Yeni Azərbaycan. - 2018.- 17 yanvar. - ¹ 9. - S. 3.
Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
Prezident İlham Əliyev: Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq
Mübariz Abdullayev
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Sərəncama əsasən respublikamızda və ölkə hüdudlarından kənarda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixinin və irsinin təbliği istiqamətində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Ümumiyyətlə qeyd etmək yerinə düşər ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir həlqəni təşkil edir. Bununla xalqımız milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Bu məqama toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində yüz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və iki il ərzində fəaliyyət göstərməsini tarixi hadisə kimi səciyyələndirib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi”.
Müstəqil respublikamız, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük qürur hissi və hörmətlə yanaşır
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması əslində 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Bu faktın özü cümhuriyyətin yaradılmasının nə qədər önəmli hadisə olduğunu bir daha təsdiqləyir. Siyasi şərhçilərin də vurğuladıqları kimi, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi.
Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin süqutu ilə tarixi şərait yaranan kimi XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurdu. O başqa məsələ ki, ilkin dövrdə müstəqil Azərbaycanın rəhbərliyinə gələn qüvvələr-AXC - “Müsavat” cütlüyü siyasi naşılıq nümayiş etdirdilər. AXC-”Müsavat” iqtidarının təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı. Siyasi çəkişmələr ölkə həyatını əslində iflic etmişdi. Müharibə aparan, işğala məruz qalan ölkədə vahid komandanlığa tabe olan ordu yox idi və silahlı qüvvələr əslində özlərindən böyük iddialar sərgiləyən “liderlər”in, ayrı-ayrı partiyaların əlində alətə çevrilmişdilər. İqtisadiyyat tamam dağılmışdı. İşsiz qalan və ailələrini dolandırmaqda çətinlik çəkən insanlar gələcəyə ümidsiz baxırdılar. Ən təhlükəli məqam isə o idi ki, respublikada vətəndaş həmrəyliyi pozulmuşdu. Silahlı birləşmələr bir növ daxili cəbhə açmışdılar və ölkədə ilk qardaş qanı axıdılmışdı. Vəziyyət o həddə çatmışdı ki, AXC-nin acı taleyi təkrarlana, XX yüzillikdə ikinci dəfə qazanılan müstəqillik yenidən tarixin arxivinə qovuşa bilərdi.
Məhz belə bir ağır şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən xalq yeganə doğru seçim edərək özünün sınanmış lideri Heydər Əliyevi təkidlə müstəqil Azərbaycanın rəhbərliyinə çağırdı. Əslində, həmin dövrdə siyasi çəkişmələr burulğanına düşən Azərbaycana rəhbərliyə gəlmək hər bir siyasətçi üçün böyük risk idi. Çoxları karyeralarını, özlərini və ailə üzvlərini gözləyən təhlükələri nəzərə alaraq gözləmə mövqeyi tutardı. Ancaq ömrünün 30 ildən artıq dövrü ərzində respublikanın iqtisadi əsaslarının qurulmasına, xalqın milli mənlik şüurunun güclənməsinə sanballı töhfələr verən Ulu öndər heç bir təhlükəyə məhəl qoymayaraq xalqın çağırışına müsbət cavab verdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli lider 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu öndərin idarəetmə sükanı arxasına keçməsi ilə müstəqil respublikamızın yeni bir inkişaf mərhələsi başladı. Onun müdrikliyi, uzaqgörənliyi sayəsində ölkə xaosdan qurtuldu və inkişafa istiqamətləndi.
Ümummilli lider Heydər Əliyev müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirir və cümhuriyyət ideyalarının ölkədə daha geniş şəkildə yayılmasına çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin atributlarının müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi Ulu öndərin müstəsna xidməti idi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçən 1990-cı il 17 noyabr tarixli sessiyasında qəbul edilən tarixi qərarlar Ulu öndərin milli təəssübkeşliyinin, cümhuriyyət ideyalarına sədaqətinin təzahürü idi. Xatırladaq ki, həmin sessiyada Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Bu gün zamanında Naxçıvan Ali Məclisində üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul olunmasına dair qərar verilməsi kimlərəsə adi görünə bilər. Lakin unutmamalıyıq ki, bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu bir dövrdə baş vermişdi.
Sonrakı mərhələdə də Ümummilli lider Heydər Əliyev cümhuriyyət ideyalarına yüksək ehtiram nümayiş etdirdi. Ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamlar imzalayıb.
