Respublika. - 2018.- 26 aprel. - ¹ 92. - S. 6.
Milli ədəbiyyatın patriarxı
XX əsr Azərbaycan ədəbiyyatının həm bədii, həm də nəzəri istiqamətdə özünün ustad sənətkarlığı ilə böyük oxucu rəğbəti qazanmış və klassik sənətkar səviyyəsinə yüksəlmiş Mir Cəlal bu gün də müasirimizdir. Mir Cəlal Paşayev bir yazıçı və ədəbiyyatşünas, bir müəllim və tədqiqatçı, alim kimi həmişə örnək olmuşdur.
Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim və publisist Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr olunmuş filologiya elmləri doktoru, professor Teymur Əhmədovun müəllifliyi və tərtibçiliyi ilə monumental “Mir Cəlal” kitabı 2014-cü ildə “Nurlar” nəşriyyatında nəfis tərtibatda çap olunmuşdur. Orijinal tərtibatlı kitab iki cilddən ibarətdir. Nəşrin birinci cildində Mir Cəlalın həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti öz əksini tapıb, haqqında müasirlərinin əbədi-nəzəri düşüncələri, xatirələri və görkəmli yazıçıya həsr olunmuş poetik nümunələri yer alır.
Kitabın müəllifi və tərtibçisi professor Teymur Əhmədov qeyd edir ki, Mir Cəlal gənclik dövründən yazıb-yaratdı: “XX əsrin 20-30-cu illərindən şeir, oçerk, məqalə və hekayələri mətbuatda dərc olundu. Zaman keçdikcə hekayənəvis kimi bənzərsiz hekayələri ilə tanındı. İrihəcmli epik əsərlərində (“Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər”, “Yolumuz hayanadır”) həyatın ibrətamiz lövhələrini yaratdı. Mətbuatda dərc etdirdiyi ədəbi-tənqidi, nəzəri və elmi məqalələri ilə özünü ədəbiyyatşünas alim kimi təsdiq etdi. “Füzulinin poetik xüsusiyyətləri” (1940), “Azərbaycanda ədəbi məktəblər” (1947) əsərləri ilə Azərbaycan milli ədəbiyyatşünaslıq elminin xəzinəsinə ölməz töhfələr bəxş etdi”.
Kitabın birinci fəsli “Ədəbi-nəzəri düşüncələr” adlanır. Bu fəsildə mütəfəkkir yazıçı, tənqidçi və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin bədii elmi əsərləri haqqında tənqidçi və filoloq alimlərin elmi nəzəri düşüncələrindən nümunələr oxuculara təqdim edilir.
Burada Məmməd Arif, İlyas Əfəndiyev, Nərgiz Paşayeva, Anar, Məsud Vəliyev, Əhəd Hüseynov, İsa Hüseynov, Yəhya Seyidov, Qulu Xəlilov, Qara Namazov, Buludxan Xəlilov, Yaqub İsmayılov, Cəlal Abdullayev, Şirindil Aslanov, Xeyrulla Məmmədov, İlham Rəhimli, Azad Nəbiyev, Təyyar Salmanoğlu, Himalay Qasımov, Aqil Hacıyev, Əmirxan Xəlilov, Rəhilə Gülgün, Allahverdi Eminov kimi əqidə dostlarının, ədəbiyyatşünaslıq elmimizin və ədəbi tənqidimizin görkəmli nümayəndələrinin məqalələri təqdim olunur.
Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidimizin korifeylərindən olan Məmməd Arifin “Yazıçı və alim” məqaləsi Mir Cəlal yaradıcılığını iki istiqamətdən - həm bədii söz ustası, həm də filoloq kimi təhlilini verir. Məqalədə Mir Cəlal bir nasir kimi belə təqdim edilir: “Azərbaycan nəsrində Mir Cəlalın özünəməxsus mövqeyi vardır. Bu mövqeyi o, öz parlaq yaradıcılıq siması ilə, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri ilə tutmuşdur. Onun əsərlərini başqa bir yazıçının əsərləri ilə qarışdırmaq olmaz. Mir Cəlal öz yazı tərzi, təbii dili, bədii ifadə vasitələri, üslubu ilə fərqlənir və diqqəti cəlb edir. Onun sadə, aydın və şirin bir dili vardır; eyni zamanda, bu dil çox əlvan və mənalıdır. Dialoqlardakı təbiilik və canlılıq ədibin əsərlərinə xüsusi bir gözəllik verir, onların bədii təsir qüvvəsini artırır”.
