Azad Azərbaycan.-2018.-21 aprel.-¹57.-S.7.
Söz sənətkarlığı zirvəsinin fatehi: Mir Cəlal Paşayev
Ruhiyyə Məmmədli,
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri
Nadir istedad sahibləri, klassik sənətkarlar öz yaradıcı təfəkkürləri ilə əsrlərin qovğalarından sıyrılaraq həmişə gələcəyə üz tutublar. Belə şəxsiyyətlər həqiqətən xoşbəxtdirlər. Çünki onların yaratdıqları həmişə yaşamaqda davam edir. Ədəbiyyatımızın əbədi ömür sahibləri çoxdur. Füzulidən üzü bəri neçə şairin, nasirin, bəstəkarın, rəssamın, memarın adını çəkmək olar. Bu sahə müxtəlifliyində nəsrimizin yeri ayrıca bir mövzudur.
Azərbaycan ədəbiyyatının elə nümayəndələri var ki, illər ötdükcə ədəbi ərməğanlarının ömrü daha da uzun olur. Onların yazdıqları öz dövrlərinin ab-havasından çox gələcəklə bağlı, xoş niyyətlərdən ibarət olduğundan əsərlərindəki ideyalar, toxunduqları mövzular bütün zamanlar üçün əhəmiyyət kəsb edir. Arzu və istəkləri həmişə təzə-tər görünür. Həqiqətən də sənətin və insanlığın zirvəsində dayananlar heç vaxt unudulmurlar. Əsərlərini həmişə sevə-sevə oxuduğumuz Mir Cəlal Paşayev kimi.
Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırmışdır. Onun beynəlxalq mövzuda yazdığı "Çin qızı", "Sülh istəyənlərə", "Badam ağacları", "Ərəb qızı" və başqa hekayələrdə sülh, əmin-amanlıq, humanizm, yer üzündə insanların dinc, məsud yaşaması ideyası təbliğ olunur.
Görkəmli yazıçı və alimin keçdiyi tale yolu bu mənada onun necə nəcib və xeyirxah şəxsiyyət olduğundan, vətəninə, xalqına mənəvi bağlılığından xəbər verir. Mir Cəlal dissertasiyasında Azərbaycan ədəbiyyatında öz yeri olan dahi Füzulinin yaradıcılığı haqqında ədəbiyyatşünas alim kimi yüksək fikirlər söyləmiş, klassik şeir ustadının sənətkarlığını təhlil etmək, daha dərindən araşdırmaq kimi çətin vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Onun "Füzulinin poetik xüsusiyyətləri" mövzusunda monoqrafiyası bu gün də füzulişünaslığı davam etdirən gənclər üçün bir proqram sayıla bilər.
Füzulişünas akademik Həmid Araslı və professor M. Quluzadə Mir Cəlalın bu əsərini yüksək qiymətləndirərək onun Füzuli sənətkarlığının tədqiqində sanballı mənbə olduğunu bildirmişlər. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir. XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə demək olar ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb.
İlk dəfə 1937-39-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilib. "Bir gəncin manifesti" bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti" Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.
Mir Cəlalın "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının "İnsanlıq fəlsəfəsi" (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. "İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Vicdan əzabı", "Hesab dostları", "Təsadüf, ya zərurət", "Qocaların uşaq söhbəti" və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr çox böyük ustalıqla əks olunub. Mir Cəlal Paşayevin nəşr olunmuş altı romanı oxuculara məlumdur. "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınmışdır. "İnsanlıq fəlsəfəsi" (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir.
Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub. XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub. Filologiya təhsili alan tələbələrin I kursda istifadə etdikləri "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olub. Mir Cəlal müəllim 1936-cı ildən ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetinin auditoriyalarında bu fəndən mühazirələr oxuyub. Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək və əvvəlki əsərini təkmilləşdirərək "Füzuli sənətkarlığı" adlı monoqrafıyasını nəşr etdirib.
Professor Qara Namazov deyib ki, Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr, nailiyyətlər əldə etmişdir.
Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" əsəri 40 ilə yaxındır ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdiyi yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunub. Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də uca zirvələrə qalxıb, şəxsiyyət kimi müdrikləşib.
Əməkdar elm xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz açmışdır ki, bu, XXI əsrin də ədəbi-elmi zirvəsində görünəcək. Müdriklik, saflıq, vicdan, ləyaqət tarix boyu mənəviyyat zirvəsində dayandığı kimi. XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür.
