İki sahil.-2018.-1 may.-¹83.-S.8.

 

İlham Əliyev: Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik

 

Azərbaycan Xalq Cümhuriyyəti – 100

 

 

Yeganə Əliyeva

 

11 aprel prezident seçkilərində xalqın 86 faiz səsini toplayaraq yenidən Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində hər sahədə əldə olunan uğurlara bir daha diqqət yönəldərək bildirmişdir: “Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu Hə gedəcəyik.”

26 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə bir daha bu həqiqət öz təsdiqini tapır ki, uğurların əsasında möhkəm təməl dayanır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanı qurmaqla bu gün adının inkişaf etmiş ölkələr sırasında çəkilməsi istəyimizi ortaya qoymağımıza əsas yaratdı. Uğurlarımızda bir əsas məqamı da qeyd edək ki, keçmişini sevən, bu günü ilə qürur duyan, gələcəyinə ümid bəsləyən xalqlar tarixin sərt və çətin sınaqlarından üzüağ çıxaraq, milli varlıqlarını, mövcudluqlarını qoruyurlar. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də dövlətçilik, müstəqillik ənənələrimizi yaşatmağımızdan, tariximizə verilən dəyərdən qaynaqlanır. Ulu öndər Heydər Əliyev daim bildirirdi ki, tariximizin hər bir səhifəsi bizim üçün əziz olmalıdır. Məhz bu nöqteyi-nəzərdən yanaşaraq 1918-ci ildə yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətini milli sərvətimiz kimi dəyərləndirərək bildirmişdir ki, bu, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıb. Müstəqilliyimizin əbədiliyinin, sarsılmazlığının təminatı istiqamətində ciddi səylər göstərən Ümummilli Liderin “Biz ilk Azərbaycan Demokratik Respublikasının yaranması gününü əziz tutaraq onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika günü elan etmişik və bu bizim milli bayramımızdır. Bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdiyi xidmətlərə görə Məmmədəmin Rəsulzadəyə, Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır” sözləri keçmişimizə, tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinə, fədakarlığına, Vətən sevgisinə verilən dəyər, gələcək nəslə tariximizə, keçmişimizə sahib çıxmaq tövsiyəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı imzalamaqla xalqımızın keçmişinə hər zaman sahib çıxdığını, dəyərlərimizi qoruduğunu, hörmətlə yad etdiyini bildirən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki siyasətinə də sadiqliyini göstərdi.

Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Bu müddətdə hökumət daxili ziddiyyətlər, çəkişmələr və təbii ki, Azərbaycanın neftinə sahib çıxmaq istəyən xarici qüvvələrin təsiri ilə istefa vermiş, yenidən qurulmuşdur. Təkrar olunan mürəkkəb siyasi hadisələr dövründə yaranan demokratik respublikanın dövlət, hökumət orqanları istənilən səviyyədə fəaliyyət göstərə bilməsələr də üzərilərinə düşən tarixi missiyanı yerinə yetirməyə səy göstərmiş, Azərbaycan xalqının dövlətçilik tarixinə parlaq səhifələr yazmışlar. 1920-ci il aprel ayının 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti öz səlahiyyətlərini bolşeviklərə təhvil verməyə məcbur olduğu üçün fəaliyyətlərinə xitam verilmişdir.

AXC-nin yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçilik tarixinin unudulmaz səhifələrindəndir. AXC xalqın yaddaşında qalmaqla dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Az müddət yaşasa da dövlətçilik tariximizdə özünəməxsus yeri, müsəlman Şərqində ilk demokratik respublika olan Cümhuriyyətin ictimai-siyasi, ədəbi- mədəni və milli mənəvi həyatımızın bütün sahələrində izi qalmışdır. O dövrün mürəkkəb siyasi şəraitində əlçatmaz görünən, hüquqi dövlət qurmaq üçün atılan addımlar sözün həqiqi mənasında cəsarət, Vətənə bağlılıq, siyasi hazırlıq tələb edirdi. Keçmişini öyrənməklə bu gününü yaşayan, gələcəyi üçün təməl formalaşdıran Azərbaycan xalqı o dövrdə cəfakeş fədailərin əməllərini, xidmətlərini unutmur. Təsadüfi deyil ki, Azərbaycan xalqı ötən əsrin sonlarında dirçələn mili-azadlıq mübarizəsinə də Cümhuriyyətin simvolları ilə başladı. Müstəqillik uğrunda milli-azadlıq hərəkatında iştirak edən Azərbaycan xalqı AXC-dən miras qalan istəklərin reallaşması naminə birləşdi. Sovetlərin beynəlmiləlçilik buxovundan xilas olaraq varlığını qorudu. Dövlətçiliyimizin atributu olan, AXC-nin qəbul etdiyi himn, üçrəngli bayraq və gerbimizin bərpasını vətəndaşlıq borcu adlandıran, böyük qətiyyət göstərərək Azərbaycan naminə canından belə keçməyə hər an hazır olduğunu bildirən ulu öndər Heydər Əliyev sonrakı islahatlarında da varislik missiyasına sadiq qaldı.

Prezident İlham Əliyevin imzaladığı Cümhuriyyətin 100 illiyi ilə bağlı Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarını qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və həqiqətə çevrilməsinə zəmin yaratdı. Müstəqillik əldə etdikdən sonra AXC-nin arzusunda olduğu, amma zamanın mürəkkəb, qarışıq situasiyasına görə yerinə yetirə bilmədiyi vəzifələrin həlli üçün aparılan islahatlar məntiqi nəticəsini verir. İndi ölkəmiz elə sürətlə tərəqqi edir ki, Azərbaycanın inkişaf metodu ən qüdrətli ölkələrdə belə təbliğ olunur.