AMEA-nın akademiki Nərgiz Paşayevanın “Yazıçı və zaman” məqaləsi də diqqətəlayiqdir. Müəllif nəşrin giriş hissəsində XX əsrin yetirməsi olan Mir Cəlalın yaradıcılıq yolunu mədəni inkişafın, milli intibahın və ictimai təzadların fonunda təhlil edir. Mir Cəlal müəllimin bir yazıçı və ədəbiyyatşünas alim kimi həm yaradıcılıq yolu, həm də bir insan olaraq xarakterinin bir sıra məqamlarına işıq salır.
Kitabın ikinci fəsli isə “Müasirlərin xatirələrində” adlanır. Bu, ədibin oğlu Hafiz Paşayevin xatirəsi ilə başlayır. Hafiz Paşayevin fikirləri olduqca maraqlıdır: “Bu fəsildə Mir Cəlal haqqında xatirələr toplanıb. Belə bir söz var: “Havalar soyusa da, xatirələr soyumur”. Mir Cəlal sözün əsl mənasında qalın-qalın kitablara sığacaq xatirəli bir ömür yaşadı. Həmkarlarının, dostlarının, doğmalarının, qohumlarının, tələbələrinin, övladlarının, nəvə və nəticələrinin yaddaşında silinməz izlər qoyub getdi. Ən başlıcası bundan böyük xoşbəxtlik yoxdur. Mən bu sözləri Mir Cəlalın həm övladı, həm də oxucusu kimi deyirəm. Cavan heykəltəraşlardan biri Mir Cəlalın kiçik bir büstünü işləyib. İndi həmin büst mənim evimdə, Mir Cəlal müəllimin iş otağındadır. Son dərəcə canlı alınan o büstə baxıb xəyala dalıram. Mir Cəlal günü-gündən doğrudanmı tarixə çevrilir, o doğurdanmı bizdən uzaqlaşır? Bir həqiqət də var ki, böyük insanların yeri böyük tarixin səhifələrindədir”.
İkinci fəsildə Mirvarid Dilbazinin, Qılman İlkinin, Bəxtiyar Vahabzadənin, Teymur Əhmədovun, Hafiz Paşayevin, Ədibə xanım Paşayevanın, Pənah Xəlilovun, Ağamusa Axundovun, Firudin Hüseynovun, Nahid Hacızadənin, Qara Namazovun, Elçinin, Nizami Cəfərovun, Yusif Seyidovun, Nəriman Həsənzadənin, İsmayıl Vəliyevin, Xalid Əlimirzəyevin, Rəşid Mahmudovun, Cəlal Abdullayevin, Abdulla Abbasovun, Çingiz Tahirovun, Şamil Qurbanovun, Şamil Salmanovun, Camal Əhmədovun, Vaqif Vəliyevin, Əşrəf Hacıyevin, İlyas Tapdığın, Tofiq Mütəllibovun yazıları yer alıb.
“Əbədiyaşar ümumxalq sevgisi” adlanan üçüncü fəsildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 31 yanvar 2008-ci il sərəncamına əsasən respublikamızda görkəmli yazıçı, tanınmış ədəbiyyatşünas alim və ictimai xadim Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyi münasibətilə AMEA-da, ADPU-da, BDU-da, Azərbaycan Dillər Universitetində, Gəncədə, Şəmkirdə, Kürdəmirdə keçirilmiş yubiley yığıncaqları öz əksini tapmışdır.
“Mir Cəlala həsr edilmiş poetik nümunələr” adlanan dördüncü fəsildə Süleyman Rüstəmin “Nasir dostuma”, Hüseyn Arifin “Müəllimə-sənətkara”, İlyas Tapdığın “Əziz bir insanı xatırlayıram”, Taleh Həmidin “Bizim Mir Cəlal müəllim”, Davud Ordubadlının “Mir Cəlal”, Əmirxan Xəlilovun “Mir Cəlal müəllim”, Xəlil Yusiflinin “Mir heykəli”, Hüseyn Kürdoğlunun “Ustad xatirəsi”, Nəriman Həsənzadənin “Bu adət” adlı şeirləri çap olunmuşdur.
