Xalq Cəbhəsi. - 2018.- 2 may. - ¹ 77. - S. 14.
1917-1918-ci illərdə Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət
1-ci yazı
Vaqif Abışov,
tarix üzrə fəlsəfə doktoru
1917-ci il fevralın 27-də baş vermiş hakimiyyət çevrilişi nəticəsində Rusiya imperiyasında hakimiyyətsizliyin baş verməməsi və Birinci Dünya müharibəsinin qələbəyədək davam etdirilməsi üçün Petroqradda Müvəqqəti hökumət qurulmuşdu. Müharibə və fevral inqilabının yaratdığı problemlərin həddindən artıq çoxluğu Müvəqqəti hökumətə Qafqazın idarə olunmasına xüsusi vaxt ayırmağına imkan vermirdi. Ona görə də II Nikolay hakimiyyətdən salındıqdan sonra, imperiyanın ucqarlarında yerli idarəetmə orqanların yaradılması zərurəti ortaya çıxmışdı. Zaqafqa-ziyada belə bir hakimiyyət forması Xüsusi Cənubi Qafqaz (Zaqafqaziya) Komitəsi olmuşdu. 1917-ci il martın 9-da Müvəqqəti hökumətin sərancamı ilə Dövlət Dumasının 5 nəfər üzvündən ibarət Xüsusi Zaqafqaziya Komitəsi və onun yanında İctimai Təşkilatların İcraiyyə Komitələrinin nümayəndələrindən ibarət Ölkə Şurası yaradılmışdı.
Xüsusi Zaqafqaziya Komitəsinin (XCK) tərkibinə IV Dövlət Dumasının üzvləri A. Xarlamov, M. Papacanov, M. Cəfərov, K. Abaşidze və P. Pereverzev (sonradan Pereverzevin yerinə menşevik A. Çxengeli gəldi) daxil olmuşdu. Komitənin sədri A. Xarlamov seçilmişdi. Adı çəkilən Komitəyə, Qafqaz cəbhəsindəki müharibə qaydalarına uyğun olaraq, Zaqafqaziya ölkəsində möhkəm qayda-qanun yaratmaq üçün Müvəqqəti hökumətin adından fəaliyyət göstərməyə icazə verilmişdi.
XZK-nın Zaqafqaziya əhalisinə birinci müraciətində (müraciəti XZK-nın sədri B. Xarlamov, üzvləri M. Papacanov, M. Cəfərov, A. Çxengeli, K. Abaşidze imzalamışdılar) deyilirdi: “Əsrlərcə Rusiyanın bütün əhalisini əzən köhnə, dəhşətli rejim yıxıldı. Vilayətlərdə mülki idarəetmə orqaları yaratmaq üçün Dövlət Duması və Müvəqqəti hökumət tərəfindən 1917-ci il martın 9-da Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı”.
Xüsusi Cənubi Qafqaz Komitəsi (XCQK) Qafqaz cəbhəsində rusların nəzarəti altında olan ərazilərdə qayda-qanunu qoruyub saxlamaq üçün mülki idarələr də yaratmağa başlamışdı. Bu idarə bilavasitə Petroqraddakı Müvəqqəti hökumətə tabe idi və mülki işləri həyata keçirməliydi. Ancaq bu yeni idarəetmə orqanı elə bir qanunverici və hərbi gücə malik deyildi. Firuz Kazımzadə “Zaqafqaziya uğrunda mübarizə...” adlı əsərində XCQK yradılmasının səbəb və mahiyyətini izah edərkən yazırdı:
1. Müvəqqəti hökumətə işin çoxluğundan Cənubi Qafqaz məsələlərinə o qədər də vaxt ayırmaq imkanı olmadığından XZK-nı yaratmışdı. 2. Kollektiv canişinlik idarəetmə xarakteri daşıyırdı və olduqca zəif idi. 3. Müharibə və inqilabi problemləri həll etmək gücündə deyil. 4. Elə bir qanunverici, icraedici və hərbi gücə malik olmayan XZK fəaliyyət göstərdiyi dövründə (1917-ci ilin mart-noyabr ayları) kəndlilərin torpaq problemlərini, millətlərarası münaqişələrin aradan qaldırılmasını, müharibənin birtərəfli qayda dayandırılması və sair məsələləri həll edə bilməyib. 5. XZK fevral inqilabından sonra burada yaranmış müxtəlif yönümlü və müxtəlif qrup və sinifləri təmsil edən təşkilatlarla rəqabət aparmalı idi. Yeni yaradılan XZK zəif iqtisadi-siyasi və hərbi gücə malik olmasına baxmayaraq, həm də fevral inqilabından sonra yaranan və hakimiyyətin bir neçə funksiyasını yerinə yetirməyə cəhd göstərən müxtəlif inqilabi təşkilatlarla rəqabət aparmalı idı. Belə təşkilatların sırasına Tiflis və Bakıdakı fəhlə və əsgər deputatları Sovetini, İctimai Təşkilatların İcraiyyə Komitəsini, Siyasi partiyaları, Milli Şuraları və s. aid etmək olar. Əslində, vilayətdə real hakimiyyət Qafqaz Ordusu Ölkə Sovetinin və fəhlə-əsgər-kəndli deputatları Sovetinin əlində idi. Bu iki Sovetə də menşevik və eser partiyaları rəhbərlik edirdilər. S.Sef yazırdı ki, bu dövrdə hüquqi hakimiyyətlə (XCQK) faktiki hakimiyyət (Ölkə Sovet təşkilatı) arasında münaqişə yox idi və ola bilməzdi, çünki bu blokun siyasətinə qarşı çıxış edən yeganə real qüvvə Zaqafqaziyanın inqilabi sosial-demokratları olan bolşevizm idi.
