaycan Yazıçılar İttifaqının fikrini təntənə ilə ifadə edərək yazırdı: “Sovet Yazıçılar İttifaqında Sovet ədəbiyyatını və onun əsasını dağıtmağa çalışan Y.V.Çəmənzəminli, H.K.Sanılı, H.Cavid, M.Müşfiq, A.Musaxanlı, S.Hüseyn kimi düşmənlərə yer yoxdur”.
Beləliklə, istiqlal şairi, Ticarət və Kooperasiya İnstitutunun müəllimi H.K.Sanılı əksinqilabi-millətçi təşkilatın üzvü kimi vətənə xəyanət maddələri ilə ittiham edilir. Haqqında qaldırılan cinayət işinin qərarında həmçinin göstərilir ki, “Qolçomaq ailəsindən olan H.K.Sanılı Azərbaycanın sovetləşməsi zamanı “Əzrail” firqəsi adlı təşkilat yaratmışdır və s.”.
NKVD zirzəmilərində iki aya yaxın əzab və işgəncələrə məruz qalan tanınmış pedaqoq və ictimai xadim Hacı Kərim Sanılı ömrünün 60-cı payızında ölüm kamerasında (guya ürək çatışmazlığından) dünyasını dəyişmişdir.