Müstəqilliyin ilk illərində çətinliklərlə üz-üzə qalan Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxdı və bugünkü uğurlara geniş yol açıldı. Azərbaycana əbədi suverenlik, müstəqillik qazandıran ulu öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi ilə Azərbaycan demokratiya və iqtisadi inkişaf yolu ilə dünya birliyinə inteqrasiya etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin reallaşması ilə respublikamız dünyanın enerji xəritəsini dəyişdi, nəqliyyat mərkəzinə çevrildi. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsini dünyaya açılan pəncərə kimi dəyərləndirən cənab İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi və “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması mərasimində bildirmişdir ki, bu mühüm hadisə görülən işlərin zirvəsidir. BTC və BTƏ neft-qaz kəmərləri olmasaydı, təbii ki, bu gün “Cənub Qaz Dəhlizi”ndən danışmaq qeyri-mümkün idi. Reallaşdırdığı layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirən Azərbaycan bu gün beynəlxalq aləmdə təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Müstəqilliyin ilk illərində iqtisadiyyatın inkişafı üçün investisiyalara ehtiyacı olan respublikamız indi başqa ölkələrə sərmayə yatıran dövlətdir. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 231 milyard dollardan artıqdır. Təbii ki, bu rəqəm Azərbaycanın bu gününə və gələcəyinə olan inamı bir daha ortaya qoyur.

Şərqlə Qərb arasında körpü rolunu oynayan respublikamızın sivilizasiyalararası dialoq mərkəzi kimi maraq doğurması, həmçinin düşünülmüş xarici siyasətimizin beynəlxalq aləmdə dəstəklənməsinin göstəricisidir. Bərabərlilik prinsipləri əsasında birgə yaşayış qaydalarının tətbiqinə çalışan AXC-nin bu istəyinə ən layiqli cavab ölkəmizdə mövcud olan tolerantlıq, mültikulturalizm ənənələrinin bütün dünyada təbliğidir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi də Azərbaycanın multikultaral cəmiyyətlərin formalaşmasına töhfələrinin davamlılığından irəli gəlir. Həmçinin Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə bir daha bu həqiqəti də ortaya qoymuş oldu ki, idman eyni zamanda bir siyasətdir. Bu kimi tədbirlər ölkə reallıqlarının təbliğinə xidmət etməklə yanaşı, eyni zamanda dövlətləri, xalqları bir araya gətirməklə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa geniş yol açır.

Bugünkü uğurlarımızın sırasında təbii ki, neft siyasətinin məntiqi davamı kimi qiymətləndirilən qeyri-neft sektorunun inkişafını xüsusi qeyd etməliyik. Müstəqilliyin ilk illərində bazar iqtisadiyyatı yolu ilə Azərbaycanın inkişafı, özəl sektorun formalaşdırılması üçün ölkədə biznes mühitini formalaşdıran Ulu Öndərin islahatlarını davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində ölkə iqtisadiyyatının 85 faizi qeyri-neft sektorunun payına düşür. Bölgələrin inkişafı üçün başlıca şərt olan sahibkarlığın təkmilləşdirilməsi ilə işsizlik probleminin həllinə nail olunur. Son 15 ildə bir milyon 900 mindən artıq yeni iş yeri yaradılıb. Bu öz növbəsində məşğulluq probleminin həllidir. Özünü məşğulluğun təminatı prioritet məsələ kimi öndədir. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar sırasındandır.

Müstəqiliyimizin qarantı olan, dünyanın ən güclü orduları arasında adı çəkilən Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi avadanlıqlarla, müasir silahlarla təmin olunur. Nizami ordumuzun əsgər və zabitləri NATO qoşunları ilə birgə təlimlərdə, münaqişə zonalarında sabitliyin yaranmasında iştirak edirlər. Ordumuzun artan gücünə və qüdrətinə inamdan irəli gəlir ki, ən nüfuzlu təşkilatların tribunasından Azərbaycanın bir qarış belə torpağının düşmənə verilməyəcəyi bəyan edilir. Tariximizə qələbə kimi yazılan 2016-cı ilin aprel döyüşləri ordumuzun qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Xalqımız tam əmindir ki, işğal altında olan bütün torpaqlarmız dövlətimizin uğurlu daxili və xarici siyasəti, Azərbaycan Ordusunun gücü sayəsində azad olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan Xalq Cümhuriyyətindən miras qalan istəklərin daha geniş və müasir tələblərə uyğun tətbiqinin nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı dövlətləri ilə eyni sırada yer alır. “Azərbaycan bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Çünki bizim iştirak etdiyimiz bütün layihələr əməkdaşlığa hesablanıb” söyləyən Prezident ilham Əliyev bildirir ki, biz gələcəkdə də bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir.

Bu dönməzliyi təmin edən Heydər Əliyev yoludur. Müstəqilliyimizin üçüncü mərhələsi kimi dəyərləndirilən 2003-cü ildən bu günə qədərki dövr Azərbaycan tarixinə biri-birindən əhəmiyyətli uğurları yazıb. Bu uğurlarımıza verilən yüksək dəyər xalqımızın 11 aprel prezident seçkilərində fəal iştirakı və cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə dəstəyidir. Xalqımız tam əmindir ki, növbəti 7 ildə Azərbaycanın müstəqillik tarixinə daha möhtəşəm uğurlar yazılacaq.