Azad Azərbaycan.-2018.-4 may.-¹64.-S.3.
Dövlətçilik tariximizin şanlı səhifəsi: Xalq Cümhuriyyəti
AXC-nin yaranması günü, həm də Azərbaycan Ədliyyəsinin yaranması ilə bir vaxta təsadüf edir
Mirtaleh Muradlı,
Ədliyyə Nazirliyinin Salyan rayon Qeydiyyat şöbəsinin rəisi
Dövlətçilik tariximizin qaranlıq məqamlarına aydınlıq gətirmək baxımından müstəsna əhəmiyyətə malik olan, Azərbaycan Prezidentinin 2018-ci ilin "Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında sərəncamı tarixi bir sənəddir. Şərqdə ilk parlament respublikası olan Xalq Cümhuriyyəti 23 ay yaşasa da, onun qəbul etdiyi sənədlər dövlətçilik tariximizdə silinməz izlər qoydu. Bəs bu dövlətin az yaşamasına səbəb nə idi?!
1917-ci ilin oktyabrında Rusiyada baş verən dövlət çevrilişi nəticəsində Cənubi Qafqazdan Moskvaya və Petroqrada gedə bilməyən Müəssisələr Məclisinə seçilmiş deputatlar, 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın Ali Hakimiyyət orqanı olan Zaqafqaziya Seymini (parlamentini) yaratdılar. Aprelin 9-da isə Zaqafqaziyanın müstəqilliyini elan etdilər və Birləşmiş Zaqafqaziya Cümhuriyyətini yaratdılar. 1918-ci il mayın 27-də müsəlman fraksiyasının üzvləri ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyinin elan edilməsinə qərar verdilər. Lakin 27 aprel 1920-ci ildə bolşevik Rusiyasının XI ordusunun Bakını işğal etməsi nəticəsində Xalq Cümhuriyyəti süqut etdi.
Bundan 71 il sonra - 1991-ci il oktyabrın 18-də öz müstəqilliyinə yenidən qovuşan xalqımız qəbul olunan Konstitusiya aktında Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olmasını elan etdi. AXC-nin yaranması günü, həm də Azərbaycan Ədliyyəsinin yaranması günü ilə bir vaxta təsadüf edir. Odur ki, 28 may bizim üçün ikiqat bayramdır.
Hər il ölkəmizdə noyabrın 22-si Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu tarix, 18 il öncə Ümummilli Liderimiz Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub. Artıq ölkəmizin müstəqilliyi uğrunda əvəzsiz xidmətləri olan Ədliyyə orqanlarının yaradılmasından 100 il ötür. Nazirliyin yaradılması şərqdə ilk müsəlman dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bir dövrə təsadüf edir. Azərbaycan Ədliyyə Sisteminin xalqımızın müstəqilliyi uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var.
Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. İlk və son Ədliyyə naziri isə Xəlil Xasməmmədov olub. Müxtəlif vaxtlarda Nazirliyə Fətəli xan Xoyski, Teymur bəy Makinski, Aslan bəy Səfikürdski rəhbərlik ediblər (28.05.1918-01.04.1920). Bir müddətdən sonra Rusiyanın Azərbaycanı istila etməsi səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti kimi Nazirlik də müstəqilliyini itirərək, SSRİ-nin tərkibində fəaliyyət göstərməyə məhkum olur və İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilir, Xalq Ədliyyə Komissarlığı yaradılır. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni əsasnaməsi təsdiq edilir. Bu əsasnamə ilə onun səlahiyyətləri xeyli məhdudlaşdırılır. Əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili, onlara rəhbərlik etməkdən ibarət olur. 1959-cu ildə isə Ədliyyə Komissarlığı ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, Məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilir. Sonra Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil olunub və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət qurumları arasında bölüşdürülür. Uzun fasilədən sonra 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilir və bununla da Ədliyyə tarixində yeni mərhələ başlanmış olur.
...Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdikdən və Ümummilli Lider Heydər Əliyev rəhbərliyə gəldikdən sonra Ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdən biri də (22 noyabr 1918-ci ildə) Nazirliyin əsasnaməsinin təsdiq edildiyi günün - Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinin məqsədəuyğunluğu olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamına əsasən artıq 18 ildir ki, bu bayram təntənəli şəkildə qeyd olunur. Bu gün ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Ədliyyə orqanlarının fəaliyyəti daha da təkmilləşdirilir. Prezidentimizin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında əsasnamə", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli qanunu" və Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 27 avqust 2006-cı il tarixli Fərmanı Ədliyyə sisteminin inkişafında yeni mərhələ açdı. Məhz bu səbəbdən Ədliyyə orqanları öz üzərilərinə düşən şərəfli vəzifələrin öhdəsindən ləyaqətlə gəlir, qanunçuluğun keşiyində əzmlə dayanırlar.