Mir Cəlal Paşayevin yaradıcılığının ən üstün cəhətlərindən biri də onun təmiz, şaqraq və büllur dili idi. Onun dili xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii di Mir Cəlal satirik hekayələrində klassik nəsrimizdən, C. Məmmədquluzadənin, Ə. Haqverdiyevin ədəbi irsindən yaradıcı şəkildə istifadə etmişdir. Mir Cəlalın hekayələrindəki təhkiyə üsulu bəzən Ə. Haqverdiyevi xatırladır. Əsl istedadlarda, dahilərdə isə hər şey sadə, saf və səmimidir. "Dahilər bəşəriyyətin sərlövhəsidir",- deyirlər.
"Mir Cəlal XX əsr Azərbaycan nəsrinin, XX əsr Azərbaycan ədəbiyyatının sərlövhəsidir", - desək yanılmarıq. Çünki Mir Cəlal heç zaman özünü insanlardan yüksəkdə tutmamış, həmişə insanlarla bir yerdə, bir sırada olmuşdur. Qüdrətli söz ustası bütün şüurlu həyatını ədəbi, elmi və ictimai-pedaqoji fəaliyyətə həsr etmiş, ölməz nəsr əsərləri, elmi dəyərini itirməyən monoqrafiyalar yaratmış, yeni ədəbiyyatşünas və pedaqoji kadrlar yetişdirmiş, doğma xalqın milli-mənəvi yüksəlişinə çalışmışdır. Alim-yazıçı böyük söz sahibləri Nizami, Füzuli, Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Səməd Vurğun kimi ədəbiyyatımızın görkəmli nümayəndələri ilə yanaşı, Lev Tolstoy, Maksim Qorki, M. Şoloxov, Anton Çexov kimi böyük söz ustaları haqqında da qiymətli elmi əsərlər, məqalələr yazmışdır. O, ədəbi yaradıcılıqla yanaşı, tərcümə sahəsində də müəyyən uğurlar qazanmışdır. Bədii yaradıcılığını elmi-pedaqoji fəaliyyətilə sıx bağlayan Mir Cəlal müəllim Azərbaycan ədəbiyyatında özünəməxsus ədəbi nəfəsi olan yazıçılarımızdan idi.
Dərin bilik, insan psixologiyasını duymaq, zəngin dünyagörüşü, geniş məlumat dairəsi və fəal həyat mövqeyindən qaynaqlanan nəzəri düşüncələri Mir Cəlal müəllimin ictimai xadim obrazını daha da zənginləşdirir, kamilləşdirir. Onun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən realist əsərlərində əsas tədqiqat obyekti insanın mənəvi dünyasıdır. O, tərbiyə-əxlaq probleminə dair elə mövzular seçib, elə hadisə və surətlər qələmə alıb ki, onlar oxucunu düşündürür, mənəviyyatca saflaşdırır, düzgün istiqamətləndirir. Bu mənada görkəmli yazıçının əsərləri bir neçə nəslin tərbiyəsində, maariflənməsində və dünya baxışının formalaşmasında mühüm rol oynayıb. Dərin bilik, insan psixologiyasını duymaq, kövrələn insan qəlbini almağı bacaran, zəngin dünyagörüşü, geniş məlumat dairəsi və fəal həyat mövqeyindən qaynaqlanan nəzəri düşüncələri Mir Cəlal müəllimin ictimai xadim obrazını parlaq və yaddaqalan cizgilərlə zənginləşdirir, bütövləşdirir.
Mir Cəlal Paşayev yaradıcılığında vahid azərbaycançılıq ideyasını tərənnüm edən görkəmli ziyalılardandır. O, yüksək poetik təfəkkür və bədii təxəyyülü ilə xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini çoxsaylı əsərlərində parlaq şəkildə təcəssüm etdirib. Dəyərli hekayələri, məzmunlu roman və povestləri ilə oxucu auditoriyasına geniş yol tapıb. İctimai həyatın tipik lövhələrini ədəbiyyata gətirən sənətkarın elmi yaradıcılığı kimi bədii yaradıcılığı da fəlsəfi estetik görüşlərdən, günün aktual problemlərindən bəhs edir. Yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı özünəməxsus yer tutur. Mir Cəlal ədəbiyyatşünas-alim, pedaqoq kimi də geniş aspektdə fəaliyyətini davam etdirib. Görkəmli yazıçı yaradıcılığının bir sahəsini digəri ilə mükəmməl şəkildə uzlaşdırıb. O, Azərbaycan ədəbiyyatında roman janrına da yeni nəfəs gətirib. Bu sahədə özünəməxsus məktəb yaradıb.