Bu gün müstəqil respublikamız, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük qürur hissi və hörmətlə yanaşır. Prezident İlham Əliyev Ulu öndərin cümhuriyyət ideyalarının yüksək səviyyədə təbliği siyasətini ardıcıllıqla davam etdirir. Bunun təsdiqi olaraq vurğulayaq ki, dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. 2018-ci ili respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi də Prezident İlham Əliyevin 1918-ci ildə qurulan respublikanın Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verdiyi böyük önəmin ifadəsidir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən keçiriləcək tədbirlər cəmiyyətdə milli şüuru, azərbaycançılıq məfkurəsini daha da möhkəmlədəcək, dövlətçilik ənənələrinin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərəcək. Nazirlər Kabinetinin yuxarıda bəhs edilən iclasındakı çıxışında xalqımızın yüz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaratmasından qürur duyduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”.
Xalq Cümhuriyyəti dövründə olduğu kimi, Azərbaycan xalqı və dövləti bu gün də demokratik dəyərlərə ciddi önəm verir
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız dövlətçilik tariximizin bərpası baxımından önəmli deyildi. Yeni respublikanın yaradılması əslində xalqımızın milli kimliyinin son dərəcə parlaq təcəssümü idi. Məlumdur ki, bu gün Avropanın ayrı-ayrı dövlətləri ilk növbədə demokratik cəmiyyət quruculuğunu özlərinin üstün cəhətləri kimi dünyaya təqdim etməyə çalışırlar. Halbuki Azərbaycan xalqı demokratiya ilə bağlı öz seçimini hələ yüz il bundan əvvəl etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika idi. İndiki dövrdə gender bərabərliyi qlobal miqyasda çox aktual mövzulardan biridir. Biz fəxr edə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti hələ yüz il bundan əvvəl qadınların seçmək və seçilmək hüququnu tanımışdı. Xalq Cümhuriyyəti respublikada demokratik dəyərlərin, o cümlədən də söz və mətbuat azadlığının təmin olunmasını özünün təməl prinsiplərindən biri kimi bəyan etmişdi. Xalq Cümhuriyyətində milli, dini mənsubiyyətə fərq qoyulmadan respublikanın bütün vətəndaşlarının hüquq və azadlıqları təmin edilirdi. Məlumdur ki, hazırda dünyada getdikcə artan gərginliklər fonunda multikulturalizmlə, tolerantlıqla bağlı çağırışlar böyük aktuallıq daşımağa başlayıb. Azərbaycan isə bu gün olduğu kimi, yüz il bundan əvvəl də cəmiyyətin multikulturalizm ənənələrinə böyük hörmətlə yanaşırdı. Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiq qaldığını bəyan edərək deyib: “Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Azərbaycanda azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Demokratiya yüz il əvvəl olduğu kimi, bu gün də xalqımızın şüurlu seçimidir. Müstəqil Azərbaycan azad, demokratik ölkə kimi uğurla inkişaf edir. Qısa müstəqillik tarixində respublikamızda hüquqi dövlət quruculuğu yolunda çox vacib uğurlar qazanılıb. Ölkədə söz, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm tam təmin edilib.
Azərbaycanın demokratik dəyərlərə, fundamental insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Bu gün dünyada mətbuatın Azərbaycan qədər azad olduğu və mətbuat işçilərinin sosial müdafiəsinin yüksək səviyyədə təmin edildiyi ölkələrin sayı çox azdır.
Azərbaycanda hər sahədə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına əməli dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə müxtəlif sahələrdə demokratiyanın təmin olunması müvəqqəti xarakter daşımır. Yəni ayrı-ayrı sahələrdə şəffaflığın təmin olunması, demokratiyanın dərinləşməsinə xidmət edən islahatların həyata keçirilməsi və bu məqsədlə hüquqi-qanunvericilik bazasının təkmilləşdirilməsi davamlı prosesə çevrilib. Ölkəmizdə son Konstitusiya islahatları ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi müstəqil respublikamızda demokratiyanın daha da dərinləşməsi istiqamətində növbəti uğurlu addım oldu.
Xalq Cümhuriyyətinin təhsilin inkişafına böyük diqqət yetirməsi xalqın gələcəyini düşünmək baxımından çox önəmli fakt idi
Təhsil hər bir ölkənin, xalqın inkişafını müəyyən edən və bu inkişafa güclü təsir göstərən fundamental amillər sırasında yer alır. Ayrı-ayrı ölkələr heç də təbii resurslarına görə deyil, ilk növbədə təhsilin, innovasiyaların sayəsində yüksək inkişaf səviyyəsinə çatıblar. Bu mənada yüz il bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin təhsilin inkişafına böyük diqqət göstərməsi xalqın gələcəyini düşünmək baxımından çox önəmli fakt idi. Məlumdur ki, Xalq Cümhuriyyəti çox mürəkkəb və ziddiyyətli bir tarixi şəraitdə fəaliyyət göstərib. Buna baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.
