Paralel. - 2018.- 3 may. - ¹ 79. - S. 10.
Azərbaycanda heç vaxt etniklərarası problemlər mövcud olmayıb
Quba müxtəlif xalqların və dinlərin birgə yaşadığı qədim mədəniyyət və təfəkkür mərkəzi kimi tanınır
Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühitini şərtləndirən əsas səbəblərdən biri də, ölkəmizdə tarixin heç bir dönəmində etniklərarası problemlərin olmamasıdır.
Tarixin qədimliklərindən qaynaqlanan bu tolerantlıq imkan verib ki, bütün azsaylı xalqlar və etnik qruplar ölkəmizin ərazisində tamhüquqlu vətədaşlar kimi yaşasınlar. Ölkəmizin ərazisində məskunlaşan ruslar, talışlar, ləzgilər, avarlar, kürdlər, tatlar, udilər və onlarla digər xalqların nümayəndələri də, hər zaman azəri türkləri ilə canbir, qəlbbir olublar. Bu insanlar biri-birilərinin bütün toy, yas məclislərində heç də qohum-əqrəbadan az can yandırmırlar. Bu günümüzün reallığı odur ki, hər bir nəsildə rus, ləzgi, kürd, avar, talış millətindən nümayəndə var. Bütün bunlar da təbii ki, vahid Azərbaycan xalqının birliyi və vəhdəti üçün mühüm amillərdir.
Lakin çox təəssüflər olsun ki, bu gün ölkəmizdə elə qüvvələr də var ki, bu birliyi, vəhdəti pozmaq, xalqlar və millətlər arasında ədavət toxumu səpmək üçün əllərindən gələni edirlər. Onlar bu əməlləri ilə ölkəmizdə yaşayan xalqlar arasında nifaq salmağa çalışır və bunun müqabilində öz havadarlarından ənam alırlar. Onlar xalqın sosial problemlərini daha çox qabartmaq yolu ilə onları çaşdırır, həmin problemlərin həllinə çalışdıqlarını iddia etsələr də, əslində bu yolla xalqın mənəviyyatına, milli birliyinə, mentalitetinə, multikulturalizmə və tolerintlığa qarşı terror edirlər. Bu qüvvələr tez-tez "biz türkük", "türkün türkdən başqa dostu yoxdur" kimi şüarlar ortaya atmaqla türkçülükləri ilə fəxr etmirlər, sadəcə olaraq, digər millətlərin məmləkətimizdən çıxarılmasına çağırışlar edərək, xalqlar arasında dövlətimizə qarşı inamsızlıq yaratmağa çalışırlar. Biz isə tam əksinə olaraq, türkçülüyümüzlə fəxr edirik və bu ölkədə yaşayan etnik azlıqlar da, bu dövlətin inkişafında ən azı mənəvi cəhətdən azəri türkləri qədər, bu dövlətə və xalqımıza sadiqdirlər. Buna görə də, bu gün hər hansı bir Azərbaycan vətəndaşı "mən azərbaycanlıyam" cümləsini işlətməlidir. Çünki "mən türkəm", "talışam", "rusam", "ləzgiyəm", "kürdəm", "avaram" kəlmələri bu xalqı parçalamağa xidmət edir. Ölkəmizdə fəaliyyət göstərən bəzi millətçi təşkilat və partiyalar, əslində bizə yad olan, bizim inkişafımızı qəbul edə bilməyən hansısa dövlətlərin missiyalarını həyata keçirirlər. Həmin qurumlar "azərbaycanlı" deyəndə də, yalnız və yalnız türk nəzərdə tuturlar. Halbuki ən böyük Türk dövlətlərindən hesab olunan Türkiyə ölkəsində Türk yox, Türkiyəli anlayışı var və bu da həmin dövlətdə yaşayan ərəblərin, kürdlərin, rusların və qeyri-xalqların türklərlə birliyini yüksək mənada təmin edir. Bunun nəticəsidir ki, əmin-amanlıq istəyən Türkiyə kürdləri həmin millətin nümayəndələrindən olan PKK-nı yox, Türkiyə dövlətini üstün tutmağa çalışır. Hətta türkləri özlərinə həmişə düşmən bilən Türkiyə erməniləri də, hazırki Türkiyəni öz vətənlərindən çox istədiklərini qeyd ediblər. Bizdə isə əksinə, bu gün boğazdan yuxarı "türkçülük bizim əsas qayəmizdir" deyən təşkilat və partiyalar imkan olsa talışları İrana, rusları Rusiyaya, ləzgiləri Dağıstana , kürdləri İraqa sürgün edərlər. Onların bu hərəkəti ölkəmizi sevməkdən irəli gəlmir. Ölkəmizdə milli zəmində problem yaratmaq istəyən millətçi, qeyri-müsəlman dövlətlərin planlarını həyata keçirmək və bununla da, qədim tarixi dövlətçiliyə malik Azərbaycanımızı parçalamaq istəyirlər. Buna isə heç vaxt nail ola bilməyəcəklər. Azəri türkləri daima məmləkətimizdə yaşayan digər millətlərə qardaş münasibəti bəsləyib. Bu, Azərbaycan türklərinin humanistliyindən, İslam dininə düzgün əməl etmələrindən, qonaqpərvərliyindən, multikulturalizmə və tolerintlığa böyük önəm verməsində irəli gəlir.