Bu şairlərin şeirlərində Mir Cəlalın mənəvi dünyası, şəxsiyyəti, humanizm vətən sevgisi əlvan boyalarla təsvir olunur. Bütövlükdə müasir, milli ədəbiyyatın yaradıcısı, böyük insan, müdrik müəllim Mir Cəlalın heyranedici portreti yaradılır.
Şair Almaz Səmədova dediyi kimi:
Olmusan xalqımızın bu gün hörmət məbədi,
Hamımızın qəlbində yer tutmusan əbədi.
Vətən, torpaq, azadlıq olubdur sözün, andın
Mənalı həyatınla əbədiyyət qazandın.
Kitabın ikinci cildində isə fotosənədlər, əlyazmalar, epistolyar irs öz əksini tapmışdır.
İkinci cild də Mir Cəlalın nəvəsi Nərgiz Paşayevanın giriş sözünü əvəz edən yazısı ilə açılır. “İnsan doğulduğu zaman həyatı gecə və gündüzə bölünür. Gündüzlərin işığı və aydınlığı, gecələrin zülməti və əzəməti ilə nəinki qoşa yaranıb, eləcə də o birinin nəticəsi və davamı kimi mühümdür. Əzəldən hamı üçün adi olan bu həyat tərzi, yəqin ki, insana elə ilk saniyələrdən dünyanın məhz belə — birmənalı olmayan, təzadlarla dolu, xeyirli və şərli təbiətindən xəbər verir. Belə ki, şəhərin kallığı kiçik uşaqlıq illərini, günortanın sərbəstliyi yeniyetməliyi, gündüzün asudəliyi cavanlığı, axşamüstünün müdrikliyi 50-dən sonrakı, axşamların soyuğu qocalığı, gecələrin əlacsızlığı və zülməti isə həyatın sonunu xatırladır. Amma bu son da hələ son deyil: gecə çəkilir və səhər açılır. Qocalar dünyadan köçür, uşaqlar dünyaya gəlir. Belə olmalıdır və belə də olur. Yəni həyat davam edir...
Mir Cəlalın mənəvi həyatı yenə də davam edir. Əlbəttə, ən çox o səbəbdən ki, o, yazıçıdır, alimdir. Sirr deyil ki, yazıya pozu yoxdur və əsl yazıçı dünya durduqca durur, yaşayır. Amma tək bu deyil. Davam edən həyat Mir Cəlalın yaşadığı günlərin, ayların, dəqiqələrin və onların daxilində, bizim qəlbimizdə və hafizəmizdə yaranır. Bizim dedikdə isə bir çox insanlardan: doğmalardan, qohumlardan, dostlardan, tanışlardan, həmkarlardan, yeniyetmələrdən, qonşulardan, saymaqla bitməyən insanlardan söhbət gedir. Yaxşı ki, çoxdur bu insanlar, olduqca çoxdur. Axı insanı onun ölümündən sonra yenə də insanlar yaşadır. O insanların qalanlarına saflıq, gedənlərinə rəhmət diləyirik.
Bu kitabda gedənlərlə qalanlar bir məkanda və zamanda, fotoşəkillərdə və xatirələrdə əks edilmişlər. Mir Cəlal isə gedənlərlə və qalanlarla birgədir. Belə olmalıdır və belə də olur. Çünki həyat davam edir...”.
“Mir Cəlal” albom-kitabın ikinci cildi görkəmli ictimai xadim, ədib, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyi şərəfinə Parisdə, UNESCO iqamətgahında 2008-ci ildə keçirilən tədbirin təsviri ilə başlayır. Həmçinin ikinci cilddə UNESCO-nun baş direktoru Koişiro Matsuuranın çıxışı da verilmişdir.
“Ömrün mənalı anları” adlanan fəsildə Mir Cəlal Paşayevin uşaqlıq, gənclik, tələbəlik illərindən olan şəkilləri yer alıb. Azərbaycanın birinci xanımı, Mir Cəlalın nəvəsi Mehriban xanım Əliyeva babası haqqında öz fikirlərini belə ifadə edir: “Mir Cəlal əla müəllim keyfiyyətlərinə malik idi. O, gənclərə inanırdı. Onun tələbələrinin bir çoxu gələcəkdə alim və yazıçı olmuşdur. O, hər bir gəncə qayğı və hörmətlə yanaşaraq, onun yaradıcı potensialını inkişaf etdirməyə çalışırdı...