O dövrdə müxtəlif sahələrdə kadr çatışmazlığı bütün ciddiliyi ilə gündəlikdə dururdu. Xalq Cümhuriyyətinin milli mənafeyə hesablanan çoxşaxəli fəaliyyətində milli kadr hazırlığının diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini xüsusi qeyd edə bilərik. Qısa fəaliyyəti dövründə cümhuriyyət parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etdi. Xüsusi komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərildi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc isə orada vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.
Təhsilin inkişafına diqqət baxımından cümhuriyyət parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunun əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması cümhuriyyətin xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, cümhuriyyət ideyalarının yaşamasında, xalqımızın yenidən müstəqilliyə qovuşmasında, eləcə də respublikada təhsilin inkişafında, milli kadrların hazırlanmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Xalq Cümhuriyyətindən sonrakı mərhələdə - keçmiş İttifaq tabeliyində olarkən də Azərbaycanda təhsilə böyük maraq göstərilib. Prezident İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində sovet dövründə respublikamızda təhsillə bağlı məsələlərin öz həllini tapdığına diqqət çəkərək vurğulayıb: “Xalqımız üçün yeni dövr - sovet dövrü başlamışdır. Əlbəttə, biz müstəqil deyildik, özümüz müstəqil siyasət apara bilmirdik. Ancaq bununla bərabər, o dövrdə də müsbət məqamlar az deyildi. İlk növbədə, təhsillə bağlı məsələlər öz həllini tapdı və bu gün Azərbaycanda savadlılığın səviyyəsi təxminən 100 faizdir”.
Xalq Cümhuriyyəti və ondan sonrakı sovet dövründə təhsil sahəsində aparılan siyasət müstəqil Azərbaycanda daha geniş miqyasda davam etdirilir. Son 14 ildə respublikamızda 3 mindən çox məktəbin tikilməsi və yaxud yüksək səviyyədə yenidən qurulması ölkəmizdə təhsillə bağlı siyasətin necə yüksək səviyyədə qurulmasından xəbər verir. Belə hərtərəfli və davamlı qayğı sayəsində Azərbaycanda yüksək təhsilə malik, innovasiyalara meyilli intellektual cəmiyyət formalaşıb ki, bu da müstəqilliyimizin möhkəmlənməsi və əbədi olması üçün önəmli faktordur.
Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri formalaşıb
Xalq Cümhuriyyətini müsbət mənada fərqləndirən əsas məqamlardan biri də onun parlamentli respublika kimi qurulması idi. Cümhuriyyətin parlamentində respublikanın hüdudlarında yaşayan bütün millətlərin nümayəndələri təmsil olunurdular. Yuxarıda sadalanan faktlardan da göründüyü kimi, fəaliyyət göstərdiyi qısa müddətdə Xalq Cümhuriyyətinin parlamenti müxtəlif istiqamətlərdə bir sıra önəmli qanunların qəbul edilməsinə nail olub.
Xalq Cümhuriyyəti dövründə təməli qoyulan parlamentarizm ənənələri müstəqil Azərbaycanda yeni çalarlarla daha da zənginləşdilib. Müasirləşmə yolu tutan Azərbaycanın seçki sistemi kifayət qədər mütərəqqi və demokratik cəhətləri özündə əks etdirir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib.
Ölkədə bütün demokratik təsisatlar kimi, parlament də uğurla fəaliyyət göstərərək respublikanın müstəqilliyinin möhkəmlənməsinə özünün sanballı töhfələrini verir. Belə ki, Milli Məclis tərkib nöqteyi-nəzərindən siyasi rəngarəngliyə baxmayaraq, ölkənin qarşısında duran strateji və ümummilli məsələlərə yanaşmalarda bir qayda olaraq həmrəylik nümayiş etdirir və dövlətçilik maraqlarını, Azərbaycanın inkişafını, xalqın iradəsini əsas götürür.
Əlbəttə, Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dövrdə tarixi şərait tamam fərqli idi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi düzgün təhlil edilməlidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasında bu məqama diqqət çəkərək bildirib: “İndiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir”.