Azərbaycanda məskunlaşan etnik azlıqlar- ləzgi, tat, avar, qədim Albaniyadan bizə yadigar qalan udilər, və s. özlərin bu ölkəni tamhüquqlu vətəndaşları hesab edirlər. Heç bir qüvvə onları bu inamdan döndərə bilməz. Onu da qeyd etmək lazımdır ki, talışlar, yəhudilər və bir çox digər azsaylı xalaqlar Azərbaycanda 2 min ildir ki, məskunlaşıblar. Bu tarix onlara Azərbaycanın yerli əhalisi statusunu verir. Yəni Azərbaycanda yaşayan etnik azlıqlar Azərbaycanın yerli əhalisidir. Üstəlik iki min illik tarix boyunca etniklərə qarşı hər hansı soyqırım, assimiliyasiya siyasəti yeridilməyib. Dilləri və adət-ənənələri qorunub, inkişaf etdirilib. Çox maraqlıdır ki, tarixdə Azərbaycanda məskunlaşan etnik azlıqların Azərbaycanda hakim olan mərkəzi dövlətlərə qarşı üsyanları da qeydə alınmayıb. Türk millətinə, ən əsası isə Azərbaycana daim sadiq olublar. Belə olduğu təqdirdə, Azərbaycanda mövcüd olan milliyətçiliyin "Etnik azlıq problemi"nin olmasına da bir səbəb qalmır. Ermənilərin ölkəmizə qarşı təcavüzü nəticəsində yaranan Qarabağ müharibəsi də göstərdi ki, etnik azlıqlar Azərbaycan dövlətçiliyinə nə dərəcədə sadiqdirlər. Başqa cür olması da mümkün deyil, çünkü Azərbaycan, tarixi reallıqlara görə onların da vətənidir.
Əgər burda 1993-cü ildə baş verən hadisələr fikir ayrılığı kimi qələmə verməyə çalışanlar vasa, deməliyik ki, milliyətçilər birmənalı olaraq o zamankı hadisələrdə "etnik azlıqların" adını siyasətin iyrənc oyunlarına alət edildiyi fikrindədirlər. Ortada heç bir xəyanət yox idi, nə Əlikiram Hümbətov talışları, nə də "Sadval" ləzgiləri təmsil edirdi. Bir sözlə, Azərbaycanda olan Türk milliyətçiliyinin daxildə etniklərlə bağlı problemləri heç zaman olmayıb. Problem o zaman yarana bilər ki, etnik azlıqlardan hər hansı biri muxtariyyət tələb edə və ya hər hansı etnik azlığın dili rəsmi dil səviyyəsinə gətirilməsi istənilsin və ya tələb olunsun. Azərbaycan əhalisinin 85 %-inin Türklərdən ibarət olduğunu nəzərə alsaq, ölkənin rəsmi dili də "Azərbaycan türkcəsi" və ya bugünkü deyimlə "Azərbaycan dili"dir. Etnik azlıqların, muxtariyyət məsələsini bu gün bəzi facebook qəhrəmanları ortaya atırlarsa, bu o deməkdir ki, onlar rus və fars rejimi üçün çalışırlar və Azərbaycanı sevməyən qüvvələrin əlində alətə çevriliblər. Bu kimi şərəfini və vətən sevgisini itirən şəxslərə görə heç bir etnik azlıq günahlandırıla bilməz. Dil məsələsində isə mütləq mənada etnik azlıqların dili dövlət tərəfindən qorunmalıdır və qorunur. Eyni zamanda etnik azlıqlar da, hər zaman olduğu kimi, öz ana dillərini qorumağa səy göstərməlidir. Etnik azlıqların dillərini yaşatması milliyətçilik üçün probelm deyil, əksinə Azərbaycanın tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Etnik