Mir Cəlal yüksək mənəvi keyfiyyətlərə və dərin ləyaqət hissinə malik olan səmimi insan idi. Bu görkəmli şəxsiyyətin ətrafında olanlar hər zaman onunla maraqlı söhbətlər aparırdılar. Fitri istedadı və əsl humanistliyi ona həyatında üzləşdiyi çətinlikləri və maneələri dəf etmək və bir çox insanlara dəstək olmaq imkanı yaradırdı. O, elə bir alov deyildi ki, digərlərini kölgədə qoysun. Əksinə, Mir Cəlal hər zaman yol göstərməyə və yardımçı olmağa çalışırdı. Bu şəxsiyyət Azərbaycan tarixi və mədəniyyətinin ən görkəmli simalarından biri idi”.
“Həyatımda yaratdığım ən böyük əsərim—ailəmdir” adlanan ikinci fəsildə isə Mir Cəlalın ailə üzvlərinin fotoları yer alıb. Üçüncü fəsildə “Mir Cəlalın əsərlərinin səhnə həyatı”ndan söz açılır. Belə ki, Mir Cəlal Paşayevin əsərlərinin tamaşaya qoyulmasını əks etdirən fotostendlər öz əksini tapıb.
Mir Cəlalın “Şəxsi arxivindən əlyazmaları” kitabın dördüncü fəslində toplanmışdır. Burada Mir Cəlal Paşayevin çoxcəhətli yaradıcılığında ədəbi tənqid, ədəbiyyatşünaslıq mühüm yer tutur. Onun monumental tədqiqat əsərləri ilə yanaşı, dövri mətbuatda dərc edilmiş çoxlu elmi tənqidi məqalələri, tələbələrin, eləcə də tədqiqatçı alimlərin elmi işlərinə rəhbər və ya opponent kimi yazdığı yüzlərlə rəy və çıxışları onu milli ədəbiyyatımızın partriarxı, böyük ədəbi nəslin vətəndaşı, ağsaqqalı kimi səciyyələndirir.
Nəfis tərtibatlı kitabın beşinci fəsili “Epistolyar irs: ünsiyyətin canlı şahidi” adlanır. Kitabın müəllifi və tərtib edib nəşrə hazırlayan filologiya elmləri doktoru, professor Teymur Əhmədov qeyd edir ki, epistolyar irs sənətkar yazıçının məktublar məcmusudur. Təbii ki, ömrü boyu fəal bədii yaradıcılıqla məşğul olan yazıçı öz həmkarları, oxucuları, doğmaları (ailə üzvləri və qohumları) ilə məktublaşır. Yazışma dövründə toplanan məktublar etibarlı mənbə kimi yazıçının elmi tərcümeyi-halını yazmağı qarşısına məqsəd qoyan tədqiqatçı alimlərin və biblioqrafların diqqətini cəlb edir, çünki yazıçının həyatını, mühitini, ədəbi irsini araşdırarkən bir çox mətləblərin dərindən öyrənilməsində, dəqiqləşdirilməsində epistolyar irsə ehtiyac duyulur.
Mir Cəlalın hələ tam öyrənilməmiş ədəbi-elmi və pedaqoji irsi, elmi tərcümeyi-halı ilə gələcəkdə maraqlanan tədqiqatçı alimlərin, biblioqrafların öz diqqətini epistolyar irsə yönəltməsi vacibdir. Azərbaycan Mərkəzi Dövlət Arxivində Mir Cəlalın şəxsi fondunda külli miqdarda məktub, əlyazma, avtoqraf hifz olunur. Kitabda Mir Cəlalın əlyazmalarından, eləcə də epistolyar irsindən nümunələr oxuculara ilk dəfə təqdim olunur. Bunlarla tanış olan hər kəs Mir Cəlalın yaradıcılığını və mənəvi aləmini daha dərindən öyrənməyə imkan verən son dərəcə maraqlı fikirlərlə üzləşir.