Sosialist inqilabçılar Cənubi Qafqazda milli məsələdən danışarkən yalnız sosia-list partiyaların simasında millətlərin demokratik nümayəndələri ilə taktiki saziş bağlamağın mümkünlüyünü iddia edir və “panislamçı düşmən” obrazının yaradılmasında xüsusi rol oynayırdılar.
Vaxtı ilə çar hökuməti öz müstəmləkəçilik siyasətini həyata keçirərək, xalqlar arasında milli ədavəti qızışdırır, milli ucqarların ruslaşdırılması siyasətini yeridirdi. Həmin siyasəti davam etdirən Müvəqqəti hökumət Azərbaycan xalqına, eyni zamanda, Cənubi Qafqazın başqa xalqlarına, demək olar ki, heç bir siyasi hüquq verməmişdi. Hakimiyyət Müvəqqəti hökumətin əlinə keçdikdən sonra da, çar mütləqiyyətinin milli zülm, müstəmləkəçilik və müharibə siyasəti davam etdirilirdi. Bolşeviklərin inqilabi mübarizəsini geniş şərh edən sovet tarixçiləri Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan ziyalılara “millətçi burjua” xadimləri damğası vurmuşdular. Lakin Azərbaycanın qabaqcıl ziyalıları həmişə xalqın taleyini düşünür və belə hesab edirdilər ki, 1917-ci il fevral iniqlabından sonra Rusiyada qurulacaq federativ və demokratik hökumət Cənubi Qafqazda yaşayan xalqlara öz müqəddəratlarını azad surətdə həll etmək üçün təminat verəcək, milli ədavətin qızışdırılmasına imkan verməyəcək, milli ayrı-seçkiliyə son qoyacaq. Hətta Müsəlman fraksiyasının sədri F.Xoyski Bakıda fəaliyyət göstərən müsəlman ictimai təşkilatlarının adından Rodzyankonun ünvanına göndərdiyi teleqramda bundan sonra Rusiyanın bütün vətəndaşlarına, o cümlədən müsəlmanlara da mülki, siyasi, milli və dini azadlıqların və bərabərliyin veriləcəyinə əminlik bildirmişdi.
XX əsrin əvvəlləri mərkəzi Avroasiya meqaregionunun əsas regionlarından biri olan Qafqazın birinci dünya müharibəsinin gedişinə və Orta şərqdəki hərbi-siyasihadisələrə əhəmiyyətli dərəcədə təsir göstərən mühüm geostrateji mərkəzlərdən birinə çevrilməsi ilə əlamətdar olmuşdu. Bu dövrdə Azərbaycanın hər yerində, xüsusilə, Bakıda siyasi vəziyyət gərgin olaraq qalırdı. Bu gərginliyi, hər şeydən əvvəl, birinci dünya müharibəsinin Batum-Urmiya cəbhə xəttinin Cənubi Qafqazdan keçməsi, Rusiya imperiyasında hakimiyyət böhranı, bolşeviklərin sinfi mübarizəyə və müharibə əleyhinə çağırışları, eləcədə Bakıda mövcud olan partiyaların kütlələri öz tərəfinə çəkmək uğrunda bir-birləri ilə apardıqları gərgin mübarizələri (Müsavat, menşevik, eser, daşnakasütyun və bolşeviklər patiyası nəzər tutulur) daha da artırırdı. Digər tərəfdən, bolşeviklərin sıralarında ermənilərin çoxluğu və onların türklərə qarşı düşmənçiliyi, eləcədə, Türkiyə və Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq istəyi, bolşeviklərin isə imperiya ərazisini bərpa etmək siyasəti, nəinki Bakıda, habelə, regionda vəziyyəti gərginləşdirən əsas amillərdən hesab olunurdu. Vəziyyəti gərginləşdirən digər bir amil isə, Bakıdakı iqtisadi çətinliklərin getdikcə artması idi. Nəhayət, yuxarıda qeyd olunan amillərlə yanaşı, bu bölgədə vəziyyəti gərginləşdirən daha mühüm bir amil “...Xəzər bölgəsi, xüsusilə burada çox mühüm hərbi-strateji mövqedə yerləşən Azərbaycan, dünyanın aparıcı dövlətlərinin başlıca rəqabət hədəfinə çevrilməsi” idi. 1917-ci il martın 17-də Bakı şəhər Dumasının təşəbbüsü ilə İctimai Təşkilatların İcraiyyə Komitəsi təsis edilmişdi (Bakı Duması bu qərarı martın 5-də vermişdi).