dillərin dövlət tərəfindən qorunması dedikdə, biz etnik dillərin universitetlərdə, həmin azsaylı xalqların kompak yaşadıqları regionlarda orta təhsil müəssisələrində tədirsini nəzərdə tuturuq ki, bu da hazırda dövlət tərəfindən təmin olunub. Ümumiyyətlə, hər bir ölkədə təhsil həmin dövlətin dövlət dilində olmalıdır. Eyni zamanda etnik azlıqlara aid ayrıca ədəbiyyat və ya tarix formalaşdırmağa da ehtiyac yoxdur. Çünki Azərbaycanda məskunlaşan etniklərin mədəniyyəti və tarixi Azərbaycan mədəniyyəti və tarixinin ayırlmaz hissəsidir.
Məsələn, respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Qubada da tolerantlığın qədim ənənələri mövcuddur. Quba Azərbaycan tarixində müxtəlif xalqların və dinlərin birgə, qardaşcasına yaşadığı qədim mədəniyyət və təfəkkür mərkəzi kimi tanınır. Burada azərbaycanlılarla yanaşı dağ yəhudiləri, tatlar, ləzgilər, qırızlar, xınalıqlılar, ceklər, buduqlular, haputlular əsrlərdir mehribancasına yaşayır və öz milli mədəniyyətlərini, dinlərini, dillərini qoruyub saxlayırlar. Quba rayonunda yerləşən və İsrail hüdudlarından kənarda yeganə yəhudi məskəni hesab edilən, dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə xüsusi maraq doğurur. Ölkəmizdə yaşayan digər etnik qruplar kimi, dağ yəhudiləri də dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyev Qubaya səfərləri çərçivəsində Qırmızı Qəsəbənin əhalisi ilə də görüşür, buradakı icmanın milli-mədəni tərəqqisi ilə bağlı müvafiq göstərişlər verir.
Qubada məscid və sinaqoqun yanaşı fəaliyyət göstərməsini, axundun ravvinlə bir yerdə çay içməsini, bayramlarda bir-birini təbrik etməsini, bir-birinin evinə qonaq getməsini görən xarici nümayəndələr təəccübləndiklərini və belə bir halı dünyanın heç bir yerində müşahidə etmədiklərini məmnunluqla bildirirlər.
Hələ 1918-ci ildə erməni-daşnak hərbi birləşmələri bölgədə bolşevik hökuməti qurmaq adı altında etnik təmizləmə siyasəti - soyqırımları həyata keçirərkən Quba qəzasında həlak olan 16 min dinc sakin arasında azərbaycanlılarla yanaşı dağ yəhudiləri, tatlar, qırızlılar, ləzgilər və s. etnik xalqlar da olub. Tarix boyu bu xalqlar vətənimiz Azərbaycanın toxunulmazlığı, ərazi bütövlüyü uğrunda səy göstərb, düşmənə baş əyməyiblər. Qırmızı Qəsəbədən olan Albert Aqarunov Qarabağ müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə gedib və Milli Ordumuzun sıralarında tankçı kimi vuruşub.
Bu cür nümunələri istənilən qədər göstərmək olar, bizcə buna ehtiyac yoxdur. Çünki Azərbaycanda mövcud olan multikulturalizim və tolerantlıq mühiti, xalqlar və millətlərarası dözümlülük, qarşılıqlı anlaşma bu gün də özünün ən yüksək səviyyəsindədir və bütün dünyaya örnək ola bilər.
“Paralel”in Araşdırma Qrupu