Mir Cəlalı həssas yazıçı, qayğıkeş ata və müəllim, alim kimi səciyyələndirən, onun yaşadığı ictimai-siyasi dövrə, həmkarlarına, tələbələrinə, ailəsinə münasibətini əks etdirən avtoqraflarda böyük ədibin canlı obrazını görməmək, qayğı dolu mülayim səsini, çırpınan ürəyinin döyüntüsünü eşitməmək olmur.
Altıncı fəsil Mir Cəlal Paşayevin “Bioqrafik məlumat”larıdır. “Bioqrafik məlumatlar” bölümündə isə qeyd edilir ki, görkəmli nasir, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olmuşdur. O, bədii yaradıcılığa XX yüzilliyin 20-30-cu illərindən başlamışdır. O, əbədi aləmdə etdiyi inamlı addımlardan sənətin şöhrətli zirvəsinə qədər keçdiyi çətin və şərəfli ömrünün əlli ili ərzində zəngin ədəbi irs yaratmışdır. Qüdrətli söz ustası bütün şüurlu həyatını ədəbi, elmi və pedaqoji fəaliyyətə həsr etmişdir. O, ölməz nəsr əsərləri, elmi dəyərlərini itirməyən monoqrafiyalar yaratmış, yeni ədəbiyyatşünas və pedaqoji kadrlar yetirmiş, doğma xalqın milli-mənəvi yüksəlişinə çalışmışdır. Mir Cəlalın fəaliyyəti çoxcəhətli olmuşdur. Nasir, müəllim, ədəbiyyatşünas, tənqidçi, publisist, ictimai xadim...
Mir Cəlal bütün həyatı boyu yüksək vətəndaşlıq borcunu yerinə yetirərkən milli mədəniyyətin, ictimai-ədəbi və pedaqoji fikrin inkişafı uğrunda fədakarlıq nümunəsi göstərmişdir. Professor Teymur Əhmədovun “Mir Cəlal” kitabı ədəbiyyatsevərlər, müəllim və tələbələr üçün qiymətli bir mənbədir. Bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da bu böyük ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri nəşr olunaraq maraqla oxunur.
Bəli, böyük alim, istedadlı yazıçı və görkəmli pedaqoq Mir Cəlal Paşayev illər ötdükcə mənalı həyatını Azərbaycan xalqının maariflənməsinə, elmimizin və ədəbiyyatımızın inkişafına sərf etmiş bu ensiklopedik biliyə malik insanın təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, ümumbəşəri ideyaları heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli qurur. Bu böyük şəxsiyyətin adı, xeyirxah əməlləri bundan sonra qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Mir Cəlal ədəbi və ictimai fəaliyyəti əvvəldən üç istiqamətdə inkişaf etmişdir: yazıçılıq, pedaqoji və elmi! O, istedadlı nasir, gözəl pedaqoq və dərin məlumatlı alim kimi bu sahələrin üçünü də birləşdirmiş və paralel inkişaf etdirmişdir.
Qulu Xəlilov,
professor.
***
Mir Cəlal obrazlı təfəkkür sahibiydi və bunun o obrazlı təfəkkürünün daxilində həm sadəlik, həm də müdriklik vəhdət halındaydı.
Elçin.
***
Mir Cəlal müəllim Azərbaycan ədəbiyyatşünaslığının yaradıcılarından və ən kamil tədqiqatçılarındanır. Mir Cəlal müəllimin Füzuli haqqında yazdığı məqalələri, xüsusilə “Füzulinin poetikası” adlı məşhur monoqrafiyası bütünlükdə füzulişünaslıq elminin zirvəsidir və bu gün də zirvəsi olaraq qalır.
Xalid Əlimirzəyev,
professor.
***
... Mir Cəlal əli qələm tutan gündən ömrünün sonuna qədər həm bədii ədəbiyyat, həm də ədəbiyyatşünaslıq sahəsində eyni həvəs və coşqunluqla, eyni ardıcıllıq və uğurla, yorğunluq bilmədən çalışmış, zəngin və məhsuldar yaradıcılıq yolu keçərək yüzdən artıq kitab çap etdirmişdir. Ədibin arxivində hələ nə qədər əlyazmaları, çap üzü görməmiş əsərlər yatır...