Ümumiyyətlə, M.C. Paşayev nədən yazırsa-yazsın, öz hekayələrində həyatın dərin qatlarına nüfuz etməyə, hadisələrin daxili mahiyyətini açmağa çalışıb. Görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, filologiya elmləri doktoru olan Mir Cəlal yaradıcılığının bütün dövrlərində ədəbi fəaliyyətlə yanaşı, elm sahəsində də səmərəli fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı çapdan çıxan fundamental nəşrlərin hazırlanması prosesində yaxından iştirak edib.
Mir Cəlal Paşayevin 1939-cu ildə yazdığı "Bir gəncin manifesti" əsəri onun yaradıcılığının kulminasiyası, zirvəsidir! Roman həm məzmunu, ideyası, həm də bədii mükəmməlliyinə görə, yazıçının başqa əsərlərindən xeyli yüksəkdə dayanır. XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin xoş nəticəsidir.
"Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. Bu əsərdə Mir Cəlal Paşayev geniş xalq kütlələrinin mübarizə ruhunu düzgün təsvir etmiş, həyatı olduğu kimi göstərmişdir. Onun romanım ideya-bədii cəhətdən yüksək səviyyəyə qaldıran, bütün dövrlər üçün oxunaqlı edən en əsas məziyyət də görünür, məhz elə budur.
Mir Cəlal Paşayevin "Dirilən adam" romanı cəmiyyətdə böyük marağa, ictimai müzakirələrə səbəb olub. Bu əsərdə Azərbaycan xalqının mübarizə tarixinin yeni mərhələsi canlandırılıb. Romanda təsvir edilən şərait dövr üçün səciyyəvi ictimai hadisələrlə bağlı olduğundan, yazıçı eyni zamanda ötən əsrin əvvəllərində Azərbaycan kəndində və mərkəzdən uzaq şəhərlərdə hökm sürən ümumi vəziyyəti, ölkədəki siyasi özbaşınalığı, hərc-mərcliyi bədii boyalarla əks etdirib. Tarixi həqiqətə uyğun olaraq müəllif bu əsərdə iki əsas siyasi cəbhənin olduğunu təsvir edib. Müqəddəratını, istiqlaliyyətini öz əlinə almağa çalışan, sözün əsl mənasında taleyinin sahibi olmağa çalışan Azərbaycan xalqı və onların bu amalına qarşı dayansalar da, sonda xalq qüdrəti qarşısında məğlub olan qoluzorlu soyğunçular.
Mənəviyyatındakı saflıq, təmizlik, halallıq, toxluq həyatda, elmdə, yaradıcılıqda, pedaqoji fəaliyyətdə və insanlara münasibətdə həmişə Mir Cəlal müəllimin ən etibarlı yol yoldaşı idi. Mir Cəlalı orta məktəb illərində biz yazıçı kimi tanıyırıqsa, sonrakı illər o, böyük ədəbiyyatşünas alim, nüfuzlu pedaqoq kimi nəzərlərimizdə böyüyür. Dilin sadəliyi, dəqiqliyi, əlvan, rəngarəng xalq ifadələrinin bolluğu cəhətdən, dialoqları qurmaq, bədii suallardan, təkrarlardan, təsvir və ifadə vasitələrindən istifadə etmək cəhətdən Mir Cəlal klassik nasirlərimizdən çox şey öyrənmişdir. Həyat həqiqətinə sadiqlik ədibin həqiqi vətəndaşlıq amalına çevrilmişdi. Mir Cəlal müəllim özünün fiziki və kamillik vasitəsilə özündə həqiqəti intuisiyanın köməyi ilə bilavasitə dərk etmək qabiliyyətinə malik idi. Alimin elmi əsərlərinin dili, üslubu öz qələm yoldaşlarının heç birinin dilinə, üslubuna oxşamır. Onun əsərlərində nə publisistika var, nə də qəliblənmiş elmi terminli tədqiqat dili. O, elmi əsərlərini yığcamlıq və şirinliklə, amma dərin və axıcı elmi mühakimə tutumu olan dillə yazardı. Bu yazı indi də təkraredilməz örnəkdir.
Mir Cəlal müəllim mahir bir hekayə ustasıdır, onun hekayələri yığcam və ibrətlidir. Yazıçı hər bir hekayədə müəyyən ibrətli bir hadisədən bəhs edir və tərbiyəvi nəticə çıxarmağı oxucunun öz öhdəsinə buraxır. Ədibin əsərlərində klassik ədəbiyyatımızın mütərəqqi ənənələri ilə yanaşı, xalq yaradıcılığının bir sıra işıqlı ünsürləri birləşir, qaynayıb-qovuşur və yeni keyfiyyət kəsb edir. Ədibi bir alim, ədəbiyyatşünas kimi başqalarından fərqləndirən mühüm cəhət təkcə elmi təfəkkürü deyil, həm də zəngin mənəviyyatı və sadəliyi idi.
