Təhsil problemləri.-2018.-16-23 aprel.-¹29-30.-S.4.
Kiçik hekayələrin böyük ustadı
Mir Cəlal Paşayev-110 il
Ulduz Heydərova,
Xəzər rayon 322 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Nümunəvi, ölməz əsərlər, insan ruhunu mənən tərbiyə edən bədii yaradıcılıq təmiz vicdanlar yetişdirmək üçün əsl sənət nümunələridir. Bugünkü qəhrəmanım da yetmiş illik ömrünün tam yarım əsrini şərəfli yaradıcılığa həsr etmişdir. Onun yaradıcılıq yolu çətin, çətin olduğu qədər də şərəfli və mənalı olmuşdur.
Onun həyata baxışı, insanlara baxışı, insanlığa verdiyi dəyər əsərlərinin hər cümləsində yüksək boyalarla əks olunmuşdur. Hər şeydən əvvəl onun “insan anlayışı” fərqli idi. Əsərlərini oxuduqca şahidi olursan ki, hər şeydən əvvəl o, sərraf insan axtarışında idi. Nifrət içində sevgi, yalanlar içində bir həqiqət , bədbinlik içində bir nikbinlik yaratmaq onun qələminin əsas məhsuludur. Nə olursa olsun insan taleyinin çətinliyi, dolayıcı yollar, zülmət gecələr və bunlardan çıxış yolu tapmaq üçün o, yaradıcılığı boyu düşünmüşdür. Yazdığı müxtəlif əsərlərində nə yazırdısa, yazsın onun qələminin bir amalı var idi - insan həyatı, insan problemi və insanlıq. Onun qələm amalı ruhunun, əqidəsinin amalı idi. Daxili aləminin tüğyan etdiyi insan problemi və onların həlli yolu həyatının ayrılmaz hissəsi idi. O, bəzən birbaşa, bəzən dolayısı yollarla dövrünün eybəcərliklərini və bu eybəcərliklərə səbəb olanları ifşa edirdi. Bəzən bu ifşalar o qədər məharətlə verilirdi ki, bunun tənqid, yoxsa tərif olduğuna şübhə edirsən. Elə bu kimi xüsusiyyətlərinin, keyfiyyətlərinin nəticəsidir ki, müəllifi olduğu əsərləri bu günümüzə kimi öz aktuallığını və oxuculuğunu itirməmişdir....
Mir Cəlal (Cəlal Əli oğlu Paşayev) - güldürə - güldürə düşündürən hekayələr, aktuallığını itirməyən romanlar, elmi - nəzəri mülahizələr, elmi dərsliklər, öz dəsti - xətti ilə seçilən məqalələr, çıxışlar, oçerklər müəllifi. Görkəmli şair Bəxtiyar Vahabzadə yazıçı Mir Cəlal haqqında demişdir: “Yazıçının bədii dilinə aludə olmamaq mümkün deyil. Mir Cəlal cümləni qurmamışdan əvvəl” Bu fikir, bu mətləbi xalq necə dəyər? sualını öz - özünə verib sonra yazır. Bədii əsərləri bir yana, hətta elmi - tədqiqat əsərlərində də Mir Cəlal süni kitab dilindən qaçır.
Əsərlərinin birində yazıçı ürəyindəki qəribə arzuların tüğyan etdiyini bildirir. Yazıçı iki ömür arzulayır. Birinci ömrün təcrübə dərsi olmasını, mürəkkəb dünyanı, adamları öyrənməyə sərf olunmasını istəyir. Əgər bu imtahandan çıxa bilsə, ikinci-həqiqi ömrü istəyir. Yalnız belə olanda həyatın, ömrün , yaşamağın qədrini bilər insan. Yazıçının həyat fəlsəfəsinin dərinliyini bu fikirlərdə daha aydın görmək olur”.
F.M. Dostoyevskinin məşhur bir kəlamı var “Biz hamımız Qoqolun Şinelindən çıxmışıq” Mir Cəlal da müasir nasirlərimizi nəzərdə tutaraq, “Biz hamımız Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxmışıq deyirdi. Buradan bir daha aydın olur ki, yazıçı Mirzə Cəlili özünə ustad sayır, müəllim bilir. Onun yaradıcılığını yüksək qiymətləndirərək öz səmimi fikirlərini bildirməkdən çəkinmir. Mirzə Cəlil yaradıcılığına bu cür qiymət, sevgi, etiraf Mir Cəlalın böyüklüyünün, açıq fikirliyinin bariz nümunəsidir. Heç təsadüfü deyil ki, C. Məmmədquluzadə bədii irsinin əsas tədqiqatçılarından biri də Mir Cəlaldır.