Firudin Hüseynov,
professor.
***
Bəli, Mir Cəlal qüdrətli qələmi ilə yanaşı, bizim Azərbaycan Dövlət Universitetində hikmətli mühazirələr oxuyan, yüz-yüz, min-min tələbənin müəllimi, mürəbbisi olmuşdur, öz pak, müqəddəs əxlaqı ilə onlara elm qazanmaqda ardıcıllığı təlim etmişdir, onlara mütəmadi çalışmaq hisslərini aşılamışdır.
Süleyman Rəhimov,
Xalq yazıçısı
***
Mir Cəlal müəllim başdan-ayağa nurdan tökülmüş ideal mənəviyyatlı, qeyri-adi şəxsiyyət idi. O, milli kökə, klassik demokratik ənənəyə möhkəm bağlı yazıçı idi... Ondan Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin ətri gəlirdi.
Famil Mehdi,
şair, ədəbiyyatşünas.
***
Mir Cəlal müəllim deyərdi: “Səməd Vurğun Azərbaycan poeziyasına canlı Azərbaycan gətirib, Azərbaycan bir obraz kimi Səməd Vurğun poeziyası ilə ətə-qana dolub”.
Vaqif Vəliyev,
professor.
***
... Firidun Hüseynovun xatirələri mənim ürəyimdəki müəllim heykəlini, sadə insan obrazını daha da nurlandırıb. Bu nurlu obraz Mir Cəlal müəllimdir. Dodağından təbəssüm düşməyən hörmətli Mir Cəlal müəllim. Onun yazdıqları və bizə dedikləri mənalı bir ömrün manifestidir.
İsmayıl Vəliyev,
professor.
***
Mir Cəlal Firudin bəy Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixini yazanlardan biri, professional Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin ilk yaradıcısıdır. O, ədəbiyyat nəzəriyyəsinin əsaslarının və mühüm mərhələlərinin elmi izahını və təsnifatını verən ədəbiyyatşünas alimdir.
Nərgiz Paşayeva,
professor.
***
Mir Cəlal müəllim öz ədəbiyyatımızın dəryasından dünya okeanına sıçrayıb düşür, ikisində də sərbəst üzür. Bütöv bir ömür tələb edən geniş mütaliənin elmi-nəzəri cövhərini də görmək və qiymətləndirmək Mir Cəlal müəllimin hünəridir, həm də qətiyyətli elmi-nəzəri hünərdir. Mən bacardığım səviyyədə onlardan öyrəndim, amma bunu üzə vurmurdum.
Pənah Xəlilov,
professor.
***
Alim kimi Mir Cəlal Mirzə Cəlil irsinin sirlərini açmağa çalışırdısa, yazıçı kimi onun bədii əsərlərini davam etdirməyə səy göstərirdi. Bu cəhətdən onun Mirzə Cəlil üslubunda yazdığı hekayələri xüsusi dəyərə malikdir.
Anar,
Xalq yazıçısı.
***
Öz yetirmələrinə yüksək vətəndaşlıq ideyalarını aşılayan, gözəl insan, qayğıkeş müəllim olan Mir Cəlal Paşayevin tələbələri hazırda respublikamızın müxtəlif elm, maarif və mədəniyyət ocaqlarında çalışır, onun layiqli varisləri kimi tanınırlar.
Dildar Vəkilova,
filologiya elmləri namizədi,
***
Müəllimlik, el arası deyimlə ifadə etsək, onun boynuna biçilmişdir. Mir Cəlal təkcə auditoriyaya girib dərs aparması ilə deyil, bütün varlığı ilə müəllim idi, oturuşu-duruşu ilə, gəlişi-gedişi ilə, danışığı-gülüşü ilə, bütün hərəkətləri ilə müəllim idi. Yazıçılığında da müəllim idi, alimliyində də müəllim idi. Onun bədii əsərlərini diqqətlə oxuyan hər kəs deyə bilər ki, burada müəllim əli işləyibdir, burada müəllim nəfəsi var, elmi əsərlərini oxuyan da deyər ki, burada müəllim düşüncəsi, müəllim kəlamı, müəllim təlimi var.
Yusif Seyidov,
professor.
Hazırladı:
Müşfiq Mirzə,
“Respublika”.