Bədii yaradıcılığında olduğu kimi elmi əsərlərində də Mir Cəlal həmişə aydın bir məqsəd izləmişdir. O, həmişə xalqın mənafeyinə xidmət edən ədəbiyyatdan, yazıçıdan yazıb, ədəbiyyatımızın böyük ənənələrinə sadiq olan sənətə maraq göstərib, müasir ideyalı ədəbiyyat uğrunda mübarizə aparıb. Buna görə də ədib bir nəzəriyyəçi, bir tənqidçi kimi büdrəməyib, çaşmayıb, məqsəd aydınlığı ona tədqiqat mövzuları seçməkdə, aydın fikirlər söyləməkdə kömək edib.
Mir Cəlal Paşayev respublikamızın hüdudlarından kənarda da xalqımızı layiqincə təmsil etmiş, təhsilimizin, elmimizin, ədəbiyyatımızın, mədəniyyətimizin etibarlı hamisi, alovlu təbliğatçısı kimi çətin missiya daşımışdır. O, Azərbaycan ədəbiyyatında roman janrına da yeni nəfəs gətirmiş, bu sahədə özünəməxsus məktəb yaratmışdır. Ana torpağa, onun gözəl, məğrur, sadə insanlarına dərin və tükənməz məhəbbət, bu insanların taleyi ilə üzvi bağlılıq - Mir Cəlal Paşayevin nəsrinə daxili hərarət verən, onu qanadlandıran əsas amillərdir.
Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz avtobioqrafıyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyacanı dərhal oxucuya təsir edir. Mir Cəlal yaradıcı insan olduğundan təbiətin, insan varlığının sirlərini açmağa can atmışdır. Məhz bütün bu sirlərə yiyələnmək üçün Allah ona qeyri-adi ağlı və zəkanı əta etmişdir. O, sözün əsl mənasında əsl insan, dahi şəxsiyyət olmuşdur. Əsl insan isə bu dünyada olan mövcudatın ən şərəflisidir. Mir Cəlal filosoflara, kamil insanlara xas olan qabiliyyətə - özünü və dünyanı dərk etmək qabiliyyətinə - malik idi. Onun bütün dövrlərdə oxucular üçün qatbaqat açılan səhifələrində bir-birinə bənzəməyən ideya, anlam, idrak fəlsəfəsi var və bu, bəşəriyyət yaşadıqca yaşayacaq. Qəlblərdə yaşayan Mir Cəlal nəsillər üçün təzə və təravətlidir.
Mir Cəlal Paşayev zəngin irs qoyub getdi. Elə bir irs ki, öyrənməli, nümunə götürməli, davam və inkişaf etdirməli cəhətləri çoxdur. Elə bir irs ki, onda dərin realizm gücünə malik sosial kəsərli bədii nümunələr, klassik və müasir mənəvi sərvətlərə, ədəbiyyat tarixi və nəzəriyyəsinə dair maraqlı tədqiqlər, məqalələr, fikirlər mövcuddur. Yazıçı "Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə" (1944) medalları, "1941-45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" (1948), "Qırmızı əmək bayrağı" (1967), "Oktyabr inqilabı" (1978) və iki dəfə "Şərəf nişanı" (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və "Qabaqcıl maarif xadimi" nişanı ilə təltif olunmuşdur. Bakı küçələrindən birinə onun adı verilmişdir.
Professor Mir Cəlal Paşayevin ali idealları bu gün həm də onun layiqli davamçılarının, habelə mənəvi övladlarının əməllərində həyat gerçəkliklərinə çevrilir, xeyirxahlıq və insanpərvərlik yoluna cığır açır. Universitet auditoriyalarından həyatın qoynuna onun xeyir-duası ilə atılmış çoxsaylı yetirmələri, əlindən tutub elmə gətirdiyi və bu gün hər biri Azərbaycan mədəniyyətinin görkəmli simaları kimi cəmiyyətdə yüksək mövqe sahiblərinə çevrilmiş yüzlərlə insan üçün Mir Cəlal Paşayevin yaşadığı şərəfli ömür əsl insana xas ən gözəl xüsusiyyətləri şəxsində uzlaşdırmağa müvəffəq olmuş alicənab, nəcib, xeyirxah Azərbaycan ziyalısının həyat hekayəsidir.
Cismən həyatda olmayan böyük yazıçı və alim məhz zəngin yaradıcılığı - sanballı əsərləri, qədirbilən yetirmələri ilə daim yaddaşlarda yaşayır.