Mir Cəlal yazdığı hər bir kiçik hekayə ilə insanı saatlarla düşünməyə, düşünüb anlamağa, anlayıb dərk etməyə vadar edir. Maraqlısı odur ki, yazıçı hər dəfə elə mövzu seçirdi ki, o mövzu nə olursa olsun oxucunun diqqətini cəlb etməyi bacarır. Hekayələri oxuduqca şahidi oluruq ki, o heç də uzunçuluğu sevmir, söz yazmaq xatirinə “sözlər”i sıra ilə düzmür. Qısa və konkret fikirləri ilə oxucunu düşündürür. Hekayələrində toxunduğu bütün problemlər onu şəxsən narahat edirdi. O bütün bu problemlərin həllini yalnız özümüzdə - insanlarda görürdü. Arzuladıqlarının həyata keçməsi üçün insanlar yalandan, şərdən, riyakarlıqlardan, bütün daxili eybəcərliklərdən uzaq olmalı və özlərini tərbiyə etməli idi. Yalnız belə olan halda dünyamız sülhlə, yaşayışımız əmin-amanlıqla ola bilər.
Mir Cəlal dillər əzbəri olan bir çox romanlar müəllifidir. Heç təsadüfü deyil ki, Mir Cəlal adı, Mir Cəlal imzası XX əsr Azərbaycan ədəbiyyatında bir romançı kimi həkk olmuşdur. Kiçik hekayələrində olduğu kimi bu romanlarda da həyatı məsələlər ön plana çəkilmişdir.
“Bir gəncin manifesti” Mir Cəlal yaradıcılığının zirvəsi sayıla bilər. Yazıçı Mehdi Hüseyn “Bir gəncin manifesti” romanını 30-cu illərdə yaranmış bədii nəsrin ən yüksək mərhələsi adlandırmışdır.
Yaratdığı Sona obrazı ilə yazıçı ideal bir Azərbaycan anasının prototipini yaratmışdır. Yazıçı onun simasında hər dəfə əzilən, məhv olan, övladlarının dəfələrlə ağır günlərinin şahidi olan, lakin heç zaman öz şərəfini, mənliyini, analıq qürurunu itirməyən əvəzsiz bir qadın obrazını yaratmışdır. O qadın ki Mir Cəlal o amalda , o vicdanda, o ləyaqətdə olan qadın - ana arzulayırdı.
Sona obrazı bu gün bütün şagirdlərin sevdiyi, sevə - sevə öyrəndiyi və dəyər verdiyi surətdir. Nəinki biz böyüklər, bu gün şagirdlərimiz belə Sona obrazında olan qüruru, qadın mənliyi, qadın vüqarın gözəl təhlil etməyi bacarır və özlərinə nümunə götürməyə çalışırlar. Bu yazıçının böyük uğurudur ki, belə ölməz bir sənət əsəri yaratmağı bacarmışdır.
“İtə ataram, yada satmaram” deməklə Sona, eyni zamanda, gözümüz önündə məğrur, böyük vətənsevər insan kimi canlanır.
Maraqlısı odur ki, romanda insanlığa yaraşmayan, insani hislərdən uzaq insan obrazları vardır. Bu obrazlar o qədər ustalıqla yaradılmışdır ki, oxuduqca həmin obrazlarda yazıçının alovlu nifrətinin, kininin, üsyanının, daxili aləmindən doğan nifrətinin şahidi oluruq.
Hekayələrində ibrətamizliyi ilə, romanlarında daha çox müşahidə etdiyi həyat hadisələri ilə, yaradıcılığında dolğun həyat hadisələri ilə, hər cümləsində düşündürmə bacarığı ilə, əsərlərində xalqımızın tarixi taleyini ustalıqla əks etdirmə bacarığı ilə seçilən Mir Cəlal Azərbaycan xalqının yaddaşında silinməz izlər qoymuşdur. Kiçik hekayələrin böyük ustadı Mir Cəlal xalqı üçün düşündü, xalqı üçün yazdı. Və bu gün xalqımız tərəfindən böyük sevgi və ehtiramla yad edilir.