İcraiyyə komitəsinin tərkibinə 19 nəfər daxil olmuşdu. Buraya 5 nəfər fəhlə deputatları Sovetindən, 2 nəfər hərbi deputatları Sovetindən, 3 nəfər əsgər deputatları Sovetindən, şəhər dumasından, şəhər idarəsindən və neft sənayeçiləri Qurultayından, hər birindən bir nəfər olmaqla, 2 nəfər ticarət-sənaye təbəqəsindən və Bakı birjasından, müsəlman mədəni-maarif və humanitar cəmiyyətindən, eləcədə, kooperativ və həmkarlar ittifaqlarının hər birindən bir nəfər olmaqla nümayəndələr daxil idi. Komitənin sədri əvvəlcə rus kadetlərindən L. İ. Bıç, sonradan isə B. Frolov olmuşdu. Komitənin katibləri isə A. Bekzadyan və Karakaşev idi. Rusiyada siyasi hakimiyyətin dəyişməsi ilə Azərbaycanda da siyasi partiya və təşkilatlar gizli şəraitdən çıxaraq leqal fəaliyyət göstərməyə başlamışdılar. Eyni zamanda yeni siyasi partiyalar və müxtəlif milli komitələr meydana gəlmişdi. Həmin dövrdə istər Bakıda, istərsə də əyalətlərdə Azərbaycan xalqının mənafeyini düşünən və müxtəlif sosial təbəqəni əhatə edən təşkilatlar da yaranmışdı. Fevral burjua inqilabının elə birinci günü Azərbaycan müsəlman hərəkatının yaradılmasının mərkəzlərindən birinə çevrilmişdi. İnqilabdan sonra Azərbaycanın siyasi xadimləri və qabaqcıl ziyalılarının qarşısında duran vacib məsələlərdən biri, yalnız Cənubi Qafqazda deyil, bütün Rusiya müsəlmanlarının dağınıq halda olan qüvvələrini vahid bir mərkəzdə birləşdirilməsi idi. Bununla bağlı “Açıq söz” qəzeti yazırdı ki, artıq bizə də birləşmək zamanı gəlib çatıb.
Yusif Vəzir Çəmənzəminli yazırdı ki, indiyə kimi bizim nə mərkəzi bir şuramız, nə milli bir idarəmiz var. Qafqazda sayda hamıdan artıq ola-ola, əlahiddə bir millət təşkil edə-edə, mal və dövlətə malik ola-ola öz işimizi öz əlimizə ala bilmirik. Daha sonra müəllif qeyd edirdi: “Bir mərkəzə tabe Rusiya uçurum qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan qurtarın; onun idarə ixtiyarının bir hissəsini Qafqaza gətirib öz əlinizə alın”. Belə bir dövrdə Azərbaycan Müsəlman Milli Şurası yaradılmağa başlamışdı. Lakin bu sahədə də müəyyən maneələr var idi. Belə ki, 1917-ci il martın 16-da Bakıda çağırılan Azərbaycan burjua və xırda burjua nümayəndələrinin iclasında Milli Büronun seçilməsi təklifi irəli sürüldükdə M. Əzizbəyov Milli Büroların və buna bənzər təşkilatların yaranmasının əleyhinə çıxmışdı. Uzun sürən müzakirələrdən sonra, 1917-ci il martın 27-də Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi seçilmişdir. Bu komitənin heyətinə ziyalılardan və neft sənayeçilərindən Ə. M. Topçubaşov, F. X. Xoycki, M. Ə. Rəsulzadə, M. Hacınski, A. Q. Tağıyev, Ə. Ə. Əmircanov, Y. A. Əliyev, M. Əsədullayev, M. Heydərov və s. daxil edilmişdi. Sədr Məmmədhəsən Hacınski, sədr müavini isə “Müsavat” partiyasının lideri M. Ə. Rəsulzadə seçilmişdi). Bu Şura, eyni zamanda, ictimai-siyasi və milli təşkilat rolunu oynayırdı. Bakıda fəaliyyət göstərən Müsəlman Milli Şurası Zaqafqaziya Milli Şuraları içərisində ən nüfuzlusu idi. Müsəlman Komitəsi özünün aprel ayında buraxdığı birinci müraciətnaməsində bütün müsəlmanları Milli-Siyasi Şura ətrafında birləşməyə və Müvəqqəti hökuməti müdafiə etməyə çağırırdı. Müvəqqəti Komitənin nümayəndələri gələcək Müəssisələr Məclisinə daxil olmaq fikrində idilər. Komitə Rusiyada milli dövlət quruluşuna da öz münasibətini bildirmişdi.